Qərib ruhu qürbət eldə azıb bəlkə,Burdadırsa bəs, yuxuma gəlmir niyə?!Burda onun yoxluğunu mən bilirəm,Bəs o mənim varlığımı bilmir niyə?!

Hətta cümə axşamları gözə dəymir,Ruhun canı-qanı yoxdur, ruh soyuqdur.Boylanıram bacamızın hənirinə,Atam gəlib, anam gəlib, tək o yoxdur…

Yoxsa, ümid qalıb təkcə o dünyaya,Bəlkə orda görüşərik, mənim balam?!Bəlkə dedim, mən həmin o bədbəxtəm ki, –Qorxuram heç rastlaşmayaq, məyus olam.

Biz orda da görüşməsək, onda yəqin«O dünya» da ya yoxuymuş, ya nağılmış.Niyə bəşər aldanır bu yalanlara,Niyə axı, dağılmayır bu dağılmış?..

Qiyamətə qalar bizim görüşümüz,Əgər varsa, bəlkə o da quru vəddir.Onsuz da bu dünyadadır əsl Məhşər,Bu gördüyüm dünya özü Qiyamətdir.

Fevral, 2006

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets