Page 43 of 47 · 89%

İbn Bəiyyətdən sonra Azərbaycandakı kürd elatının başçısı İsmət əl Kürdi Hacibin işarəsilə irəli çıxmışdı, Məmunun üzəngisinə baş əyib dikəlmişdi və demişdi:

– Ya Əmirəlmöminin, Savalan dağındakı kürd elatının ağsaqqalı kimi hüzurunda yer öpdüyüm bu gün-mənim üçün nə mübarək bir gündür. Amma mən ki ibn Bəiyyətin qayınatasıyam, kürəkənim hüzurunda lüzumsuz söz söylədiyi üçün acizanə üzr istəyirəm.

Məmunun çöhrəsi bir az açılmışdı və demişdi:

– Üzrxahlığın qəbul olunur möhtərəm qoca və əgər yezidi kürdlər istisna edilərsə, xilafətdəki kürdlərin cümləsi islam dininin şücaətli övladları kimi həmişə iltifat görəcəkdir.

Sonra xəlifə yenə atını irəli sürmüşdü və Hacibin işarəsilə irəli çıxmış, “Əklil-eyn” monastırının baş rahibi xəlifənin üzəngisinə doğru əyilərkən Məmun aman verməmişdi, at üstündən əlini uzadaraq qocaya əl verib görüşmüşdü. Baş rahibin isə bu gözlənilməz iltifatdan bir an nitqi batmışdı, söyləyəcəyi alqışı unutmuşdu. Və tək qoca deyil, saray ağaları da heyrət içində bir-birinin üzünə baxa-baxa qalmışdılar. Çünki islamın Əmirəlmöminin bir xristiana əl verib görüşmüşdü və bu vaxta qədər bu görünməmiş, eşidilməmiş bir hadisə idi. Amma Məmun gülümsəmişdi və demişdi:

– Ya ibn Anastas, biz ən cins atlarımızdan ən dincini yəhər-əsbabı ilə bərabər sənə əta edirik və istərdik ki, sən atın sahibi kimi monastıra at üstündə qayıdasan və bundan sonra qatıra yox, öz atına süvar olasan.

Qoca baş rahib bütün ömrü boyu qatır üstündə səfərlərə çıxmışdı və indi qatır üstündə monastıra qayıtmaq onun üçün daha rahat olacaqdı, amma Əmirəlmöminin bu gün ona, xristian bir rahibə əl verib görüşmüşdü və indi ona bir at əta edərək onun at üstündə monastıra qayıtmasını istəyirdisə bu elə mühüm hadisə idi ki, Məmun bununla atası Harunəlrəşidin xilafətdəki xristianlar üçün müəyyən elədiyi bir çox məhdudiyyət və yasaqlardan daha birini də ləğv edirdi.

Baş rahib ibn Anastas nəhayət özünə gəlmişdi, nəinki özünə gəlmişdi, hətta ürəyində bir ümid baş qaldırmışdı ki, bəlkə ölməyəcək, o günü də görəcək ki, Məmun monastırlardakı kiçik kilsələrin qüllələrindən çan çalınmasına da izin verəcəkdir. Amma qocanın ömrü tamam olmuşdu. Bunu görməyəcəkdi, çünki Məmun xristian kilsələrində çalınan çan səslərinin minarələrdən ucalar azan səslərinə qarışmasına heç vaxt icazə verə bilməzdi və verməmişdi, Baş rahib isə xəlifəyə üz tutaraq demişdi:

– Ey Xalifələrin ən şöhrətlisi, xilafətdəki bütün xristianlar həmişə dua edəcəklər ki, sən bu çox mənzilli, çox uzun yolunda muradına çatasan, bütün məqsədlərinə nail olasan və sən ki, Bağdadı qanunsuz xəlifədən xilas etməyə gedirsən, qoy rəbbim səni bütün bəlalardan hifz eləsin!

Və xəlifə atının arxasınca addımlayan bütün ağalar bir ağızdan “amin” deyə səslənmişdilər.

İndi Məmun çadırlar arasıyla uzanan küçənin sonuna doğru yönəlmişdi və yenə atını bir addım-”bir addım irəli sürərkən gözləri o küçənin sonundakı qaraltılara zillənib qalmışdı.

Uzaqdakı o qaraltılar isə Sərəxs hamamında vəzirini qətl etmiş o dörd nəfər quldurbaşı idi ki, indi bir-birinin yanında sıraya düzülmüşdülər, biləkləri zəncirli əllərini göbəkləri üstünə qoymuşdular və arxalarında dörd nəfər qısa mizraklı mühafiz keşiklərində dayanmışdı.

Və o dörd quldurbaşının edamı haqqında əmr verməsi üçün onların hüzuruna gətirilmələri heç də vacib deyildi. Amma Həmədanın sahibixəbəri səhər görüşündə digər xəbərlər içində Məmuna məhz bunu da ərz eləmişdi ki, o dörd nəfər kafir hər dəfə bazara dilənməyə gətiriləndə bar-bar bağırırlar ki, ey camaat eşidin və agah olun ki, bizim xəlifəyə deyiləcək çox vacib bir sözümüz var.

Buna görə idi ki, xəlifə düşüncəli olmuşdu. Çünki ehtiraslı şətrənc həvəskarı olan Məmun vəziri, vəliəhdi və yaxud saray təbibi ilə oynadığı şətrənc partiyalarını tamamlamamış qoya bilirdi, amma o şeytanı oyun ki, bir il əvvəl o dörd quldurbaşı ilə onun arasında başlanmışdı və nəhəng bir dövlətin hökmdarını Əbu Müslüm Sərayının qaranlıq zirzəmisinə enərək o dörd quldurbaşıyla görüşməyə məcbur eləmişdi – tamamlanmamış qala bilməzdi. Düzdür vəzirin qırxı çıxandan sonra Məmun vəzirinin qardaşı Həsən ibn Səhlin qızına elçi düşmüşdü və Bağdadı əmisindən geri alandan sonra Dəclə sahilindəki “Sülh” qəsrində toyunu çalacağını elan eləmişdi, amma tamamilə arxayınçılığa qapılması üçün bu hələ kifayət deyildi. Həsən ibn Səhl isə qoşunu ilə bərabər Bağdaddan qovulandan sonra indi burda çox yaxında Noxzvan şəhərində möhkəm dayanmışdı, amma gələn xəbərlərə görə çox fikirli imiş, həm də çox içirmiş və çox susurmuş. Elə isə qardaşının qətli barədə amansız şübhələr Həsən ibn Səhlə rahatlıq vermirmiş və əgər indi Məmun vəzirinin qatillərini danışdırmadan edama göndərsəydi bu Həsən ibn Səhlin şübhələrini artırmazdımı? Axı quldurlar vəziri hamamda qətl eləmişdilər və hamamda özünə həcamət qoyduran vəzirin yanında qarət ediləsi bir şey yoxmuş. Belə olduqda Həsən ibn Səhl bütün xilafəti idarə edən qüdrətli və şöhrətli qardaşının Məmunun fitvası ilə öldürüldüyü barədə arada gəzən şayiələrə uymazdımı? Və öz həyatı üçün qorxuya düşməzdimi? Və nəhayət Məmun gəlib Həmədana çıxanda aradan qaldırdığı vəzirinin qardaşı Həsəni də qətl etdirəcəyini düşünərək başındakı qoşun və xəzinəsi ilə qaçıb Bağdad xəlifəsindən aman istəməzdimi?

Beləliklə, əgər Məmun vaxtilə yanında yalnız Sirac olduğu halda qaranlıq bir zirzəmidə məxfi olaraq o dörd quldurbaşıyla üz-üzə gəlmişdisə, indi arxasınca gələn saray ağalarının, Həmədan valisinin və Həmədan şəhəri qazisinin gözləri qarşısında bu oyuna son qoymaqdan çəkinməməliydi. Çünki Həsən ibn Səhlin şübhələrini dağıtmaq üçün qətl edilmiş vəzirinin Sərəxs şəhəri hamamındakı cənazəsi qarşısında başına döyərək ağlamışdısa, sonra vəzirinin yeddisini və qırxını vermişdisə, indi vəzirinin axıdılmış qanını qan ilə yumaq qalırdı ki, yalnız bundan sonra qüdrətli vəziri Fəzl ibn Səhlin dastanını tamamlayıb islam tarixini təhvil verəcəkdi. Düzdür İran Cəfər Bərməkidən sonra fəxr elədiyi Fəzl ibn Səhlini də itirmişdi, amma Həsən ibn Səhlin böyük bir şərəfə nail olaraq Məmunun qayınatası dərəcəsinə kimi ucaldıldığı ilə özünə təskinlik verə bilirdi.

Dörd quldurbaşı Məmunun yaxınlaşdığını görərək diz çökmüşdülər, “yer öpmüşdülər”, sonra ayağa qalxıb yenə bir-birinin yanında sıraya düzülmüşdülər. Məmun da atını saxlamışdı və ilk dəfə görürmüş kimi dörd quldurbaşını bir-bir diqqətlə gözdən keçirməyə başlamışdı. Quldurların əynində ucuz mitkaldan qara əbalar vardı. Məmun əvvəllər də dustaqların əyninin nə halda olduğunu az görməmişdi. Ona görə indi bu təmiz əbaları o dörd quldurun kimin əmrilə diləndikləri pula alıb çiyinlərinə atdıqlarından xəbəri vardı.

Məmun susmuşdu, quldurlar və Məmunun atının arxasında dayanmış saray ağaları bir az əvvəl Məmunun qoca xristian rahibə əl verib görüşdüyünə bir an mat və məəttəl qaldıqlarından sonra indi özlərinə gəlmişdilər və xəlifənin bu dörd qulduru hüzuruna çağırdığına artıq heyrət eləmirdilər. Çünki Məmun gözlənilməz hərəkətləri və davranışları ilə həmişə onlar üçün bir müəmma idi və bir müəmma olaraq qalacaqdı.

Amma saray ağaları bunu da görürdülər ki, əgər Məmun qırpımsız baxışlarla bir-bir dörd qulduru süzürdüsə, quldurlar da baxışlarını qaçırmadan, başlarını aşağı salmadan düz Məmunun gözlərinin içinə baxırdılar.

Halbuki hüzur-humayunda heç kəs gözlərini xəlifənin gözlərinə zilləyib dayana bilməzdi. Əvvəla belə bir hərəkət təşrifata görə yasaq idi və ikincisi Məmunun sürməli gözlərinin ilan gözləri kimi soyuq-soyuq işıltılı baxışlarına yalnız bir an davam gətirmək olardı.

Nəhayət ətrafı culğamış səssizlik içində Məmunun boğazından qopan, amma kip qapanmış dodaqları arxasında uğuldayan bir pıçıltılımı, yoxsa nəriltimi, hankısı isə fərqi yoxdu, çünki dörd quldura qarşı ürəyindəki sözlərin ifadəsi idi: “ Axı mən sizə bir həftə möhlət vermişdim ki, gözdən itib yox olasınız və qoşun sizi vəzirin yeddisi çıxandan sonra axtaracaqdı və mən ki, bu oyunun şərtlərini pozmamışdım və siz ki, buna baxmayaraq yaxanızı ələ vermisiniz, indi nə desəniz əbəsdir”.

Və bu səssiz xitabından sonra Məmun demişdi:

– Ey üç dəfə lənətə gəlmişlər, mənim hüzuruma çıxmaq istəmisiniz və Həmədan bazarında car çəkmisiniz ki, mənə deyiləcək vacib sözünüz var və indi deyin, nə deyəcəksiniz və qoy bu camaat da eşitsin!

Dörd quldurbaşı bir-birinin üzünə baxmışdılar, aldıqları təlimata görə Xəlifə izin verəndən sonra sözə başlayıb bağışlanmaları üçün yalvara bilərdilər və dörd müxtəlif dinli quldurlar içində yalnız Qalib əl Əsəd müsəlman olduğu üçün birinci olaraq sözə başlayaraq demişdi:

– Ya Əmirəlmöminin, əlbəttə ki, bizim bəxtimiz gətirmədi, baxtaladıq, çünki basaratımız bağlandı. Və gərək öz fərasətsizliyimizi bizə bağışlayasan!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ay işığında

Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*

19 min
Karvan dayandı

Axşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.

27 min
Qızıl qönçələr

Gün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.

14 min
Baş xiyabanda

Qaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.

7 min

Poems by other poets