Birinci hissə
Page 42 of 47 · 87%
Sonra xəlifə bərid rəisini hüzurundan azad edərək ayağa qalxmışdı, çadırından çıxmışdı və üzəngi ağalarının irəli çəkdikləri atına süvar olaraq, qafiləsi üçün qurulmuş çadırlar arasıyla uzanan küçədə – istiqbalına gələnləri atının üzəngisinə yaxın buraxaraq qəbul mərasiminə başlamışdı.
İndi xəlifə atını addım-addım sürüb gedirdi, atının sağ tərəfində saray Hacibi addımlayırdı. Atın arxasınca saray ağaları gəlirdi və bir-biri yanında sıraya düzülmüş ucqar əyalətlərin qəbilə başçıları, şəhərin əşrəfləri, xristian və yəhudi məhəlləsinin nümayəndələri Hacibin işarəsilə növbə ilə irəli addımlayırdı. Atını saxlayan xəlifənin üzəngisinə baş əyərək “yer öpürdülər” və ehsanı alqışlarla Məmun salamlayırdılar.
Xilafətin taleyində həlledici rol oynayan iki məmləkətdən biri İraq, digəri İranı təmsil edən Xorasan idi. Azərbaycan Arran, Ərməniyə Və Xaxaniya isə xilafətin ikinci dərəcəli ucqar əyalətləri hesab olunurdu və indi xəlifəlik və əyalətlərdən istiqbala gələnləri atının üzəngisinə yaxın buraxması o “Müluk-əl Təhayif” üçün tamamilə kifayət idi.
Hacibin işarəsilə birinci olaraq Təbrizin sahibinin ortancıl qardaşı Vəcna ibn Rəvvad irəli çıxmışdı. Xəlifənin üzəngisinə baş əyərək “yer öpmüşdü” və Məmunun işarəsilə danışmağa izin alarkən demişdi:
– Ya Əmirəlmöminin, Təbrizin sahibi böyük qardaşım Məhəmməd ibn Rəvvad çoxdan xəstə haldadır və əgər yatağından qalxmağa iqtidarı olsaydı, hüzurunuzda yer öpmək səadətini əlbəttə ki, mənə güzəştə getməzdi.
Məmun gülümsəmişdi və demişdi:
– Məhəmməd ibn Rəvvada tanrıdan şəfa dilərəm. Və əgər bir iltiması varsa, izin verildi, deyə bilərsən.
Və Vəcna ibn Rəvvad demişdi:
– Allah ömrünü uzun eləsin ya Əmirəlmöminin, Azərbaycanda məskən salmış Eynəli Əzd qəbiləsinin yeganə arzusu budur ki, Əmirəlmöminin necə ki, xorasanlı əcəmilərə qarşı bu qədər mərhəmətlidir, bizə də, Əzd qəbiləsinin övladı-fatmanlarına və cümlə ərəblərə də eyni mərhəmət gözüylə baxaydı.
Məmunun üzərindən kölgələr keçmişdi və sürməli gözləri azacıq qıyılmışdı.
– Ya Vəcna, – demişdi, – sən ərəb qəbilələrinə lüzumundan artıq qəhmar çıxırsan, o vaxt olub ki, xəzinəmdə bir dirhəm qalmayıb, nəyim varsa hamısını Qeys qəbiləsinə ehsan eləmişəm, amma o qəbilənin gözü yenə doymayıb, yaxud Rəbiyə qəbiləsini məmnun etmək üçün nə mümkündürsə eləmişəm, amma o qəbilə nəinki məndən, sərvəri-kainat o qəbildən zühur eləmədiyi üçün Allahdan da küsüblər. Eynəli məmləkətinə gəlincə nə mən o məmləkəti sevdim, nə o məmləkət məni və indi sizə, Azərbaycanda, Arranda məskən salmış ərəb qəbilələrinin övladı-fatmanlarına mənim sözüm budur ki, əgər bir çoban sürünü həmişə qırxmaq istəyirsə, gərək o sürünü acından öldürməsin. Çünki mən xəracı azaltdım, amma sizin o ucqar məmləkətlərdə şüarınız bu olub ki, yeddi para kəndin bir deşik qazanı varsa, o deşik qazan belə sizə muzdurluq eləyən yerli əhali üçün çox imiş...
Vəcna ibn Rəvvadın boğazı qurumuşdu, öskürmək istəmişdi, amma xəlifə hüzurunda öskürmək yasaq olduğu üçün öskürməyini boğduğu üçün boğulmuşdu. Ardın-ardın geri çəkilmişdi və başa düşmüşdü ki, bu il Boz quş dağlarındakı kəndlərdən xərac vergisi yığılarkən orda baş verən hadisələrin əks-sədası xəlifəyə çatmışdı və ticarət karvanında Həmədan bazarına gətirdiyi malların içində xəlifə süfrəsi üçün gətirdiyi Şirvan zəfəranının, Təbriz paxlavasının, xəlifənin quş ovu üçün gətirdiyi üç cüt torlanın, xəlifənin ceyran ovu üçün gətirdiyi bir cüt hind pişiyinin, xəlifənin namaz qılması üçün gətirdiyi gülobətinli səccadənin və xəlifənin şəxsi silah dəstəsi üçün gətirdiyi Yəmən yaqutu ilə süslənmiş qılıncın Məmuna heç bir təsiri olmayacaq. İndi xəlifənin bu kəmiltifatı və üstəlik üzünü Vəcna ibn Rəvvada tutaraq dediyi töhmətli sözlər Əzd qəbiləsinin əşrəflərini nə qədər məyus edəcəkdisə, Azərbaycanda məskən salmış Rəbiyyə qəbiləsinin başçısı və Mərənd şəhərinin sahibi ibn Bəiyyəti bir qədər çox sevindirmişdi və Hacibin işarəsilə ibn Bəiyyət özünü irəli atanda iki əlilə Məmunun üzəngisini qamarlayıb “yer öpmüşdü” və demişdi:
– Ya Əmirəlmöminin, məzluma ədalətini göstər.
Məmun bir an susmuşdu. Çünki keçib gəldiyi bütün şəhərlərdə olduğu kimi burda, Həmədanda da o şikayətləri yekşənbə günü şəhərin cümə məscidində dinləyəcəkdi, amma Brid rəisinin dediklərindən yadında bu da qalmışdı ki, Azərbaycana təyin edilmiş qüdrətli vali Rəbiyyə qəbiləsindən olduğu üçün indi orda Əzd qəbiləsi ilə Rəbiyyə qəbiləsi arasında qədim ədavət daha da kükrəmişdir və ibn Bəiyyət də macəraçılığı və tərs-məzhəbliyi ilə məşhur bir zatdır.
Buna görə idi ki, Məmun bir an nə isə düşünmüşdü və demişdi:
– Kim sənə zülm eləmişdi, ya ibn Bəiyyət və yainki şikayətin kimdəndir?
– Ya Əmirəlmöminin, şikayətimi Əcəm dilində nəzmə çəkib aciz bir şəxs kimi hüzurunuza gətirmişəm.
– Əcəm dilində?
– Əcəm dilində Ya Əmirəlmöminin, çünki qədim pəhləvi dili ki, ölmüşdür və o dildə yazılmış Əcəm şeri də unudulmuşdur. İndi bu günün farscası ilə yazılmış bu ilk şeri mən sənin uca adınla ziynətləndirmişəm.
Məmunun ilişkən yaddaşı vardı. Cahilliyə dövründən Əmirəlqeyslərdən başlayaraq bu günə qədər Əbunəvaslara kimi ərəb şerinin ən məşhur misralarını əzbər bilirdi və əgər indi söhbət farsca yazılmış ilk şeirdən gedirdisə, hələ on il əvvəl vəliəhd kimi Mərvə varid olarkən hüzurunda oxunmuş və ona ithaf edilməmiş bir şeir farsca yaranan şerin ilk qaranquşu hesab edilməli idi və Məmun demişdi:
– Qulaq as ya ibn Bəiyyət, əvvəla əcəm dilində qədimdən bir məsəl var ki, bir şəxsin özünü tərifləməsi pambıq çeynəmək kimi bir şeydir və binaeyn ən azı on il gecikmisən. Çünki hələ on il əqdəm mən vəliəhd kimi Mərvə varid olarkən Abbas ibn Tərxan adlı bir şəxs yeni fars dilində yazdığı və mənə ithaf etdiyi bir şeri hüzurumda oxumuşdu və şeirdə də deyilirdi ki, yeni yaranan İran şeri mənim adımla ziynətlənəcəkdir.
– Allaha and olsun ki, Əmirəlmöminin, mən bu şerimdə heç bir kəsdən heç bir bir şey oğurlamışam.
Məmun istehzaya keçmişdi:
– Əvvəla bilirəm ki, heç kəsdən heç bir şey oğurlamamısan, amma özününkü də deyil. Necə ki, yoldan-izdən bir dirhəm tapan bir kəs də o dirhəmi heç kəsdən oğurlamamışdır, amma eyni zamanda özününkü deyil. Qərəz, mətləb üstünə gəl ki, yeni farscasının həqiqi şairi çox güman ki, indi hardasa hələ dardar eliyən bir tifildir.
Mərəndin sahibi ibn Bəiyyət qüdrətli rəqibi və Təbrizin sahibi Vəcna ibn Rəvvad kimi bir karvan hədiyyəylə Məmunun istiqbalına gəlmişdi, amma Bəiyyətin canında şeir yazmaq gicişməsi də vardı. Hərdən ərəbcə şeirlər yazırdı. Ona görə Məmunun istiqbalına gələrkən bir aldanışa əsir olaraq güman eləmişdi ki, fars dilində quraşdırdığı bu ilk şeirlər anası fars qızı olan, şeir həvəskarı Məmunu heyran edəcəkdir, lakin indi Məmunun istehzasına məruz qalaraq bütün ümidlərinin puça çıxdığını görərkən, çox kəskin bir şəkildə nəsrə keçərək demişdi:
– Ya Əmirəlmöminin, Təbrizin Məşriqindəki Surxab məhəlləsi Hicazdan Azərbaycana köçmüş əcdadımdan mənə miras qalmış bir mülk idi. Amma Eynəli Əzd qəbiləsi hiylə işlədərək o məhəlləni qəsb elədi və indi neçə ildir ki, o məhəllədəki üç hamamın gəlirini də Vəcna ibn Rəvvad mənimsəmişdir, halbuki bir müsəlman üçün haram mala əl uzatmaq yasaq edilmişdir, ən böyük bir günahdır.
Məmunun üzü sərt bir ifadə aldı. Əlbəttə ona məlum idi ki, xilafətin ucqar əyalətləri hesab olunan Azərbaycanda, Ərməniyyədə və Arranda vaxtilə böyük torpaq sahiblərini qəsb eləmiş ərəb qəbilələri başçılarının hər biri indi böyük və ya kiçik bir şəhərin də sahibi idi və elələri də vardı ki, bu və ya digər bir şəhərdəki bir məhəllə, hətta bir küçə onların mülkü hesab olunurdu. Və dehqan adlanan bu ərəb qəbilələrinin başçıları daima bir-birilə boğuşurdular, amma indi onlardan birinin üç hamam münaqişəsinin Əmirəlmöminin hüzuruna çıxarılması elə bir nəzakətsizlik idi ki, Məmun başını geri çevirmişdi və atının arxasınca gələn saray ağalarına xitab edərək demişdi:
– Ey camaat, məgər Azərbaycan məmləkətində bizim səlahiyyətdar valimiz, ədalətli qazilərimiz və şəriət məhkəməmiz yoxdurmu?
Saray ağalarından səs çıxmamışdı, çünki Məmunun bu nidası sual deyildi, bəlkə ən azı ibn Bəiyyətin dərhal hüzuri-hümayundan qovulması üçün bir əmr idi və Məmun atını tərpədəndə, mülazimi Sərrac irəli atılmışdı, əlinin tərsilə ibn Bəiyyətin qarnına bir çırtma vuraraq demişdi:
– Başıma and olsun ki, çölün-biyabanın bir dəvəsi səndən daha artıq mərifətlidir ya ibn Bəiyyət və get Allahına şükür elə ki, Əmirəlmöminin cəddi Əyyub Əleyhüssalamın səbri kimidir.
İbn Bəiyyət dodaqlarını çeynəyərək ardın-ardın geri çəkilmişdi, alnının soyuq tərini silmişdi. Düzdür xəlifə onun rəqibi ibn Vəcnaya da töhmətli sözlər demişdi, amma ibn Bəiyyəti nəinki özü, hətta mülazimi vasitəsilə də daha artıq xəcil və rüsvay eləmişdi. O ibn Bəiyyəti ki, içərisində dəli bir şeytan vardı, onu tez-tez təhlükələrə doğru itələyirdi və indi ürəyində Məmuna qarşı alovlanan bir kin çox çəkməyəcəkdi ki, əvvəlcə onu böyük bir macəraya sürükləyəcəkdi, sonra qara xəyanətlərə, qanlı cinayətlərə doğru aparacaqdı...
Kitabxana.az · https://kitabxana.az/en/works/enver-memmedxanli-babek-birinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*
Karvan dayandıAxşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.
Qızıl qönçələrGün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.
Baş xiyabandaQaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.
Poems by other poets
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Yara mənKeçdi aylar, gəldi dolandı illər,Heç bilmədim nə söylədim yara mən.
Hərarətli şe'r və yaxud qızdırmalı halımda saçmalarımSəməd Mənsur qardaşıma*Gözüm bir gülməyir bu ərzi-fəryadı gören gündən,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.