Əziz Şərifə
Page 3 of 3 · 67%
8.ıı.31
8
Əziz qardaşım!
Ərzi-salamdan sonra sentyabr ayının ortalarında Kislovodskdan gəlib Sona xanımın qardaşının vəfat xəbərini eşitdim və haman saat sənə və Sona xanıma bir təziyət məktubu göndərdim. Məktubumun çatdığı xəbərini almadımsa da, yenə çatdığına şəkkim yoxdur. Məni bir məsələ heyrətə salır: bir neçə gün bundan əqdəm Adil Hacızadə Tiflisə gedirdi. Ondan sənə salam göndərmişdim. İki gün irəli Hacızadə ilə görüşdüm və onun danışığından belə məlum oldu ki, sən oktyabr bayramlarında üç gün Bakıda olubsan və gəldiyini mənə xəbər verməyibsən.
Mən bunun mənasını anlamıram. Ancaq anlamaq istərdim. Sən həmişə Bakıya gələndə birinci axtardığın mən olmuşam. Həmçinin mən Tiflisə gələndə birinci aradığım sən olursan. Bakıda qalıb, üç gündə bir dəfə də mənimlə görüşməməyindən belə anlaşılır ki, məndən rəncidə xatir olubsan. Bu rəncidə xatirliyin səbəbini bilsəydim, yaxşı olardı. Sən bunu yəqin et ki, mən səni qardaşdan, oğuldan artıq istəyirəm, ona görə bu keyfiyyət mənə çox təsir edir. Əlbəttə, bu məktub sənə çatan kimi, mənə cavab yazıb, məni şəkdən çıxarasan. Səni və balacaları öpüb məktubun cavabını gözləyirəm.
Qardaşın Əbdürrəhim
18.xı.31
9
Əziz qardaşım!
Kağızını neçə vaxtdır almışam. İndiyədək cavab yazmadığıma iki səbəb var. Birisi Tiflisə gəlmək imkanı, dekabrın iyirmisindən sonra Tiflisdə dram cəmiyyətlərinin iclası olmalı idi. Xəyal etdim ki, görüşərik, müfəssəl söhbət edərik. Lakin Tiflis səfəri gecikdi. Qaldı yanvarın axırına ya fevralın əvvəllərinə. İkinci səbəbi psixoloji bir səbəbdir, kağızın mənə bir növ təsirindən nə yazmağı da bilmirdim: insanda hərdən belə bir halət olur ki, “adın nədir?” sualına cavab verə bilmir, kağızın məndə və Yevgeniya Osipovnada belə bir halət oyatdı. Çox fikirlər, çox gümanlar etdik. Fikrimiz bir yana gedib çıxmadı...
...Tiflisə gəldikdə müfəssəl söhbət edərik: bəlkə Yevgeniya Osipovna da mənimlə gəldi. Mən səni güldən pak bir vücud hesab edirəm və yəqin etmişəm ki, təqsir sən tərəfdən deyil... Xülasə, axırı xeyir olsun.
Bir az Bakı işlərindən söhbət edək. Oktyabrın əvvəlində Bakıda “Azərbaycan şura yazıçıları ittifaqı”nı axırı ki, düzəltdik: İki il dava çəkdikdən sonra müvəffəq olduq. Mən də orada məsul katibəm; deyirlər məvacib verəcəklər; hələlik bir şey görsənmir. Lazım olan qədər işləyirik.
Evdə ovqatım xeyli təngə keçir; budur tamam bir aydır ki, xanımın bacısı xəstə yatır; gecə-gündüz ona məşğuluq. Yazıq Yevgeniya Osipovna bilmərrə əldən-ayaqdan düşüb, bir dəqiqə rahatlığı yoxdur. Özüm köhnə qayda “darülcünuna” gedib-gəlirəm. Amma çox yoruluram; vaxt və təbiət öz işlərini görürlər. Fevral ayında mənim ədəbiyyat yolunda bəqədri imkan işləməyimin qırx sənəsi tamam olur. Bu münasibətdən güman edirəm ki, mənə “xalq ədibi” namini versinlər.
O vaxt üç yüz manata qədər təqaüd almalı olaram. Belə olarsa, sentyabrdan istefa verib, bir guşəyə çəkilib axır günlərimi istirahət ilə keçirmək istəyəcəyəm. Yubiley məsələsini qaldırmaq istəyirəm. Fəqət ləqəb haqqında Bünyadzadə ilə danışacağam. Onun tərəfindən mən həmişə hüsntəvəccöh görürəm. Bu təqaüd məsələsi baş tutsa Tiflisə köçüb orada yaşamağa niyyətim var. Yəqin orada bir müxtəsər, yüngül iş də özüm üçün taparam. (Bu yerdə telefon səsi məni dayandırdı, telefonla bu gün üçdə Mirzə Cəlil Məmmədquluzadənin vəfatını xəbər verdilər; dəfni ayın altısında saat on birə təyin olunubdur. Köhnə qvardiya yavaş-yavaş getmək üzrədir. Oçeredimizi gözləyək). May ayında türk işçisi teatrosu məndən bir pyes xahiş etdi. Mən də “Cəhənnəm məktubları”nın axırındakı hekayəti pyes şəklinə salıb onlara verdim. Nəhayət, teatro bu əsərin qoyulmasını gələn sənəyə atdı. Səbəbini soruşmaq mənə mümkün olmadı. Çünki Seyfi mənimlə görüşməkdən aydın qaçdı. Hər mən teatroya gəldikdə “Seyfi burada idi, bu saat getdi” sözünü eşitdim. Bunu görəndən sonra teatrodan ayaq çəkdim. Amma pyesa yaman deyil. Tiflisə gələndə özümlə gətirrəm, birlikdə oxuyarıq. Beləliklə, sənə yazmalı eylə bir maraqlı əhval yoxdur. Hava yaxşı keçir, oduna ehtiyac görünməyir... Bakıya gəlmək xəyalın varmı? Balacalar səlamətdirlərmi?! Mənim ağzımla onları öpəsən. Anan gəlibsə, məndən ona ərzi-səlam. Dost-aşnanın hamısına məndən salam yetirəsən. Baqi, əlini sıxıb səni öpürəm. Yevgeniya Osipovnanın sənə salamı var.
Qardaşın Əbdürrəhim
4.I.32
10
Əziz və gözəl qardaşım!
Budur neçə vaxtdır, nə məndən sənə, nə səndən mənə bir məktub yoxdur. Səbəbi tənbəllik, vaxt yoxluğu deyil. Budur iki aydır mən Tiflisə gəlməyə vaxt arayıram; gah aprelin üçündə, gah on səkkizində, gah axırında gəlməyə hazırlaşırdım. Tiflisdə bir-iki mühüm məsələni həll etmək lazımdır. Deyirdim “həm ticarət, həm ziyarət”. İndi mayın onuncu gününə məni Tiflisə plenuma çağırırlar. Mayın da on birində bizim bədaye teatromuzun on sənəliyini bayram edəcəklər; ona görə bəlkə mayın on üçünə özümü Tiflisə yetirəm, “və ilahü-ələm!” O da qorxuram mümkün olmaya.
İndi özümdən bir neçə söz. Yevgeniya Osipovnanın bacısı bir ay iyirmi gün xəstə yatdıqdan sonra vəfat etdi; fevral ayının birində aparıb dəfn etdik. O gündən bizim halətimizdə bir növ süstlük var. Yevgeniya Osipovna İndiyədək nə kino, nə teatroya getməyib, tez-tez ağlayır; mənim də ovqatım, söz yox, təlx olur. Olqa Osipovna doğrudan da bir yaxşı, “dilsiz, ağızsız” adam idi. May ayının üçüncü günü Yevgeniya Osipovnanı türk teatrosuna aparacağam. Həmin gün mənim qırx sənəliyim münasibətilə bir müxtəsər müsamirə olacaqdır. Üç pərdə “Pəri cadu”dan və sonra da konsert olacaqdır. Yubiley dəstgahını, təntənəsini və dəbdəbəsini mən qəbul etməyib, bu günün yüngül bir surətdə keçməsini xahiş etdim. Ümid ki, yaman olmayacaq. O günü səni görməyi ürəkdən arzu edirəm. Vaxtın var isə, bir günlüyə Bakıya gəl. İki gün əqdəm Bünyadzadənin yanındayam. Mənə çox vədlər verdi və yaxşı təqaüd təyininə söz verdi. Həqiqət, yaxşı təmin olsa, oktyabrın birindən istefa verib, istirahətə çəkiləcəyəm. Daha kifayətdir. Darülfünunda dörd ətrafım cavan müəllimlərdir; mən onların arasında qoyun sürüsünə dəvə girmiş kimi görünürəm; baxıram, fikir edirəm, doğrudan da daha qulluq yaraşmır. Görüşərik, müfəssəl söhbət edərik. Qulluğun vaxtıdır, gərək bu saat gedəm. Ona görə kağızımı qurtarıb, səni və balacaları öpürəm. Yevgeniya Osipovnanın salamı var. Dost-aşnaya salam yetir.
Qardaşın Əbdürrəhim
28.ıv.32
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-eziz-serife
Use ← → keys to move, R for a random poem
More by this author
Kəblə Rəcəbəlinin evində bir otaq. Otağa fərş döşənmiş, bir masa, üç sandalya. Sol*tərəfdə bir çarpayı qoyulmuş. Kəblə Rəcəbəli qabağında canamaz, dizləri üstündə çökmüş,*
Üçüncü şəkilHəmin otaq Əmiraslan, Simon, Əhəd, Zeynal.*Ze ynal. Əmiraslan, Simon olmasaydı, İndi biz yığılıb başımıza döyüb “yoldaş vay” deyə ağlayırdıq.
Dağılan tifaqFaciə dörd məclisdə, beş pərdədəİştirak edənlər
Birinci məclisNəcəf bəyin evində gözəl fərşlərlə döşənmiş bir otaq. Fərşdən əlavə sandal və kürsülər*də qoyulub.*