Öz urvam var, öz unum var,Ələyimi ələyirəm.Seyrəldikcə dost-tanışlarMən yır-yığış eləyirəm,A dünya, sənə yaxşı yol.

Qaralır köz, sönür ocaq,Gözü örtür göz üstə qaş.Mən düşəsi dayanacaq.Yaxınlaşır yavaş-yavaş,A dünya, sənə yaxşı yol.

Mənim çox az görüşüm var,Salam verəm, ya verməyəm,Yolüstü bir az işim var,Vaxt ola görəm, görməyəm,A dünya, sənə yaxşı yol.

Qılıncımı qına qoyub,Kəhərimdən mən düşmüşəm.Çox şeylərdən gözüm doyubYerişimi dəyişmişəm.A dünya, sənə yaxşı yol.

Son baxışım səni öpər,Sənə duadır son sözüm.Nəğməmi özünlə apar,Uğur olsun canım, gözüm,A dünya, sənə yaxşı yol.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets