Page 7 of 10 · 60%

Şeir

Bir halda bəşər böyük Allahın,
Sadiq kəlamını rəhbər tutur.

Biz hara, təcrübə etmək hara,
Haqq söz pisi və yaxşını fərqləndirir.

Rind dedi:

– Ey Zahid! Sən güman ilə Allah xalqına töhmət eləmə, xəyal ilə insaf riştəsini əldən vermə, sən nə bilirsən ki, (onların içdiyi) şərab “şeytanın murdar əməlindən” bulanan şərabdır? Bu şərab içənlər o adamlardır ki, onların sərxoşluğundan ülvi ağıl əskilir? Bəlkə bu şərabın hər damlası cəhənnəm odunu söndürməyə səbəbdir? Və bu tayfanın oxuduğu hər nəğmə ülvi aləmin Allaha etdikləri zikrdən ibarətdir?

Şeir

Qədəh qaldıranların rümuz dəryasının dibi yoxdur,
Şərab içənlərin sirr pərdəsinə yol yoxdur,

Kim ayıqdırsa, şərabın nə olduğunu bilməz,
Sərxoş olduqdan sonra öz halından xəbəri olmaz.

Zahid dedi:

– Ey Rind! Bu dediklərin Allah şövqü bəzmində şərab içənlərin rütbəsidir, faydasız xumarların yox. O, maarif aləminin mənasını anlayanların şivəsidir, dünya viranəsinin zahirpərəst adamlarının işi deyil. Abi-həyatı zəhər adlandırma. Haqq sözə batil adı vermə ki, insanın nəfsi özünə təsəlli vermək üçün hər pisə yaxşı adı qoyar və xəta işi öz xeyrinə çevirməklə nicat müjdəsi verər. Nə özüm bu məclisə gedirəm, nə də sənə öz ixtiyarımla icazə verərəm.

Mən hara, xərabat yolu hara?

Bu məsləhət mübarək deyil. Əgər sən bunu arzulayırsansa, “Bu səninlə mənim aramda bir ayrılıqdır”.

Rind dedi:

– Ey Zahid! Bu məsələdə haqq sənin tərəfindədir. Çünki meyxanəyə rəğbət etmək sənin adətinin əksinədir. Bu adətin əksinə iş görmək ən böyük müsibətdir. İndi ki, qeyd tozu sənin etibar aynanı tutub və təqlid zənciri getmək ayağını bağlayıbdır, səninlə bu camaat arasında tam bir əkslik vardır. Sən onlara nifrət etdiyin qədər onlar da səndən qaçırlar. Amma mən bu cəmiyyətin təbiətini imtahan məhəki ilə yoxlamayınca və onların üzündən şübhə pərdəsini açmayınca, mahaldır ki, təqlid xatiri üçün onların söhbətindən uzaq olam və onların məclisindən kənar gəzəm. Bir saat bir guşədə otur, iztirabın əvəzinə səbr et, ta mən içəridəkilərin halını mülahizə edim, az müddətdən sonra əhvalatı öyrənib oradan çıxım.

Şeir

Ey pak gövhər, mən bir səfərə mail olmuşam,
(Bu) səfərdə ağıl sərmayəsi mənimlə yoldaşdır.

Ümidvaram ki, bu səfərdən zərər çəkməyəm,
Hər sərmayəni, həm də mənfəəti nəzərə alam.

Zahid Rindin istedadına etimad etdiyindən həddi-büluğa çatdığına görə günaha mürtəkib olmayacağını nəzərə alıb, onun meyxanəyə girməsinə icazə verdi.

Rind rindlər kimi meyxanəyə qədəm qoydu. Meyxanənin yuxarı başında bir qoca gördü. Qoca meyxanəni öz vücudu ilə zinətləndirmişdi. Hər kim hər nə istəyirdi ondan ala bilərdi. Bu qoca camın güzgüsündən bixəbər məstlərə gah kainatın əhvalından xəbər verir, gah mütrüb nəğməsində dünyanın sirr pərdələrini açırdı.

Gözəlləri gözəlliyin həmişəlik olmamasından xəbərdar edir və aşiqlərin məhəbbətini onların ürəyinə salırdı. Saqilərə dövrün tez keçməsindən xəbər verir və sürur qədəhlərini gəzdirməyi onlara tapşırırdı.

Şeir

Batini aydın, ürəyi saf bir qoca.
Onun rəyi hər müşkülü asan edirdi.

O təhqiq xəzinəsinin açarını göstərən idi,
Sirlər gövhərinin xəzinəsini açan idi.

Onun böyük adı eşqin zinəti idi,
Ağıl ona bəndə olduğu üçün fəxr edirdi.

Onun nəzəri qədəhi mərğub etmişdi.
Onun himməti, üzüm tənəyi kimi, hər kəsi

Torpaqdan götürüb, ləl sahibi etmişdi.

Elə ki, Rindin gözü qocanın nurani üzünə düşdü, fəsih dil ilə salam verdi. Qoca məhəbbətlə salama cavab verdi. O, təzə açılmış çiçəyi görəndə gül kimi açıldı və dedi:

– Ey cavan, nəzərimə qərib gəlirsən. Nə istəyirsən, haradan gəlirsən? Əgər yolunu itirmişsən, yol göstərməyə başlayım? Əgər bir başqa ehtiyacın var, buyur, yerinə yetirim.

Şeir

Ey uşaq, bizim əqidəmizdən xəbərdar deyilsən,
Güman edirəm, səhvən bura yolun düşüb.

Əgər yolu səhv edibsən, budur düz yol,
Əgər bizi istəyirsən, otur, bismillah.

Rind dedi:

– Ey qoca! Mən bir müşkül işə düşmüşəm və heyrətdəyəm. Deyirlər meyxanə şeytanın şərarətləri ilə dolu bir yerdir. Şərab isə insanın itaət evinin bünövrəsini xarab edən bir cinsdir. Kim Allaha yaxınlaşmaq istəyir, gərək bu evdən uzaqlaşsın. Kim ki, itaət feyzi ilə xoşbəxt olubdur, bu cinsə yaxınlaşmağa nifrət etməlidir. Çox təəccüb edirəm ki, sən bu ağlınla belə məclisdə olmağa rəğbət bəsləyirsən? Bu zirəklik və kamilliklə bu cins ilə ünsiyyəti bəyənirsən?

Şeir

Meyxanə fitnə, fisq və şər məqamıdır,
Mey insanın ağlının pozulmasına baisdir.

Təəccüb edirəm ki, bu yaman fəsadlardan
Sənin kimi müdrik necə xəbərsizdir?

Qoca dedi:

– Ey uşaq, o yerin sifətlərini mən nə eşitmişəm, o cinsə (şəraba) baş vurub dərinliyinə mən də çatmışam. Təriqət yolunu gedənlər o yeri fəsad evi adlandırır. Həqiqət fənlərinin arifləri o cinsi fəsad xəmirmayəsi hesab edirlər. Allaha şükür ki, mən oraya ayaq basmamışam, o cəmiyyətin tələsinə düşməmişəm. Hansı bədbəxtdir ki, gözəl ağlını və anladığı o cinslə məşğul olub əldən versin? İki dünyanın ziyankarlıq dağını özündən xəbərsizlik atəşi ilə öz ciyərinə bassın?

Şeir

İnsan şərəfinin kamalı ağıldır,
Ağıl, Allahı tanımağın əsasıdır.

Hayıfdır ki, bu ali-binanın bünövrəsi
Şərab selindən xarabaya çevrilsin.

Rind dedi:

– Ey qoca! Bu yer ki, varındır, nə yerdir və camında olan bu cinsin adı nədir? Burada oturanları iki dünyadan asudə və bu cinsə mürtəkib olanları sirləri anlamaqda bacarıqlı görürəm.

Şeir

Şərab həmişə fitnə-fəsadın mənşəyidir,
Onun üçün şəriətdə haram olub.

Ey saqi, sənin qədəhin fitnələri aradan qaldırır,
Şərab deyil, bəs bu qədəhdəki nə cinsdir?

Pir dedi:

– Ey uşaq! Mənim mənzilim şəfa evidir. Onda dərd əhlinin dərdlərinə dərman tapılır. Bil ki, ruhun bir qorxulu xəstəliyi var, o da şeytanın vəsvəsəsidir. Vəsvəsənin də maddəsi cismani ləzzətlərin və heyvani şəhvətlərin möhkəmlənməsidir. Bu xəstəliyin əlaməti budur ki, insan bir an da dünya qəmindən asudə olmayıb, həmişə fikirdədir. Bəziləri cənnət nemətləri, huri-qılman arzusu ilə qərəzli ibadətə və yalandan itaətə məşğuldurlar. Bu, onları həqiqətdən və həqiqəti öyrənməkdən uzaq salır. Bəziləri isə cah-calallarını və mal-əmlakını çoxaltmaq məqsədi ilə yanlış tədbirlər və yalan fikirlərə düşürlər, əsl məqsəddən məhrum olurlar. Allaha şükür ki, bu xəstəlikləri müəyyənləşdirmək qapıları mənim üzümə açıqdır. O xəstəlikləri müalicə etmək mənim tədbir şərbətimdədir. O əhli-dərddən hansını xoşbəxtlik mənim yanıma gətirsə, onu sağaltmağı mənə tapşırsa, xarab dünyanın əlaqələrindən pəhriz verməklə faydalı şərab şərbəti ilə onun beynini və vücudunu sağaldaram. Sonra sazın ruh oxşayan səsi və gözəllərin ruhpərvər sözlərindən ona yedirərəm, tainki halı az bir müddətdə düzələr, iki dünyadan da əl götürər, dostdan, dostluqdan başqa bir şey axtarmaz. Allahın mülkündə Allah yolundan başqa bir yola getməz.

Şeir

Axirət işlərinin fikri cana bir dərddir,
Dünyanın işləri ürəyə bir yükdür.

Sərxoşluqda elə ki, ağıldan (yaxanı) qurtarırsan
Xoşbəxtsən ki, həm dünyadan, həm axirətdən (canını) qurtarırsan.

Rind dedi:

– Ey qoca, dərdliyə dərman müjdəsi verdin. Ürəyi yaralının yarasına məlhəm qoydun. Bunu bil ki, indiyə qədər asudəlikdən başqa bir işim yox idi və dünyanın bütün varlığını yoxluq güman edirdim. Bir neçə gündə etibar sahiblərinin nəsihəti və dünya əhlinin tənələri nəticəsində həm dünya dəğdəğəsindəyəm, həm axirət qorxusunda. Nə gündüzlər dünya fikrindən bir iş görə bilirəm, nə də gecələr axirət fikrindən asudəçiliyim vardır. Sən Allah, bir çarə tap, məni bu təhlükədən qurtar. Hər kimə dedim, xəstəliyimi anlamadı, layiqincə çarə etmədi.

Şeir

Dünya fikri ürəyimdən rahətliyi almışdır,
Axirət qorxusu məni arıqlatmışdır.

Hər kəsdən bu işin çarəsini soruşdum,
Onu özümdən yüz dəfə biçarə gördüm.

Qoca dedi:

– Ey Rind, bil ki, insan təbiəti anlamaq dərəcəsinə satsa və insanın nəfsi dünya varlığı ilə əlaqəyə girsə, o zaman əgər bu od söndürülməsə və əksinə, daha da qüvvətlənsə, onu söndürmək çətin olar, dünya və axirət səndən təngə gələr. İndi sən gərək etibar axtaran zahidlərlə görüşməkdən çəkinəsən, dünya sevən sərxoşlardan uzaqlaşasan. Bir sevgiliyə tamaşa etməklə dünya işlərindən rahat və bir qədəh şərabın nəşəsi ilə axirət qorxusundan xəbərsiz olasan.

Şeir

Əgər bu xarabə dünyada meyl etməsən,
Axirət qüssəsi ürəyinin tabü təvanını almasa,

Əzab və hesabdan təkcə sən yox,
Dünya əzabdan, axirət hesabdan qurtarar.

Rind dedi:

– Ey Qoca! Mehriban sözlər dedin. Rahətlik incilərini deşdin. İndi ki, mənə nicat vədi verdin, intizarda qoyma.

Şeir

Saqi, elə bir şey ver ki, məndən qüssəni aparsın,
Məni varlıqların qüssə-qeydindən qurtarsın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets