Page 12 of 47 · 23%

Sonra burda – Təbrizdə bu qadını, bu saat orda qapı ağzında oturub o başını aşağı salmış və sağ ovcundakı gümüş bir dirhəmi bərk-bərk sıxaraq donub qalmış bu qadının gözlərindəki girdab çəkdi, Tərxanı öz dərinində qərq elədi. Əgər dənizdə batan saman çöpünə sarılırdısa Tərxan da qoşun dəftərinə muzdlu əsgər yazıldı. Xəlifə Əmin ilə Məmun arasında başlanan müharibəyə getdi. Ümid eləyirdi ki, Xəlifə Əminin səxavətlə muzdlu əsgərlərə vəd etdiyi böyük maaşla varlanacaq və qayıdacaq, bu qadının – Ağcanın bahasını ödəyərək onu cariyəlikdən qurtaracaqdır.

Lakin xəlifə Əmin ilə Məmunun müharibəsi qurtardı, amma Tərxan qayıtmadı... Və o zamandan Babək hər dəfə ibn Rəvvadın karvanlarıyla uzaq və uzun səfərlərə gedib qayıdan zaman bu qadın gəlirdi, gözlərini onun gözlərinə tikirdi ki, bəlkə soraqlaşıb Tərxanın öldüyü və ya qaldığı haqqında bir şey eşitmişdir, o isə hər dəfə başını aşağı salanda bu qadın qara çadrası altında kiçilirdi, yumağa dönürdü, başı vurulmuş quş başı kimi çiyninə düşürdü. Və sürüyürdü ayaqlarını, uzaqlaşıb gedirdi...

Nəhayət, Ağca aralığa çökmüş bu ağır sükuta davam gətirmədi, başını qaldırdı və dedi:

– Niyə dinmirsən ey Babək, niyə mənə xoş bir söz demirsən?

– Şükr elə, – dedi Babək, – və min dəfə şükr olsun ki, Tərxan sağdır.

– Elədir. Sağdır, amma halallaşır səninlə ki, öz zindan cirəsinin bir tikə qara əppəyindən yoğurduğu o qara təsbehi sənə yadigar göndərib və halallaşır mənimlə ki, varı-dövləti bu bir dirhəmi mənə miras qoyub gedib...

Bir dustağın zindandan göndərdiyi bir təsbih və bir dirhəm ilə nə dediyini bəlkə də bu qadının yozduğu kimi yozmaq olardı. Amma o dirhəmi qəbul eləməmişdi.

– Naümid olma ey qadın, – dedi, – zindana atılanların hamısına ölüm düşmür... Və sabah ki, mən Vəcnanın karvanı ilə yola düşürəm, qalacam orda, Həmədanda... lazım gəlsə əyarlara, sasanlara qoşulacağam. “Cavan mərdlər” məclisinə yol tapacağam. Və Tərxanı dardan qurtarmaq üçün bir qaşıq qanım üçün titrəmiyəcəyəm...

– İnanıram ki, məni ovundurmursan, – dedi Ağca, – amma and iç, söz ver ki, qəzavü-qədər öz işini işləsə... İzdihama qoşulub sən də tamaşasına gedəcəksən və irəli qaçıb ön cərgədə dayanacaqsan... Təki yaxası cəllad əlində olanı gözləri son nəfəsində o qərib şəhərdə, o yad izdiham içində ürəyinə əziz olan bir adamın üzünü görsün...

Babək ağır-ağır nəfəs aldı. Nə isə demək istədi, amma Ağca aman vermədi, həm də elə bil qızdırma içində yanırdı, ağı deyirdi, qurtara bilmirdi.

– Gedərəm səninlə, amma mümkün deyil. Aparmazsan və əgər aparsaydın, mümkün deyil, gedə bilməzdim... Amma qoyma orda onun leşini boyaqçı yəhudilər dəfn eləsin; eşitmişəm, xəbərim var, Həmədan valisi hər dəfə orda boynu vurulanları dəfn eləməyi ordakı yəhudilərin boynuna biyar qoyub... söz ver, and iç ki, Tərxanı qara torpağa sən özün təslim eliyəcəksən.

– Bəd fal açma, ey qadın, bu nə bayquşluqdur anlamıram. Bəs deyilmi ki, sənin ucbatından...

Və dərhal boğdu özünü, dayandı. İçində kül altındakı göz kimi bir tünlük vardı ki, bəzən ansızın alışar, özü özüylə əlbəyaxa olurdu və Tərxan da vaxtilə bu barədə ona xəbərdarlıq eləmişdi. Və indi o içində alışanı dərhal söndürərkən elə bil o oddan qopan çırtdaq sıçradı, Ağcanın ürəyinə düşdü və Ağcanın gözləri divara qısnanmış vəhşi bir çöl pişiyinin gözləri kimi alışıb yandı.

– Elədir, mənim ucbatımdan! Və qoy olsun mənim ucbatımdan... Bilirəm dilin gəlmir söz verməyə. Amma gedəcəksən. Bilirəm dilin gəlmir and içməyə, amma gedəcəksən və keçəcəksən, ön cərgədə dayanacaqsan və tamaşa eliyəcəksən və gülümsəyəcəksən aslan doğmuşum səni görəndə... mən də burda bu xınalı dırnaqlarımla yanaqlarımı didməyəcəyəm... Üzümə qara çəkib saçımı yolmayacağam. Daş götürüb dizimi döyməyəcəyəm. Onun qisasını mən özüm alacağam...

– Kimdən? – dedi Babək çox yavaşdan və öz sualına özü cavab tapmaq istədi...

Amma Ağca eşitdi və dedi:

– Özümdən, gözlərimdən. Əvvəlcə kor olmuş bu gözlərimin fitnəsi onun ağlını başından çıxartdı... sonra o vaxt ki, ona qırmızı bir alma göndərdim – o vaxt o gün könül dəftərinə yazıldım. Müharibəyə getdi... Amma bu dörd ildə onun ölümünə inanmayan təkcə mən idim... və sən ki, hər dəfə məni görəndə başını aşağı salırdın, ona görə mənə bir söz tapıb deyə bilmirdin ki, Tərxanın sağ qaldığına inanmırdın...

Haqlı idi bu qadın. O, Tərxanın sağ qaldığına çoxdan ümidini itirmişdi və bu qadından qaçırdı. Hətta örtülü bazardan da ayağını kəsmişdi, çünki bu qadınla ancaq orda üz-üzə gələ bilərdi.

– Sakit ol, – dedi, – dəli dərvişlik eləmə. Amma haqlısan, mən ümidimi üzmüşdüm ki, Tərxan sağdır və o vaxtdan doğma qardaşını itirmiş kimi ürəyim məlul idi, fikrim pərişan...

Çünki çox uzaqlarda on illər yolumu gözləyən anam və kiçik bir qardaşım varsa, Tərxan mənim üçün həmişə böyük qardaş idi.

– Kiçik qardaşın, – deyə Ağca birdən heyrətlə səsləndi, – amma Tərxan mənə demişdi ki, atan öldürüləndən sonra sən anadan olmusan...

Ağcanın başı üstündən hara isə uzağa baxdı və dedi:

– Elədir, atam öldürüləndən sonra mən doğulmuşam... Və on ilə yaxındır ki, kənddən çıxmışam...

Və Ağca qadına məxsus fitri, dayanılmaz bir maraq hissilə və özünün duymadığı bir qəddarlıqla özünü saxlaya bilmədi:

– Və səndən sonra ərsiz anan orda sənə qardaş doğub? – dedi və dediyindən özü diksindi. İstər qəsdən, istər bilmədən yalnız qadın dili bu qədər sərrast zərbə vurmağa qadir idi və Ağcaya bir an elə gəldi ki, ağrıyan gözləri balacalanmış bu oğlan bu saat yerindən qalxıb onu vuracaqdır və Ağca yenə adəti üzrə qorxunc bir şey görmüş uşaq kimi gözlərini yumdu və bu vaxt çox yavaşdan və çox təmkinlə sanki yarımçıq qalmış sözünü tamamlayırmış kimi Babəkin dediklərini eşitdi:

– ...Sonra xəbər tutdum ki, anam o uşağa... kiçik qardaşıma, öldürülmüş atamın adını qoyub... Abdulladır qardaşımın adı.

Və indi Ağca bir qadın sövqi təbiisilə bu sözlərdə xaincəsinə ya özü bilmədən vurduğu zərbəsini əfv edən çox ağrıyan, çox zərif bir ürəyin səsini eşidirkən sarsıldı. Yerindən sıçradı, gəldi Babəkin sarıqlı başını ovucları içərisinə aldı, sonra geri çəkdiyi əllərini sağdan və soldan bərk-bərk öz gicgahlarına sıxaraq hərəkətsiz qaldı və bu hərəkəti ilə qarşısındakının ürəyindəki ağrını öz ürəyinə qəbul elədiyinə inamı o qədər qüvvətli idi ki, yavaş-yavaş axıb ürəyinə sızmağa başlayan bir ağrı hiss edərkən başını qaldırdı və məzlum bir təbəssümlə Babəkin üzünə baxdı...

2

O xürrəmilər ki, bu şəhərin sakini idilər və çoxdan yeganə İbadətgahı məscid olan bu şəhərdə sayca çox az idilər, hər il yalnız bir dəfə “sevgi ziyafəti” adlandırdıqları gizli məclislərinə burda, bu qədim atəşgədənin möhtəşəm xarabazarlığı altındakı qaranlıq zirzəmidə toplanırdılar.

Və bu məclisdə örtülü bazarın darvaza tağı altındakı xəfə bir bucaqda papuc yamayan bir pinəçi ilə zərgərlər cərgəsindəki bağdakı tağ altında gümüş çəkici ilə qızıl döyəcləyən bir zərgər bir-birinə bərabərdi. Buna görə idi ki, “Sevgi ziyafəti” məclisində hamı həsir üstündə salınmış dairəvi bir süfrə başında diz çöküb otururdu. Çünki bu dairəvi süfrənin nə yuxarı başı vardı, nə aşağı başı. Və hər biri sağa tərəf dönüb öz qonşusunun çiynindən öpərkən çevrə tamamlanıb qapanırdı – qapanan və tamamlanan bu çevrə isə onlar üçün zamanın hər dəfə özündən başlanıb özündə qurtaran əbədi fikrini təmsil edərdi...

Sonra onlar tam bir sükut içində və sol əllərilə sol dizlərinə istinad edərək və yalnız sağ əllərini süfrəyə uzadıb yeməyə başlayırdılar və nəhayət, əldən-ələ keçən böyük bir piyalədən növbə ilə şərab içərək, yemək mərasimini tamamlayırdılar.

Və bu vaxt məclisdəki sükuta son qoyularkən bir ağızdan həzin bir avazla Şirvinin uca ruhuna xitab edərək oxuduqları nəğmə həm duaları, həm sürudları, həm çağırışları idi ki, uca Şirvinin ruhu, bizi “günəşli atlı” müjdəsilə yad et. Yad et ki, sonra ölərkən cismini anası torpaq öz ağuşuna almışdı və ruhunu atası göylər öz hüzuruna çağırmışdı.

Xristianlaşmış, yaxud müsəlmanlaşmış çox qədim etiqadlar kimi bu da xürrəmiləşmiş qədim etiqad idi ki, Şirvin ruhu mərhələ-mərhələ çevrilişlərə uğrayaraq nəhayət günəşli bir atlı simasında öz oxşarına qovuşacaqdı və Doğarıdan çapıb gələcək bu “günəşli atlı” qaranlığı çoxalmış bu dünyanın xilaskarı olacaqdı, yer üzündəki zülm və yamanlığa son qoyacaqdı...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ay işığında

Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*

19 min
Karvan dayandı

Axşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.

27 min
Qızıl qönçələr

Gün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.

14 min
Baş xiyabanda

Qaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.

7 min

Poems by other poets