Birinci hissə
Page 28 of 47 · 57%
Babək döndü soluna baxdı, uşaq doğrudan da oyanmışdı, yerində oturmuşdu və heyrət dolu baxışlarla gah qocanın, gah Babəkin üzünə baxırdı. Nə olmuşdu burda? Kim idi bu qoca? Bu mağaranın, bu ocağın sahibi idi ki, indi gəlmişdi? O isə yatıb qalmışdı. Səhər açılmışdı. Sonra uşağın baxışları Babəkin üzünə dikilib qaldı. Nə üçün xilaskarının rəngi bu cür qaçmışdı. Alnını tər basmışdı, gözləri özgə səmtə yönəlmişdi, baxışları dumanlanmışdı?
Uşağın ürəyində tutqun bir təlaş baş qaldırdı. Axı nə demişdi və nə deyirdi bu qoca ki, qorxubilməz bu oğlanı bu cür bərkə qısnamışdı və susdurmuşdu? O yatarkən qocanın dediyindən bir az eşitmişdi, axşam orda o dağ başında, o çöl donuzu kimi xırdaca gözlü, yoğun muskullu yekəpəri dəmir yumruğunun bircə zərbəsilə yerə sərmiş, bu döşü təpərli igid nə üçün indi burda bu müqəvva qarşısında aciz qalmışdı? Və bir qoca ki, üfürsən yıxılardı nə cür bu dağ kimi oğlana meydan oxuyurdu?
Uşaq davam gətirmədi, çırpındı, içində qiyyə vurdu ki, gəlirəm və xəyalında qalxdı, yüyürdü, özünü cənbat qurmuş xilaskarına yetirdi və xırdaca gözəgörünməz neştərləri çıxarılmamış tikanlarla dolu kiçik əlini uzatdı, Babəkin əli üstünə qoydu ki, budur gəldim...
Və möcüzə baş verdi. Babək uşağa baxdı, gülümsədi. Bu isə uşaq gözlərinə baxarkən böyüklərin dodaqlarına qonan o gülümsəyiş idi ki, çəkirdi insanı quyu dibindən çıxardırdı. Sönmüş gözlərində işıq yandırırdı, ürəyini məngənə ağzından qopardırdı, sürüsündən uzaq düşmüş quzunu yenidən özünə qaytarırdı. Bir anlıq qurtuluş idi bu? Əvvəli birinci mənasızlıq olan bu həyatda başqa bir istinad nöqtəsi varmı idi?
– Yat, – dedi Babək uşağa, – yat yuxunu al... Yollar hələ ağarmayıb və sabaha hələ çox var.
Uşağın ovurdları batmış arıq üzündə gözləri çıraq kimi yandı, elə bil çiynindən bir dağ götürüldü, içində gərilmiş bütün simlər boşaldı. Çünki başı üstündə yenə axşamkı o qorxmaz igid oğlan dayanmışdı və indi istədi ki, gülümsəsin, axşamdan bəri ürəyində saxladığı minnətdarlığı xilaskarına bildirsin, amma macal tapmadı, yuxunun növbəti həmləsi bir anda şüurunu çulğadı, gözlərini qapadı və huşunu bu dünyadan alıb öz dünyasına apardı...
Handan-hana elə bil mağara dərindən köksünü ötürdü və qoca uşağı oyatmamaq üçün boğuq bir pıçıltı ilə dedi:
– İndi ki, qovuşan yollar oğlusan... yəni sabah başına nə gələcəyini bilmirsən, hara getsən bu tifil bir yük olacaq çiynində... qoy qalsın burda... qalsın məni dəfn eləsin və o vaxt ki, məni dəfn elədi...
– Bir tikə uşaq səni dəfn eləsin?
– Qəbrim hazırdır... O vaxt ki, məni dəfn elədi... gedər, axtarar, tapar səni... ya oxşarın olub kölgənə düşər... Yaxud qənimin olub qarşına çıxar...
Məgər istədiyi bu deyildimi? Elə bil qoca keçən gecə o arzunu oxumuşdu və əlini uzadıb çiyninə aldığı bu ağır yükdən onu azad eləyirdi. Elə isə nə üçün ürəyini bir soyuq aldı? Və içində hardasa çox dərindəki bir nöqtə dirənib durdu, qocanın mərhəmətini və yardımını redd elədi. Qalsın bu tifil burda? Qurd balası alnı xınalı bir quzuya dönsün? Dünya işığından üz çevirsin? Və beli büküləndə, çənəsi yerə dəyəndə, o da bu qoca kimi özü üçün qəbir qazmağa başlasın burda?
Qoca yenə nə isə deyirdi və səsi mağara boşluğunda boğuq bir əkssəda ilə geri dönürdü:
– Qalardı burda... Ürəyindəki qisas odu sönərdi burda. Fəlakət yolundan üz çevirərdi. Ölüb-öldürmək ehtirasından qurtulardı və oturardı bu ocaq başında səbət toxuyardı...
– Səbət toxuyardı?
– Süleyman peyğəmbər ki, İbranilərin şahı idi, uçan xalçası, tilsimli üzüyü vardı, əqlinin açdığı müşgüllərə məxluq heyran qalardı, varıdövləti başından aşardı, səhər gün çıxanda sarayının şüşə damları almas kimi bərq vurardı... Axırda bilirsənmi neylədi? Oturdu səbət toxumağı özünə adət elədi ki, dar macalda qara günündə dadına çatsın...
– Qulaq as ata, – dedi, – bilirəm ki, uşaq burda qalsaydı, başı salamat olardı. Və nəfəsi ilə bu soyuq daş-divar bir az qızınardı... Amma...
Qocanın ona zillənmiş gözlərində elə bir yalvarış vardı ki, davam gətirmədi. Baxışlarını qaçırtdı, başını aşağı saldı və dedi:
– Amma çiynimdən bu yükü atsaydım, zalım əlindən qurtulanı məzlum əlinə təslim eləsəydim, bir daha böyük zülm olardı bu qurd balası üçün... və başım həmişə aşağı olardı bu uşaq qarşısında...
Qoca bir an kiridi, sonra pıçıltısı güclə eşidildi:
– Rəbbim, – deyirdi qoca, – nə üçün bu ümidsizlik dənizinə tilov atıb ölü bir ümid çıxartmaq istədim və yolun bu son nöqtəsində sədəqə üçün həyata əl uzatdım? Və indi ki, çılpaq etiqad və inamların şiddəti gec-tez bizi yalana, riyakarlığa doğru aparır, qurtar məni özümdən və özündən ki, gedim o sonsuz azadlığa qovuşum... Əgər varsa bir damlası olum, yoxdursa boşluğunda qərq olum.
Və nəhayət qoca susdu, oxudu son nəğməsini, tükəndi. O isə başı aşağı öz fikirlərilə baş-başa qaldı. Hərdən mürgü döyürdü, gözləri qapanırdı, sonra oyanırdı, mağara ağzına boylanırdı. Ordan görsənən göy əyrisinin ensiz təridindən təkcə bir ulduz yanırdı. Gecə uzanırdı... Gecə qurtarmırdı...
4
...Xırdaca gözlü nəhəng gövdəli bir çöl donuzu qamışlığı yarıb gedirdi və irəlidə Barsis, arxada o – hər ikisi o çöl donuzunun arxasınca qaçırdı və hər ikisi oxların atıb savaqların boşaltmışdılar. Atılan oxların hamısı çöldonuzunun böyrünə, ombasına, boynuna sancılıb qalmışdı və çöldonuzu çevrilib nəhəng bir kirpiyə dönmüşdü, amma yıxılmamışdı və sinəsilə sıx qamışlığı yararaq baş alıb gedirdi və elə bil qamışlığa od düşmüşdü. Qamışlıq tutaşıb çathaçatla yanırdı.
Sonra birdən o özünü qaranlıq bir meşənin qalınlığında gördü, çünki yuxarıda, meşə üstündəki on dörd gecəlik ay əvvəlcə çatdamışdı, sonra çilik-çilik olmuşdu. Və ağ qəlpələri yuxarıdan onun başına tökülmüşdü. Burda o nə edəcəyini bilmədi. Çünki Barsisi itirmişdi və böyründən asılı savaqda artıq ox qalmamışdı. Və nəhəng kirpiyə çevrilmiş qaban yox olmuşdu. Səsləmək istədi Barsisi, səsi çıxmadı. Bilirdi ki, Barsisin də savaqında ox qalmamışdır. Hər ikisinin oxlarını çöldonuzu belində, böyründə, ombasında aparmışdı. Birdən ürəyi döyündü. Əlbəttə ki, indi Barsis əlində bıçaq hardasa o qabanın dalınca qaçırdı və əgər uşaq çox yaralanmış qabanı haxlasaydı, məhv olacaqdı. Əlindəki oxsuz qalmış kamanı tulladı. Kaman ilişdi ağac budağında qaldı. Sol böyründən asılmış savağı da açıb atdı, toqqası altında tiyəsi əyri qəməsi vardı və indi gümanı yalnız bu qəməyə idi. Yüyürürdü. Barsisi qurtarmaq lazımdı. O çöldonuzu məkərçin deyildi, qabandı, qurd balası, çox da ki, ürəyi bars ürəyidir və ürəyinin qüvvəti qolundakı qüvvədən onqat artıqdır. Məgər xiyar soyduğun bir bıçaqla, vücuduna sancılmış saysızhesabsız oxlardan yıxılmamış, əqildən dəli olmuş, beynində od qalanmış və xırdaca gözləri köz kimi qızarmış o heyvərənin öhdəsindən gələcəksənmi? Çox yüyürdü, çox yıxıldı, çox qalxdı və birdən qarşısında yolunu kəsmiş bədheybət qara bir heykəl gördü. Nəhəng cüssəli, boynu ağ sizyəli boz bir ayı idi, qalxmışdı, dal ayaqları üstə dayanmışdı. Bulanıq baxışlı xain gözləri vardı və hər çiynində tiyəsi aypara şəkilli bir təbərzin tutmuşdu¹. Kim idi bu, qabağını kəsmişdi? Dayana bilməzdi, Barsis darda idi. Gecikseydi uşaq məhv olacaqdı. Yolunu kəsmiş bu heyvərəni rədd eləmək lazımdı. Düz ayının üstünə getdi. Gedirdi ayının üstünə, amma ağzında kəmşirin ürəkbulandıran bir tam hiss edirdi. Məgər ölüm qorxusunun tamı acı yox, kəmşirin idi? Birdən ayı döndü qaranlıqda əridi. Və dərhal ağzındakı ürəkbulandıran o kəmşirinlik də məhv oldu. İndi yenə yüyürürdü, ağac budaqları üz-gözünü qırmaclayırdı. Amma aldırmırdı, dayanmırdı. Çox da ki, dayanmırdı, amma gecikirdi. Barsis hardasa məhv olurdu. Kirpiyə çevrilmiş qaban uşağı qoşa qılınclarına alıb top kimi göyə atırdı və uşaq yerə düşəndə sıçrayırdı üstünə, tapdayırdı. O isə qaranefəs yügürürdü. Bir dəfə yıxıldı, alnı daşa dəydi, gözlərindən od çıxdı. Qalxdı, yenə yüyürdü və birdən dikinə yuxarı qalxan bir yamac ətəyindəki bu dağ kahası qara ağzını açdı və loppadan onu uddu. İçəridə alaqaranlıqda toxtadı, yan-yörəsinə baxındı. Kahanın dərinində bir ocaq yanırdı və ocaq başında üzü bəri boz bir ayı oturmuşdu. Bunun boynunda ağ sizye yoxdu, çi-
¹ Baltaya bənzər qədim silah növü yinlərində təbərzin tutmamışdı, amma onu görən kimi ayağa qalxdı, nərildəyə-nərildəyə üstünə gəldi. Əlini atdı ki, toqqası altından dartsın, qəməsini siyirsin, qəmənin tiyəsi qınından siyrilmədi. Dəstəyi qopub əlində qaldı. Geri sıçramağa macal tapmadı, ayı onu qıllı və qüvvətli qolları arasına aldı və elə sıxdı ki, qabırğalarının şaqqıltısın eşitdi. Ölmək istəmirdi. Barsis darda idi. Ölmək istəmirdi. Arzusu ürəyində qalırdı. Ölmək istəmirdi, xəyalında bir dağ vardı və o dağda yeddi nəfər fədai onun yolunu gözləyirdi. Amma ayı bir dəfə yox, bir neçə dəfə onu öldürüb, hər dəfə öldürdüyünü hara isə atırdı və yenidən öldürməyə başlayırdı. Birdən bu ayı yox oldu. Yerə yıxılmışdı. Qalxdı oturdu. Başını qaldırdı, ocağa tərəf baxdı və gördüyü mənzərədən damarlarında qanı dondu. Ayı yenə ocaq başında oturmuşdu və qucağında bir uşaq cənazəsi vardı. Ayı o cənazəni dizləri üstə yırğalayırdı. Gah inildəyirdi, gah ağı deyirdi və ağlayırdı ki, rəbbim vermişdi, rəbbim aldı və o uşaq cənazəsi Barsisin cənazəsi idi. Ayağa qalxmışdı ki, uşağın cənazəsin ayının əlindən alsın, birdən ayaqlarına yumşaq bir şey dolaşdı, baxdı ayağı altına, gördü ki, yupyumru bir ayı potasıdı və ayı potası pəncəsi ilə gözlərini silib ciyildədi ki, niyə qoymadın ocaq başında otursun, niyə qoymadın orda səbət toxusun. Çox da ki, qurd balasıydı. Məgər qaban bir tikə uşağın çörəyi idimi?
Kitabxana.az · https://kitabxana.az/en/works/enver-memmedxanli-babek-birinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*
Karvan dayandıAxşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.
Qızıl qönçələrGün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.
Baş xiyabandaQaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.
Poems by other poets
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Yara mənKeçdi aylar, gəldi dolandı illər,Heç bilmədim nə söylədim yara mən.
Hərarətli şe'r və yaxud qızdırmalı halımda saçmalarımSəməd Mənsur qardaşıma*Gözüm bir gülməyir bu ərzi-fəryadı gören gündən,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.