Birinci hissə
Page 37 of 47 · 77%
Babək içəri girəndə dərzilik eləyən oğlan başını qaldırmışdı, sonra ayağa qalxmışdı və hər ikisi sağ əllərini sinələrinə basaraq başlarının hərəkəti ilə bir-birini salamlamışdılar.
Sonra Babək hücrədə, öz guşəsində çit yaylığını həsir qırağı üstündə sərmişdi, axşam süfrəsi açmışdı və bu süfrə üstünə iki səngək, bir cürdək ayran qoymuşdu, amma dönüb baxanda Barsisin artıq yerə döşəndiyini görərkən Barsisin qarasına başını bulamışdı. Və üzünü hücrədəki qonağına tərəf tutaraq demişdi:
– Xahiş eləyirəm, yaxın otur və bir tikə çörək kəs mənimlə. Yeni müsafir yenə başını qaldırmışdı və minnətdar bir təbəssümlə gülümsəmişdi və əlbəttə ki, bununla kifayətlənə bilərdi bir-birinə amma hardasa bir-birinə rast gələn iki nəfər – yad adam bir dam altında gecələyəcəkdilərsə, hər hankısının bir süfrə başında çörək kəsməkdən boyun qaçırması nəinki bir nəzakətsizliyə bərabərdi, hətta bir-birindən şübhələnmələri üçün kifayət idi.
Və yeni müsafir demişdi:
– Amma bil ki, süfrənə çağırdığın xaçpərəst bir quldurdur, burda yatan bu şəxs isə müsəlmandır və mənim ağamdır.
– Mən də vəzir yaxud vəkil oğul deyiləm, – demişdi Babək, – dünənə kimi karvançı idim və burda yatan bu uşaq yolda mənə qoşulmuş bir kimsəsizdir.
Eyni yaşda idilər və qısaca olaraq özlərini bir-birinə təqdim etmələri və bir-birinin adlarını bilmələri hər ikisi üçün aralarında sadəcə ünsiyyətin başlanğıcı üçün kifayət eləmişdi. Sonra hər ikisi süfrədəki çörəkdən bir tikə kəsmişdilər. Tikələrini duza batırıb yemişdilər, növbə ilə cürdəkdəki ayrandan bir neçə qurtum içmişdilər. Bu isə o deməkdi ki, gecəni bir-birindən arxayın yata bilərdilər, çünki bir süfrə başında kəsdiyi çörəyi heç kəs, hətta ürəyində xain bir niyyəti olan bir kəs belə tapdamağa cəsarət edə bilməzdi, çünki zəmanənin çox ölümlü, çox təhlükəli bir zəmanə olduğuna baxmayaraq, bütün dünya xalqları üçün hələ elə müqəddəs adət və ənənələr vardı ki, bir-birini inkar edən dinlər və məzhəblər belə o adət və ənənələrin qüdrətini sarsıtmağa qadir deyildi.
Yeni müsafirin adı Vadila, milliyəti rum idi və o vaxt ki, Vadila süfrə başından qalxıb öz yerinə getmək istəmişdi birdən gözləri Barsisə sataşmışdı və ehtiyatla Barsisin əynindən köynəyi çıxartmışdı, aparmışdı, bucaqdakı çantasından çıxardığı cın-cındırdan o köynəyə üç yerdən yamaq vurmuşdu. Sonra qayıtmışdı, köynəyi yenə Barsisin əyninə geyindirmişdi, üstəlik Barsisin şalvarının dizlərini də gözəmişdi və bütün bu müddətdə Barsisdə oyanacaq hal olmamışdısa, Babək minnətdarlıq hissilə Vadilanın bütün hərəkətlərini izləmişdi və birdən yaddaşının hansı guşəsindəsə alışan ağ bir işıqda özünü Barsis yaşında görmüşdü. O vaxt ki kiçik yaşlı bir dağ çobanı idi. Və kəndlərində kəndxuda ibn Boyanın qoyun-quzusunu otarırdı. ibn Boyanın isə qullarından biri çox qoca idi və qoca qul ona tənbur çalmağı öyrətmişdi. O qocanın o tənburdan savayı heç bir şeyi yoxdu. Öləndə o biri qullara vəsiyyət eləmişdi ki, tənburu o uşağa verərsiniz, o da gəlsin cümə axşamları qəbrin üstündə “Ramiş can” havasını çalsın! Amma o qoca qulun qəbri üstündə “Ramiş can” çala bilməmişdi – çünki o tənburu divardan asıb kənddən çıxandan sonra bir daha doğma kəndlərinə qayıtmaq ona nəsib olmamışdı.
Və indi Vadila yenə ağasının baş yanında bardaş qurub oturmuşdu və yenə dizi üstünə yığdığı qara atlasdan ibarət bir yığın tikə-paraları bir-birinə gözəməyə başlamışdı və Babəkin sualedici baxışlarına cavab olaraq demişdi:
– Müqəddəsdir bu cın-cındırlar, ey Babək və hər bir tikə təkcə mənim ağam üçün yox, bütün şiələr üçün bir təkəbbürdür, çünki bunlar şahən şühəda¹.
İmam Rzanın öz çiynindən çıxardıb mənim ağamın çiyninə saldığı bir əbadan salamat qalmış tikə paralarıdır.
Babək diqqət kəsilmişdi. Xəbəri vardı, xilafətdə bütün şiələr böyük yas içindəydilər. Çünki xəlifə Məmun İmam Rzanı özünə vəliəhd təyin edərkən, şiələr nəhayət tanrıdan arzulanan səadət əyyamının gəlib çatdığına və Məmundan sonra şiə imamlarının nəsilbənəsil islam dünyasının əmirəlmöminləri olacaqlarına nə qədər böyük bir ümid bəsləmişdilərsə, sonda imam Rza xəlifə Məmunun qafiləsində Bağdada doğru gedərkən Tus şəhərində süfrəsinə qoyulan zəhərli üzümdən çox yeyib şəhid olarkən bir o qədər dərin bir yasa batmışdılar və bütün ümidləri yenə puça çıxmışdı.
İmam Rza isə şiələrin imamət göylərində səkkizinci ulduz idi.
Çünki daha əvvəl imam Rzanın bütün əcdadı, yəni birincini əvəz edən yeddi əvvəlki imamlar da bir-birinin ardınca əmin və Abbası xəlifələri tərəfindən məhv edilmişdi.
(Və daha sonralar imam Rzanın nəslindən üç imam da eyni aqibətə düçar olacaqdı, yalnız on ikinci imam canını qurtarmaq üçün bir gecə qaçıb qeyb olacaqdı və sonra min il keçəcəkdi, amma şiələr yenə də imam
¹ Şəhidlər şahı axirəl-zaman adlandırdıqları on ikinci imamın bir gün yenidən zühur edəcəyini və qaranlıq dünyaya işıq gətirəcəyini gözləyəcəkdilər.)
Sonra Vadila başını qaldırmışdı və əlavə eləmişdi:
– Və əgər bilmək istəsən ki, İmamın ağama bəxş elədiyi o müqəddəs əbadan nə üçün indi əlimizdə ancaq bu tikə-para qalıb, onda gərək mən ağamın hekayəsinə başlayım və mənim ağam ki, bir vücuddur, hekayəsinə başlasam, sən əlbəttə ki, məəttəl qalacaqsan!
Babək gülümsəmişdi:
– Ey Vadila demişdi, – nə lazım bilsən və nə danışsan qulaq asmağa hazıram.
Vadila da dizi üstündə gözələdiyi tikə-paralar kimi indi də ağasının sərgüzəştini qəlpə-qəlpə bənd eləyərkən, ən əvvəlcə özündən başlamışdı. Vaxtilə Vadila Misirdəki “Əklil İsa” monastırında təhsil alan çox gənc bir rahib imiş və bir gün cümə məscidindən bir fitnəkarın o məscidə atdığı bir qaban başı tapılmışdı və bundan qəzəblənən möminlər gəlmişdilər, monastırı dağıtmışdılar və bütün rahibləri aparıb qul bazarında satmışdılar. Ağası isə bu vaxt Bağdaddan Misirə varid olmuşdu. Çünki Asuan vilayətinə vali təyin olunmuşdu və qul bazarından keçərkən Vadilanı iki yüz dirhəmə satın alıb özüylə bərabər Asuan vilayətinə aparmışdı. O vilayətə ki, ordan o tərəfdə qum səhrası başlanırdı. Vadila dərindən köksünü ötürmüşdü və davam eləmişdi:
– Ağamın Misir məmləkətində keçirdiyi günlər ömrünün ən xoşbəxt günləri idi. Ağamın hər yeni qəzəlini əzbər bilirdim. Bütün xristian bayramlarında xristian rahibliyinin beşiyi olan o cümə məscidində, bütün monastırlarda həftələrlə qonaq və məni özüylə bərabər aparırdı, çünki o vaxtadək mən imamın etibarlı xəzinədarı idim. Dinar, qızıl peşkəşi mənə etibar edərdi. Şərab süfrəsinin saqisi mən idim, hər gün səhər onun üçün xüsusi şərab süfrəsi açırdım.
Amma ağasının birdən bəxt ulduzu sönmüşdü və günah özündə olmuşdu. Misirdən qaçmışdı və İraqa gəlmişdi, burda diyarbadiyar gəzmişdi və nəhayət gəlib Bağdad əyanlarına pənah gətirmişdi və əgər Bağdad əyanlarının xəlvətgahı olmasaydı, Harunəlrəşidin saray cəlladı Məsrur çoxdan ağasının ya dilini kəsib boynu arxasından çıxarmışdı, yaxud boynunu vurub başını Xəlifənin ayaqları altına atmışdı... Və bütün bu illər ərzində Vadila əlinə aldığı bu iynə ilə özünə və ağasına bir qarın çörək pulu qazanmaq üçün bu və ya digər bir şəhərdə dərzilər çörək pulu qazanmaq üçün bu və ya digər bir şəhərdə dərzilər yanında şagirdliyə başlamışdı. Çünki hansı şəhərə gəlmişlərsə xristian dərzilər ağası müsəlman olan xaçpərəst bir qulun halına yanıb onu yanlarında işə götürmüşdülər. O isə günəmuzd qazandığı bir yaxud iki dirhəmi hər axşam gətirib ağasına vermişdi...
Babək davam gətirməmişdi və demişdi:
– Qəribədir vallah, qul öz ağası üçün bir qarın çörək pulu qazanır.
Vadila qımışdı:
– Çünki hər bir qulun öz ağasına hissə-hissə verməklə özünü ağasından satın almağa ixtiyari var və mən də misqal-misqal özümü ağamdan satın almağa başlamışam. Və o vaxt ki, 200 dirhəmi ağama verib qurtardım, köləlik boyunduruğundan azad olacağam.
Babək heyrətlə gözlərini döymüşdü. Üzü divara sarı uzanmış bu adam vaxtilə Misirdə böyük bir vilayətin valisi olmuşdur, elə isə səbəb nə idi ki, sonralar qaçmışdı, xarabələrdə məskən salmışdı və eyyarlara qoşulmuşdu.
– Çünki ağam heç vaxt dilini dinc qoymamışdır ey Babək və dilini ona görə dinc qoymamışdı ki, anadan olanda canında şairlik gicişməsi varmış.
Hər dəfə ağamın qələmindən çıxan həcvlərdə o qədər zəhər olur ki, cəhənnəmdə, onun hücrələrində bu qədər zəhər yoxdur. Və buna görə vaxtilə Harun ər-rəşid ağamın ona yazdığı həcvdən xəbər tutanda zəncir çeynəmişdi. Gecə və gündüz məst xumar olan xəlifə Əmin ağamın ona göndərdiyi həcvi oxuyub üç gün üç gecə yasa batmışdı. Daha sonra indi özünü Bağdadda xəlifə elan eləmiş İbrahim ibn Mehdi ağamın onu rüsvay edən həcvini oxuyanda qara cübbəsinin yaxasını yırtmışdı və saqqalını göz yaşıyla suvarmışdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/enver-memmedxanli-babek-birinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*
Karvan dayandıAxşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.
Qızıl qönçələrGün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.
Baş xiyabandaQaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.
Poems by other poets
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Yara mənKeçdi aylar, gəldi dolandı illər,Heç bilmədim nə söylədim yara mən.
Hərarətli şe'r və yaxud qızdırmalı halımda saçmalarımSəməd Mənsur qardaşıma*Gözüm bir gülməyir bu ərzi-fəryadı gören gündən,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.