Page 40 of 47 · 83%

Bu vaxt Vadila başını əlindəki namədən qaldırmışdı və demişdi:

– Seid dünya, xəlifə Məmunun saray ağalarından Tusiyə yazdığın həcv yadındadırmı?

Yadımdadır, Vadila və mənim həcvimin zəhəri Tusiyə elə sirayət eləyib ki, o gün yediyi-içdiyi zəqqum dadı verib.

– Elə isə buyur, sənin Tusiyə yazdığın o həcvə cavab olaraq Əbu Tamam da sənə qırmızı bibərdən daha acı bir namə yazıb göndərmişdir.

Yaşıl çalmalı qulam tez əlavə eləmişdi:

– Ustad Əbu Tamam o həcvi Tusinin sifarişi ilə sənə yazmışdır və əvəzində Tusidən 10 min dirhəm qopartmışdır.

– Daha artıq qopara bilərdi – deyə Rəbil əlavə etmişdi – və biz elə bir zəmanədə yaşayırıq ki, hansı şairin ağzı daha böyükdürsə ən böyük mükafatı o alacaq, necə ki, vaxtilə xəlifə Əmin Bəsrəli bir şairi mükafatlandıranda o şairin ətəyini qızıl dinar, ağzını inci ilə doldurmuşdu və o şair də çəçələ barmaqlarıyla çəhənglərini dartıb cırmışdı ki, ağzı Əshabkəhf mağarası kimi daha dərin və daha geniş olsun!

Yaşıl çalmalı qulamın gözləri parıldamışdı və demişdi:

– Ustad, sənin ki, dilin tiyəsi çuxurlu Yəmən qılıncından daha kəsərlidir və mənim ağam ki, bu saat Əbu Tamamın məclisində zəlildir, rəva deyil ki, sən mənim ağamdan öz köməyini əsirgəyəsən.

– Nə olmuşdur axı oğlan və nə hadisə üz vermişdir o məclisdə?

Və indi də yaşıl çalmalı qulam Əbu Tamamın məclisində baş verən hadisəni birnəfəsə nağıl eləmişdi:

– Ustad, Əbu Tamamın dilruba bir Rum cariyəsi var ki, boynundan asdığı qızıl xaç, qırmızı bir qərənfil kimi mərmər sinəsinə rövnəq verir. Və mənim ağam çoxdandır o cariyənin həsrətilə can verir, çünki o fitnəgözlü afət hər dəfə ağama rast gələndə haça dilli bir nizə kimi ağamın ürəyinin başına sancılır.

Və indi Əbu Tamam bu işdən xəbər tutub ağama hədə-qorxu gəldi ki, əgər sən Rum məmləkətinə başmaq seyrinə çıxmısan, Allaha and olsun ki, mən də Xəzər ölkəsində çapqınçılığa başlayacağam.

– Nə üçün Xəzər ölkəsində?

– Çünki mənim ağamın da bir cariyəsi var ki, Xəzər ceyranıdır və Əbu Tamam hərdən o afəti görəndə ağam da ağzı ətə çatmayan pişik kimi dodaqlarını yalayır. Amma Xəzər qızı Əbu Tamamı adam yerinə qoymur.

– Və sonra oğlan?

– Sonrası budur ki, ustad, ağam Əbu Tamamın hədəsindən qorxmadı, dedi ki, ya Əbu Tamam əgər sən bu sözləri mənə şeirlə desəydin bəlkə qorxardım, çünki şeir şahdır, nəsr rəiyyətdir.

Ona görə də nəsr ilə dediyin bu sözlər vecimə gəlmir, təsadüfi və boş sözlərdir. Və dərhal Əbu Tamam ilə mənim ağam şeirlə atışmağa başladılar, amma heç biri digərinə qalib gələ bilmədiyi üçün Əbu Tamam hiyləyə əl atdı, nərdi ortalığa çəkdi və ağam ilə bir-birinin əbasından qumar oynadılar. Sonra o vaxt ki, ağam nərddə uduzdu, əbasını çiynindən çıxardıb Əbu Tamamın üstünə atdı. Vay ustad, bilirsənmi Əbu Tamam nə elədi? Ağamın əbasını yırtdı, tikə-tikə elədi, və patava kimi baldırlarına doladı. Ağamın isə rəngi qaçdı və Əbu Tamam dedi ki, qoca Rəbil burda olsaydı sənə hiddətini bildirərdi, çünki Rəbil vaxtilə xəlifə Harunəlrəşidlə nərd oynamışdı. Və kəfəni boynuna salıb xəlifəyə uduzmamışdı.

Bu vaxt Əbu Tamamın ravisi yenidən söhbətə müdaxilə eləmişdi və demişdi:

– Və mənim ağam bu vaxt cin atına mindi və nəzm ilə sənə o naməni yazıb dedi ki, get baldırı çılpaqlar karvanı arasında küllənən Rəbillər meydanıma gəlsin, şeirlə atışaq və yaxud nərddə yarışaq və indi ki, sənin qulun o həcvi sənə oxumaq istəyir, izin ver ilk misraları mən dil cavabı sənə ərz edim.

Rəbil əlini Vadilanın çiyninə vurmuşdu və demişdi:

– Ey Vadila, oxu, nəyi gözləyirsən?

– Qoy öz ravisi oxusun ki, Seid dünya mən bu çirkabı dilimə gətirməyə həya edirəm.

Və Rəbil başını qaldırmışdı. Əbu Tamamın ravisinə demişdi:

– Və oğlan deyirsən sənin ağan ki, oğlanlara eşqnamə yazmağa başlamışdır, deməli o Rum cariyəsinə zülm edir; çünki töylədəki at kimidir, nə özü arpa yeyir, nə qoyur töylədəki atlar arpa yesin.

Əbu Tamamın ravisi qəzəblənmişdi və səsini qaldırmışdı:

– Elə isə qulaq as ya Rəbil, ağam sənə göndərdiyi o həcvi belə başlayır ki, ey Rəbil əgər bu gecə o cələb-cüləblər karvansarasında birələr canına daraşıb səni yatmağa qoymursa, sənə göndərdiyim bu həcvin zəhəri canına hopduqca o birələr sənin qanından ikrah edəcəklər və sən ki, o sir-sifətlə bu camaat içində namaz qılırsan, deməli səndə elə bir üz var ki, atəşə girsən də üzün qızarmaz. Və o vaxt sən cəhənnəmə vasil olacaqsan...

– Kifayətdir, – deyə Rəbil bağırmışdı və ayağa sıçramışdı.

Vadila isə əlini uzatmışdı, ağasının ətəyindən yapışmışdı və demişdi:

– Dayan Seid dünya, getmə və sakın, çirkaba daş atma, üstünə sıçrar.

– Burax məni, Vadila və sən işində ol. Bu görünməmiş işdir ki, bir ditdili bir filə meydan oxusun.

Və Rəbil dərhal fanuslarıyla onun yoluna işıq salan Əbu Tamamın qara çalmalı ravisiylə ibn Atinin yaşıl çalmalı qulamına qoşuldu, getdi.

Sonra handan-hana Babək yenə başını dizləri üstə əymiş, Vadilaya demişdi:

Ey Vadila, əgər sən bazarlarda dolaşsan, dəmbəllərdə yançağı açıq, iştancaq şeir yazanlar görsən, o şairləri bu saray bülbülləri arasında nə fərq varmış?

– Ey Babək, həqiqi şeir odur ki, əgər sən xoşbəxtsənsə, gərək səni bir az bədbəxt eləsin. Və yaxud bədbəxtsənsə, gərək səni xoşbəxt eləsin. Və istər burda, Şərqdə, istər orda Misirdə belə şeir deyən şairlər az deyildir. Və necə ki, bir həqiqət fədaisi insan həmişə iztirab içində qalmağa məhkum olur, o cür gözəl bir söz də həmişə ürəyin guşəsində qalır.

Və Babək qeyri-ixtiyari heyrətlə səslənmişdi:

– Başıma and olsun ki, ey Vadila, sən ağandan daha artıq biliklisən və baxmayaraq ki, sən ağanı saxlayırsan, amma yenə də o ağadır, sən qulusan!

Vadila gülmüşdü və demişdi:

– Yox. Mən alim deyiləm, amma monastırda təhsil aldığım üçün Rum tarixinə bir az bələdəm. Və hələ min il bundan əvvəl Roma şəhərində elə qullar vardı ki, öz ağalarından savadlı idilər və qullar içində elələri də var idi ki, çox böyük alim idilər.

– Elə isə nə keçmişdə ədalət olub, nə indi var.

– Və nə gələcəkdə olacaq.

– Yox, ey Vadila, bu dünya hamilədir və nə isə doğacaq, necə ki bir qadın doğanda qırx qəbir ağzını açır. Və o vaxt Uca Şirvin günəşin atlısını bu dünyaya göndərəcək...

– Şirvin? Kimdir o?

– Təbriz civarında Əsanət Rumi adlı bir yer var, yetmiş min il bundan əvvəl orda bir şəxs zühur eləmişdi ki, əcaib insan imiş ya tanrı imiş o şəxs, gələrmiş, kəndli toylarında rəqs edərmiş.

Vadila gözlərini döymüşdü.

– Kəndli toylarında rəqs edən tanrı? Desəm ki, bir az əcaib tanrıdır, inciməzsən ki?

– Yox incimərəm, amma deyərəm ki, özünü dar ağacından qurtara bilməyən bir tanrı məgər daha əcaib deyilmi?

Bu vaxt Barsis oyanmışdı, qalxmışdı, oturmuşdu, çənəsini sola çevirmişdi, sağ çiyninə baxmışdı və başını qaldırıb heyrətlə Babəkin üzünə baxa-baxa qalmışdı.

– Nə olub Barsis, niyə elə baxırsan?

– Bu saat yuxumda gördüm ki, Cunay gəlib köynəyimi yamayır.

– Kimdir o Cunay hə, demirsən Barsis? Amma köynəyini bu saat Vadila yamadı və ona sağ ol desən xançalının qaşı düşməz.

– Sağ olsun. Borclu – borclunun sağlığını istər, amma sən məndən arxayın ol, yat. Çünki bilirəm niyə yatmırsan.

Və Barsis yenə dərhal böyrü üstə yerə yıxılmışdı, amma elə bil son sözlərilə Babəki caduya salmışdı və çəkib aparmışdı. Çünki Babəkin gözləri qapanmışdı, oturduğu yerdə kürəyini divara söykəyib yuxuya getmişdi. Vadila isə heyrətlə bir Babəkə, bir Barsisə baxmışdı. Və hər ikisinin də artıq yuxuya getdiklərini görərək qibtə hissilə köksünü ötürmüşdü, çünki özü də yatmaq istəyirdi, amma ağasının qayıdıb gəlməsini gözləyəcəkdi.

Və indi hücrəni çulğamış səssizlik içində ürəyində baş qaldıran bu təlaş hissilə üçüncü şamı yandırmışdı və iynəsini işə salmışdı.

...Sonra haçansa, gecənin hansı aləmindəsə Babək hücrədəki hənirtilərdən səksənərək gözlərini açmışdı.

İndi Vadila dizləri üstə gözələdiyi qara atlas tikə parçalarını bir kənara atmışdı və hər iki əlilə başını qucaqlayıb hərəkətsiz bir halda oturmuşdu. Şairlər məclisindən qayıdıb gəlmiş Rəbil isə hücrədə vurnuxurdu. Və hər iki əlilə gah yambızlarına, gah başına döyərək təəssüflənirdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ay işığında

Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*

19 min
Karvan dayandı

Axşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.

27 min
Qızıl qönçələr

Gün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.

14 min
Baş xiyabanda

Qaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.

7 min

Poems by other poets