Birinci pərdə
Page 2 of 2 · 50%
Camaat bir-bir: mürəxxəs olaq, mürəxxəs olaq, – deyərək gedirlər.
Allahqulu baş əyməyib camaatın dalınca gedir.
Pərvizxan. Mirzə, tək kənarda duran kişi kim idi?
Mirzə İsmayıl. Qurbanın olum, ona Allahqulu Oruc oğlu deyirlər.
Pərvizxan. Bəli, eşitmişəm. O yenə camaata qarışmayıb, bizdən boyun qaçırtdı?
Mirzə İsmayıl. Xan sağ olsun, onun öhdəsindən nə mən, nə də yazıq Rəcəb kəndxuda gələ bilirik. Başıdikin biridir. Kənddə ağzına gələni danışır, camaatı da yoldan çıxardır.
Pərvizxan. Eybi yoxdur, cəzasına çatar.
Mirzə İsmayıl. Amma, xan sağ olsun, deyirlər, evində elə bir vəcihə qızı var ki, heç vəsfə gələn deyil.
Pərvizxan. Nə danışırsan?
Mirzə İsmayıl. Başın üçün, xan, əgər deyilən doğru isə, həqiqət hərəmxana malıdır ki, özünlə aparasan.
Pərvizxan. Bu gecə onu mənim yanıma gətirərsən. Xoşuma gəlsə, apararam hərəmxanaya.
Mirzə İsmayıl. Baş üstə, xan. Xoşuna gəlsə, Rəcəb kəndxudaya gərək xələt verəsən. Çünki qız xəbərini gətirən odur. Özü də it sədaqətində bir qulluqçudur.
Pərvizxan. Bir adam göndər, Allahqulunu buraya gətirsin.
Mirzə İsmayıl (çağırır). Rəcəb kəndxuda!
Rəcəbkəndxuda (yüyürərək gəlir). Bəli, Mirzə!
Mirzə İsmayıl. Bu saat xanın fərraşlarından da bir neçə nəfər götürüb, gedib Allahqulu Oruc oğlunu xanın qulluğuna gətirərsən. Deyərsən, xan səni hüzura istəyir.
Rəcəbkəndxuda. Baş üstə! (Baş əyib gedir.)
Pərvizxan. Mirzə, cavanların siyahısı hazırdırmı?
Mirzə İsmayıl. Bəli, hazırdır. Igidlərdən on beş nəfər seçmələrinin adlarını siyahı eləmişəm.
Pərvizxan. Bilirsən bu nə üçündür?
Mirzə İsmayıl. Xeyr, Qurban, bilmirəm.
Pərvizxan. Yadındadırmı neçə il bundan əqdəm Rəhim xan mənə iki güləşən dəvə və iki də yaxşı boğuşan köpək göndərmişdi?
Mirzə İsmayıl. Bəli, Qurbanın olum, çox gözəl yadımdadır. Hətta qızıl köpək, Abdulla xanın yüz qızıla aldığı köpəyini boğdu da, yadımdadır. Abdulla xan haman saat iti güllə ilə vurub öldürdü. Özü də atını minib naharsız getdi.
Pərvizxan. Afərin! Gözəlcə yadındadır. İndi də Rəhim xan mənə məktub göndərib, yazır ki, sizin Heydərxanlının cavanları çox igid olurlar. Təvəqqe edirəm, onlardan on beş nəfər mənə satasınız ki, yanımca lazım olan yerlərə atlansınlar. Hər birinə də yüz əlli qızıl təklif eləyir. Bu da çox yaxşı qiymətdir. Mən də cavabımda yazdım ki, bu qiymətdən satmağa hazıram. Burada həm pul var, həm də dəvələrin və köpəklərin xəcalətindən çıxaram. Abdulla xan indi də mənimlədanışmır. Ha, ha, ha…
Mirzə İsmayıl. Çox yaxşı sövdadır, Allah xeyir versin. (Siyahını
uzadır.) Buyur, Qurban! (Xan siyahını alıb oxuyur.) Ancaq burada bir səhv var, onu düzəltmək lazımdır.
Pərvizxan. Nə səhv?
Mirzə İsmayıl. Yaxşı olar ki, siyahıdan Həsən Pirqulu oğlunu pozub, əvəzinə Allahqulu oğlu Bədəli yazaq. Onun buradan getməsi məsləhətdir. Dəli igiddir, əlindən xəta çıxa bilər.
Pərvizxan. Anladım nə deyirsən. Çox gözəl, al, pozursan poz! Əvəzinə Bədəli yaz! (Siyahını verir.)
Mirzə İsmayıl (siyahını alıb, düzəldir). Buyur, Qurban! (Verir xana.)
Allahqulunu oğlu ilə xanın qulluğuna gətirirlər. Hər ikisi baş
vurub əli bağlı dururlar.
Pərvizxan (diqqətlə Allahqulunun oğluna baxır). Yavuğa gəl, qoçaq! (Bədəl qabağa yeriyir.) Adın nədir?
Bədəl. Xanın nökərinin adı Bədəldir.
Pərvizxan. Afərin! Gözəl cavab verdin. Yəqin ki, mənim sadiq rəiyyətlərimdənsən. (Bədəl baş əyib bir söz demir.) Mirzə Ismayıl, bu oğlanı haraya lazım bilirsən göndər.
Mirzə İsmayıl (Rəcəbə). Rəcəb kəndxuda, siyahı ilə çağrılan cavanlar haradadırlar?
Rəcəbkəndxuda. Divanxanadadırlar.
Mirzə İsmayıl. Bu oğlanı da apar oraya. Həsən Pirqulu oğlunu da boşla getsin evinə.
Rəcəbkəndxuda (Bədələ). Yeri gedək. (Aparır.)
Pərvizxan. Çox qaçaq oğlana oxşayır.
Mirzə İsmayıl. Igidlikdə, qoçaqlıqda tayı, bərabəri yoxdur.
Pərvizxan. Sifətindən, baxanda, qoçaqlıq yağır. Belə bir oğlanı yüz əlli qızıla vermək cəfadır.
Mirzə İsmayıl. Məsləhət belədir.
Pərvizxan. Doğrudur, belə oğlanı görüb, Rəhim xan da məndən razı qalar.
Allahqulu. Mirzə, mənim oğlumu haraya göndərdin?
Mirzə İsmayıl. Sən nə haqla bu sualı mənə verirsən?
Allahqulu. Necə? Məgər ata deyiləm? Oğlumun haraya aparılmağını bilməyim?
Mirzə İsmayıl. Hamının atası xandır. Hamının ixtiyarı da onun əlindədir. Nə istərsə elər. Hər kəsə öl dedi, gərək ölsün, qal dedi, qalsın və sənin də xan qulluğunda danışmağa ixtiyarın yoxdur. Qoca kişisən, bu yolların hamısını yaxşı bilirsən. Səni hüzura çağırıblar, nə xəbər alarlar, cavab verib, evinə gedərsən.
Allahqulu. Mirzə, mən oğlumun haraya aparılmağını yaxşı bilirəm. Məgər rəiyyət qaramaldır ki, bir-bir aparıb satasınız?
Mirzə İsmayıl. Xan sağ olsun, İndi özünüz bunun nə növ bir insane olduğunu görürsünüz. Xan qulluğunda cürət eləyib bu dildə danışan, görün kənarda nələr söyləyə bilər.
Pərvizxan. Görürəm. (Allahquluya) Allahqulu, mən sənin haqqında çox şeylər və sözlər eşitmişdim. Amma böhtan hesab eləyib inanmırdım. İmdi mən səni dürüst tanıdım. Gərək mənimlə gedib həmişəlik yanımda qalasan. Səni bu kənddə qoymaq olmaz.
Allahqulu. Xan sağ olsun, məgər ata ürəyi yananda danışmaq da qadağandır? Heyvanın balası itəndə o da görürsən hər yeri dolanıb axtarır. Məgər mən heyvanca da deyiləm?
Rəcəbkəndxuda (daxil olur). Mirzə, aparıb divanxanada qoydum. Pirqulu oğlunu da buraxdım getdi.
Pərvizxan (Allahquluya). Mənim nəinki sənin oğluna, hətta tamam külfətinə, sənin malına, canına belə ixtiyarım çatar. Sənin gözlərinin qabağında azmı adam dara çəkilib? Rəcəb kəndxuda, bunu aparıb üç yüz çubuq vurdurarsan. Bir də xan qulluğunda cürət eləyib danışmaz.
Rəcəbkəndxuda (Allahqulunun qolundan yapışır). Gedək!
Allahqulu çəkinir.
Balacauşaq (yüyürərək gəlir). Ata! Bu saat xanın adamları gəlib, bacımı çəkib apardılar. Qardaşımı nə qədər axtardım tapmadım.
Allahqulu (başına döyür). Bu da bir müsibət! Xan, oğlumu aparıb məni köməksiz qoydun. İndi də mənim namusuma əl atırsan? Adını beləmi ata qoyubsan? Batsın sənin kimi ata! Sən ata deyilsən, qaniçənsən, canavarsan!
Pərvizxan. Daha kifayətdir! Rəcəb kəndxuda, bunun boğazına kəndir keçirib, dal həyətdə, mənim gözümün qabağında tut ağacından asarsan! Məlun, köpək! Sən bilirsənmi ki, sizin hamınızın canının, malının, külfətinin ixtiyarını Allah özü mənə tapşırıbdır?!
Allahqulu. Bir Allah ki, camaatın ixtiyarını sənin kimi canavara tapşıra, elə Allaha mən bəndəlik eləmək istəmirəm!
Pərvizxan. Cəld olun, aparın dilini kəsin!
Allahqulunu çəkirlər.
Allahqulu (fərraşları itələyir). Çəkilin kənara! Mənim oğlum getdi, qızım getdi, namusum ayaq altında tapdalandı, canım da gedir! Xan məni dara çəkdirməsə də, mən özüm dünyada bundan sonra yaşamayacağam! Heç kəsdən də bu saat qorxum yoxdur! (Xana) Xan, sənin atan Surxay xan mənim atamı qayadan atdırdı. Yazıq qayanın sinəsində bitmiş bir kola ilişib başı üstündə asılı qaldı. Quzğunlar, çalağanlar diri-diri onun bədənini sökdülər. Axırda kişinin quru sümükləri qayanın dibinə töküldü. Sən də məni dara çəkdirirsən, nə eyib elər?! Əlbət bir vaxt səndən və sənin övladından hayıf alan tapılar.
Allahqulunu çəkib aparırlar.
Pərvizxan. Həqiqət, ölməli məlunmuş!
Mirzə İsmayıl. Allaha da səbb elədiyini eşitdiniz?! Belə adamın şərən də qətli vacibdir.
Pərvizxan. Əlbəttə, vacibdir.
Fərraş gəlib kənardan Mirzə Ismayıla başı ilə işarə edir.
Mirzə İsmayıl (xana). Xan sağ olsun, qız hazırdır.
Pərvizxan. Çox gözəl, ötürsünlər yatacaq otağına. Gedək, Mirzə, istəyirəm pəncərədən o məlun Allahqulunun çapalamasına tamaşa eləyim. Sonra da bir qədər istirahətə məşğul olam. Gedək!
Gedirlər.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-kohne-dudman-birinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Dram iki şəkildəİştirak edənlər
Birinci şəkilVaqe olur padşahın hərəmxanasında. Padşahın qızı, ətrafında neçə nəfər rəfiqələri*əyləşiblər. Rəqqasələr oynayırlar. Hamısının gözlərində fərəh, şadlıq əlaməti görünür. Tək*
İkinci şəkilQara, mağaraya oxşar bir mənzildir. Müqabilində dörd qapı var. Qapıların qabağında*qara libasda dərbanlar dayanıblar və sol tərəfdə padşah üçün taxt qoyulubdur. Şeypur çalınır.*
Ata və oğulHacı Xəlil, müsinn şəxs, həştad beş il dünyada ömür edəndən sonra, xudavəndi-aləmin əmrini yerinə yetirməkdə idi. Bir böyük otağın ortasında hacını üzü qibləyə uzadıb, başının üstündə molla tilavəti Quran etməyə məşğul idi. Sağ tərəfdən hacının övrəti əyləşib, əlində dəsmal, həzin-həzin hacı ilə keçirdiyi günləri yada salıb ağlayırdı. Sol tərəfdə hacının cavan oğlu kürsü üstündə oturub bikef gözlərini bir nöqtəyə dikmişdi və tək-tək ahi-sərd ürəyindən çəkirdi. Hacının qədim nökəri Kərbəlayı Qulaməli iranlı, qapının ağzında ayaq üstündə durub gözlərinin yaşını abi-nisan kimi ağ saqqalından axıdırdı. Heç kəs bir söz danışmırdı, hamının gözü hacının üzündə idi.Hacı Xəlili böht aparmışdı və bu böhtün içində onun keçən günləri bir-bir gəlib gözünün qabağından ötürdü. Budur, balaca Xəlil səkkiz yaşındadır. Atası qovurmaçı Səlim öz övrətinə deyir: “Övrət, bu uşağın məktəbə getmək vaxtıdır, mənim sənətim də bir elə sənət deyil ki, aparım bu yazığa da öyrədim. Meydanın ortasında baharın yağışı, qışın qarı başıma yağa-yağa, yayın istisi bir yandan və ocağın istisi o biri tərəfdən məni yandıra-yandıra mən çörək qazanıram. Bunlar hamısı mənim bisavadlığımdandır. Heç olmasa bu uşağı oxudaq, bəlkə savadı cəhətinə asan çörək qazanıb bizə rəhmət oxuya”. Xəlilin anası ərinin sözlərini bəyənib, durub bir qazan su qızdırıb Xəlilin başını yudu, birçəklərini daradı, çiyninə heybə salıb içinə para çörək qoydu, atasına qoşub “oğul, Allah özü sənə yar olsun” deyib məktəbə yola saldı.
Poems by other poets
Bu dünyanı mən tərcümə eylədim,Bu çərxi-gərdişin yollarına bax.
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
SamovarBir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,
Coşdu mey, bənzədələr bəlkə ləbi-yarə onuCoşdu mey, bənzədələr bəlkə ləbi-yarə onu,Bu öyünməkliyi tez saldı ayaqlarə onu.