Page 39 of 47 · 81%

– Təbrizdə mənə atalıq eləyən bir şəxs var, Qaraca Küzəgərdir adı. Səfərə çıxarkən onun kəlamını unutmuram.

– Nədir o şəxsin kəlamı?

– Şeyxlər məclisində özünü gözlə, alimlər məclisində sözünüzü gözlə, əmirlər məclisində gözünü gözlə.

Vadilanın ağasının gözləri parıldadı.

– Qulaq as, ey vəlid, məni tanıyanlar bilirlər ki, mən kiməm. – Tanımayanlara ləqəbimin də nə olduğunu söyləmişəm və mən ki, söz sərrafıyam və həmişə kəsərli söz sorağındayam, başıma and olsun ki, küzəgər çox gözəl demişdir; Və əgər mən o sözlərin oğlu olsaydım, fəxr edərdim. “Mən bu sözlərin oğluyam” – mən bu sözlərlə, bu misralarla məşhur olmuşam demək idi. Vadila isə başını tikişdən qaldırmış və ağasını təskin eləmişdi:

– Məyus olma Seid dünya, sən də bu sözlərin oğlusan ki, “hanı mənim gəncliyim, harda qaldı, yoruldumu yollarda yoxsa məhv oldu? Və heyrət eləmə o şəxsə ki, ağaran saçları başında gülərkən, ağlayan gözləri acı göz yaşlarıyla doludur.”

– Haqlısan ey Vadila, mənim şerimin şöhrəti bu misraların qanadına ucaldı və mən dərhal dilənçiliyə başladım, yəni vəzifəli və qüdrətli şəxslərə mədhiyyələr yazdım, amma yazdığım hər mədhiyyədən sonra öz ürəyim bulandı. Və indi əlli il var ki, mənim hər beytim səhranın susuz ilanı kimi düşmənlərimi sancır, fəqət yenə də insanlara qarşı ürəyimdəki kin tükənmir.

Bu dəfə Vadila başını tikişdən qaldırmadan demişdi:

– Amma yenə insanlara qarşı ürəyində kin yoxdur. Peyğəmbərimiz buyurmuşdur ki: rəhm elə ki, sənə də rəhm eləsinlər.

– Elədir Vadila, – mən ki, rəhm etməmişəm, mənə rəhm etməyəcəklər və son nəhayətində mən öz əcəlimlə ölməyəcəyəm, ona görə vəsiyyətim budur ki, heç kəs mənim qisasımı heç kəsdən almasın. Və indi yeganə bir arzum odur ki, dizin üstündə yazmadığın o müqəddəs cıncındır mənim üçün kəfənimi əvəz eləsin, son libasım olsun və o vaxt cənazəm arxasınca gələn bir nəfər tapılarsa o adam əlbəttə ki, sən olacaqsan...

– O barədə arxayın ola bilərsən Seid dünya, amma o vaxta qədər ki, mən özümü səndən satın alıb qurtaracam, sənə bu dünyada yas tutan yeganə adam bu iynəsi ilə özünü köləlikdən azad eləyən Vadila olacaq.

– Ay allah eşqinə sus, Vadila. Məgər sən özünü məndən satın alıb qurtaranda azad olacaqsanmı? Əksinə, ey kafir. Daha artıq sən öz nəfəsinin, öz şəhvətinin, öz yırtılmış qarnının qulu olacaqsan. Nə üçün axı bu qədər azadlığa can atırsan. Biz hamımız başımız üstündəki bir olan allahın qullarıyıq.

– Bu kiçik ümidi mənə çox görmə Seid dünya, mənim rəbbim Məsih buyurmuşdu ki, insan yalnız əppəklə yaşaya bilməz. Qoy heç olmasa özüm-özümü aldadım ki, qurtuluş günüm çox yaxındadır.

– Və əbəs yerə özünü aldadırsan Vadila, çünki o Həzrət ki, bu saat, röyada mənə görsənmişdi və o həzrətin ki, sözü zülfiqarından daha kəsərli idi, bir şerində buyurmuşdur ki, əgər son yaxında olan bir şeyə ümid bağlamısansa, unutma ki, hər saat, hər dəqiqə sənə hər bir şeydən yaxın olan ölümdür.

Sonra susmuşdu, başı sinəsinə düşmüşdü. Vadila isə artıq başını dizi üstündəki tikişdən qaldırmışdı. Və Babək oturduğu yerdə arxasını divara söykəyərək mürgüləməyə başlamışdı. Barsis yuxusunun dərinliyindən “Cunay” deyə yenə kimisə çağırmışdı və bu vaxt hər birinin əlində bir fanus olan və yaşıl çalmalı iki nəfər yarıqaranlıq hücrəyə girmişdilər. Salam vermişdilər, sonra qara çalmalı üzünü Vadilanın ağasına tərəf tutub birnəfəsə demişdi:

– Ya Rəbil, mən şair Əbu Tamamın ravisiyəm və sənə məlumdur ki, mənim ağam çoxdandır səyahətə başlamışdır, dünən isə gəlib Həmədana çıxmışdı. Və mənim ağam rəb səfərindən yeddinci məcmuəni tərtib edib qurtardığı üçün bu axşam şəhərin “Beytül ziyafət” evində şeir məclisi qurmuşdur və nəzm ilə yazdığı bu naməni o məclisdən sənə göndərmişdir.

– Toxta oğlan, xəbərimiz var. Sənin ağan xeyli zamandır Məmunun qafiləsinin arxasınca sürünür, amma xəlifə Məmun ki, özü şeir yazır, özünü ərəb şerinin bilicisi sayır, hələ də nə sənin ağanın mədhiyyəsinə qulaq asmışdır, nə də onun ətəyinə bir dilim peyda bir ovuc dirhəm atmışdır.

– Məgər mənim ağam xəlifəyə yeni mədhiyyə yazmışdır? Məgər mədhiyyə bütün şairlərin çörək ağacı deyilmi? Və ta qədimdən istər Məşriqdə, istərsə də Məqribdə mədhiyyə şairlərin əlində elə bir açar olub ki, valilərin xəzinələrini qarət etmək üçün quldurların qılıncları o açar qədər iş görə bilməmişdir. Vadila başını qaldırmışdı və demişdi:

– Haqlısan oğlan. Qədim Roma şairlərindən Marişbal da əhsənli təriflər alverçisi idi və sənin ağan Əbu Tamam kimi əhsənli zənginlərdən sədəqə dilənməkdə tayı-bərabəri yoxdu...

– Ya Rəbil bu qulun cilovunu çək, həddini bilsin və özün ki, bu qədər əcaibsən, kifayətdir bizim üçün.

– Vadila yalnız mənim qulum deyil. Vadila mənim ravimdir. Lazım gələndə o mənim şerimi oxumuş və şeir məclislərində iştirak eləmişdir.

– Amma bir qulun ki, bahasına 200 dirhəm ola Əbu Tamamın ravisi onunla münazirə məclisi qurmağa tənəzzül etməz.

– İstəsə də bacarmayacaq, çünki mən özüm onunla bacarmıram.

– Əlinə qamçı alsaydın bacarardın.

– Sərvəri-kainat buyurmuşdu ki, nə əlinizlə, nə dilinizlə binəsib qullarınıza ziyan vurmayın...

– Hər halda ötkəm qulu satıb, müti qul almaq olardı.

– Vadila mənim üçün oğuldur və ata oğlunu sata bilməz.

– Atanın oğulluğa götürdüyü hər bir şəxs də atanın qanunu qulu ola bilməz.

– Məgər zəmanəsinin ən böyük şairi Əntərə öz atasının qanunu qulu deyildimi?

Ya Rəbil, səninlə mübahisə xörəyim deyil. Amma ağamın məclisindəki bütün şairlər sənin ağama nə cavab verəcəyinə müntəzirdir. Və oxu ağamın nəzm ilə sənə yazdığını, onda məsələ sənin üçün aydın olar.

Rəbil naməni almışdı. Vadilanın üstünə atmışdı və demişdi:

– Ey Vadila, oxu görək nə istəyir bizdən və gör orda hansı şairdən hansı təşbihləri çırpışdırmışdır? Və yainki, hansı misraları büsbütün oğurlamışdır?

– Mənim ağam heç kəsin yoxsul şeir süfrəsinə əl uzatmamışdır və bir bolağət dahisi kimi ərəb şerini və ərəb dilini ən gözəl incilərlə süsləmişdir.

– Sən özün necə, oğlan, ərəb dilində çox qüvvətlisənmi?

– Əbu Tamamın ravisi kimi istər islamdan əvvəlki cahiliyə dövründən və istərsə islamdan sonrakı ərəb şerindən 30 min beyti əzbər bilirəm. Və ərəb dilində nə qədər incə nöktəli söz varsa bütün mənaları ilə mənə məlumdur.

– Hətta mənim ləqəbimin mənası da?

Əbu Tamamın ravisi bir an duruxmuşdu və bu vaxta qədər susub durmuş yaşıl çalmalı oğlan demişdi:

– Ustad, icazə versəydin Rəbil sözünün birinci mənasını mən deyərdim.

– Və daha yaxşı olardı ki, daha əvvəl sən kim olduğunu bizə ərz eliyəsən.

– Ustad, mən səni özünə dost bilən şair Həsən ibn Atinin qulamıyam və mənim ağam bu saat Əbu Tamamın məclisində dara düşdüyü üçün sənin köməyinə möhtacdır. Və sən ki, bu gün ərəb şerinin karvanında qocaman bir dəvəsən, Rəbil sözünü ona görə özünə ləqəb götürmüsən ki, bu ləqəbin birinci mənası güclü-qüdrətli bir arvana deməkdir ki, o arvana yanındakının köməyi ilə yol gedir...

Əbu Tamamın ravisi dərhal etirazını bildirmişdi:

– Ya Rəbil mən ona görə susdum ki, həya elədim və Rəbil sözünün mənasını mənim ağamın nə cür izah elədiyini təkrar eləmək istəmədim.

– Nəql küfr-küfr deyil oğlan. Təkrar edə bilərsən.

– Mənim ağam sübut edir ki, Rəbil sözünün birinci mənası qurbağa yumurtasıdır və əgər başqa gizli bir varsa onu lisanbat elminin alimləri də bilmir.

– Elədir, – demişdi Rəbil, – və nə qədər ki, bir kəsin başına hava gəlməmişdir, yəni o kəs büsbütün dəli olmamışdır, Rəbil ləfzinin ən gizli mənası nədirsə, onu dərk edə bilməz.

Yaşıl çalmalı qulam səslənmişdi:

– Ustad, məgər o əcaib rəvayət həqiqətdirmi?

– Başıma gələn hər bir qəziyyə sonra çox tez rəvayətə çevrilir. Əlqərəz, bir dəfə Kufə bazarında bir divanə elə həşir-qiyamət qopartmışdı ki gözləri hədəqəsindən çıxmış o bədbəxtə bir Allah bəndəsi yaxın düşə bilmirdi ki, o qara sevdalını sakit eləsin. Amma mən yaxın getdim və bilmirəm nə üçünsə ona Rəbil dedim və elə ki, mən ona Rəbil dedim, qara nər kimi qızmış o divanə birdən sustaldı, elə sozaldı, elə pəjmürdə hal oldu ki, başını aşağı salaraq xınalı bir quzu kimi qoca bir qarının arxasınca düşüb Kufə bazarını tərk elədi. Amma dilimdən qopan o söz sonra döndü və yaxamdan yapışdı və o gündən bəri mən nə yazmışamsa, təxəllüsüm Rəbil olmuşdur və bu təxəllüslə dörd xəlifəyə vurduğum damğanı tarix o dörd xəlifənin adından heç vaxt silə bilməyəcək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ay işığında

Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*

19 min
Karvan dayandı

Axşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.

27 min
Qızıl qönçələr

Gün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.

14 min
Baş xiyabanda

Qaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.

7 min

Poems by other poets