Page 2 of 2 · 50%

Aslanzadənin çıxıb getməyi Nurəddinin deyəcəyi sözləri ürəyində qoymuşdu. Belə hallarda o, özünü pis hiss eləyirdi, siqareti siqaretin oduna yandırır, öz-özünə danışırdı. İndi də öz-özünə deyirdi: «Adamlar dəymədüşər olublar yaman. Söz demək olmur. Fırr eləyib gedirlər. İnstitutu yaman günə qoymağı bəs deyil, hələ bir naz-qoz da eləyir».

Qalxıb gəzindi. Xeyli müddət pəncərədən həyətə tamaşa elədi. Sonra yenə yerinə qayıdıb oturmadan, uca qamətini əyib Şərqiyyəni səslədi. Ona Aslanzadəni təzədən yanına çağırmağı tapşırıb dəstəyi götürdü, kiməsə zəng elədi. Xeyli danışdı. Şərqiyyə əlində bir vərəq kağız içəri girdikdə o, sual dolu baxışlarını qızın üzündə və əlindəki kağızda gəzdirdi. Şərqiyyənin rəngi ağarmışdı.

– O nədir?

– Aslanzadənin ərizəsidir.

– Hm... — Nə düşündüsə, alıb kağıza baxdı, gözüylə oxudu: «azad edəsiniz...» sözləri beynində bir neçə dəfə təkrar olundu və baxışlarını qaldırıb: — Bəs özü niyə gəlmədi? — deyə soruşdu.

– Özünün halı pisdi. Təcili yardım çağırıblar..

Nurəddin əlindəki ərizəni stolunun üstünə ataraq:

– Bəli də. Elə bu əskik idi. İndi ölsə, deyəcəklər Nurəddin öldürdü. İşə düşməmişik oturduğumuz yerdə?! — dedi və elə bildi ki, Şərqiyyə hələ də kabinetdədi. Başını qaldıranda qızı görməyib təəccübləndi. Qapıya doğru addımlayıb başını katibə oturan otağa uzadanda qızın üstündə telefon və yazı maşınkası olan stolun arxasında əyləşib gözlərinin yaşını sildiyini sezərək qorxuya düşdü:

– Nədir, sən niyə ağlayırsan, qız? Yoxsa kişi ölüb?..

– Yox, — deyə bildi.

Nurəddin siqaretə dərin bir qüllab vurub:

– O bülletendə idi? — deyə xəbər aldı.

– Hə.

– Neçəsinəcən?

– Vaxtı dünən qurtarıb. Dünən bağlayıblar...

Nurəddin qapını yavaşca çəkib bağladı və keçib yerində əyləşdi. Az sonra Nadirə Şərqiyyənin yanına gəldi — onun halı o qədər də yaxşı deyildi. Bunu Şərqiyyə onun ağarmış bət-bənizindən, titrəyən arıq, dərisi qırış-qırış əllərindən dərhal başa düşdü. Nadirə xanım Aslanzadəni təcili yardımdan gələn həkimlərə tapşırıb bura gəlmişdi. Otaqda, Aslanzadənin şöbəsində qızlardan kimsə Aslan müəllimin direktorun kabinetinə girib-çıxandan sonra bu vəziyyətə düşdüyünü müxtəsərcə danışmışdı. «Bilmirəm nə oldu aralarında, kişi pambıq kimi ağarmış halda geri qayıtdı və işdən çıxmaq üçün ərizə yazdı. Gördük halı xarabdır, təcili yardım çağırdıq!».

Bu vaxt artıq həkimlər özünü yetirmişdi, qan təzyiqini ölçürdü. Aslanın gözlərinə elə bil qan sağılmışdı, kişi çətin nəfəs alırdı. Bir anlığa Nadirə xanımın gözlərinə baxdı və qəmli-qəmli gülümsündü. Və bu baxışlarda Nadirə xanım çox şey oxudu, dözə bilməyib otaqdan çıxdı. «Yox, Nurəddinlə qəti danışmaq lazımdı. Bu mənim borcumdu» — deyə-deyə birbaş direktorun kabinetinə sarı addımladı. Şərqiyyənin nəmli gözləri onun azca əvvəl ağlamağından xəbər verirdi. Soruşmaq lazım deyildi — ona gün kimi aydın idi ki, qızı da Nurəddin ağladıb — ya xətrinə dəyən bir söz deyib, ya üstünə qışqırıb. Ağlamağının səbəbini xəbər almadan başı ilə kabinetinə işarə edib:

– Burdadı? — deyə soruşdu və Şərqiyyədən «hə» cavabı alınca kabinetə girdi. Nurəddin sol əlinin barmaqları arasında tüstülənən siqareti damağına qoyanda Nadirə xanımı otağın ortasında gördü:

– Buyur, Nadirə xanım. Səndən nə əcəb? — deyə siqaretin kötüyünü külqabına basıb söndürdü. — Əyləş. Üz-gözündən görürəm sözlü adama oxşayırsan!

– Hə, — dedi Nadirə və kənarda, pəncərə qabağında qoyulmuş ərəb kreslosunda əyləşdi — Sizinlə bəzi məsələlər barədə danışmaq istəyirdim, Nurəddin müəllim. Əgər vaxtınız varsa...

– Hə, var. Eşidirəm səni.

– Mən... — Nadirə xanım həyəcanlı olduğundan bir anlığa tutuldu və hardan başlayacağını bilmədi, ancaq bu an tez keçib getdi, o, əsəbiliyini, qəzəbini mümkün qədər gizləməyə, sakit-sakit danışmağa çalışdı: — Mən sizin yanınıza bir alim, bir şöbə müdiri kimi yox, partiya təşkilatının katibi kimi gəlmişəm, Nurəddin müəllim.

– Oho, deyəsən rəsmi söhbət edəcəyik, eləmi? — deyə Nurəddin kinayə ilə qımışdı.

– Bəli. Rəsmi. Ciddi.

Direktor qəddini kresloda düzəltdi və «Malbora» qutusundan bir siqaret götürdü, yandırdı:

– Eşidirəm.

Araya sükut çökdü. Nadirə xanımın ürəyi elə doluydu ki, nədən başlayacağını qarışdırmışdı. Tutarlı, inandırıcı danışmaq istəyirdi. Və eyni zamanda canında bu qorxu da var idi ki, Nurəddində heç kəsi axıra qədər dinləmək qabiliyyəti olmadığını bilirdi. Pozuluşsaydılar, sözləri deyilməmiş kabinetdən çıxsaydı, bu, məğlubiyyət idi. Ona görə Nadirə xanım özünü ələ alıb lap astadan sözə başladı:

– Mən gəlmişəm sizə deyəm ki, sizin iş üsulunuz kökündən düzgün deyil, Nurəddin müəllim. Xahiş edirəm, əsəbiləşməyin, sözümü də kəsməyin. Bəli, bu cür işləmək qətiyyən düz deyil. Siz bu institutda işləyən alimlərlə lap soldat kimi rəftar edirsiniz, Nurəddin müəllim. Bizdə ən qiymətli kapital — insandır, biz bu insanlara qayğı ilə yanaşmalıyıq, dərdinə-sərinə qalmalıyıq və bunun da müqabilində iş tələb etməliyik. Amma siz neyləyirsiniz? Siz, lap elə hərbi terminlə desək, komandiri olduğunuz bu əsgərlərlə necə rəftar edirsiniz? Mən deyərdim çox pis! Əgər belə getsə, siz bu əsgərlərlə zirvələr fəth edə bilməzsiniz. Onlar sizi yarı yolda qoyar, hərəsi bir tərəfə qaçıb dağılışar; bir də görərsiniz bircə özünüz qalıbsınız! Onda sizin yaxanızdan tutub silkələyə bilərlər ki, hanı ordunuz, yoldaş komandir?! Niyə qaçıb dağılıblar? Demək siz pis komandir, pis tərbiyəçi, pis böyük olubsunuz!. O zaman sizin verməyə cavabınız olmayacaq.

Aslanzadə ilə sizi müqayisə edirəm hərdən. Bax, bu kabinetə onun vaxtında böyük də, kiçik də qorxmadan, çəkinmədən gəlirdi, elə bil atasının, qardaşının, ağsaqqalının yanına gəlirdi. Ancaq indi bura heç kəs özü gəlmək istəmir. Dərdi-səri olan da gəlmək istəmir. Çağırdığınız adam isə... şübhə və qorxu ilə gəlib qanıqara çıxır. Camaat sizə koridorda rast gələndə, yolunu dəyişmək istəyir, çünki salam verirlər, salam da almaq istəmirsiniz... Sonra çaşbaş qalır camaat, bilmir sizi görəndə salam versin, ya yox!. Belə böyüklük olmaz, Nurəddin müəllim. Bilirəm, bu cür sözlər eşitməyə adət etməmisiniz, ancaq eşitməlisiniz. Mərkəzi Komitə, kollektivlər haqqında, rəhbər işçilərin rolu və vəzifələri barədə, respublika partiya təşkilatı isə bizim institutun qarşısında dayanan vəzifələr, inkişaf perspektivləri, kadr hazırlığı haqqında çox gözəl və vaxtında qərarlar qəbul etmişlər. Siz bu qərarların mühüm bir bəndini — kadrlardan, onlara qayğıdan və tələbkarlıqdan bəhs edən bəndini nəinki ləyaqətlə yerinə yetirmirsiniz, bəlkə təhrif edir, pozursunuz. Ən yaxşı, təcrübəli kadrlarımızı institutdan uzaqlaşdırmaq nə bizim xeyrimizədi, nə də elmimizin. Özü də, siz bütün bu məsələləri təkbaşına həll etmisiniz, indiyə qədər nə məni — partiya təşkilatının katibi kimi, nə də Dilsuzu — Yerli Komitənin sədri kimi bu və ya digər bir məsələni həll edəndə yanınıza çağırmamıcısız, məslahətləşməmişsiniz. Bunu mən, üzr istəyirəm, özbaşınalıq hesab edirəm. Halbuki, burada mən də böyük məsuliyyət daşıyıram... Mən Rənanın, Əzizin işdən qovulmasını qanunsuz hesab edirəm. İqtisad şöbəsinin baş elmi işçisi Nadir Qasımzadəni, o qədər çək-çevirə saldınız, üç aydı infarktdan yatır. Bu gün qocaman alimimizə, bu institut üçün uzun illər qayğıkeş bir bağban kimi əlindən gələni əsirgəməmiş Aslan Aslanzadəyə nə demisinizsə, qan təzyiqi həddini aşıb — hələ ölməsə yaxşıdı. Bunlar nə alimə, nə insana yaraşan hərəkətlərdir, Nurəddin müəllim.

O cavan oğlanı — Xəzəri niyə müdafiə etməyə qoymursunuz? Axı sizin bu qanunsuz, heç bir kitaba-dəftərə sığışmayan hərəkətiniz onu mənən şikəst eləyə bilər, fikrini çaşdıra, döndərə bilər? Siz bunun nə demək olduğu barədə heç düşünürsünüzmü, Nurəddin müəllim?! Yaxud bax, o gün, bizim iki alimimizin — Rüfət Səlimovun və Qulu Cəmilzadənin altmış yaşı tamam olmuşdu. Eyni gündə anadan olublar. Siz neylədiniz? Rüfətə — sizin dostunuz, məddahınız olduğu üçün bir aylıq maaşı miqdarda mükafat verdiniz, elmi şuranın iclasında onu təbrik etdiniz, xüsusi sessiya keçirdiniz. Qulu, mənə qalsa, Rüfətdən də böyük və məşhur, xidmətləri daha çox olan bir alimdir. Amma siz onu quruca sözlə belə təbrik etmədiniz, mükafatı-filanı o yana qalsın. Siz bundan sonra necə ədalətdən, obyektivlikdən danışa bilərsiniz, Nurəddin müəllim? Kim sizə inanar, kim sizi sevər, kim sizin arxanızca gedər?

Nadirə xanım ara vermədən danışırdı, Nurəddin qımıldanıb sözünü kəsmək istəyirdisə də, imkan vermirdi, fikrinin nizamının pozulacağından qorxduğuna görə, sonra nə eşidəcəyini nəzərə almadan ürəyini boşaldırdı. Birdən Nurəddinin istehza ilə qımışdığını görüb dayandı. Məqam gözləyirmiş kimi, Nurəddin dilləndi:

– Qurtardın?

– Hə, demək olar ki, qurtardım... — dedi Nadirə və direktorun nə cavab verəcəyini gözlədi. Rahat idi, qəlbi boşalmışdı. Həm də daha Nurəddindən qorxmurdu. Nurəddin əsəbiləşmək, əsib-coşmaq əvəzinə, qəribə idi ki, çox sakit bir tərzdə:

– Bunlar öz yerində, indi mənə de görüm səni kim öyrədib bura göndərib, Nadirə xanım? — deyə soruşanda Nadirə qulaqlarına inanmaq istəmədi. Çaşbaş halda:

– Nə dediniz? Məni kim öyrədib bura göndərib deyirsiniz?

– söylədi.

– Bəli, maraqlıdı. Kim?

Nadirə xanım hirslə ayağa qalxdı:

– Mən uşaq deyiləm, Nurəddin müəllim. Nə dediyimi çox yaxşı bilirəm. Heç kəsin məsləhətinə də ehtiyacım yoxdur. Mən bir partkom kimi, bunları sizə deməyi özümə mənəvi borc saydım, vətəndaşlıq borcu!.. Belə getsə... prezidiuma, partiya komitəsinə müraciət edəcəyəm. Bir kommunist kimi...

Nurəddin yenə məkrlə qımışdı:

– Belə getsə... biz bir yerdə işləyə bilməyəcəyik, Nadirə xanım. Seçkilər yaxınlaşır...

Nadirə xanım son sözlərini qapı ağzında eşitdi, ancaq qayıdıb cavab verməyi artıq saydı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

IX fəsil

...Saat ikiyə işləyirdi. Ayın sarımtıl işığı iri pəncərədən içəri düşürdü. Toğrul ağ nikel çarpayısında şirin-şirin yatmışdı. Bəhruzun böyründə uzanmış Xatirə sağ əlini başının altına, sol əlini sinəsinin üstünə qoymuşdu; barmağındakı üzüyün brilyant qaşı parıldayırdı.Sakitlikdi. Toğrulun mışıltısından, bufetin aynası qarşısındakı girdə saatın yeknəsəq çıqqıltısından başqa heç nə eşidilmirdi.

5 min
X fəsil

Bəhruz axşam nə qədər pis yatsa da, tezdən durdu. Çay-çörəyini iştahsız yedi. Xatirə soruşdu:– Bu gün xəstəxanaya gedəcəksən?

6 min
XI fəsil

Dünya gözündə gülürdü. Güllər, çiçəklər içində nərgizdən xoşu gəlirdi. «Kaş, burda bir dəstə nərgiz olaydı!» Musiqi ölüsüydü. «Kaş «Karvan» çalınaydı»... Qəribə idi. Haradansa burnuna nərgiz ətri gəldi, qulaqlarında karvan zınqırovları səsləndi...Maşın xəstəxananın qabağından tərpəndi. Bəhruz kepkasını çıxarıb böyründəki «Qızıma məktublar» kitabının üstünə atdı. Fit çala-çala irəli baxır, ehtiyatı əldən vermirdi. Dənizdən sərin meh əsirdi. Enli asfalt küçə ilə maşınlar, trolleybuslar, dizellər şütüyüb gedir, şəhər öz həmişəki adi, qaynar həyatını yaşayırdı.

3 min
XII fəsil

İdarənin geniş həyətində iki əzik-üzük olmuş «Moskviç», bir köhnə «Pobeda» vardı. Bəhruz maşını dolandırıb onların yanında saxladı. Aşağı düşüb Ziyadxanın yanına gəldi. Ziyadxan onun heç üzünə də baxmadı. Əlinin işarəsilə başa saldı ki, dalınca gəlsin. İkimərtəbəli binaya daxil olub sağa buruldular, sonra qədim, köhnə pillələrlə yuxarı qalxdılar. Ensiz, ancaq işıqlı dəhliz boyunca addımladılar.Ziyadxan qapını yavaşca açıb, başını içəri uzatdı.

4 min

Poems by other poets