Page 26 of 47 · 53%

Qoca dayana bilmirdi və beynindəki o ocaq ki, ikinci ocaq adlandırmışdı, elə bil getdikcə od tutub alışırdı və o getdikcə daha gərgin bir diqqətlə qocanı dinləyirdi.

– Mürşidim öldü, – dedi qoca və səsi bir quyu dibindəki suya atılmış bir daşın batqın gumbultusunu andırdı. Öldü, amma ürəyindəki o vahiməni, o qorxunu mənə miras qoyub getdi, çünki tez-tez mənə deyərdi ki, ey zəif nə vaxt imanına rəxnə düşdü: düşün ki, o şəxs (isovi dostun) Dibarın diyarında yaşayardı və dünyada ən doğruçu, ən kamil bir insandı, ürəyində həmişə Allah xofu vardı və daima yamanlıqdan çəkinərdi və öz qovmi içərisində ondan xoşbəxt bir Allah bəndəsi yoxdu... Amma günlərin bir günündə göyün bütün mələkləri ki, tanrının hüzurunda cəm olmuşdular, adı lənətlə damğalanmış şeytan da o mələklər içində, Allahın hüzuruna gəldi. Ərz elədi ki, yer üzərində gəzirdim diyarbiyar və bütün iqlimlərə baş çəkirdim və sənin bəndlərinə gülürdüm, çünki cümləsinin dodaqlarında dua, ürəklərində riya vardı və cümləsinin fikri-zikri ancaq yamanlıq və xəbislik idi.

Tanrı nida elədi ki, ey məlun, orda mənim bəndlərim içində Əyyub adlı sədaqətli bir qulum var və ondan hənuz bir yamanlıq görünməmişdir, çünki ürəyində allah xofu var və həmişə yamanlıqdan, şər işlərdən yüz fərsəx¹ gen gəzmişdir.
¹ Hər fərsəx ya fərsəng altı km-ə bərabərdir

Şeytan irişdi, dişlərini ağartdı və “əlbəttə gen gəzər”, – dedi, – “çünki ürəyi nə istəyibsə ona vermisən, yeddi oğlu, üç qızı var, yeddi min qoyunu, üç min dəvəsi, beş yüz cüt öküzü və bir o qədər də ulağı var, hələ qaravaşlarını, kənizlərini, qulbeçələrini demirəm”...

Və gün tanrının qanı bu sözlərdən çox qaralmışdı, şeytanın Əyyubu imtahana çəkməsinə icazə verdi və şeytana dedi ki, nəyi varsa get bu saat əlindən al, bircə canından savayı. Çünki canı bizim ixtiyarımızdadır. Və durduğu yerdə Əyyubun başına daş düşdü, xəbər gəldi ki, Kəldani quldurlar qoyun sürüsünü qovub aparıblar, sonra xəbər gəldi ki, bədəvilər üç min dəvəsini qabaqlarına salıb səhrada yox oldular. Daha sonra xəbər gəldi ki, öküzləri və ulaqları da əldən gedibdir və nəhayət, müdhiş bir xəbər gəldi ki, evinin damı uçub yeddi oğlu və üç qızı o dam altında qalıb həlak olublar. Qoca ayağa qalxdı, cırdı yaxasın dağıtdı, başına kül sovurdu. Amma sonra diz çökdü, əllərini göyə qaldırdı və dedi: rəbbim vermişdi, rəbbim aldı və qoy rəbbimin ismi mübarək olsun! Amma şeytan yenə qocadan əl çəkmədi və Əyyubu müdhiş cüzam xəstəliyinə mübtəla elədi, dərhal Əyyubun bütün vücudunu təpəsindən dırnağa kimi yara-xora ağzına aldı və gecə-gündüz dözülməz əzablar vücudunu gəmirəndə qoca getdi sönmüş ocağın külü içində oturdu. Bir əlinə bir saxsı qab qırığı aldı və bütün günü işi-gücü o saxsı qab qırığı ilə bədənini qaşovlamaq oldu, ilan kimi ocağın külü içində qıvrıldı. Arvad rahibə bu halı görəndə davam gətirmədi, qiyha vurub çığırdı ki:

– Ey evi başına uçmuş. Ey başına kül olmuş kişi, tanrı ki, sənə bu qədər əzab verir, asi ol o tanrıya, üz çevir ondan...

Qoca dedi:

– Qəhr olaydı o gecə ki, atamın belindən gələn ilə anamın bətninə düşdüm. Məhv olaydı o gün ki, anam yükündən azad olub məni bu dünyaya gətirdi və indi qoy göylərin bütün bəla və müsibətləri qoşun çəkib üstümə gəlsin, hamısın qəbul edəcəyəm, vücudumu yara-xora alıb diyarbədiyar gəzdirəcəyəm, amma tanrıya asi olub rəbbimdən üz çevirmərəm...

Mürşidim hekayənin bu yerinə çatanda hönkür-hönkür ağlardı və deyərdi ki, bundan sonra tanrı Əyyubu daha artıq sevdi. Bütün maldövlətin ona qaytardı və Əyyubun yeni övrətindən oğlu, qızı, yeni övladları oldu.

Tanrı varlığını qəbul etməmək olarmı?

Amma rəhman mənə rəhm etmədi. Mən də mürşidim öləndən sonra ömrümün 60-70 ilini yenə tanrıya yalvarış və ağlayışa həsr elədim... və nəhayət məxluğun gözündə müqəddəsə çevrildim... Şöhrətim aşdıdaşdı, Xorasanı bürüdü keçdi, İranı işğal elədi, Azərbaycandan əks sədası gəldi və adım “Piri-həqiqət” ləqəbi ilə bütün xilafətdə dillər əzbəri oldu.

Və bu vaxt xəlifə Harun ər-rəşid məni hüzuruna çağırdı...

Xəlifə qoşun çəkib Xorasana gəlmişdi, böyük oğlu Məmunu da özüylə gətirmişdi. Tus şəhərinin civarında ordugah qurub oturmuşdu ki, Ceyhun nəhrinin o tayındakı Səmərqənd qiyamını yatırsın. Amma əcəl quşu da gəlmişdi bura, xəlifənin sinəsinə qonmuşdu, xaçpərəst baş təbibi də, Əmirəlmöminin dərdinə bir çarə tapa bilmirdi. Oğullarının casusları xəlifənin yatağını mühasirəyə alıb nəfəsini sayırdılar. Xəlifə naməlum bir şerin bir misrasını xatırlayaraq az qala boğulurdu. O misrada deyilirdi ki, oğullar atalarının ölümünü arzulayırlar. Xəlifə qoca təbibindən də şübhələnmişdi. “Əlacında qələt var” deyib qoca təbibi edam etdirmək qərarına gəlmişdi. Amma bu vaxt birdən məni xatırlayır və əmr edir ki, “Piri-həqiqət” hüzuruma gəlsin. Və xəlifənin atlı qulamları bir axşam çapıb gəldilər, daxmanı üzük qaşı kimi mühasirəyə aldılar. Başçıları at üstündən bağırdı ki, ey qoca, yubanma ki, Əmirəlmöminin səni hüzuruna çağırır. Müqəddəsliyimə güvənib cavab verdim ki, mane olmayın, rəbbimə dua edirəm. Başçıları dedi ki, qısa elə duanı qoca. Fərman belədi ki, əlində su içirsə qoysun, ayağa qalxsın. Cavab verdim ki, ibn Vəqtəm yəni vaxtın, zamanın, daha doğrusu – anın, bir ləhzənin oğluyam və bu bir an həyatı əhatə elədiyim üçün mənim rəbbimə duam sübh əzəldən, yəni kainat yaranandan başlayıbdır bir də qiyamət günü qurtaracaqdır.

Tez bığlı qulamlar baxdılar bir-birinin üzünə və dişlərini ağartdılar. Sonra başçılarının işarəsi ilə oğlanlardan biri sıçradı atın üstündən yerə. Düşdü, qamarladı məni, iki qatladı bükdü və gətirdi it ölüsü kimi atının başı üstündən aşırdı... qıy vurdular, çapdılar və neçə dəfə qəşş elədim yolda, özümdən getdim, xəbərləri olmadı. Veclərinə almadılar.

O vaxt ki, özümə gəldim, özümü xəlifənin məşhur qara məxmərli çadırı altında gördüm. Kimsə arxadan çiynimdən basdı ki, xəlifənin hüzurunda diz çöküb yeri öpüm. Bu vaxt xəlifə özü dikəldi, yatağında oturdu və dedi:

– Ey “Piri-həqiqət” xəlayiq dedi ki, xilafətdə səndən böyük zahid yoxdur. Həqiqətdirmi bu sözlər?

– Yox, – dedim, – səhv edirlər. Ya Əmirəlmöminin xilafətdə məndən daha böyük bir zahid var.

– Kim ola o? – deyə xəlifə maraqlandı.

– Sensən o böyük zahid, ya Əmirəlmöminin – dedim.

Harun-ərrəşid bir müddət gözlərini döydü, sonra nida elədi:

– Sübhanallah bu nə cür olur ki?

Cavab verdim ki, mən elə bir dünyadan üz çevirmişəm ki, bir dirhəm qiyməti yoxdur və əvəzində o biri dünyanı və ancaq bu dünyanı qamarlamısan və indi ki, hal-hekayət belədir, deməli sən daha böyük qurban vermisən. Və ən böyük zahid də sənsən...

Xəlifənin halı elə pozuldu ki, hər iki əlilə başını döyəclədi. Sonra saqqalın yolub zar-zar ağlamağa başladı. Və bil ki, ey novcavan, zəmanəmizin məşriqində ağlağan müstəbid hökmdar böyük Karlos idi... (Qoca haqlı idi, doqquzuncu əsrin müstəbidləri tez-tez ağlayırdılar. Şərqdə Harun ər-rəşid ağlayırdı. Məğribdə böyük Karl... Gündüz cəlladına boyun vurdururdu, gecə nəğmə cariyəsinin oxuduğu nəğmədən riqqətə gəlib ağlayırdı).

Qərəz gəldilər ipək məndil ilə xəlifənin saqqalını və üzünü sildilər və yenə o yekə, heybətli şəxs yapışdı boynumdan, sürüdü məni çadırdan çölə atdı və xudahafizi bu oldu ki, dalımdan kök bir təpik vurdu. Bir müddət üzü üstə döşənib qaldım.

Sonra ayağa qalxdım və pay-piyada yola düşdüm.

...Həmədana yetişəndə gördüm ki, o yol ki, hər iki tərəfdən cərgələnmiş ceviz ağacları arasıyla uzanıb gedən gözəl bir xiyaban idi, indi orda yol boyu hər ağacın aşağı budağından başsız bir cəsəd asılmışdır. Bu o vaxt idi ki, Harunəlrəşidin sərkərdələrindən Əbu Dolaq ilə Abdullah ibn Mübarək Həmədan qapılarında qiyamçı batinilər ilə xürrəmiləri qılıncdan keçirmişdilər. Başımı aşağı saldım ki, o ağaclara baxmayım. Bu vaxt yol qırağında dikdir üstündə boyu beş qarışdan artıq olmayan bir oğlan uşağı gördüm. Sağ əlində kiçik bir bıçaq arxası üstə yerə sərilmişdi və sinəsinə sancılmış uzun bir nizə çıxarılmamışdı, sinəsində qalmışdı... Palçıqlı yalın ayaqları dikdir üstündən aşağı sallanmışdı... Yaxın getdim, diz çökdüm və qucaqladım, o uşağın palçıqlı ayaqlarından üç dəfə öpdüm – və riyakar müqəddəsliyimi o uşağın ayaqları altına atıb ayağa qalxdım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ay işığında

Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*

19 min
Karvan dayandı

Axşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.

27 min
Qızıl qönçələr

Gün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.

14 min
Baş xiyabanda

Qaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.

7 min

Poems by other poets