Page 3 of 4 · 50%

– Yox xan, cınqırını belə çıxarmır, daş kimi düşüb qalıb, bilmək olmur ölüb və yainki hələ nəfəs alır.

Əlyar xan bığlarını çeynədi və bağırdı:

– Sürüyüb salın dama, nə bir loxma çörək, nə bir damcı su!


Səhər dan yeri ağaranda, xoruzların üçüncü banında özünə gəldi. Axşamdan üzüstə sərilib qaldığı torpaq üstündən ayağa qalxdı, oturdu. İndi əynində yenə öz yırtıq arxalığı və qamçıların kürəyində açdığı qanlı zolaqlara yapışmış bez köynəyi vardı. Ətrafına boylandı, başını qaldırdı, pəncərəsiz və qaranlıq damın bacasından tənha bir səhər ulduzu ona baxıb göz qırpırdı.

Əli ilə divardan tutub ayağa qalxdı və bir sövqi-təbii ilə ən əvvəl damın qapısına tərəf yönəldi, yoxlamaq lazımdı, əgər qapı çox möhkəm idisə, torpaq döşəməni oymaq olardı... Amma birdən qapı özü açıldı, ağsaqqal bir qoca içəri girdi, gəldi əlini odunçu oğlunun çiyninə qoydu – yavaşdan köksünü ötürdü və dedi:

– Dalımca gəl oğul, mən xanın qoca bağbanıyam, başına gələn qəziyyədən xəbərim var... Axşam nökərlər səni geyindirib-keçindirəndə ürəyimdə dedim ki, qəfəsdəki bülbüllər az imiş, biri də yoldaş gəldi. Amma sonra görəndə ki, qırmanc altında da səndən nə səs çıxdı, nə səda, onda bildim ki, sən qəfəsdə oxuyan quşlardan deyilsən... Dalımca gəl, nökər-naib oyanmamış, çıx aradan başını qurtar!

Odunçu oğlu qocanın üzünə baxıb durdu, bu qoca ki onu qaçırdıb öz başını bəlaya salacaqdı, qocaya minnətdarlığını bildirmək üçün nə edəcəyini bilmədi.

– Nə doydaq kimi donub qalmısan, – dedi qoca, – məndən xatircəm ol. Sonrasın mən özüm billəm.

Bir addım atmamış geri döndü:

– O qız xeylağı, ki, burda əsirdir, baba onu da qurtarmaq üçün mənə kömək eləsəydin...

Qoca bağban dinmədi, bir müddət susub durdu, sonra dedi:

– Axşamdan o qızın qabağında qızıl sandıqları açıblar, oğul... Nə deyim, qızdır, əgər zərxaradan arxalıq, əşrəfidən yaxalıq gözün qamaşdırmasa, qaçmaq istəsə, ona da həmiyyət elərəm – hələlik sən qaç başını qurtar!

Odunçu oğlunun üzündən nə isə bir kölgə keçdi və öpdü qocanın əlindən, yola düzəldi...

Kəndə gəlib çıxanda hava artıq işıqlanmışdı və indi o oğlunun nigarançılığı ilə səhəri diri gözlü açan qoca anasının hüzurunda dayanmışdı, başına gələnləri danışıb qurtarmışdı və nə qədər ki, gec deyildi qoca atasıyla vidalaşmalı, kənddən çıxmalı, başını götürüb hara isə getməli idi.

Susub durmuş atası handan-hana başını qaldırdı və dedi:

– Mənim bir ayağım qəbirdədir, oğul, sən mənim fikrimi çəkmə... Amma bilmirəm sən hara gedəcəksən, özgə yerlərdə, qürbət ellərdə nə eliyəcəksən?

Və birdən heç vaxt o barədə düşünmədiyi və heç vaxt elə bir şey ağlına gətirmədiyi amma indicə, bir an içində ürəyində doğulan və bütün varlığına hakim kəsilən və özü üçün gözlənilməz olan elə bir qərara gəldiyini hiss elədi ki, bunu atasına elan edərkən həyəcanlandı, boğazında düyünlənən bir qəhərdən boğuldu və dedi:

Oxuyacağam, ata, gəzəcəyəm eli-obanı oxuyacağam, gedib qürbətə çıxsam orda oxuyacağam, dönüb geri qayıtsam, burda oxuyacağam...


Və o gündən odunçu oğlunun sərsəri həyatı başlandı.

İndi o yurdsuz-yuvasız gəzgin bir nəğməçi idi, heç bir yerdə çox bənd olub qalmırdı, çünki daima onu çağıran bir səs vardı ki, yolların çağırışı idi və gəzirdi, dolaşırdı eli-obanı yorulmurdu. Kəndistanda olurdu kənd toylarında oxuyurdu, şəhərstana gəlib çıxırdı, çayxanalarda oxuyurdu və çox az bir zamanda səsinin şöhrəti yurdunun günçıxanından yurdunun günbatanına kimi yayıldı.

İndi nəinki onu hər yerdə səbirsizliklə gözləyirdilər, hətta səsini bir daha eşitmək üçün dalınca at çapıb bu kənddən o kəndə gedənlər və o şəhərdən bu şəhərə gələnlər olurdu.

Sonra aylar dolanmışdı, il keçmişdi və o yenə bir dəfə də olsun ürəyinə xəyanət eləməmişdi, çünki oxuduğu bütün mahnılarını hər dəfə ona ürəyimdəki azadlıq yanğısı oxutdurmuşdu və hər dəfə cah-cəlallı məclislərdə bir gecəsinə təklif edilən bir ətək qızıldan üz çevirmişdi, amma təsadüfən gecələdiyi bir kəndli komasında yoxsul bir süfrə başında ona dikilən baxışlar ürəyini tərpətmiş, oxumuş və səhər qalxıb gedərkən heybəsinə qoyulan bir cürdək ayranı minnətdarlıq hissilə qəbul eləmişdi.

Nəhayət onun bəstələdiyi mahnılar dildən-dilə düşərkən və o keçib getdiyi şəhər və kəndlərdə tez-tez mahnılarının başqaları tərəfindən oxunduğunu eşidərkən, hər dəfə ürəyini suvarmağa başlayan xoşbəxtlik hissinə eyni zamanda nə isə bir niskil qarışırdı və elə bil hardansa uzaqlardan gələn bir səs onu geriyə – yurduna-yuvasına, doğma yerlərə çağırır və o ümid ki, ondan əli üzülmüşdü, yenidən ona əl uzadırdı.

Bu gecə isə o müsafir olduğu bir kəndli komasında gözlərini yumarkən, birdən elə bil vücudunun çəkisini itirdi, sinəsində nə isə yeni bir mahnının doğulduğunu hiss elədi yuxusu ərşə çəkildi, bütün gecəni qollarını başı altında çataqlayaraq gözlərini qaranlığa zilləyib qaldı və dodaqlarını tərpətmədən içəri səsilə o mahnının gah ürküb qaçan və gah yenidən qayıdıb gələn məqamlarını ürəyində zümzümə elədi və birdən bu mahnı ilə bərabər o ahugözlünün unudulmuş xəyalı həzin bir səhər nəsimi kimi uçdu, üstünə gəldi, uyumuş o həsrət yenidən oyandı, ürəyini qarsdı və səhərin gözü açılar-açılmaz qalxdı yola düşdü və üz tutdu doğma kəndlərinə doğru getdi...


Axşam günbatan çağı gəlmişdi, kəndləri yanındakı o qalın meşəyə çatmışdı.

Və o saat hər tərəfdən gözəgörünməz həyulalar ayağa qalxmışdılar, qaçıb gələrək üstünə tökülmüşdülər, qollarını boynuna dolamışdılar, əlindən tutub arxasınca çəkmişdilər, köhnə tanış cığır ilə onu meşənin qalınlığına aparmışdılar və tufan yıxmış o qocaman palıd ağacının üstündə oturtmuşdular.

Oturmuşdu, bir hovur dincini almışdı və elə bil çox düyünlü o saqqız ağacın bu gün daramışdı, doğramışdı və bir şələ odun çıxardınca çox yorulmuşdu, gün axşam olmuşdu, ağacların dibi qaranlığa batmışdı, günün işığı ilişib ağacların başında qalmışdı, durub getmək istəmişdi, ayaqları gəlməmişdi, şələsi çoxdan bağlanmışdı, əyilib yerdən qaldırmamışdı və yenə ayaqları altında açılan təkliyinin qara quyusundan bir an gözlərinə vahiməli bir yuxu görsənmişdi və o qara vaqiəli yuxuda qara bir əl boğazından tutmuşdu, onu boğmuşdu və ovcu qızıl ilə dolu o biri qara əlini ona doğru uzatmışdı...

Səksənmişdi, oyanmışdı və ona elə gəlmişdi ki, illər var ki, burda oturub qalmışdı və illər var ki, ürəyi fəryad edib o ahugözlünü çağırmışdır və o vaxt ki, gözlərini qapamışdır o ahugözlü bu meşə cığırıyla ona doğru gəlmişdir və ürək üçün yalnız bu röya həqiqət olaraq qalmışdır, başqa nə olub keçibsə hamısı bir qiylü-qal imiş...

Sonra gözləri öz-özündən qapanmışdı və əvvəlki səsi, gəncliyinin səsi yenə meşə üzərində ucalmışdı.


Və o vaxt ki, bu axşam çağı meşədən yenə o səs ucalmışdı, bir anda bütün kəndi ayağa qaldırmışdı. Hamı o səsi tanımışdı, daxmaların qapıları, pəncərələri açılmışdı və böyük, kiçik hamı bir-birinə dəymişdi, çoxdan məhrum olduqları və indi yenidən qayıtmış o doğma səsə qulaq asmağa başlamışdılar.

Qoca odunçuya xəbər vermişdilər, xəstəhal qoca yatağından qalxmışdı, eşiyə çıxmışdı, lakin qocanın qulaqları indi çox ağır eşitdiyi üçün neçə ildən bəri həsrətini çəkdiyi oğlunun səsi gəlib təkcə ona yetişməmişdi, qoca ayaqlarını sürümüşdü, o səsə doğru yaxın getmək istəmişdi, lakin az getmişdi, taqətdən düşmüşdü, sonra geri dönmüşdü, adamların üzünə baxmışdı və bütün yaxşılaşmış üzlərdə və işıqlanmış gözlərdə oğlunun səsi nəhayət gəlib ona da çatmışdı...

Sonra onun səsi kənd üstündən aşıb getmiş, yuxarıda Əlyar xanın böyük imarətli malikanəsinə yetişmişdi və bu vaxt çay süfrəsi başında oturmuş Çimnaz ilə Əlyar xan hər ikisi birdən səksənmişdilər, bir-birinin üzünə baxmışdılar və gözlərin döyə-döyə qalmışdılar.

Bir az sonra isə Əlyar xanın malikanəsindən çıxan üç nəfər atlı, yedəklərində yəhərli bir atla meşəyə doğru çapmışdılar və gəlmişdilər odunçu oğlunu yenə haman yerdə, tufan yıxmış o qocaman palıd ağacı yanında tapmışdılar, əyilmişdilər, ehtiramla ona baş əymişdilər və demişdilər:

– Bizi Çimnaz xanım göndərib, Çimnaz xanım səni görmək istəyir və yedəyimizdə sənin üçün at gətirmişik...

Sevinmişdi – Çimnaz sağ idi. Ürəyi döyünmüşdü, – əsir-yesir Çimnaz onu görmək istəyirdi.

Və bu dəfə o xan atlılarının önündə çaparaq Əlyar xanın malikanəsinə gəlmişdi və xan nökərləri onu malikanədə məxsus onun üçün ayrılmış bir otağa aparmışdılar ki, uzun yoldan sonra bir az dincəlsin!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə

Azərbaycan dağları. Bilalabad kəndi.Gecədən xeyli keçmişdi. Bütün kənd yatmışdı. Quşbaşı qar yağırdı.

2 h 40 min
Bakı gecələri

Yadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.

1 h 10 min
Ayrıldılar

Yarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.

39 min
Buz heykəl

Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.

5 min

Poems by other poets