Rindü Zahid
Page 5 of 10 · 40%
Sən mənim anamla evlənəndə mənim xərcimi ödəməyi mülahizə etmədinsə, (demək) uzaqgörən adam deyilmişsən. Əgər bu mülahizəni etmisənsə, bəhanə gətirmək insaf deyil.
Şeir
Bir kişi ki, qadınla yatmaqdan şaddır,
Elə kişi azad deyil, qiyamətə qədər əsirdir.
Həqiqətdə o təkcə arvad əsiri deyil,
O nə qədər sağdır, övlad qüssəsi çəkmək əsiridir.
Zahid dedi:
– Ey Rind! Evlənmək feyzi ki, dünyanın nizam və intizamına səbəbdir, onu müsibət adlandırma. Evlənməyin şərəfi ki, bəni-adəm nəslinin törəməsi üçündür, onu insanın əziyyətinə səbəb bilmə. Onu bil ki, gözəl qızla evlənmək və pak əxlaqlı qızlara şəriət qanunu ilə yaxınlaşmaq iki dünyanın səadətini qazanmaqdır, ürəyin və canın rahətliyidir. Həm insan nəsli onlardan törəyir, həm də onların qayğısına qalmaqla ev-eşik sahibi olursan. Bu, həm nəfsi pis işdən hifz edir, həm də iş görmək üçün insanın qeyrətini hərəkətə gətirir.
Şeir
Qadın nədir? Kişinin məişət fikrinin ustadı,
Hər kimin arvadı yoxdur, dünya işində tənbəldir.
Evli olmayan kişi hünərsiz olar,
Hər kim evlidir, hər bir sənətdə kamildir.
Rind dedi:
– Ey Zahid! Qadınlara məhəbbət etməkdə yanlış düşünmüsən. Evlənməyə rəğbət etməkdə də səhv etmisən. Bil ki, arvada yaxınlaşmaq dərmansız bir dərddir və o dərdi həkimlərə söyləmək həyasızlıqdır. Əgər gözəl olsalar, onları saxlamaq bir bəladır. Əgər çirkin olsalar, onlarla yaşamaq dərdli bir əzabdır. Onlarla yaşamaq insanın səhhətini pozar. Onları boşamaq isə xalqın məzəmmətinə səbəb olar. Arvad sevən kişi düşmən bəsləyən bir səfehdir. Çünki arvad həmişə ərinin ölməsini və özünün sağ qalmasını istəyir.
Şeir
Əgər arvad özünün ömrünün uzanmağına dua etsə,
Öz duasında ərinə nifrin etmiş olar.
Əgər arvadın ölümü üçün bir kişi kədərlənsə, ona de ki, öl!
Çünki o, düşmənin ölümünə qəmgin olmuşdur.
Zahid dedi:
– Ey Rind! Atası ölən oğul atasızlıqdan ölmür, habelə anası ölən oğul da o saat ölmür. Tutalım ki, mən də öldüm və səni hadisələr cəfasının əlinə tapşırdım. Onda sən mənim acizliyimə rəhm elə və məişətini özün təmin et.
Şeir
O kimsə ki, övladın ruzisini atanın məhəbbətindən asılı edibdir,
O, övladın üzünə döşdən (əmcəkdən) ruzi qapısın açıbdır.
Əgər uşaq öz ata-anasından uzaq düşsə,
Əlbəttə ki, Allah ata-anadan başqa ona bir vasitə düzəldəcəkdir.
Rind dedi:
-Ey Zahid! Səndən ehsan tələb etməkdən məqsəd sənə əziyyət vermək deyil, bəlkə sənin dərəcəni yüksəltmək üçündür. Çünki sən Allahın rizasını qazanmaq və dünyanın ləzzətini tərk etmək istəyirsən. Bunun hər ikisi atanın öz övladına pərəstar olması ilə olar. İndi ki, sən bu dövləti özünə şərafət bilmirsən və mənim fikirlərimi küdurət hesab edirsən, vacibdir ki, küdurət tozunu sənin səfa səhifəndən siləm və səndən uzaq gəzəm ki, sən qəmdən qurtarasan, mən də minnətdən.
Şeir
Əgər sənin köməyin əziyyətə səbəb olursa,
Bir dost səndən inciyib narazı qalırsa,
Tez onun dostluğunu tərk et,
Qoyma o sənin dostluğundan bizar olsun.
Zahid dedi:
– Ey Rind! Mənə qəribə bir hadisə üz verib və qabağıma təəccüblü bir təhlükə çıxıb. Sənin xahişlərinin çoxluğundan nə istəyini yerinə yetirə bilirəm, nə də səni çox sevdiyimdən səndən ayrıla bilirəm.
Şeir
Arzu qapısını sənin üzünə açmaq çətindir,
Naümid olub səfərə göndərmək də çətindir.
Heç kəs bundan çətin bir hadisə görməmişdir,
Səninlə olmaq da çətindir, olmamaq da çətindir.
Rind dedi:
– Ey Zahid! Bu ayrılıqda və səfər əzmində iki mənfəət nəzərdə tuturam. Əvvəla, budur ki, sən məndən əlaqəni kəssən, tamam vaxtını ibadətə sərf edəcəksən. Bu sənin (Allaha) yaxınlaşmağına səbəb olar. İkincisi budur ki, mən də sənin məhəbbətinə arxalanmaram. Qürbət çətinliklərinin zəhərini dadaram. Mümkündür ki, təbiətimin harın atı ədəb təliminə ram olub, tənbəl könlüm elmləri öyrənmək üçün həvəsə gələ. Bu, mənə dövlətə çatmaq sərmayəsi ola bilər.
Şeir
Ta nəfs qürbət tələsinin əsiri olmasa,
Zəhmət və əziyyətdən inciməsə,
Onun güzəran üçün bir elm və sənət
Axtarmaması təəccüblü deyildir.
Zahid dedi:
– Ey Rind! Madam ki, getmək bayrağını qaldırmısan və səfər etməyi qərara almısan, ehtiyat elə ki, qürbətdə qarşına çox bəlalar çıxar. Kimsəsizlik vadisində saysız əziyyətlər üz verə bilər. Hər addımda bir lotu sadədil adamları ovlamaq üçün bir hiylə toru qurub, hər tərəfdə bir əyyar xəbərsizləri aldatmaq üçün yalan dəsgahı açıbdır. Məbada səni hiylə ilə tələyə salalar və aldanıb məni bədnam edəsən!
Şeir
İblis həmişə hiyləgərlər surətində
Hər yolun ağzında yüz tələ qurubdur,
Kim ehtiyat ilə qədəm atmasa,
Əlbəttə, hər qədəmdə tələyə düşəcəkdir.
Rind dedi:
– Ey Zahid! Mənə səfərin tədbirlərini öyrət və qürbətdə necə davranmalı olduğumu söylə. Göstər ki, hansı adamlardan uzaq olum, hansılardan ehtiyat eləyim. Bildir ki, qürbət müsibətləri nədir? Kimlə həmsöhbət və yoldaş olmaq məsləhətdir?
Şeir
Səfər görməmiş bir kəs ki, qürbətdə
Hər bir diyarın tamaşasına həvəs edər,
Əgər yolda bir səmimi yoldaşı olmasa,
Dünya görmüşlərin nəsihətləri ona yoldaşlığa kifayətdir.
Zahid dedi:
– Ey Rind! Bil ki, insana həyatda dörd xətər rast gələ bilər, dörd xətərli halət üz verə bilər. (Əvvəl) uşaqlıq dövrüdür. Uşaq gücsüzlüyü üzündən öz mənfəətini axtarmaqda və zərərini dəf etməkdə acizdir. Ağılsız qadınlar onun haqqında çoxlu məsləhətə zidd tədbirlərə əl atırlar və ləyaqətsiz mürəbbilər onun tərbiyəsi üçün nadürüst fikirlərlə üzünə cürbəcür zərər qapıları açırlar.
Şeir
Ey qoca! Yeniyetmə uşaqdan qafil olma
Ki, o yazığın başının qəzası çox çətindir.
Demə ki, onun dayədən əmdiyi süddür,
Cahil qadınların əlindən qan içir.
(İkincisi) gözəllik dövrüdür. Əxlaqsız və hiyləgər lotular pis niyyət sahibləri düzə oxşayan yalanlarla ona hiylələr gələrlər. Dostluq adı ilə ona nə kimi düşmənçiliklər edərlər.
Şeir
Ayüzlü gözəllərin surətlərinin dövrəsində bir xətt var
Ki, onları bəd nəzərdən iraq saxlasın.
(Üçüncüsü) cavanlıq qüruru zamanıdır. Dilrüba gözəllərə və aldadıcı işvələrə eşq yetirməklə hər hansı bir sərvrəftarın cilvəsinə biqərar və qaniçən qəmzəsinə giriftar olar.
Şeir
Ey könül, səlamətlikdən ayrı düşüb,
Dilrüba gözəllərin eşqinə mübtəla oldun!
Səni mən gözdən qoruyum, yoxsa zülfdən,
Sənlə nə edim ki, yüz bəlaya düşdün.
(Dördüncüsü) Qocalıq dövrüdür. (Bu zaman) qüvvələr zəifləyir, dünya əndişəsi qüvvətlənir. Cahillərin əlindən qoca nə kimi cəfalar çəkər və həsrət qədəhindən nə qədər zəhərlər içər.
Şeir
İnsan cavanlıqda cahil, qocalıqda ağıllı olar,
Qocalaq zəiflik fəslidir, cavanlıq güclülük vaxtıdır.
Zəiflik həmişə ağılla, qüvvət isə cahilliklə olduğuna görə
Cavanlardan qocalara əziyyət yetməsi uzaq deyil.
Rind dedi:
– Ey Zahid! Hikmətdən, dediyin kimi, insanın üzünə dörd xətər qapısı açılmışdır. Bil ki, hər xətərdə bir nemət də qoyulmuşdur ki, bu nemətlər yaraya məlhəm və möhnətə əvəz ola bilər.
Uşaqlığın acizliyi dövründə hər iki dünyada asudəlik var. Gözəllik dövrünün bir cazibəsi vardır ki, insanı tay-tuşdan fərqləndirər. Cavanlıq qüruru vaxtında rahətliyə çatdıran məhəbbət nəşəsi var. Qocalıq zəifliyində isə camaat içərisində qocaya ehtiram var.
Şeir
Əvvəldən axıra, bizim təbiətimizin dörd fəslində
Allah hər əziyyətə müqabil bir nemət verib:
Acizliyə – asudəlik, gözəlliyə – cazibə,
Eşqə – məhəbbət zövqü, qocalığa-vüqar.
İndi de görüm, mən bu dörd xətərdən hansına çatmışam ki, onun nemətindən məhrum qalmayım.
Şeir
Ey əhli-nəzər, öz vücudumdan qafiləm,
Öz varlığımdan xəbərim heç yoxdur.
Mənə göstər ki, dünyada kiməm?
Mənim vücuduma nədən xeyir və nədən şər gələr?
Zahid dedi:
– Ey Rind! Sən birinci xətərdən keçmisən, ikinci xətərə yetişmisən. Gözəllik rəqəmi üzünün səhifəsinə çəkilmişdir. Əgər bir kölgə sənin dalınca gəlsə, ondan uzaq olmağın lazımdır.Əgər aynadakı əksin sənə baxsa, gərək ondan acığın gəlsin. Tainki məclisdə meydan qızışdıran olmayasan. Rindlərin söhbətindən uzaqlaşasan ki, dostlarının sinəsi düşmənlərinin məzəmmətinə hədəf olmasın. Sənin rəftarın da dost və qardaşlarını utandırmasın.
Şeir
Gözəllik bir xəzinədir ki, ismət və iffət onun hasarıdır,
Qeyrət o hasarın qarşısında oğrudan qorunmaq üçün qarauldur.
Ədəb əhli odur ki, həmişə oğrunun qorxusundan
Hasarı qorumaq üçün qaraul saxlasın.
Rind dedi:
– Ey Zahid! Çətin bir məsələ dedin, müşkül bir yol göstərdin. Gözəllik dövrü zehin və fərasət qapılarını insanın üzünə açır və gözəllik dövranı nəfs və istəyin möhkəmlənməsinə müqəddimədir O zaman hər kəmal sahibi adama rəğbət bəslər. O da onlarda nə görsə əxz eylər.
Aydındır ki, xoştəb adamlar, sahibməzaq kamillər cəmala müştaq olurlar. Əgər göyçək üzlü cavanlar və pəritələt gözəllər cahillərin tənəsindən və pis yola düşməkdən qorxaraq, xoştəb adamlara yaxınlaşmasalar və kamil adamlar onlara tərbiyə verməsələr, yəqindir ki, gözəllik dövrü keçdikdən sonra nə bunların kəmal əxz etməyə istedadları olar, nə də onların qilü-qal həvəsləri. Bununla da mərifət gözəlinin üzü təqlid pərdəsilə örtülər və heç kim heç kəsə elm və ədəbdən fayda yetirə bilməz.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-rindu-zahid
Use ← → keys to move, R for a random poem
More by this author
Sən nə afətsən mənə, ey əqli-bədfərcam, kim,Bulmaq olmaz surəti-qürbündə asari-nişat.
Ey xacə, gər qulundan oğulluq murad isəEy xacə, gər qulundan oğulluq murad isə,Şəfqət gözilə bax ona daim oğul kimi.
Ey vəziri-mülkpərvər kim, nizami-mülk üçünEy vəziri-mülkpərvər kim, nizami-mülk üçün,İntixab etmiş cəmi’i-xəlqdən sultan səni.
Ey ki, aləmdə məhəbbət adini məzmun edibEy ki, aləmdə məhəbbət adini məzmun edib,Hər zaman bir mahrüxsarın olursan maili.
Poems by other poets
Ey padşahım bir dur,Dərvişi fərəhnak et,
Şair taleyiTaleyin hökmünü bilməlisən sən...Hamının qəlbindən özün halısan.
Get, səni gözüm görməsinHeyf mənim zəhmətimə,Get, səni gözüm görməsin.
Dindar olanın halı pərişan gərək olsunDindar olanın halı pərişan gerək olsun,Əfsürdə-dili, bisərüsaman gərek olsun.