Page 38 of 47 · 79%

– Elə, – isə Babək demişdi, – nə əcəb sənin ağanın başı hələ də çiyni üstündə salamat qalmışdır?

– Bu barədə ağam özü dedi ki, mən dar ağacımı öz çiynimdə gəzdirirəm, amma hələ də məni asan yoxdur.

– İndi ki, sənin ağan zalimləri həcv edir, onları sevmir...

– Tələsmə, – dedi, – Vadila mənim ağam məzlumları da sevmir və həmişə kimi sancmaq mərəzinə o qədər mübtəladır ki, bir dəfə yazmağa başlayıb, bir həcv üçün hədəf axtararkən qafiyələndirmək üçün bir ad tapmamışdı, ayağa qalxmışdı, ləngimişdi, aynaya baxmışdı və gəlib oturmuşdu: – Bu gün dili yenə çox gicikmişdi və zəhərli sözlə ox atdığı o həcvi belə qurtarmışdı: – O hədəfi tapmamışdım, qalxmışdım, aynada özümə baxmışdım. O ayna ki, onu mənə göstərmişdi “qoy lənətə gəlsin bu sür-süfət”, – demişdi, – “və min dəfə daha artıq lənətə gəlsin o şəxs ki, tanrı ona bu cür sür-süfət bəxş eləmişdir.”

Babək qeyri-ixtiyari gülmüşdü və Vadilanın ağasına tərəf baxaraq demişdi:

– Ey Vadila nə əcəb heç ehtiyat eləmirsən ki, ağan bütün bu dediklərini eşidib oyanar.

Vadila qımışmışdı:

– Ey Babək, əvvəla, mənim bədbəxt ağamın qamçı almağa belə dirhəmi yoxdur və kim axı öz çörək ağacına balta çalar: Və bu da düzdür ki, mənim ağam zəhər tuluğudur və əqrəb kimi neştərini hara isə sancmasa canı rahat olmur, amma yenə də mən onu zəmanəmizin qabyalayan və sahib mənsəblər qarşısında özlərini əyən bütün digər şairlərdən üstün tuturam... Və nə isə gələk yenə mətləb üstünə. Yəni o məqama ki, xəlifə Məmunun İmam Rzanı özünə vəliəhd təyin etdiyi xəbəri hər tərəfə yayılmışdı və ağam məni yanına alıb pay-piyada Mərvə doğru hərəkət eləmişdi. Bu vaxt Məmunun qafiləsi də Tus şəhərinə varid olmuşdu. Ağam o şəhərdə səkkizinci İmamın hüzuruna çıxmışdı və o müqəddəsin mübarək üzünü gördüyü üçün sevincindən dili söz tutmamışdı və dəsmal çəkib zar-zar ağlamışdı. İmam isə riqqətə gəlmişdi və öz Əbasını çiynindən çıxardıb ağamın çiyninə salmışdı və ağam belə bir şərəfə nail olduğu üçün yerə-göyə sığmamışdı. Amma deyir: sən saydığını say, gör fələk nə sayır. Çünki iki gündən sonra İmam Rza qəfildən şəhid olarkən ağam qəşş eləmişdi və bir gün, bir neçə gecə özünə gəlməmişdi, üç gün sonra isə ağam İmamın qəbrini ziyarət eləmişdi, qucaqlamışdı o müqəddəs qəbri və qara torpağını göz yaşıyla suvarmışdı. Sonra üç dəfə o qəbrin baş daşını öpüb ayağa qalxmışdı və elə o gün qamış qədəmin mürəkkəbə yox, ilan zəhərinə batırmışdı və xəlifə Məmuna elə bir həcv yazmışdı ki, əgər o gecə Tusdan qaçıb yola düşməsəydi, çox güman ki, Məmun o həcvdən xəbər tutanda xəlifənin o iki nəfər saray cəlladı ki, biri çox qoca, digəri çox cavandır, növbə ilə ağamın şaqqalayacaqdılar. Yox, hələ nəfəsini dərmə, ey Babək, axı elə o gecə yağışdan çıxıb yağmura düşdük. Çünki Qum şəhərindən Tusa gələn şiələr ağamın qaçdığından və özüylə bərabər müqəddəs Əbanı apardığından xəbər tutub gecəykən yolumuzu kəsmişdilər. Və ağama bir qatır yükü, yəni 30 min dirhəm təklif eləyərək imamın müqəddəs libasını satın almaq istəmişdilər. Amma ağam dirənmişdi. Mənim qazandığım bir dirhəmə, hətta 5-6 fəsə möhtac olan ağam, bir qatır yükü dirhəmə tamah salmamışdı. Və sonra gecə qaranlığında o müqəddəs əba uğrunda elə bir dartışdırma, elə bir süpürləşmə başlamışdı ki, neçə nəfərin uzun saqqalı ağamın əlinə keçmişdi. Və ağamın öz saqqalı neçə nəfərin əlinə keçmişdi və mən saqqalsız olduğum üçün öz tanrıma şükür eləmişdim və son nəhayətdə ağamın və mənim əlimdə gördüyün bu yekə paralardan savayı heç bir şey qalmamışdı...

Vadila nəhayət nəfəsini dərmişdi, birinci şam ərimişdi, ikinci şamı yandırmışdı və yenə başını dizi üstünə əymişdi, iynəsini işə salmışdı. Babək isə başını divara söykəmişdi, azacıq gözləri qapanmışdı. Yollar oğlu idi, çox şey görmüşdü, çox şey eşitmişdi. Xilafətdə bütün varlıların, istər müsəlmanların, istər xristianların və istərsə də yəhudilərin satın alınmış qulları vardı. Və bir qayda olaraq qara qullar qapı qulları kimi, qapı-bacaya nəzarət edirdilər, ağ qullar isə rumlardan, saklablardan və türkdilli nəmuzlardan ibarətdi ki, süfrə başında saqilikdən başlamış, silahlı silahlı mühafizlərə kimi ağalarına xidmət göstərən qulam vəzifəsini icra edirdilər. Əgər orta hesabla bir qulun qiyməti 200 dirhəm idisə, Bağdadın məşhur Əlrəqib adlanan qullar tərbiyəxanasında təhsil alan sənətkar qullar içindəki nəğməçi çalğıçı qadın və kişi qullar od bahasına satılırdı.

Xəlifənin qulları içərisində elələri vardı ki, xəlifələr onların bəzilərinə nəinki azadlıq verirdilər bu qulları hətta böyük bir məmləkətə hakim təyin edirdilər və dünənki bir qul azad adamlara hökm edən bir hökmdar rütbəsinə qədər ucalırdı. Necə ki, vaxtilə xəlifə Mənsur sarayındakı türkdilli bir qulu Misir məmləkətinin hakimi-mütləqi təyin eləmişdi və o qulun ağası onu yola salarkən demişdi: o elə bir şəxsiyyətdir ki, başı üstündəki Allahdan belə qorxmur, amma yenə təkcə bir bəndədən, Allah-təalanın qulu olan məndən qorxur.

İndi Babək ilk dəfə idi ki, belə əcaib bir ağa ilə, belə əcaib bir qula rast gəlmişdi, qul dərzilər yanında şagirdlik eləyib ağasını dolandırır, ağa isə zalimlərə və xəlifələrə həcv yazırmış, amma məzlumlara da üstdən aşağı, xor baxırmış və nəhayət öz-özünə də həcv yazarmış. İlan kimi qıvrılıb özü öz quyruğunu çalırmış. Və bu vaxt Vadilanın ağası birdən səksənərək oyanmışdı. Qalxmışdı, oturmuşdu, sonra Vadilanın dizi üstündəki qara atlas tikə-paradan gətirmişdi, öpüb gözləri üstə qoymuşdu və sonra demişdi:

– Bu saat röyamda Şəhrəvanı gördüm, cənnətməkan müqəddəs əlini göydən yerə uzadıb öz payını istədi... və mən yerə döşəndim, dedim: ey Şəmşiri – Zülfüqarın sahibi, sənin nəslinin iftixarı olan səkkizinci imam öz müqəddəs əbasını mənə bəxş eləmişdir. Allah-təala necə, mənim günahlarımı mənə bağışlayacaqmı? Dedi: ey didar, heç vaxt naümid olma, çünki bir gün bir qarışqanı qurtardığım üçün rəbbim mənim bütün günahlarımdan keçdi.

– İndi Vadila başını daha artıq aşağı, dizləri üstə endirmişdi və dodaqlarını bərk-bərk bir-birinə sıxmışdı. Bilmək olmurdu ki, ağasının röyasından riqqətə gəlmişdi, ağlamaq istəyirdi, yoxsa yoxsa gülməmək üçün bütün qüvvəsini səfərbər eləmişdi.

Vadilanın ağasının top qara saqqalına dən düşmüşdü. Dəyirmi gözləri bayquş gözləri kimi qırpımsız baxırdı və birdən o hücrədə Babəkin kövrək baxışlarında bir an nə isə yırtıcı bir parıltı alışıb sönmüşdü. Sonra yaşarmış gözlərini əlinin təri ilə silmişdi və demişdi:

– Kimdir o? Bu gecə bəlkə məni öldürməyə göndəriblər onu bura?

– Yat Seid dünya, yat, mən oyağam və o da bizim kimi bir qovğundur. Həmədana gələn bir karvanda karvançı imiş və karvan sahibi tərəfindən o karvandan qovulmuşdur. Bir az əvvəl biz onunla duz-çörək kəsmişik. Sən yat, çünki hələ gecədir, səhər açılmayıb və karvan sahibi süfrəsinin vaxtına hələ çox var.

– Amma dedinmi ona barı, mən kiməm, son kimsən?

– Demişəm, Seid dünya, demişəm ki, sən ağamsan, mən sənin qulunam!

– Qoy onu da bilsin ki, sən elə bir qulsan ki, mənə oğuldan əzizsən və bu barədə o Əcəm şairi çox gözəl demişdir: elə qul var ki, yüz oğuldan qiymətlidir. Çünki sədaqətli bir qul həmişə dua eləyir ki, ağasının ömrü uzansın, amma oğulların hamısı ürəklərində ataların ölümünü arzulayırlar...

Sonra Vadilanın ağası üzünü Babəkə tərəf çevirib demişdi:

– Sən necə ey vəlid, heç atanın ölümünü arzularsanmı?

Gözlənilməz bir sual qarşısında Babək bir an susmuşdu, amma Vadilanın ağası əl çəkməmişdi və demişdi:

– Aydındır nə üçün susursan və əlbəttə ki, oğul atasının ölümünü arzularkən çox vaxt bundan özünün xəbəri olmur, çünki biz həmişə özümüzdən bixəbərik və həmişə özümüz üçün özgələrik.

Babək çiynini çəkmişdi, sonra dodaqlarında oynayan həqarətli bir təbəssümlə demişdi:

– Yox ərbab, mən atamın ölümünü arzulamağa macal tapmadım, çünki mən anadan olanda atamı öldürmüşdülər.

– Elə isə sənin o tifilin bir gün sənin ölümünü arzulayacaq.

– Bu tifil də yolda mənə qoşulmuş bir kimsəsizdir.

– Müsəlman balasıdır, yoxsa xaçpərəstdir?

– Fərqi yoxdur, kimdirsə indi mənim üçün kiçik bir qardaşdır.

– Bu cavan yaşında çox təmkinlisən, fəqət bir söz demək istəmirsən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ay işığında

Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*

19 min
Karvan dayandı

Axşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.

27 min
Qızıl qönçələr

Gün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.

14 min
Baş xiyabanda

Qaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.

7 min

Poems by other poets