Yapışmaz
Çox şey uydurmaq olar,Qırx gün çəkməz ağ olar.Nə danışsa yağılar,Sevən yara yapışmaz.
Çox ev yıxar uzun dil,Özün haqda özün bil,Qışdan qalan zir-zibil,İlk bahara yapışmaz.
Eşqin, qəlbin düz olsun,Ürəyin təmiz olsun.İstəməyən yüz olsun,Günə qara yapışmaz.
Səma kimi açığam,Gün olam, hər gün çıxam.Mən dosta xain çıxam?Hardan-hara, yapışmaz.
Doğrunun doğru adı,Hər meyvənin öz dadı,Oğruya var qalmadı,Buz buxara yapışmaz.
Körpəni aldatmayın,Haqqa yalan qatmayın.Düzə böhtan atmayın,Qoz divara yapışmaz.
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-qoca-yapismaz
Use ← → keys to move, R for a random poem