Birinci hissə
Page 13 of 47 · 26%
...İndi burda bu gecə qədim xarabalığın qaranlıq zirzəmisində qurulmuş adi ziyafət olan bu yoxsul “sevgi ziyafəti” süfrəsində yalnız səngək çörəyi, pendir, duz, ayran və bir kuzə ağappaq reyhani şərab vardı. Çünki “sevgi ziyafəti” süfrəsi onlar üçün eyş-işrət süfrəsi deyildi. Bəlkə mənəvi qida məclisi idi və hər il qardaşlıqlarını yenidən bərpa etdikləri yeganə dini mərasimləri də bu idi.
Və bu vaxta qədər onlar bu “sevgi ziyafəti” məclislərində Qaraca dədəni heç vaxt xüsusi bir döşəkçə üstündə oturmağa məcbur edə bilməmişdilər. Amma bu axşamkı məclislərində qoca ilk dəfə idi ki, güzəştə getmişdi. Və indi həsir üstünə sərilmiş bir pələng dərisi üstündə oturmuşdu ki, bu pələng dərisini Boz quş dağlarındakı azad xürrəmilərin elçiləri bu məclisə gətirmişdilər və bu elçilərdən biri – pələng ovçusu – çılpaq oğlu dağlardakı ənənəyə görə ovladığı pələngin quyruğunu qotaz kimi sol qolundan asmışdı.
Vaxtilə islam tufanının ilk dalğaları Boz quş dağlarının ətəyinə qədər gedib çıxmış, uzaq qumlu səhralardan ağnayıb gələn bu sel Azəri dağlarının yamaclarını çox döyəcləmiş, amma yuxarı qurşaqlara qalxa bilməmiş və dağ kəndlərini xürrəmilik etiqadından qopartmaq cəhdləri baş tutmamışdı və indi Qaraca dədə o dağlardan gələn xürrəmilərə üz tutaraq dedi:
– Siz ey şad ürəkli, xürrəmdin qardaşlarımız, bir kəlam var ki, dağlılar həmişə azad olublar və indi siz, dağlarımızın azad xürrəmiləri bizim qovğun şəhər xürrəmilərinin bu gizlin qardaşlıq süfrəsinə xoş gəlmisiniz. Və biz ki, hər il günəş sünbülə bürcündə mənzil tutarkən bu qaranlıq zirzəmidə süfrə açırıq, muradımız budur ki, qoy Şirvinin uca ruhu iqbalımızı işıqlı, ürəyimizi şad eləsin!
Və “Amin” demişdi bütün məclis!
Qaraca dədə davam elədi:
– Nə qəm ki, – bir tikə əppək, bir Kuzə şərab var süfrəmizdə, əvəzində etiqadımız budur ki, insan üçün bu dünyadan qeyri bir dünya yoxdur və hər bir insan ürəyində ki, bir bağça var, o bağça gərək bu dünyanın sevinci ilə abad olsun! Əlbət ki, böyük dinlər üçün bu küfrdir və o dinlərdən heç biri insanın bu dünyadakı sevincini qəbul edə bilmir, amma o böyük dinlərdə yaxşı nə varsa, bizim etiqadımız qəbul eləyir, çünki “öldürmə və qan tökmə” buyruğu bizim üçün də ən müqəddəs buyruqdur və buna görə o böyük dinlərin o yasaqları ki, insan ürəyindəki sevinci boğur və bu dünyada əzab çəkənlərə o biri dünya təsəllisilə tələ qurur və kimin ki, ruhu ən çox miskindirsə ən çox onu xoşbəxt hesab eləyir, – biz bütün bu yasaqları və ehkamları qəbul etməmişik, çünki bütün insanlar üçün elə vacib bir din arzu edirik ki, o dinin bayrağı göydə günəşdir. Və o dinin ədaləti ilə bu dünyanın bütün nemətləri bütün insanlar arasında gərək tən bölünsün!..
Və “amin” dedi bütün məclis!
Qaraca dədə nəfəsini dərdi və bir an fikrə getdi.
Çılpaq oğlu qocanın susub fikrə getdiyini görərkən hiss elədi ki, dağlardakı xürrəmilərin sözünü qocaya yetirmək üçün vaxt gəlib çatmışdır, amma deyəcəyi o fikrilə o qədər həyəcanlandı ki, yardım istəyirmiş kimi dönüb yoldaşlarına baxarkən Boz quş dağlarının xürrəmiləri dərhal onun köməyinə gəldilər və hamısı birdən, bu gizli yeraltı məclisdə qıyya vurub uca səslə haykırdılar:
Üstümüzdən bu qaranlığı yox etməyə
Ər gərək gəlsin, gərək!
Sərvər – gərək gəlsin gərək!
Rəhbərimiz Şirvin gəlsin, gərək!
Və sinələri meydan bu dağ adamlarının nəfəsindən süfrə qırağına sancılmış şamlardan bir neçəsi sönərkən Çılpaq oğlu deyəcəyi sözə yoldaşlarıyla bərabər belə bir girişlə başlayandan sonra, Qaraca dədəyə üz tutub dedi:
– Biz iş ərləriyik, Qaraca dədə, qılınc ərləriyik, amma içimizdə söz əri, söz sahibi baş bilənimiz yoxdur, ona görə, bizə elə bir şəxs lazımdır ki, hər sözü dağlardakı bütün xürrəmilər üçün qanun olsun! Çünki dağların azad xürrəmiləri içində ayrılıq, nifaq və adavət o yerə çatıb ki, hər dəfə qış qurtarıb yay başlananda qonşu dağlar arasında döyüş olur, qan tökülür... Və sənin ki, sorağın Qaraca dədə, söz sahibi kimi çoxdan dillərdə dastan olub, Boz quş dağlarındakı bütün xürrəmilərin qərarı bu oldu ki, sən gərək dağlara gələsən və orda taxta çıxıb tacdar olasan və Azərşah kimi ordakı bütün azad xürrəmilərə hökm eləyəsən. Taki dağlardakı o ədavət, o nifaqa son qoyulsun...
Çılpaq oğlu dərindən nəfəsini dərdi və ağır bir yükü çiynindən atırmış kimi sağ əlinin tərsi ilə alnının tərini sildi və bu gözlənilməz təklifdən donub qalmış bütün məclisin gözü Qaraca dədəyə tərəf çevrildi. Qaraca dədə isə başını aşağı salıb səssizcə gülürdü və qocanın gülüşü süd dişləri təzəcə tökülməyə başlamış bir uşaq gülüşünü andırırdı. Sonra qoca başını qaldırdı və dedi:
– Tanrı sizə insaf versin, dağ xürrəmiləri, məgər içinizdə mənə rəhmi gələn bir nəfər tapılmadımı?
– Nə barədə Qaraca dədə? – dedi Çılpaq oğlu və qocanın bu sözünə çox heyrət elədi.
– O barədə ki, nəinki Qaraca dədə, – bəlkə ədalət özü sabah çıxıb taxtında otursa və yaxud başına tac qoysa dannakı gün cəlladına əmr eliyəcək ki, hüzurunda boyun vurulsun... Və söz sahibi də mən deyiləm. Mən sözün ancaq başlanğıcıyam, böyük sözü gətirən və böyük işi tamamlayan o şəxs olacaqdır ki, o doğulmuşdur, doğulur və doğulacaqdır...
– Doğulmuşdur, çox yaxşı – deyə Çılpaq oğlu təslim olmaq istəmədi – doğulur yenə yaxşı, yaxud doğulacaq bu da yaxşı... Amma bizim qərarımız öz qüvvəsində qalır, Qaraca dədə və sən dağlarda öz taxtında oturandan sonra ildə bircə gün bizimlə yer şumlamağa çıxacaq və yenə ildə bircə gün bizimlə bərabər biçin biçəcəksən. Və sonra ildə bircə gün bizimlə bərabər xırman döyəcəksən, amma ilin bütün qalan günlərini taxtında oturub bizə əmr eliyəcəksən. Yox əgər bu işdən boyun qaçırsan, onda bizim də başqa çarəmiz qalmayacaq, Qaraca dədə, məgər ki, səni at belində dağlara qaçırtmaqdan savay.
Qaraca dədə bir an gözlərini döyə-döyə qaldı. Babəkin isə qaşları çatıldı və Çılpaq oğluna dedi:
– Dağlarda sizin qərarınız nə olub, özünüz bilərsiniz, burda şəhərdə heç kəs arzusu xilafına Qaraca dədəni narahat eliyə bilməz!
Çılpaq oğlu qonur qırğı gözlərilə Babəki süzdü və dedi:
– Bir ovucsunuz siz bu şəhərdə və biz eşitdik ki, bu gün Qaraca dədənin komasını az qala başına uçurdublar. Və əgər sabah özünü daşqalaq eləsələr – nə gələcək əlinizdən və neyliyəcəksiniz.
Və indi artıq bütün məclis uğuldamağa başladı...
Birinci dəfə idi ki, onların “sevgi ziyafəti”ndə hökm sürən qarşılıqlı nəvaziş yox olurdu, mərasimdəki ahəng pozulurdu. Sözləri çəp gəlirdi, ehtiraslar toqquşurdu və əgər bu dağ adamlarındakı əzəli sərbəstlik ruhu, şəhərdəki bu yeraltı qapalı məclisə sığmamışdısa, digər tərəfdən məhz heç kəsə boyun əyməmiş bu dağ adamları Qaraca dədəni özlərinə tacdar eləmək istəyirdilər ki, qolları, sinələri üstə onun hüzurunda dayanıb bütün əmrlərinə tabe olsunlar.
Və indi Qaraca dədə düşünürdü ki, çoxdandır nə isə olmalıdır, amma olmur və hardasa bir qazan qaynayır, daşa bilmir və insan nə qədər çox söz deyirdisə, demək istədiyini deyə bilmir və o üç böyük dünya dini ki, bir-birinə nifrət edən üç bacıdır, ən çox onlar bu dünyaya nifaq və ədavət gətirdi və əgər bir zamanlar atəşpərəst İran ilə bütpərəst Turan çarpışırdısa, sonra xristianlıq dünyası ilə islam dünyası bir-birilə vuruşmağa başlamışdısa, indi müsəlmanlarla döyüşən xristianlar eyni zamanda öz içlərində bir-birinə qan uddurur və xristianlarla döyüşən müsəlmanlar eyni zamanda öz içlərində bir-birinin boğazın üzür və nəhayət burda, dağlardakı bu azad xürrəmilər bir-birilə didişir... və indi əgər o “Günəşli atlı” gəlməyəcəkdisə və çiynini bu yıxılan dünya altına verməyəcəkdisə, başqa hansı bir möcüzə bu dünyanı xilas edəcəkdi?
Bu vaxt “sevgi süfrəsi” başında şiddətlənən mübahisə qocanı dünyanın taleyi haqqındakı şaxəli düşüncələrindən qopardıb yenidən süfrə başına qaytardı.
– Və biz çoxdandır, – deyirdi Çılpaq oğlu, – şəhərdəki alimlərdən kimləri isə öldürənlərin və sonra dağlara qaçanların sorağın almırıq.
– Bu barədə haqlısan, – deyirdi Babək, – amma təəssüf ki, biz də çoxdandır, dağlarımızın təbil vurub, qiyam qaldırdığını eşitmirik.
– Qiyam??? – deyə səsləndi Çılpaq oğlu, – bizim üçün kifayətdir ki, hökumətin əli dağ başında bizə çatmır və hər dəfə əlini uzadıb bizdən xərac istəyəndə və yaxud cizyə¹ istəyəndə biz onun əlinə vurub geri qaytardıq.
Kitabxana.az · https://kitabxana.az/en/works/enver-memmedxanli-babek-birinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*
Karvan dayandıAxşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.
Qızıl qönçələrGün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.
Baş xiyabandaQaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.
Poems by other poets
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Yara mənKeçdi aylar, gəldi dolandı illər,Heç bilmədim nə söylədim yara mən.
Hərarətli şe'r və yaxud qızdırmalı halımda saçmalarımSəməd Mənsur qardaşıma*Gözüm bir gülməyir bu ərzi-fəryadı gören gündən,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.