Birinci hissə
Page 27 of 47 · 55%
Və o vaxt doqquz il bundan əqdəm, nəhayət elə bir həqiqətə vaqif oldum ki, göydə mənim rəbbimdən, mənim kimi kimsəsiz, mənim kimi məzlum rəbbimdən savayı başqa heç bir tanrı yoxdur... Və kəşf elədiyim bu həqiqətlə artıq özümdən özümdə heç nə qalmadı...
Qoca susdu.
İndi qocadan artıq o həyəcanlanmışdı. Doqquz il əvvəl burda, bu yaxında, Həmədan qapılarında batinilər ilə xürrəmilərin qılıncdan keçirdikləri barədə çox eşitmişdi. Amma kim imiş onların başçıları və nə üçün belə dəhşətli bir məğlubiyyətə uğramışdılar? Bu barədə heç şey ona dürüst bir məlumat verə bilməmişdi. Davam gətirmədi və soruşdu:
– Nə üçün Həmədan batinilərilə o xürrəmilər ki, içərilərində Azərbaycan dağlarından gəlmiş xürrəmilər də az deyilmiş, elə dəhşətli bir məğlubiyyətə uğramışdılar və kimlər olub döyüş zamanı onların başçıları?
– Nə fərqi var, kim imiş başçıları? – dedi qoca. – Bildiyim və inandığım ancaq budur ki, yamanlığı qılınc ilə məhv etmək olmaz!
– Nə qalır onda? – deyə qeyri-ixtiyari səsləndi. – Zalımın zülmünə dözmək? Və yainki amanlıq qarşısında diz çökmək?
– Bu sualı mən də rəbbimə vermişdim, – dedi qoca, – Amma cavabı sükut oldu...
– Və əlbəttə ki, sübut olacaqdı, – dedi Babək və dodaqlarından istehzalı bir təbəssüm süzüldü.
– Qınama rəbbimi, – dedi qoca... çünki ilkin yamanlığı rəbbim özü yaratmışdı və sonra öz yaratdığı yamanlıq qarşısında özü aciz qaldı...
Babək yenə qulaqlarına inanmadı.
– Yamanlığı tanrı yaratdı?
– O yaratdı, – dedi qoca və təngənəfəs oldu, – məgər gecə gündüzdən və qaranlıq işıqdan yaranmadımı? Yoxsa ki, bəşəriyyətin anası Həvvanın cənnətdəki bir almaya tamah salmasıyla və o almanı dərib ondan bir dişdəm vurmasıyla yer üzündə ilkin günah və yaxud ilkin yamanlıq yarana bilməzdi ki? Xristianlar bunu iddia edirlər. Yaxud bəşəriyyətin atası Adəmin buğda yeyib cənnətdən qovulmasıyla dünya günaha bata bilməzdi ki? Müsəlmanlar bunu iddia edirlər. yox, ən böyük yamanlıq ən uca yaxşılıqdan yarandı. Və o uca yaxşılıq mənim rəbbim idi ki, ən ülvi düşüncələrinin zirvəsində sirli bir qüvvə peyda olub onun qarşısında dayandı və rəbbim öz düşüncələrinin qaynarından yaranmış o sirrə, qüvvəyə baxıb heyrət elədi. Alnını tər basdı və sonra alnından o təri silib atanda yer üzündə insan yarandı...
Sonra o sirli qüvvə qaranlıq gecənin hökmdarı oldu və atəşpərəstlər ona Əhriman dedilər, yaxud yəhudilərin Əzazil dedikləri də o idi ki, indiki xristianların Diyavol dedikləri də o idi və nəhayət müsəlmanların İblis dedikləri də o idi və mənim rəbbim də öz düşüncəsindən yaranmış o sirli qüvvə qarşısında aciz qaldı. Və məgər insan da yarandığı gündən eyni müşgül ilə üz-üzə gəlmirmi? Əgər min bir yamanlığı aradan qaldırmaq üçün düşünüb-daşınıb bir çarə tapmağa can atırsa, düşüncəsindən yaranmış yeni bir yamanlıq qarşısında qalmırmı? Sehrli bir silsilə ki, sonu yoxdur. Sehrli bir silsilə ki, yaxşılıq və yamanlıq halqaları bir-birindən qopmur...
Qocanın gözləri artıq dəli bir ifadə almışdı, bayaq qəbri içində uzandığı və qızdırma içində yandığı və nəğməli bir avazla sayıqladığı vaxtda olduğu kimi yenə bu gözlərdə elə amansız bir parıltı vardı ki, əgər bir az əvvəl o, bu gecə qocanın susmasını və mağara boşluğundakı bu soyuq qaranlığın qocanı alıb aparmasını istəməmişdisə, indi artıq qocanı od tutub alışan fikirləri ağzına alıb onu hara isə aparırdı və elə bil o düşüncələr çox uca fəzalara ucaldıqca dəhşətli bir təklik içində qalırdı və göz qaraldan o uzaqlıqda uçan o düşüncələrə dəlilik qanadları lazımdı.
Qoca dünyadakı yamanlığın sərçeşməsini aparmışdı göyə çıxartmışdı, “yamanlığı tanrı özü yaratdı” demişdi. Həm də qüdrətli və heybətli bir tanrı yox, qocanın məzlum və aciz tanrısı yaratmışdı və qocanın bu iddiası nəinki onu heyrətə salmışdı, fikrini çaşdırmışdı, eyni zamanda çəkic kimi beynini döyürdü. Doqquz ildi ki, ibn Rəvvadın ticarət karvanlarında ilin bütün fəsillərində yollarda idi. İstər gecələr karvan düşərgələrindəki ocaqlar başında, istər yol kənarı qala-karvansaralarda, istər böyük və kiçik şəhərlərin izdihamlı bazarlarında nə qədər bitib-tükənməyən dini mübahisələrin şahidi olmuşdu, saysız-hesabsız çeşidli təriqət adamlarının gizli və aşkar bidət dolu təlimlərindən nə qədər qəlpələr eşitmişdi, hafizəsində qalmışdı. Ulayışlı bir səda ilə dünyanın yaxın sonunu xəbər verən nə qədər sünbül qocalara, “o zaman ki, nə əvvəli var, nə axırı olacaq” deyən hindli “Çərvək filosoflara”, zorla özlərinə qarşı nə qədər mümkündür bir o qədər çox nifrət doğurmağı qarşılarına müqəddəs vəzifə qoymuş məlamət təriqətinin cəhənnəm zəbanilərinə oxşar dərvişlərinə rast gəlmişdi və nəhayət göyləri tamamilə tanrılardan boşaldıb viranə qoyanlar və tanrıları göylərin köhnə bir yalan olduğunu iddia edənlər vardı ki, çox tez bazar meydanlarında boyunları vurulurdu, başsız-cəsədləri isə həftələrlə dar ağaclarından asılı qalırdı.
Son zamanlar isə bütün xilafəti titrəmə-qızdırma növbəsi ilə sarsıdan qızğın bir mübahisə tufanı qopmuşdu ki, “aya Quranı Allah yaratmışdır, yəni Quran Allahın peyğəmbərə dediyi sözlərdir, yoxsa ta sübhi əzəldən və daha əvvəldən Allahın özü kimi Quran da həmişə mövcud idi?” Fanatik möminlərlə fikri azadları iki qılınc kimi üz-üzə gətirən bu mübahisədə nəinki islam dünyasının bütün ruhaniləri, imamları adlandıran məqzilər təriqətinin başçıları, eyni zamanda şəhər əsnafları, peşəkarlar, boyaqçılar, papaqçılar və başmaqçılar, misgərlər və dülgərlər, hətta kürəkləri palanlı hamballar və ayaqları çarıqlı qatırçılar da iştirak edərdilər ki, nəhayət bir gün xəlifə Məmunun məşhur fərmanı bu mübahisədə də son sözü deyəcəkdi və xəlifənin əmrilə ən fanatik möminlərin başçısı İmam ibn Hənbəlin kürəklərini zolaxlayan qamçılar bu mübahisəyə son nöqtəni qoyacaqdı...
Amma indi bu gecə dünyadan və insanlardan əlini üzmüş bu bədbəxt qoca, öz ümidsizliyinin girdabı içindən göylərə öz varlığı ilə yoxluğu arasında gizlənpaç oynayan bir tanrı qaldırmışdı və yer üzərindəki müvəqqəti varlıq göydə oturan Əbədinin dərdini çəkərək ağlayırdı ki, insan gərək o məzlum tanrını xilas eləsin, elə bir tanrını ki, batinilərin öz tanrıları haqqında dedikləri kimi “nə vardı, nə yoxdu, nə diri idi, nə ölü, nə qadir idi, nə aciz, nə alim idi, nə cahil. Nə dilli idi, nə dilsiz, nə gözləri vardı, nə kordu, nə eşidirdi, nə kar idi. Və heç vaxt olmamışdı, amma həmişə və hər yerdə vardı”...
Bir az vardı ki, qoca yenə susmuşdu. Gözlərini qapamışdı, elə bil demişdi bütün sözləri, tükənmişdi, qurtarmışdı və bu vaxt yenə çimçənən kimi oldu. Başını çevirdi, mağara boşluğunun qaranlığına baxdı və yenə ona elə gəldi ki, qaranlığa bürgələnmiş o iyrənc varlıq yenə bir az yaxına gəlib qaramat baxışlarıyla qocaya baxır.
– Nə baxırsan o qaranlığa, – deyən qocanın səsin eşitdi... qatqan kimi qocalmış bir qarıdır, gecələr mən düşüb qəbrimdə yatanda o gəlir burda ocaq başını, qəbir qırağını, yan-yörəmi süpürür.
Döndü heyrətlə qocaya baxdı, qocanın gözləri qapalı idi və düşüncələri əlçatmaz ucalıqlarda uçan qoca ən yaxındakı o iyrənc varlığı hiss etmirdi...
Və indi o ocağın üstü kül ilə örtülən gözlərinə baxaraq özü-özüylə danışırmış kimi dedi:
– Məgər insanın öz dərdi özünə bəs deyilmi ata, indidə gərək o göydəki məzlum bir tanrının dərdini çəkəsən? Və deyirsən ki, yamanlıq məhvedilməzdir... Alaq otları kimi. Amma Qaraca dədənin dediyi kimi, o yamanlığı zəncirləmək olardı ki, gəmirmək istəyirsə, qoy gəmirsin öz zəncirini istədiyi qədər...
– Qaraca dədə, yəni müqəddəs, yəni peyğəmbər?
– Kuzəgərdir, şəhərdəki xürrəmilərə atalıq edir.
– Eyvah, – dedi qoca, – nə dedim ki, deyəcəyimdən yaxşı olsun.
Və inanırsan ki, bu mümkündür və yamanlığı kəməndə salıb zəncirləmək olarsa, qoy gəmirsin öz zəncirini istədiyi qədər? Xürrəmilikdir etiqadın. Məgər o etiqad bu dünyadakı bütün etiqadların ən əcaibi deyilmi? İnsan bu dünyaya gəlmişdir ki, sevinsin və gərək bütün dünya nemətləri cəmi insanlar arasında tən bölünsün? Yaxud başımız üstündəki bu göylər bomboşdur? Amma insan köhnə yalan torundan qurtula bilmir? Və nə göydə cənnət var, nə yer altında cəhənnəm və heç kəs qorxmur ki, bu həmişə matəmli dünyadan sonra o həmişə bayramlı dünyada insan öz xoşbəxtliyinin boşluğunda qərq olub boğular. Və yer üzündə ən bədbəxt, ən miskin bir varlıq olar? Oyatdıq həqiqət yolunun körpə yolçusunu.
Kitabxana.az · https://kitabxana.az/en/works/enver-memmedxanli-babek-birinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*
Karvan dayandıAxşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.
Qızıl qönçələrGün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.
Baş xiyabandaQaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.
Poems by other poets
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Yara mənKeçdi aylar, gəldi dolandı illər,Heç bilmədim nə söylədim yara mən.
Hərarətli şe'r və yaxud qızdırmalı halımda saçmalarımSəməd Mənsur qardaşıma*Gözüm bir gülməyir bu ərzi-fəryadı gören gündən,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.