Baharın abü həvasından istifadə üçün,
Müseyrələrdə xüramidədir əhali bütün.

Nəsimi-ətri-şəmim əsmədə xəfif-xəfif,
Saçar məşamə füyuzatını lətif-lətif.

Bəhari-şə’şəəbarın həvayi-səfvətini,
Duyardı seyr qılan didələr təravətini.

Gəzir nəzakət ilə mərdü zən, siğarü kibar,
Çoluq-çocuq qoşuyor hər tərəfdə misli-həzar.

Kimi qonuşmadadır yari-qəmküsari ilə,
Kimi düşünmədədir qəlbi-qüssədari ilə.

Kimi qünudeyi-fikrət, qəriqi-bəhri-xəyal,
Kimi rübudeyi-səbrü vəsilətcuyi-vüsal.

Həyatdən kimi olmuş cərihədari-ələm,
Zəbuni-dəsti-məsaib, əsiri-pənceyi-qəm.

Kimi tükənməz ələmlər ələddəvam əzər,
Kimi mənim kimi laqeydü laübali gəzər.

Kimi cəlisi-nişimən, ənisi-hurliqa,
Baxanda xatirə gəlməkdə xüldzari-bəqa.

Təbəq-təbəq kimi tutmuş əlində qönçeyi-tər,
“Gözəl çiçək, güli-növdür...” – mədihələr söylər.

“Gözəl çiçək, alınız” cümləsilə guyandır,
Şu güllər işdə səfabəxşi-bağı-vicdandır.


Şu qönçə dəstələri zibbəxşi-saneyi-hur,
O şanlı yerdə olur xəndəriz zövqü sürur.

Dəmətlər olmada pirayəbəxşi-dəsti-məhan,
Dəmətlər olmadadır busədari-güldəhənan.

Dəmətlər olmada avizə zülfi-zibadə,
Bir ataşin topa bənzər ləyali-leyladə.

Budur nümuneyi-darülqərari-hürriyyət.
Tərənnüm eylə, oxu, ey həzari-hürriyyət!

Şu səmtdən oluyor musiqi təranənəvaz,
Simaxi-müstəmiinə olur təninəndaz.

Edincə əhviyəsin gah-gah musiqi pəst,
Gəlirdi guşimə guya tərənnümati-ələst.

Nəvayi-musiqə etməkdə dilləri təhziz,
Nişat, şövq, şətarətlə ruhlar ləbriz.

Gəlincə naləyə birdən dəhani-musiqar,
Dəruni-musiqədə san ötər həzari-bəhar.

Bir, iki, üç çocuq əldə caridələr tutuyor,
Onu bitirmək üçün hər tərəf gəzir, qoşuyor.

Çocuqlar olmada yer-yer qədəmnəhadi-xüram,
Deməkdə hər birisi: işdə “ruznameyi-şam!”

Alır, oxurdu əcanib kəmali-ləzzət ilə,
Yanında dinlər idi həmdəmi məhəbbət ilə.

Görünməyirdi fəqət bir caridəyi-islam.
Bu hal qəfləti-islamı göstərirdi təmam.

Böyük, kiçik hamı dildadeyi-kəmalət idi,
Bütün əhaliyi-islam qəriqi-qəflət idi.

Gəzərdi sərsəriyanə, səfilü avarə,
Bütün əsiri-əyadiyi-nəfsi-əmmarə.

Bu hala qarşı təhəssürlə giryəbar oldum,
Tutuşdu odlara könlüm, püriztirar oldum.


Oturmuş idi şu bir yanda düxtərani-səğir,
Kitabı zinəti-ağuşi-istifadə edir.

Ələddəvam səhaiflə iştiğaldə həp,
Qəriqi-bəhri-xəyal idi, sərbəduşi-ədəb,

Çəkib səhifələri pişgahi-əzhanə,
Bu mənzərə veriyordu hüzuz insanə.

Nə mənzərə, nə məlahətli bir həqiqətdir!
Bu görüş işdə lətafətnümayi-cənnətdir.

Buna nə gözlə baxır çeşmi-millət, ey əfsus,
Şu məktəbi-mədəniyyətdən almıyormu dürus?

16 iyun

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets