Page 29 of 47 · 60%

Və hövlnak qan-tər içində qara vaqiəli yuxusundan oyandı...

5

Döndü yan-yörəsinə baxındı, mağaranın ağzı xeyli ağarmışdı. Qoca əbasına bürünmüşdü və üzü divara sarı həsir üstündə iki qat bükülüb qalmışdı. Sağına baxanda diksindi. Barsis yerində yox idi, bürgələndiyi gödəkçənin altı bomboşdu. Gördüyü qara vaqiəli yuxu bu imiş? Sıçradı ayağa qalxdı. Gödəkçəsini tapdı, çiyninə atdı. Nə qədər gec deyildi uşağı haxlamaq lazımdı, özbaşınalığına son qoymaq, qulaqlarını qopartmaq lazımdı. Amma mağara ağzına çatmamışdı ki, Barsisin qayıdıb gəldiyini gördü. Barsis yırtıq köynəyinin ətəyini əllərinə alıb yuxarı qaldırmışdı, az qala belinə yapışmış qarnı açıqda qalmışdı. Gözlədi, Barsis yaxın gəldi, qənşərində dayandı, dodaqları, çənəsi nəyə isə bulaşmışdı və ağzını çaqqal yalasaydı doyardı; ətəyi qapqara böyürtkən gilələrilə dolu idi. – Ye, – dedi Barsis, – yoğurt ovxanını mənə verərək özün ac qaldın, ye ürəyində qüvvət olsun!

Əlbəttə acdı və məhz bu aclığı onu beş dəqiqəlik sərsəm yuxusunda qaban ovuna aparmışdı və qara bir röya ilə ürəyini qana döndərmişdi və sonra oyanıqlığa qaytarmışdı.

Böyürtkən gilələrindən bir ovuc götürdü və ağzına atdı, sonra soruşdu ki:

– Hardan tapdın bu qaranlıqda böyürtkanlığı?

– Gecə bura qalxanda yerini bələdləmişdim...

– Gecə bura qalxanda o zil qaranlıqda?

– Əlimə qoluma qaranlıqda tikan batanda acısından bilirəm ki, hansı qara tikandır, hansı böyürtkandır, hansı cır əzgildir, hansı yemişandır...

Həyatının başlanğıc yolu uşağa çox acı dərs verməyə başlamışdı, bundan sonra başlanacaq tufanlı bir həyat yolu onu çox uzaqlara, qürbət bir ölkəyə aparıb elə uca bir zirvəyə qaldıracaqdı ki, ora gedib çıxması və orda məhv olması sonralar bir əfsanəyə çevriləcəkdi...

Ocaq başında diz-dizə oturdular. Barsisin köynəyinin ətəyi bir yerdə duz-çörək kəsdikləri ilk süfrə oldu. Barsis qara gilələrdən bir-bir ağzına atırdı və baxışlarını Babəkin daşdan çapılmış kimi sərt cizgili, mis rəngi almış üzündən çəkə bilmirdi.

Hənirti eşidib başlarını qaldırdılar. Mağaranın ağzı tamamilə ağarmışdı, ordan görsənən göy əyrisindəki tək ulduz da sönüb yox olmuşdu. Mağaraya girən iki nəfərin qapqara libaslarının uzun ətəkləri yer süpürürdü. Hər ikisinin qiyafəsi Babəkə tanışdı. Xristianlığın nəsturi qoluna mənsub rahiblər idi ki, qoca bunların dağ başındakı monastırları haqqında ona xəbər vermişdi.

Qoca üçüncü gündü ki, dağ başına monastıra şələ aparmamışdı. Rahiblər qocadan nigaran qalıb bu səhər aşağı enmişdilər. İlk dəfə mağarada yad adam görüb bir az heyrət elədilər və əllərini sinələri üstə qoyub salam verdilər, sonra döndülər üzü divara sarı uzanıb qalmış qocaya baxdılar. Babək rahiblərin salamını aldı və dedi:

– Xəstədi qoca və çox üzgündü.

...Sonra qoca oyanmışdı, qalxmışdı, oturmuşdu. Rahiblər də monastırın baş rahibi ibn Anastasın salamını qocaya yetirmişdilər və gətirdikləri əskiyə bükülü bir ovuc arpa unu ilə bir çimdik duzu həsir üstünə qoymuşdular və əlavə olaraq müqəddəs Barbara bayramı münasibətilə qoca zahidə göndərdiyi qırmızı yumurtanı qəbul etməsini çox xahiş etmişdilər.

Qoca yumurtaları uşaq üçün qəbul eləmişdi və üzünü Barsisə tutub demişdi:

– Sən də məndən qəbul elə Əbuladəm və elə fərz elə ki, çəkəcəyin ağır zəhmətin haqqıdır bu...

Uşaq qocanın dumanlı sözlərindən bir şey başa düşməmişdi və Babəkin üzünə baxmışdı. Babək yumurtaları qocadan almışdı. Barsisin hələ də boynundan asılı qalmış bomboş torbasına atmışdı.

Bundan sonra qoca rahiblərdən xahiş eləmişdi ki, yola nabələd olan qərib və qovğun müsafirlərini onlar Həmədan dolaylarına qədər ötürsünlər və iki gündən bəri orda bucaqda qalmış çırpı şələsini aparmağı unutmasınlar. Rahiblər də qocanı arxayın eləmişdilər ki, elə çırpı şələsini aparmağa gəliblər, çünki bildirdilər ki, əks təqdirdə bir ovuc arpa ununu və bir çimdik duzu qəbul etməz.

Sonra rahiblər Babəkə bildirmişdilər ki, sabah monastırın baş rahibi ibn Anastas başında bir bölük rahib Həmədana yola düşəcəkdi ki, orda xəlifə Məmunu istiqbal eləyənlər içində Nəsturi xristianlarının ixlasını xəlifəyə elan eləsin və Babəklə uşağın da həmin qafiləyə qoşulması mümkün idi.

Nəhayət, hamı ayağa qalxmışdı, bir-bir qocaya baş əymişdilər. Tanrıdan salamat qalmasını diləmişdilər...

İndi qoca mağaranı tərk edib gedənlərin arxasınca baxırdı və mağaranın uzunluğu elə bir sürətlə qocanın şüurunu çəkib əks istiqamətə tərəf aparırdı ki, mağaranın ağzına doğru gedənləri dünyanın o biri başında görürdü.

Və qoca hiss elədi ki, əzrailə ehtiyac yoxdur. Ölüm elə bu uzaqlaşınadır ki, onu ağzına alıb bu dünyadan aparır və qoca son dəfə nida elədi ki:

– Rəbbim, qaytar tifili ki, çox uzaqdadır. Qaytar məni dəfn edib getsin!

Gedənlər arxalarında qocanın sönən bir şamın son şöləsini andıran səsini və sızıltısını eşitmədilər, amma dərhal arxalarında mağaranı çulğayan amansız bir səssizliyin fəryadını eşitdilər. Döndülər, mağara ağzında dayandılar.

Sonra Babək geri döndü, qocanın çırpı şələsini aparan rahib də şələni çox ehtiyatla yerə qoydu və hər iki rahib Babəkin arxasınca yönəldilər.

Uşaq çaşqın bir halda mağara ağzında qaldı, hiss elədi ki, nə isə baş vermişdir və indi ancaq böyüklər bilirdilər ki, nə eləmək lazımdır. O isə nə eləyəcəyini bilmədiyi üçün yerində qalmalıdır.

Babək əyildi, arxasını divara söykəyib oturmuş, başı sol çiyninə əyilmiş qocanın nəbzini yoxladı və sonra dikəldi, rahiblərin üzünə baxdı. Sözə ehtiyac qalmamışdı, rahiblər sağ əllərinin bir-birinə sıxılmış barmaqlarının uclarıyla alınlarını, sinələrini, sağ və sol çiyinlərini nişanlayaraq xaç çəkdilər.

Qocanı aparıb qəbrində rahatlayandan sonra Babək uşağı səslədi ki, yaxın gəlsin və Barsis yaxın gəldi.

– Torpaqdan at üstünə, qəbir dolsun, – dedi Babək. – İndiki son arzusu bu idi...

Barsis boynundan asılı kiçik torbadan üç dənə qırmızı yumurtanı bir-bir çıxartdı, mağara divarındakı oyuqlardan birinə qoydu. Rahiblər uşağın bu hərəkətindən heç bir şey başa düşmədilər. Babək hiss elədi ki, uşaq qocanın bayaq dediyi sözlərinin mənasını indi başa düşdü və çəkəcəyi zəhmət üçün verilmiş üç yumurtadan imtina elədi.

Sonra uşaq beli əlinə aldı, qəbir qırağındakı təpəcikdən torpağı kürüyüb qəbir quyusunu doldurmağa başladı. Babəklə hər iki rahib başı aşağı qəbir qırağında dayanıb Barsisin qan-tər içində doldurduğu qəbirə baxırdılar.

Birinci rahib dedi:

– Nəhayət ki, müqəddəs qoca əbədi azadlığına qovuşmuşdu. Amma bu dünyada yalnız Nəsihin ağuşunda nicat tapmaq olar ki, qoca bu həqiqətə doğru çox yol gəldi, amma təəssüf ki, Məsihin ətəyinə əl uzatmadı.

İkinci rahib dedi:

– Bu dünyadakı azadlığa can atanların istədikləri azadlıq – qul azadlığıdır. Halbuki tanrı oğlunun azad qulu olmaqdan savayı nə bu dünyada, nə o biri dünyada başqa heç bir azadlıq yoxdur.

Barsis başını qaldırdı, Babəkin üzünə baxdı, başa düşmədiyi bu sözləri Babəkin nə cür qəbul elədiyini xilaskarının üzündən oxumaq istədi və gördü ki, Babəkin qaşları çatılmışdır və Babək qəbir içinə baxaraq dedi: “Nə müsəlman idi qoca, nə xristian”. Altdan yuxarı rahiblərə elə baxdı ki, gözlərində parıldayan işıltıdan rahiblər sanki üşüdülər.

Bu xəlifə Məmunun mənzil-mənzil Həmədana yetdiyidir.
Barsisin örtülü bazarda Şəhər cəlladını rüsvay etdiyidir.

1

Dağ başındakı nasturilər monastırına çıxandan sonra indi baş rahibin bu böyük və sərtin hücrəsində, qızıl işləntili yumuşaq və zərif Abadan həsir üstündə Barsis elə bil tikan üstündə oturmuşdu. Başını arxaya qanırmışdı, çənəsini yuxarı qaldırmışdı. Ağzı azacıq açılmışdı və çaşqın baxışlarının dərinində nə isə bir vahimə baş qaldırmışdı. Çünki uşaq ömründə ilk dəfə olaraq bu cür anlaşılmaz bir hadisə ilə üz-üzə gəlmişdi.

Ordan, qara atlas libaslı qoca rahibin başı üstündəki kəllə divardan böyük bir şəkil asılmışdı və o şəkildə dara çəkilmiş bir adam yuxarıdan aşağıya düz Barsisin gözlərinin içinə baxırdı. O vaxt ki, tərki-dünya qocanın mağarasına gəlib çıxmış o iki rahib onları bura bu monastıra gətirmişdilər. Babək irəli getmişdi, sağ əlini sinəsinə basmışdı, monastırın baş rahibinə salam vermişdi. Barsis isə qapının ağzında iki rahibin arasında ayaq üstə dayanmışdı və o andan başlayaraq hücrənin qarşı divarından asılmış o şəkil Barsisi sehirləməyə başlamışdı.

Qoca rahib Babəkə həsir üstündə oturması üçün yer göstərəndən sonra qapı ağzında dayanmış Barsisi də yanına çağırmışdı və gözləri şəkildə qapı ağzında donub qalmış Barsisi rahiblər arxadan irəli itələyəndə uşaq irəli getmişdi, amma şəkil gözlərini ondan çəkmədiyi üçün iki dəfə büdrəmişdi, sonra gəlmişdi Babəkin sağında diz çöküb həsir üstündə oturmuşdu və bu dəfə şəkil yuxarıdan aşağıya yenə gözlərini Barsisə zilləyəndə uşaq başını aşağı salmışdı. Abadan həsirinin qızılı və zərif işıltısı bir an baxışlarını oxşamışdı, amma sonra elə bil kimsə başını dartıb yuxarı qaldırmış və Barsis şəkildə o solğun bənizli, yanar gözlü şəxsin yenə düz onun gözlərinin içinə baxdığını görərkən matıqutu qurumuşdu, hətta alnını tər basmışdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ay işığında

Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*

19 min
Karvan dayandı

Axşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.

27 min
Qızıl qönçələr

Gün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.

14 min
Baş xiyabanda

Qaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.

7 min

Poems by other poets