Kəblə Rəcəbəlinin evində bir otaq. Otağa fərş döşənmiş, bir masa, üç sandalya. Sol
tərəfdə bir çarpayı qoyulmuş. Kəblə Rəcəbəli qabağında canamaz, dizləri üstündə çökmüş,
namazını qurtarır.

Kəblə Rəcəbəli. Əssəlamü əleyna və əla ibadüllahül salihin, əssəlamü əleyküm və rəhmətüllahü və bərəkatü. (Salavat çevirib, durub canamazı büküb bir kənara qoyur. Əmiraslan, Mirzə Heydər və yoldaşı Simonla daxil olur. Kəblə Rəcəbəli onları görüb) Paho, ay oğul, haradan gəldin?

Əmiraslan. Ata, məktəb yoldaşlarımızla buraya iki günə səyahətə gəlmişik. Yoldaşlarımıza kənd məktəbində yer verdilər. Mən də müəllimlə bu yoldaşımı evimizə qonaq gətirdim.

Kəblə Rəcəbəli. Xoş gəliblər. (Hər ikisinə əl verir.) Xoş gəliblər. (Müəllimə) Siz bunun müəllimisiniz? Çox gözəl. İsminiz nədir?

Mirzə Heydər. İsmim Heydərdir.

Kəblə Rəcəbəli. Mirzə Heydər. Çox gözəl. (Oğluna Simonu göstərir.) Bu da sənin yoldaşındır? Çox gözəl!

Əmiraslan. Bəli, bununla ikimiz bir skamyada otururuq. Oynayanda da bir yerdə oynayırıq. Bir-birimizi də çox sevirik.

Kəblə Rəcəbəli. Çox gözəl! Çox gözəl! Di əyləşin. Çörəyimiz hazırdır, yəqin acsınız...

Mirzə Heydər. Çox razıyam, kəbləyi, kənd məktəbində bizim gəlməyimiz məlum olduğundan, bizim üçün yemək hazır olunmuşdu. Mən də, uşaqlar da doyunca yemişik. Bu saat iştahamız yoxdur.

Kəblə Rəcəbəli. Çox gözəl. Axşam üçün tədarük görərik. (Oğluna) Bəs bu yoldaşın kimlərdəndir?

Əmiraslan. Bunun atası bir yaxşı kişidir. Tez-tez bunlara qonaq gedirəm. Anası çox dadlı şeylər bişirir. Adı Simondur.

Kəblə Rəcəbəli. Simon?! (Qeyzli) Çox gözəl, çox gözəl! Əstəğfürullahu rəbbi və ətubö ileyh. (Cəld gedib yuyunacaqda əllərini sabunla yuyub, suya çəkir.) Kafir oğlu, bunu mənə qabaqca de, mən də əlimi murdarlamayım.

Əmiraslan. Ata, bunun əlinə nə olmuş ki? Bunun əlləri mənim əllərimdən də təmizdir. Biz məktəbdə gündə dörd-beş dəfə əllərimizi sabunla yuyuruq.

Kəblə Rəcəbəli. Əlləri təmizdir! İndi görürəm sizə nə tərbiyə verirlər. Çox gözəl, çox gözəl!

Mirzə Heydər. Kərbəlayı, bu sözlərin axırı bir qədər biz müəllimlərə toxundu.

Kəblə Rəcəbəli. Bəli! Nabaliğ uşaq öz təklifini anlamaz. Onu anlatmaq lazımdır. Bu da müəllimlərin borcudur. Uşağa birinci lazım olan onun əhkami-şəriyyəsidir. Bundan da görürəm mənim oğlumun kökündən xəbəri yoxdur. Mən bilsəydim, onu evimdən kənara qoymazdım. Əgər uşaqların hamısına belə tərbiyə verirsinizsə, mərhəba, çox gözəl, çox gözəl!

Mirzə Heydər. Kəbləyi, uşaqlar getsinlər, sonra bu xüsusda söhbət edərik. (Əmiraslana) Yoldaşlarınız dənizə çimməyə getdilər, sən də yoldaşını götür get. Mən də siz gəlincə burada atanla söhbət edim. Əmiraslan (yoldaşına). Simon, gedək!

Simon. Gedək.

Hər ikisi gedirlər.

Mirzə Heydər. Kəbləyi, uşaqlar getdilər. İndi biz rahat söhbət edə bilərik. Buyurun görək, bizim tərbiyə verməmizdə siz nə qüsur görürsünüz?

Kəblə Rəcəbəli. Tərbiyəniz başdan-başa qüsurdur. Siz bunlara dərsləri nə dildə verirsiniz?

Mirzə Heydər. Bizim məktəbimiz beynəlmiləldir, amma biz dərsi hər millətə öz ana dilində veririk. Türklərə türk dilində, ruslara rus dilində, ermənilərə, həmçinin, öz ana dillərində.

Kəblə Rəcəbəli. Beynəlmiləl nə deməkdir?

Mirzə Heydər. Yəni bu məktəbdə hər millətin balaları var. Hamısı birlikdə dərs oxuyurlar.

Kəblə Rəcəbəli. İndi mən hər işi anladım. Çox gözəl! Çox gözəl! Atı atın yanında bağlarsan, ya halını götürər, ya xasiyyətini. Siz mənim oğlumu öz əhkami-şəriyyəsindən, dini məsələlərdən uzaqlaşdıranda o da, əlbəttə, bir xarici balasının əllərinə təmiz deyəcək. Çox gözəl, çox gözəl!

Mirzə Heydər. Kəbləyi, dünyada müsəlman dili, ya xristian dili yoxdur. Millətlərin dilləri var. Sənin oğlun türk balasıdır. Dili də türk dilidir. Bizim məktəbdə nəinki ona, hətta onun xarici dediyin yoldaşlarına da türk dili öyrədirik.

Kəblə Rəcəbəli. Mirzə, siz bizim kimi adamlara avam deyirsiniz, nə eybi var? Çox gözəl. İndi mən bir neçə söz deyim, sən də mültəfit ol.

Mirzə Heydər. Buyur!

Kəblə Rəcəbəli. Mən özüm, rəhmətlik Mirzə Hüseynin mollaxanasında oxumuşam. Bəlkə eşitmiş olasan.

Mirzə Heydər. Mən eşitmişəm. Mənim atam da onun mollaxanasında oxuyubdur. Onun dərs verməyini çox tərif edərdi.

Kəblə Rəcəbəli. Atan vəfat eləyib, ya sağdır?

Mirzə Heydər. Xeyr, sağ deyil.

Kəblə Rəcəbəli. Allah rəhmət eləsin. Bəli, mən Mirzə Hüseynin mollaxanasında neçə il dərs oxumuşam. Bizə gözəl Quran oxudardı, namaz öyrədərdi. Səhviyyat, müşkülat, təmzik, hamısını öyrədərdi. “Cameyi Abbas”, “Əvvabül cənnat” kimi ehkam kitablarını oxuyub cəm müsəlmana lazım olan təkliflərdən xəbərdar olurduq. Amma sizin tərbiyəniz tərsinədir. Siz bizim balalarımızı xarici balalarına qarışdırıb, onları gəldikcə müsəlmançılıqdan uzaqlaşdırırsınız. Mən gözümün ağı-qarası olan bir oğlumu belə məktəbdə oxudub cəhənnəmin odunu bu dünyada özümə qəbul etməyəcəyəm.

Mirzə Heydər. Kəbləyi, sözünüzü qurtardınız ya yox?

Ədib “türk” deyəndə azərbaycanlını nəzərdə tutur

Kəblə Rəcəbəli. Bəli, qurtardım.

Mirzə Heydər. İndi icazə verin bir neçə kəlmə mən də danışım.

Kəblə Rəcəbəli. Buyur danış, çox gözəl!

Mirzə Heydər. Kəbləyi, Bakıda 1905-ci ildə vaqe olan ermənitürk qırğını xəyalınızdadırmı?

Kəblə Rəcəbəli. Çox gözəl xəyalımdadır, nə olsun?

Mirzə Heydər. O qırğın Mirzə Hüseynin tərbiyəsinin nəticəsi idi.

Kəblə Rəcəbəli. Əcəb söz dedin! Çox gözəl! Necə, Mirzə Hüseyn deyirdi gedin erməniləri qırın?

Mirzə Heydər. Yox, Mirzə Hüseyn demirdi, onun verdiyi tərbiyə deyirdi. Rica edirəm mültəfit olasınız.

Kəblə Rəcəbəli. Çox gözəl, buyur.

Mirzə Heydər. Siz bunu yəqin edirsinizmi ki, insanlar hamısı anadan bir çifətdə doğulurlar?

Kəblə Rəcəbəli. Doğrudur, sonra?

Mirzə Heydər. Sonra uşaq keçir mollanın, keşişin ya xaxamın əlinə. Bu şəxslər öz mənfəətlərini mülahizə edib, millət təfavütü məsələsini araya salırlar. Bunlar durub desələr ki, insanlar hamısı qardaşdırlar, o vaxt millətlər əl-ələ verib onların hamısından uzaq qaçarlar və onlar meydanda tək qalıb, cəm mədaxillərindən məhrum olarlar. Siz Simona əl verdikdən sonra gedib əllərinizi suya çəkdiniz. Nə səbəbə? Guya onun əli murdardır. Nə səbəbə onun əli murdardır? O, xaricidir. Molla belə buyurur, keşiş də belə buyurur, xaxam da belə buyurur. Hər birisinin nəzərində o biri millətlər murdardırlar və onlarla mülaqat haramdır. Beləliklə millətlər arasında təfriqə salıb özlərinə mürid cəm edirlər. Əllərindəki silah da ancaq dİndir. Belə təfriqədən burjua hökumətləri isə istifadə edirlər. Hökumətlər ruhanilərin millətlər arasına saldıqları təfriqəni daha da qızışdırıb inqilab və üsyan qarşısını almaq üçün millətləri bir-birlərinə qırdırırlar. Bu səbəbdən erməni-türk qırğını Qafqazda vaqe oldu. Rus keşişlərinin və çar hökumətinin təhriki ilə Rusiyanın neçə şəhərlərində yəhudiləri talan etdilər. İngiltərə hökuməti üç yüz milyon əhalisi olan Hindistan məmləkətini ancaq millətlər arasına təfriqə, nifaq və qırğın salmaqla əlində saxlayır və bu işdə ruhanilər hökumətə sədaqətlə qulluq edirlər. Bu siyasət burjuaziya ölkələrində İndi də yeridilməkdədir. Ancaq bir tək Şuralar İttifaqında hamı millətlərin qardaşlığı, birliyi və əl-ələ verib sosializm yolunda birlikdə işləmələri elan olundu və Şura Ittifaqında millətlər qırğını heç vaxt vaqe ola bilməz. Yol bir, məqsəd bir, əqidə bir olduqda arada nifaq mümkün deyil.

Kəblə Rəcəbəli. İndi sənin deməyinlə, mənlən Vartazarın biri qardaşdır? Çox gözəl, çox gözəl!

Mirzə Heydər. Burada Vartazar söhbəti yoxdur. Vartazarla sənin aranda divar çəkən həmin ruhanilərdir, din silahı ilə ortalığa çıxıblar. Bu silah onların əlindən alınarsa, səninlə Vartazarın qardaşlığına şəkk qalmaz. Dünyada müharibələrin qət olunmasına və asayişin hər bir yerdə bərpasına millətlər qardaşlığı səbəb olar. Bu şüar Şura hökumətinin ən birinci şüarıdır.

Kəblə Rəcəbəli. Çox gözəl, çox gözəl! İndi siz mollanı, keşişi kənara qoyub, uşaqlara qardaşlıq dərsi verirsiniz? Aya, xudanəkərdə, mənim oğlumun ayağı büdrəyib yıxılsa, onun sevgili qardaşı onun qolundan yapışıb durğuzarmı? Atamın goru üçün birinci təpik vuran o olar. (Bayırdan səs-küy eşidilir. Kəblə Rəcəbli qapını açıb baxır və birdən qışqırır.) Ax, evim yıxıldı, başıma daş düşdü, gözümün işığı, belimin qıvvəti bircə balam əlimdən getdi.

Mirzə Heydər. A kəbləyi, sizə nə oldu?

Kəblə Rəcəbəli. Kəbləyinin evi yıxılsın, budur balamın meyitini gətirirlər.

Mirzə Heydər. Meyit nədir? Nə danışırsınız? (Çıxır eşiyə.)

Pəricahan (içəri otaqdan hövlnak çıxır). Oy, oy!.. Vaxsey!.. Başına daş düşsün, canım? Atayın evi yıxılsın, canım! Ay balam, ay gözəl balam, axır sənə nə oldu?

İki nəfər kişi, yanlarında bir neçə məktəb uşağı,
Əmiraslanı otağa gətirirlər.

Mirzə Heydər (daxil olur). Bacı, qorxmayın, nahaq yerə qışqırıq salmayın. İndi ayılar. Yorğan-döşək hazır eləyin. (Çarpayının üzərindəki yorğanı kənar edib Əmiraslanı uzadırlar.)

Pəricahan (məktəb uşaqlarına). Ay oğullar, bircə deyin görüm, mənim balama nə oldu?

Məktəbuşağı. Xala, biz hamımız dənizdə çimirdik Əmiraslan da çimirdi. Çİmdiyi yerdə bir dərin yerə düşüb batdı. Biz hamımız əlimizi üzdük.

Simon da dənizin kənarında sudan çıxıb özünü günə verirdi. Bunu görən kimi özünü suya atıb yox oldu. Bir də gördük Əmiraslanı başına almış sudan çıxdı. Biz Əmiraslanın qolundan yapışdıq. Simon istədi çıxsın, Əmiraslanın ağırlığından ayağı sürüşüb batdı dənizə. Bir lotkaçı çox çətinliklə onu da çıxartdı. İndi gətirirlər.

Əmiraslan (gözlərini açır). Ana, qorxma, ölməmişəm! Simon necə oldu, sağdırmı?

Məktəbuşağı. Sağdır, budur gətirirlər.

Simonu gətirirlər.

Kəblə Rəcəbəli. Gətirin buraya. Arvad, yer sal! Sənə Qurban olum, ay bala! Mənim oğlumu təzədən mənə verdin.

Əmiraslan. Mənim çarpayımın üstünə qoyun.

Simonu çarpayının o biri başında uzadırlar.

Məktəbuşağı (Kəblə Rəcəbəliyə). Əmi, Simon olmasaydı,

Əmiraslan əldən getmişdi.

Kəblə Rəcəbəli. Əmiraslana da Qurban olum, sənə də, Simona da.

Simon (gözlərini açır). Əmiraslan hanı?

Əmiraslan. Burdayam, Simon, sən necəsən?

S i mo n. Yaxşıyam, heç zad olmaz.

Kəblə Rəcəbəli. Hər ikinizə qurban olum! İkiniz də sağalarsınız. Mənim oğlum İndiyədək bir idi, İndi deyərəm iki oğlum var. (Simonun alnından öpür.)

Mirzə Heydər. Mən gedim telefonla Simonun atasına xəbər verim. (Kəblə Rəcəbəliyə) Kəbləyi, Şura hökumətinin mən dediyim beynəlmiləl tərbiyəsinin nəticəsi budur! Yoldaş yoldaşını fəlakətdən qurtarmaq yolunda canından keçir. Əgər bunlar molla, keşiş, ya xaxam tərbiyəsi almış olsaydılar, sən deyən kimi bar-birinin ayaqlarından çəkərdilər.

İndi mən yəqin edirəm ki, mənim dediyim sözləri dürüst düşündünüz.

Kəblə Rəcəbəli. Dürüst düşündüm. Çox gözəl düşündüm. Çox gözəl!

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Tərcümeyi-halım

Təvəllüdüm 1870-ci ilin may ayının 4\17-ci günündə Şuşa şəhərinin 20 kilometrliyində vaqe Ağbulaq kəndinin civarında Dolus bulağı adlanan çeşmənin kənarında. Atam Əsəd bəy və anam Hüsnü Cahan xanımdır. Üç yaşında ikən atamı qeyb edib, yetim qalmışam və məni əmim Əbdülkərim bəy öz təhti-tərbiyəsinə almış. Atamın vəfatından üç sənə sonra anam kənd çinovniki Həsənəli bəy Sadıqova ərə getmiş. Bu izdivacdan əmim narazı olduğundan, üç sənə mənim anamı evinə qəbul etməyib, mənə də onunla görüşməyi qadağan etdi. Neçə sənə əmim evində qalmaq mənim üçün bir əzab idi. Əmimin arvadı bir yandan və qardaşı oğlu bir yandan əmimdən bixəbər mənə olmazın əzablar verirdilər. Əmimə şikayətlənməkdən qorxurdum. Çünki şikayətdən sonra ikiqat əzabını alacaq idim. Axır bir gün davam etməyib ayaqyalın, başıaçıq birbaş anamın yanına qaçdım. Anamın ikinci əri məni öz oğlu kimi qəbul edib, həqiqətdə öz oğlundan ayırmayıb, mənim tərbiyəmlə məşğul oldu və mən o kişinin tərbiyəsi sayəsində oxuyub 1890-cı sənədə Şuşada və 1891-ci sənədə Tiflisdə realni məktəbi bitirib ali təhsil üçün Peterburqa getdim. Peterburqda əvvəl Yollar institutuna daxil olub və sonra bir para səbəblərdən oradan darülfünunun Şərq şöbəsinə keçib, 1899-cu sənədə ikmali-təhsil alıb Qafqaza qayıtdım. İki sənə Şuşada qalıb 1901-ci sənədə Bakıya köçdüm. Üç sənə burada müəllimlik vəzifəsi daşıdım. 1904-cü sənədə dübarə Şuşaya qayıdıb, orada bələdiyyə idarəsi üzvlüyünə intixab olundum. 1906-cı sənədə birinci padşahlıq dumaya Gəncə quberniyası tərəfindən məbus getdim. Duma qovulduqdan sonra “Nadejda” sığorta və nəqliyyat cəmiyyətinin müfəttişi vəzifəsini alaraq Qafqaza qayıdıb Gəncədə sakin oldum. 1908-ci sənə “Nadejda” cəmiyyəti dərşikəst oldu və məni Hacı Zeynalabdin Tağıyevin paroxodstvasına müfəttişlik vəzifəsinə təklif etdilər. Bu axır vəzifələr mənə Zaqafqaziyanın və İranın çox yerlərini siyahət edib qiymətli məlumat almağıma səbəb oldu.1911-ci sənədə “Tağıyev-Behbudov” keyfiyyətindən dolayı qulluqda olan qarabağlıları və o cümlədən məni paroxodstvadan ixrac etdilər (bu xüsusda İndi də əlimdə sənəd var). Paroxodstvadan xaric olandan sonra Ağdama köçüb orada 1916-cı sənəyədək yaşayıb ədəbiyyatla məşğul oldum. 1916-cı sənədə məişətimizin ağırlaşmasına görə Tiflisə gedib orada “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsinə qəbul oldum və “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsi əxbarının rus dilində aylıq jurnalının müdiriyyətini mənə həvalə etdilər. Fevral inqilabından sonra Tiflis icraiyyə komitəsinin və onun mərkəzi şurasının üzvlüyünə intixab olundum. Həmin ilin mart ayında Borçalı qəzasına komissar intixab olunub Şulaver qəsəbəsinə gedib, bir il yarım orada işlədim. Zaqafqaziya xüsusi cümhuriyyətlərə ayrıldıqdan sonra gürcü hökuməti idarələri milliləşdirməyi qərara aldı. O səbəbdən işlədiyim idarəni gürcülərə təhvil verib Tiflisə qayıtdım. Tiflisdə azərbaycanlılar üçün təzə açılmış ali-ibtidai məktəbə inspektor təyin olunub yenə müəllimliyə üz qoydum. Həmin sənənin oktyabrında Gürcüstan parlamanına Tiflis azərbaycanlıları tərəfindən göndərilən dörd məbusun biri mən oldum. 1919- cu sənədə Gürcüstan parlamanı əvəzinə məclisimüəssisan çağırıldı.

7 min
Bizim yabılığımız

Məlumdur ki, dünyada cins at var. Bir cinsə köhlən, o birisinə yabı deyirlər. Köhlən at ilə yabının təfavütünü hamı bilir. Ona görə artıq təfsilata bu barədə ehtiyac yoxdur. Köhlən atlar aristokrat hesab olunurlar. Onların yeməyinə, içməyinə, tövləsinə həmişə artıq diqqət olunur. Bəzi köhlənə üçdörd nəfər adam qulluqçu təyin edirlər. Köhlən atlara gözəl yerlər ararlar, baha qiymətə alınmış çullar ilə onların lətif bədənlərini örtərlər. Köhlən atın qiyməti üç yüz manatdan tutmuş neçə minəcən gedər. Bir neçə il bundan irəli padşahlıq at zavodu üçün bir ata iki yüz min manat pul verib ingilisdən alıb gətirdilər.Atın köhləni ancaq minik üçün və ya müzəyyən faytonlara və karetalara qoşulmaq üçün saxlanılır. Ağır işə köhlən atı nəcib olmağına görə salmazlar. Ağır işlər, arabalar və yüklər üçün də yabı saxlarlar. Yabının biri alınır otuz manatdan tutmuş altmış manatacan. Yabının yeməyinə, içməyinə artıq diqqət olunmaz. Ayda bir dəfə tumarlanmaz, həmişə belində bir ağır palan, görürsən gah çuval altında, gah səbət altına gedir.

3 min
Tənqidə tənqid

Düşənbə günü Hacı Zeynalabdin Tağıyevin teatrında oynanan mənim “Ağa Məhəmməd şah Qacar” sərlövhəli əsərim barəsində bir qəzetə bir böyük tənqid yazmış. Tənqid nə dil ilə yazılıb, oxucular özləri görürlər və mənim haman dildə ona cavab verməyimi özümə naşayistə bilib, yenə söz demək istəyirəm.Əlbəttə, hər bir təsnif barəsində hər şəxs öz təsəvvürünü yazmaqda və danışmaqda hurdür. Amma şəxsiyyətə toxunmaq, şəxsiyyət haqqında iftira, böhtan və yalan danışmaq ədib sifəti deyil.

4 min
İki il

İki ildir ki, Sabirimiz əlimizdən gedib. İki ildir ki, Hophopumuz mollanümalara, zalım bəylərə, camaat qanı soran tacirlərə, millət qanını şüşəyə tutduran xanlara, on dəfə Qurana and içib, andını pozub, axırda məclisi-millini topa tutduran şah rahatlıq verməyinin səsi kəsilib.Övrətlər oxuyarlar: düşmənə xəbər olsun – hasil diləklər. Düşmən sevinir.

2 min

Poems by other poets