Anti-reklam və yaxud güzaranımız
I
Bakının hər yerində –
Geniş küçələrində,
Meydanlarında, damlarında
Damağında siqaret,
başında şlyapa
bir «kavboy» baxır bizə –
düz gözümüzə.
Özü də bir az
müəmmalı baxır,
zəndlə baxır.
Bura Bakıdır, axı,
Texas deyil!
Amerika özü papiros çəkmir,
«Ziyandır» – deyir.
Adamın adam aldatdığını
Görmüşəm, bilirəm.
Ölkələr də demə
bir-birinə
fənd işlədirmiş, fənd.
Dünyanı dolanıb gəlir bizə –
«Malbro», «Konqres», «Kent».
Bəs niyə indiyədək
yer tapılmır
Koroğluya, Nəbiyə
heykəl qoyula?!
Amma kavboylar yaraşıq olub,
hər yol ayrıcına,
hər dörd yola!
Şəhəri bürüyüb tüstü,
Bəsdir, atam bəsdir!
II
Kimə gərəkdir
Bu qədər al-əlvan
Neon lampalarıynan
göz vuran əcnəbi adlar?!
Bir-bir yanıb sönürlər,
hərəsində bir illət var.
Bakılı nə bilsin ki,
«Şop» nədir, «market» nədir?
Dilimizin başı üstə
Onda rus qapazı vardı.
Dükanın adı əvvəl
rusca yazılardı,
sonra öz dilimizcə.
İndi də yad sözlər,
Üstələyib dilimizi.
Yenə bir ovuc işbaz
bağlayıb əlimizi.
Kimi bizi Qərbə çəkir,
Kimi də Şərqə.
Kimi də Qərb ilə
Şərq arasındakı fərqə.
Burda bir super-market,
Orda bir super-market.
Burda sil, süpür, var get!
Orda sil, süpür, var get!
Aldat qara camaatı,
Var, get öz işinə!
Güldən ağır bir söz deyən
Tapılmaz sənə.
III
«Gör beni», «Sar beni», «Albeni»!
Axı nəynən alım səni?
Sən baha – maaşım az.
Gözbağlıca zamanıdı,
Yaşamaq oyun olub,
Yaşayan da oyunbaz.
Bu boyda oyun olmaz!
Günü-gündən bahalaşır
Çörək, dərman, nəqliyyat.
Cənnətdə yaşasam da,
Cəhənnəm olub həyat.
Dördnala çapır atını
Üstümüzə bahalıq.
Hara çatır, qiymət artır.
«Qaç, at basdı, millət!»
Vallah, çaş-başdı millət.
Baxıram bazar olub
Küçələr başdan-başa.
Pulluya bazar olub,
Pulu olmayana –
Sərgi, muzey, tamaşa.
IV
Hər həyət təndirxana,
Hər döngə qəssabxana,
Çörəyin dadı yoxdur,
Ət də nuş olmur cana.
Bu yandan da xəbər çıxıb –
Qudurub ingilis əti.
Belə getsə qudurmuşlar
Qırıb-çatacaq milləti.
Dəmir, kağız Rusiyadan,
Duz, saqqız İrandan,
Un, yağ Türkiyədən
Gəlsin nədən?..
Məgər bunlar səndə yoxdur,
A başıbəlalı Vətən?!
Düşmən qonşularının,
Nankor balalarının,
Satqın övladlarının
Əliylə parçalanan,
Talanan, hər cürə sərvəti bol,
Neməti bol, qarnı ac,
Özü yoxsul Vətən!
İstəyirsən deyim sənə
Sözlərin ən düzünü,
Nə qədər ki, hər kəs
Güdəcək özünü,
Alıb-satacaq qonşu
Ölkənin duzunu
Öz duzun olmayacaq.
Bir söz də qəlbimi deşir,
Onu da gərək deyim.
Xalqı dolandırmasa
Vətənin öz çörəyi,
Bu tək-təklər, dəstələr,
Millət olmasa əgər,
Elə-belə olacaq!
Millət unsuz qalacaq!
Aprel, 1996
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-sadiq-anti-reklam-ve-yaxud-guzaranimiz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Dad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm