Page 14 of 47 · 28%

– Bu yaxşıdır, – dedi Babək, – amma çox azdır.

– Azdır? Elə bil ki, doqquz il bundan əvvəl Həmədanda batinilər qiyam qaldıranda bizim dağlardan çox igidlər o şəhərin imdadına getdilər, amma sağ-salamat qayıdıb gələnlər beş-on nəfərdən artıq olmadı. Və mən orda Həmədanda şəhid olan bir kişinin oğluyam və bir iş ki, dəfələrlə baş tutmayıb onu unutmaq lazımdır, ikinci dəfə baş tutmadı, üçüncü dəfə, ta qiyamətə kimi...

...Və bu vaxt zirzəminin qatı qaranlığı içində sanki hərdən qurcuxub diksinərək və yaxud dayanıb nəfəsini dərərək onlara doğru yaxınlaşan titrək və ufaq bir atəşi bəziləri bir an əvvəl görmüşdülərsə, digərləri də qanrılıb indi görərkən məclisdə hənirti kəsildi, hamı kiridi və gözlədilər o vaxtacan ki, nəhayət o bədbəxt qarı gəldi, gecənin bu aləmində qucağındakı tənəkə bir manqal ilə onların başı üstündə dayandı.

¹ Məğlub edilmişlərdən alınan bac şəklində maliyyə

Qarının qucağındakı kiçik və dəyirmi manqaldan baş qaldıran üzgün bir alovun qırmızı dili gah bir az uzanırdı, zirzəminin tavanı altından asılmış min illik qatı qaranlığını yalayırdı, gah boynunu qısırdı, manqaldakı xırdaca közlər üstə sərilib yayxanırdı.

Birinci dəfə idi ki, onların gizli məclis qurduqları bu zirzəmiyə yad bir adam gəlib çıxmışdı. Və bu yad adamı nəinki onlar, bütün şəhər tanıyırdı. Amma heç kəs onun bu nəhəng atəşgədənin xarabalığında hansı tağ altında, hansı xəfə bir bucaqda, sıra sütunların hansının böyründə məskən saldığını bilmirdi və yay-qış gah şəhərin meydançalarında, gah örtülü bazarında gəzib-dolaşan bu qarının qucağındakı yırtıqları yamaqlı bu tənəkə manqalda həmişə ufaq bir atəş yanırdı.

Və qarı hər gün örtülü bazarın şatırlar cərgəsində özünə bir tikə çörək dilənirdi, sonra gedirdi şəhərin kömürçülər meydanına və orda doğranmış ərcan və saqqız odunu ilə yüklü ulaqlar yanında dayanıb müştəri gözləyirdi. Odunçulara bir tilişkə, bir talaşa və yaxud üç-dörd çör-çöp və ya çır-çırpı üçün əl açaraq zarıyırdı ki:

– Canımı qızdırmaq üçün istəmirəm, bu ufaq atəşə rəhm eləyin, buna ki, ulu bir atəşin qəlpəsidi. Və min ildən bəri qucağımda gəzdirirəm...

Və heç kəs bu atəşgədənin nə vaxt tikildiyini və nə vaxt xərabəyə çevrildiyini bilmədiyi kimi, bu qarının da əvvəllər kim olduğunu, sonra başına nə gəldiyini və nə üçün bu hala düşdüyünü bilmirdi. Qocalar iddia edirdilər ki, gözlərini açıb qarını bu halında bu şəklində görüblər, qadınlar qəfildən qarı ilə üz-üzə gələndə mistik bir vahiməyə qapılırdılar ki, başlarına nə isə gələcəkdir və yayın qızmarında belə qucağında atəş gəzdirən bu qarı rastına çıxanların ürəklərini üşüdürdü...

Məclis susub durdu, heç kəsdən səs çıxmırdı və Qaraca dədə geri qanrılıb başları üstə dayanmış qarıya dedi:

– Qulaq as ey məzlumə. Gecənin bu aləmində hardan gəldiyini, nə üçün gəldiyini və nə istədiyini bilmirik. Amma indi ki, gəlibsən və gəlib bu süfrə üstə çıxmısan, gəl otur və bir tikə çörək kəs bizimlə...

Məclisdəki gənclərdən biri ayağa qalxdı, qarının qolundan tutdu, süfrə başında öz yerində oturtdu. Qarı əsən əllərilə manqalı sinəsindən qopardıb süfrə üstünə qoydu, amma sonra belini dikəltməyə gücü çatmadı və manqal üstündə irəli geri çalxanaraq, səsi quyu dibindən gəlirmiş kimi iniltili bir züm-züməyə başladı:

– Buna rəhm eləyin. Buna sahib durun ki, tükəndi qüvvətim, qolum qırıldı. Buna ki, yubandım, bununla da qurdla qiyamətə qaldım. Buna ki, ölüm gəldi qızımı apardı. Amma bu qucağıma sığındı, salamat qaldı...

– Kim idi ki, qızın, ey bədbəxt qarı?

– Yeri-cadusu idi bu atəşgədənin və o ulu atəş ki, burda yanırdı, bu göylər altında ondan göyçək, ondan Cəmilə bir xatun görməmişdi. Və qızın gözləri yolda idi. Ağ atlı, gümüş oxlu, qızıl kamanlı nişanlısını gözləyirdi. Yeddi məşşatəsi¹ vardı ki, növbə ilə hər gün saçın darayırdılar. Biri Çindən, biri hinddən, biri Turandan, biri Rumdan, biri Yəməndən, biri Əndəlisdən... Min nəfər arvad da ağappaq donlarında burda yanan ulu atəşə səcdə eləyirdi... Yuxarıda atəşgahın hər divarında ömürləri hədə olmuş bir çox hökmüdarın tacı asılmışdı və aşağıda o hökmdarların xatunları qızım üçün həyət süpürüb, qab yuyurdular... Bu vaxt gün batanda o fil gəldi, bir fil ki, Sürxab dağından böyük idi, amma o dəlikdən ki, o fil keçdi, siçan dəliyindən kiçik idi... O fil tapdadı, o söndürdü ulu atəşi, o fil uçurtdu. O viranə qoydu bu sazımanı... O vaxt mən idim ki, ulu atəşin külündən bir köz götürdüm bu manqala atdım və o vaxt qızım idi ki, gecə gördüyü röyaları səhər bir nəfər mürid yoza bilmirdi...

– Ulduzçular da? – deyə kimsə səsləndi.

– Qoca ulduzçu başın götürüb çöllərə qaçmışdı. Demişdi ki, kaş ki, bu ulduz elmini öyrəndiyim gün göydən başıma daş düşəydi – çünki o şəxs ki, susuzundan yanırdı və gəlirdi çay qırağında dayanırdı, balıqlar ona su verəndə qorxurdu, balıqlardan qaçırdı və o inək ki, çox kök idi, dərisinə sığmırdı, amma doğduğu arıq buzovundan süd əmirdi. Və o şəhərin xəstələri ki, ölüm yatağında can verirdilər, amma hər gün yataqlarından qalxıb şəhərin sağlam adamlarına dərman aparırdılar və o möcüz ki, min ildi sinəsi üstündə atəş gəzdirirdi, ürəyi soyuğundan donub buz bağlayırdı...

Və birdən qarı hıçqırdı, amma ağlaya bilmədi və Qaraca dədə döndü qarıya dedi:

– Sakit ol ey məzlumə; ağlamaq üçün səndə göz yaşı hanı?

– Onda buna rəhm eləyin, – dedi qarı, və buna sahib durun. Əcdadınız ulu atəşə sitayiş eləyirdi. Buna ki, qızı on beş yaşında əlimdən verdim. Amma min ildir qucağımda layla çalıram...

Sonra birdən qarı dikələndə, başını sağa-sola çevirərək məclisdəkilərin üzünə baxanda, gözlərində çaşqın şüurunun müsibəti elə dözülməz bir ifadə aldı ki, heç kəs davam gətirmədi. Kimi gözlərin qaçırdı, kimi başın aşağı saldı... Və o zaman ki, çox uzanan bir sükutun ağırlığı altında qımıldanmağa və başlarını qaldırmağa başladılar, qarını artıq süfrə başında görmədilər və əgər o tənəkə manqalı içində öləziyən atəş ilə süfrə üstündə görməsəydilər, elə zənn edə bilərdilər ki, qarı qaranlıqdan qaranlığa gedən bir xəyalət imiş ki, bir an gözlərinə görsənmişdi, sonra yox olmuşdu.

¹ Məşşatə – gəlin və qızları bəzəndirən qadın, bəzəkçi

Qaraca dədə isə köksünü ötürdü və dedi:

– Elə fərz eləyin ki, bir yuxu idi gördük – oyandıq... Əlbəttə ki, nəinki xərabə qalmış atəşgədələrin və yaxud ocaqların, hətta əriyib qurtaran bu şamların da mənzərəsi çox qüssəlidir. İnsan gərək həmişə ətəyini donunun əlindən qopartsın, amma donundan çiyninə gətirdiyini bir günə gətirsin və qədim şəhərlərin, kəndlərin xarabazarlığı kimi, qədim sözlərin və rəvayətlərin də xarabazarlığı var – və o bədbəxt qarının fili ki, Sürxab dağından böyük imiş, amma kiçik bir dəlikdən çıxıb gəlibmiş, o İsgəndər Rumi idi ki, Məqduniyyə adlı ufaq bir ölkədən xüruc eləmişdi və gəlmişdi Əcəm ölkəsindəki bütün atəşgədələri dağıtmışdı və bütün Məşriqi tapdamışdı. Ondan min il sonra da İslam qoşunları bu işi təkrar elədilər və indi fars iqlimində ancaq kəndlərdə salamat qalan kiçik atəşgədələrdə od yanır – amma biz ki, Azəri xürrəmiləriyik, bizim etiqadımızda nə bütə, nə atəşə nə xaça, nə qibləyə sitayiş yoxdur.

Qoca yenə bir an susdu, qarının tənəkə manqalında göz qırpan ufaq atəşə baxan gözləri yol çəkdi və sonra başını qaldırdı və dedi:

– Və əlbəttə ki, əcdadımız üçün bu od işıq idisə, bizim üçün də bu od işıqdır və işıq həqiqət idisə, bizim üçün də həqiqət yaxşılıqdır. Çünki insan ancaq ruhu yaxşıdırsa diridir və ruhu alçaqdırsa diri ikən ölüdür. Bir rəvayətə görə tanrı ilk insan adəmi yaradanda əvvəlcə onun müqəvvasın və yaxud heykəlin palçıqdan yoğurmuşdu və o heykəli uca bir divara söykəmişdi ki, palçığı-çamuru gün altında bir az qurusun. Bu vaxt İblis məsələdən xəbər tutub öz qoşunuyla çapıb gəldi, ilk insanın palçıq heykəlinə xeyli tamaşa elədi. Sonra o heykəlin – bəni adəmin burnundan içəri girdi, beynini araşdırdı və içinin bütün küncbucaqlarını gəzib dolaşdı və nəhayət yenə Adəmin burnundan çölə çıxdı və öz qoşununa dedi ki, qorxmayın, Adəm deyilən bu məxluğun içi bomboşdur. Amma o zaman ki, palçıq heykəl gün altında qurudu və tanrı adəmə ruh verdi, o vaxt dərhal ilk insanın – Adəmin üzü işıqlandı, gözlərində zəka şüası yandı və o gündən insan vücudunun qidası çörək, insan ruhunun qidası işıq oldu...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ay işığında

Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*

19 min
Karvan dayandı

Axşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.

27 min
Qızıl qönçələr

Gün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.

14 min
Baş xiyabanda

Qaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.

7 min

Poems by other poets