Page 44 of 47 · 91%

İndi nəinki saray ağaları, valisi və şəhər qazisi belə donub yerlərində qalmışdılar. Əlbəttə ki, bu dörd nəfər quldurbaşıdan mərifətli bir tərzdə xəlifədən aman kölgəsində nicat istəyəcəklərini gözləmək olmazdı, amma ağızlarını açan kimi fərasətsizlikləri ucbatından ələ keçdikləri üçün xəlifənin bu maymaqlığı onlara bağışlamasını xahiş etmələri elo əndazədən çıxan bir xahiş idi ki, Məmun belə bir an gözlərini döymüşdü, sonra dodaqlana qonan əyri bir təbəssümlə demişdi:

– Deməli yalnız maymaqlığınızın bağışlanmasını xahiş edirsiniz. Amma axıtdığınız qan üçün peşman deyilsiniz.

Bu dəfə dörd quldurbaşından Qəstəntin Rumi ki, xristian idi, xəlifəyə cavab vermişdi:

– Ya Əmirəlmöminin, biz sənin əmrini yerinə yetirmişik və səni xain vəzirindən xilas eləmişik və insaf ki, dinin yarısıdır lazımdır ki, indi sən də insafla iş görəsən.

Məmun əlini qaldırmışdı və sakit bir səslə Qəstəntin Rumini susduraraq demişdi:

– Və həqiqətən düz deyiblər ki, şər elə bir oddur ki, acgözlük onun anası, zülm onun oğlu, tamah onun qardaşı, xəbislik onun ayaqdaşıdır. Və bir halda ki, mən mərhum vəzirimi şərəfləndirmişdim, qoşunlarımın sərkərdəliyini və siyasətimin cilovunu onun əlinə vermişdim və bir illik maaş təyin etmişdim və yenə mərhum vəzirimin xahişini yerə salmadan böyük oğlumun vəliəhdlik haqqını tapdalayaraq cənnət məkan İmam Rzanı özümə vəliəhd təyin eləmişdim ki, bütün bunlardan sonra mən sizin kimi bədniyyətlərə nə cür deyə bilərdim ki, çıxararsınız o şəxsin əynindən həyat libasın və geyindirərsiniz o şəxsə ölüm libasını?

Və xəlifə sözünü tamamlamamış papağını gözü üstə əyri qoymuş Deyləmi davam gətirməyərək bağırmışdı:

– Ya Əmirəlmöminin, məgər ürəyində Allah xofu yoxdurmu, bax elə o vaxt da sən elə bu sözləri deyib vəzirini qətl etməyə göndərmədinmi?

Məmunun sürməli gözlərinin dərinində bir anlığa qaramat işıltı yanıb sönmüşdü, amma etidalını pozmadan sözünə davam edərək demişdi:

– Sizi hüzuruma çağıranda düşünürdüm ki, aya zülm görüb zalım olmuş bu adamların cəzasını yüngülləşdirmək üçün bir çarə tapmaq olarmı? Amma indi görürəm ki, sizin ki, üçünüz kafir, biriniz müsəlmandır, fərqi yoxdur, dördünüzün də qanı halaldır və lazımdır ki, dördünüz də cəhənnəm odunda yanasınız!

Və indi az qala xəlifə sözünü tamamlamamış Siracın işarəsilə mühafiz nəfərləri bir anda dörd quldurbaşını qamarlamışdılar. Artıq səsləri çıxmasın deyə ağızlarını tıxamışdılar və sürümüşdülər Məmunun hüzuruna aparmışdılar.

Məmun da atının başını geri çevirmişdi, saray ağaları yarılmışdılar və yenə Məmunun atının arxasına keçmişdilər. Həmədanın qazisi isə Məmunun üzəngisinə baş əyib dikələndən sonra demişdi:

– Ya Əmirəlmöminin, sabah ki, yekşənbədir, cümə məscidində şikayətçiləri dinləmək üçün şəhərə varid olacaqsan. Amma mən görürəm ki, sən yollar yorğunusan və lazımdır ki, sabah istirahət edəsən – çünki şikayətçilər qaçmırlar və canları çıxar və daha bir gün də səbr edərlər.

Məmun şəhər qazisinin sözünü kəsmişdi:

– Ey qazi, o şikayətçilər ki, hökumət adamlarından zülm görüblər və bir ildən ziyadə bizim yolumuzu gözləyiblər, təxirə salınan bir gün indi onlara bir ildən uzun görünəcəkdir və bir şəhərdə ki, dustaqları günaşırı bazarda dilənməyə qovurlar və o şəhərin həbsxanası o qədər dolub ki, dustaqların bir parası karvansaralar həyətində qatırlar yanında zəncirləniblər, sən nə cür bizə hələ bir gün daha istirahət etməyi rəva görürsən?

Sonra xəlifə atını tərpədib, qara atlaslı xeyməgahına doğru yönəlmişdi. Həmədan valisi isə yerindən tərpənə bilməmişdi, çünki xəlifənin dilənən dustaqlar barədə vurduğu girizdən ayaqüstündə ölüb qurtarmışdı, amma bu vaxt xəlifənin mülazimi Sirac Həmədan valisinin başının üstünü almışdı və demişdi:

– Vay olsun sənə, ey vali. Nə durub gözlərini döyürsən, boşaltmaq lazımdır, o zülm evini ki, dilənən dustaqların qohum-əqrəbası sabah qoşun-qoşun axıb Əmirəlmöminin üstünə gəlməsinlər.

Ayaq üstə ölmüş vali dərhal dirilmişdi və bir anda barmağının dərisini soyaraq dartıb çıxardığı çox iri almaslı üzüyünü Siracın barmağına geydirmişdi, bir az sonra isə başındakı bir dəstə atlı ilə dördnala geriyə şəhərə doğru çapmışdı.

Nalbəndlər dərbəndi şəhərdə nisbətən ən geniş və çox qısa bir küçədən ibarətdi ki, hər tərəfində cərgə ilə düzülmüş dükanlar önündə bütün günü minik heyvanlarından atlar, qatırlar, uzunqulaqlar, cüt və qoşqu heyvanlarından isə öküzlər və kəllər də nallanırdı.

Amma elə ki, axşam olurdu, hava qaralırdı, nalbənd dükanları bağlanırdı, bir müddət boş qalan bu dərbənd sonra yavaş-yavaş izdihamla dolub daşaraq şam satılan və şamlarla işıqlanan bir bazar meydanına çevrilirdi ki, bu şam bazarı şəhərin yəhudilər məhəlləsindəki meyxanələr kimi gecə yarısından çox sonraya qədər açıq olurdu.

Və bu şam bazarına şam almağa gələnlər çox tez bu bazardan çıxıb gedirdilərsə, şübhəli kölgələr gecə yarısına kimi burda izdiham içində vurnuxurdu, çünki bu yarıqaranlıq və boğuq hənirtilər istər halal olsun, istərsə də haram, nə satır və mə alırdısa, ucuz illətsiz, baha hikmətsiz deyildi. Burda istəyən imanını çox baha qiymətə şeytana sata bilirdi. Yaxud həyatını çox ucuz qiymətə bir sələmçi yanında girov qoya bilirdi. Burda gözləri kor olan bir falçı hərflər vasitəsilə fal açırdı və qara nöqtələrlə dolu bir aynada iqbalını sənə göstərirdi. Burda yarıçılpaq bir dərviş qara sövdalılara od bahasına bir ovuc ağ arpa satırdı ki, dualanmiş o ağ arpanı aparıb bir gözəlin yaşadığı dalana səpəndə o afəotin ürəyində pərəstişkarına qarşı ehtiras odu alovlanırdı. Burda bir cadugör ağ yumurtaları bir-bir ağzına alırdı, sonra o yumurtaları bir-bir ağzından qıpqırmızı çıxardırdı, Və kim ki, o qırmızı yumurtalarla hazırlanan ilan ətin yeyirdi cavanlığı geri qaytarırdı, yaxud tükənmiş kişilik qüvvəsini yenidən bərpa edirdi və burdan müəyyən fasilələrlə ağ çadırları çiyinlərində ilişib qalmış qırmızı meşin şalvarlı qadınlar gəlib keçirdilər ki, çoxlarını sevmiş o qadınlarla müvəqqəti evlənmək istəyənlər əvvəlcə mütləq şəhər qazisi yanmda kəbin kəsdirməli idilər.

Barsis ilə ustanın kiçik oğlu axırıncı dəfə bura, nalbəndlər dərbəndinə gəlmişdilər və hər dallarındakı torbalarda gətirdikləri nalları tanış nalbəndə təhvil vermişdilər, sonra boş torbalarını çiyinlərinə ataraq geri dönərkən, ustanın oğlu çıxıb getmişdi. Barsis isə birdən elə bil büdrəmişdi, ayaq saxlamışdı, üzünün ifadəsi dəyişilmişdi və dərbənd başında görəsən bir qafilədən gözlərini çəkə bilməmişdi, çünki bir an ona elə gəlmişdi ki, aran biçinçiləri kimi başları boz ləçəkli, ayaqları çarıqlı və əyinlərinin cin-cındırından cin ürkən bu adamlar onun həmkəndliləridir. Və haçansa onlar da Barsis kimi uzaq Boz quş dağları qoynundakı Günabad kəndindən yola düşüblər, amma aranda taxıl yandığı üçün biçinçilər dura bilməmişdilər, ona görə baş alıb həftələrlə bu şəhərə doğru gəliblər ki, Ərdəbildən sonra bu dünyada ən ucuz çörəyi ilə məşhur olan Həmədanda bir qarın çörək pulu qazansınlar və indi bu saat onlar yaxınlaşan kimi nəinki Barsis bir-bir onları tanıyacaqdı, eyni zamanda onlar da Barsisi tanıyacaqdılar və hətta Barsisin üstünə düşəcəkdilər ki, od aparsın səni uşaq, sən hara, bura hara? Kənddə qoca baban iti itmiş çoban kimi dağa-daşa düşüb səni axtarır, elə biz özümüz də vaysınlanırdıq ki, səni qurd-quş basıb yeyib, tələf olmusan...

Sonra Barsis məyus olmuşdu, çünki dəstə yaxın gəlmişdi və Barsis çox tez ayırd eləmişdi ki, bu adamlardan heç birinin üz-gözü ona tanış deyil. Amma bu qafilədəki kəndlilərdən hər birinin arxasınca yeniyetmə bir qız uşağı gəlirdi ki, o qızların gözlərindəki qızdırmalı bir işıltı, aclığın alışdırdığı o qara işıltı, Barsisə çoxdan tanış idi. ı

Nəhayət, o kiçik qafilə Barsisin yanından keçmişdi və qarşı tərəfdəki artıq qapısı bağlanmış nalbənd dükanı qabağında özlərinə yer seçib oturmuşdular, say dizlərini qaldırıb qucaqlamışdılar və arxalarını bağlı qapıya söykəmişdilər, yanlarındakı qızlar isə yırtıq, bədrəng çadralarına bürgələnərək hər biri o kəndlilərdən birinin başı üstündə dimdik dayanmışdılar, gözlərini yerə dikmişdilər.

Və Barsis ürəyinə daman uğursuz bir hissin təlaşı içərisində nə isə baş verəcəyini gözləməyə başlarkən, bu intizar uzun çəkməmişdi.

Çünki elə o saat hardansa zahir olan bir əcuz ki, beli əyri bir qarı idi, əl ağacını tıqqatıq yerə döyərək o kəndlilərə doğru yönəlmişdi və salamsız-kalamsız dərhal bir-bir o yeniyetmə qızları əlləşdirməyə başlamışdı. Qarının xınadan qızartdıq kilkələrinə elə bil heç vaxt daraq dəyməmişdi və dişsiz ağzı bağlı pul kisəsi kimi büzməli idi, qırmızı nöqtələrlə səpgili gözlərinin ağı içində bəbəkləri işım-işım işıldayırdı.

Və bu əcuz, indi baş barmağı ilə şəhadət barmağı arasında bir-bir o qızların ordlarını sıxıb ağızlarını açırdı. Sədəf dişlərini yoxlayırdı, imsiləyirdi və xırıltılı səslə “bir gülsənə, başı batmış, – deyirdi, – gül görüm yanaqların çuxurlanıb qəmsizlənirmi?”

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ay işığında

Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*

19 min
Karvan dayandı

Axşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.

27 min
Qızıl qönçələr

Gün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.

14 min
Baş xiyabanda

Qaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.

7 min

Poems by other poets