Contents
  1. Müqəddimə
  2. Cəhənnəm
  3. 1. xan tüpürcəyi
  4. 2. topal seyid
  5. 3. deşikli ağac
  6. 4. qazaq qəbri və xəlifəli ocağı
  7. 5. cındırlı pir
  8. 6. öskürək piri
  9. 7. cicim ocağı
  10. Odabaşının hekayəsi

Page 22 of 25 · 84%

– Ağa, mən bayaq sizə ərz etdim ki, mənim qızımın başını da kəsməyə ixtiyarınız var. Necə məsləhət bilirsiniz elə də edin. Mənim sözüm yoxdur.

– Çox gözəl, çox mübarək! Görürəm yornuqsan. Get dincəl, sonra nikah cari etməli zaman sənə xəbər verərəm.

Hacı Kamyab təzim edib çıxdı. Evinə gəlib gözləri yolda qalmış arvadına dedi:

– Arvad, doşab almışıq, bal çıxıb. Qız Mirzə Əhməd ağanın evindədir.

Ağa da qızın kəbinini özünə kəsmək istəyir. Qəribə budur ki, mənim rizamı soruşur. Guya ki, mənim köynəyim də bu işə razı deyil.

Arvad bunu eşidəndə az qaldı durub evin içində oynasın. Öz-özünə deyirdi: “Bundan sonra nəinki Kamran xanın arvadı, hətta tamam əyanın arvadları məclislərdə mənim ayağıma duracaqlar. Qoy gözü götürməyənlərin canları çıxsın”.

Səhər Hacı Mirzə Əhməd ağa pişxidmətini çağırıb əmr etdi:

– Get o bəstə girən oğlana xəbər ver ki, mən Hacı Kamyabla görüşüb, onunla lazım olan söhbəti elədim. İndi xatircəm gedib evində otura bilər. Heç kəsin onunla işi olmayacaq. Vaxtında mən onu çağıraram.

Fərman nə qədər yalvardı ki, ona əmisi qızı ilə görüşüb bir-İki söz danışmağa imkan versinlər, pişxidmət qəbul etməyib dedi:

– Ağadan icazə yoxdur.

Hər işdə orta halda olmaq yaxşıdır.


Fərman evlərinə qayıtdı. Bir neçə gün atasına görünməməyə çalışdı. Axır bir gün – təsadüfən atasına rast gəldi. Atası başladı oğlunu məzəmmət eləməyə:

– Bala, yaxşı iş görmədin. Hacı Kamyab nə qədər olsa sənin əmindir. Onun ürəyinə dəymək heç bir layiq iş deyil idi. Xüsusən ki, axır vaxtlarda əminin meyli sənə tərəf dönmüşdü. Min tümən sənə maya verdi. Gələcəkdə yenə köməyini vəd etdi. Adam gərək işıq gələn yerə barmaq dürtməsin.

Oğlu başını aşağı salıb cavab verdi:

– Ata, daha keçmiş ola. Hacı Mirzə Əhməd ağa əmimi çağırıb razı etdi. Əmim də, söz yox, məndən inciyibdir. Bir neçə gün mənim üzümə baxmayacaq. Axırda yenə Hacı Mirzə Əhməd ağanı vasitə salıb barışarıq.

Fərman bir yandan belə söyləyirdi. Bir yandan da ürəyinə qara fikirlər gəlirdi: “Xub, Hacı Mirzə Əhməd ağa əmimlə görüşəndən sonra nə üçün məni evindən rədd elədi və nə səbəbə mənə əmim qızı ilə görüşməyə icazə vermədi? Yoxsa ağa əmimin xahişinə görə Xudayar xanı çağırıb qızı ona tapşıracaq? Əlbəttə, mən hara, Xudayar xan hara! Xudayar xan zəngin mülkədar, xırda bir padşah, mən isə bir fəqir oğlan. Xudayar xanın qapısında yüz nəfər mənim kimi nökər var”.

Bir gün əmisinin qapısından ötərkən gördü çoxlu at, qatır əmval və əşyası ilə yüklənib yola salınmaqdadır. Nökərdən yüklərin haraya gedəcəyini xəbər alıb bildi ki, yükləri Hacı Kamyab qızına cehiz verib, Hacı Mirzə Əhməd ağanın evinə gedir. Fərman bu əhvalatdan yenə bir şey başa düşməyib, axırda belə xəyal etdi: “Yəqin Hacı Mirzə Əhməd ağa Gövhərtacı təntənə ilə, öz evindən köçürtmək istəyir”.

Fərman bu xəyalla evlərinə qayıdarkən dostlarından birinə rast gəldi. Dostu Fərmanı bir növ şadman görüb, yəqin etdi ki, əhvalatdan xəbəri yoxdur. Onu dayandırıb bir qədər danışdıqdan sonra dedi:

– Qardaş, deyəsən sənin əhvalatdan xəbərin yoxdur?

– Hansı əhvalatdan?

– Şəhərin tamam tüccarı bu gün Hacı Kamyabın evinə cəm olub, Gövhərtacın cehizinin siyahisində isbati-vücud etmişdilər.

– Bundan xəbərim var; çünki bu saat cehizin Hacı Mirzə Əhməd ağanın evinə göndərilməsini gördüm.

– Sən bundan məgər bir şey düşünmədin?

– Mən güman etdim ki, ağa qızı özü mübarək əli ilə köçürmək istəyir.

– Ağanın mübarək əli sınsın! Cəmi zəhmətimiz hədər getdi.

– Bu nə sözdür danışırsan?

– Görünür əhvalatdan xəbərin yoxdur. Cənab Hacı Mirzə Əhməd ağa qızı özünə mal eləyib.

– Bu nə axmaq sözdür danışırsan?

– Axmaq sənsən ki, cəmi şəhərdə danışılan əhvalatdan bixəbərsən.

Bu xəbəri yoldaşından eşidəndə Fərmanın başı gicəllənib, tamam şəhər başına dolandı. Yoldaşı ilə xudahafiz etməyib, divanə kimi evə gəlib, atasını da məyus, divara qısılmış gördü. Qeyzlə papağını başından çıxardıb yerə çırpdı.

– Bundan sonra kimə inanasan? Aya, yerdə, göydə bir inanmalı şey varmı? Kimə etibar edəsən? Vaxta ki, dünyada bir təmiz qəlb, vücud yoxdur. Hacı Mirzə Əhməd ağa adını müctəhid qoyub, nəyə inanır?

Kimə inanır, kimə ibadət eləyir? Allahamı? Hansı Allaha? O Allah haradadır?

İbrahim oğlunu dayandırdı:

– Bala, küfr danışma. Ağa eşidər, bu saat sənin qətlinə fərman verər.

Səni camaat parça-parça edər; hər tikən bir əldə gedər!

– Ağa bundan da artıqmı mənim qətlimə fərman verəcək? Bundan sonra mən dünyada yaşayamı biləcəyəm? Qoy məni öldürsünlər; cəhənnəmə, gora öldürsünlər! Təki ağanın könlü şad olsun. Məni qoy toyunda qurban kəsdirsin. Amma mən açıq deyirəm; hər yerdə də deyəcəyəm. Ayağıma dəmir çarıq geyib, əlimə dəmirdən əsa alıb tamam yer üzünü dolanıb deyəcəyəm; o, adını müctəhid qoyub, amma yalançıdır, fasiqdir! Onun Allahı qızıl öküzdür, ona səcdə eləyir. Dini, şəriəti, namusunu, dünyanı yemək üçün əlində alət eləyibdir. Əgər o müqəddəs vücuddur, neyləyir bir belə malı, əmlakı? O, cəmi elmlərə bələddir. Vaxta ki, o belə işlərə iqdam edir, görünür ki, o heç bir şeyə inanmayır. Və heç bir inanmalı şey yoxdur. Belədir. Göydə və yerdə bir inanmalı şey olsa idi, o, elminin gücü ilə bilərdi. Nə göydə, nə yerdə heç bir şey yoxdur. Yerlə göyün arası adlarını müctəhid və ruhani qoyan əmmaməli, əbalı, qəbalı həşəratla, yırtıcı qurdlarla doludur. Sənin müctəhidin ağa Mirzə Əhməd də canavarların, qan içənlərin böyüyüdür. Lənət onun üzünə, onun o nurani saqqalına!

Atası yenə oğlunu danlayırdı:

– Oğul, amandır, məni də bəlaya toxuyarsan.

– Mən bu gündən buradan uzaqlaşacağam. Daha burada qalmaq mənim üçün mümkün deyil. Baş götürüb, diyarbədiyar gəzib, bu vəhşilərin əməllərinə xalqın diqqətini çöndərəcəyəm. Ya məramıma çataram, ya bir yerdə ölüb qalaram.

Fərman evdən çıxdı. Atası vahiməyə düşüb deyirdi:

– Ay aman, oğlanın başına hava gəlib. Gedib hər yerdə Hacı Mirzə Əhməd ağanın haqqında artıq-əskik danışacaq, axırda camaat gəlib mənim evimi də zirüzəbər edəcək.

Az keçmədi Fərman qayıdıb, qoltuğunda bir dəst libas gətirdi. Libas dərviş libası idi. Libası geyinib atasına dedi:

– Ata, bu gecə mən şəhərdən gedəcəyəm. Hər bir yerdən “Dərviş Hakam” adı eşitsən, bil ki, oğlundur. Mən bu adla dünyanı səyahət edəcəyəm.

Bilməyirəm harada öləcəyəm. Ancaq arzu edərdim ki, öləndə gözlərim o fasiq Hacı Mirzə Əhməd ağanın divarına baxsın və divarın dalında mənim kimi dərdə mübtəla gözəl bir vücudu hiss eləsin. Ata, mən gedirəm. Amma sənə vəsiyyətim budur ki, inanma bunlara! Onların danışıqları hamısı riya və yalandır; allahları və şəriətləri də yalandır!

Əgər yalan olmasaydı, özləri ona itaət edərdilər! Dünyada sərvət yığmaq, ləziz xörək yemək, behiştə bənzər otaqlarda, qəsrlərdə əyləşib, nazənin sənəmlərdən həzz aparmağa çalışmazdılar; həmişə tərif etdikləri axirət üçün çalışardılar! İndi mən yəqin etmişəm ki, axirət də yalandır! Doğru olsaydı, hamıdan qabaq ruhanilər, dünyaya fani deyənlər, dünya malına cəhənnəm odu deyənlər onu axtarardılar.

Salamat qal, ata, mənim fikrimi eləmə. Xudahafiz!


Gövhərtac üçün xüsusi bir müzəyyən otaq təyin olunmuşdu. Qadınlar onu əhatə edib, Hacı Mirzə Əhməd ağanın əmrinə itaət edərək, ona bir növ məhəbbət göstərib, hər bir xahişinə fövrən əməl edirdilər. Heç bir tərəfdən qızın qeydi yox idi. Ancaq əmisi oğlu ilə görüşmək ona mümkün olmadığı ürəyini sıxırdı. Bu xahişini bir dəfə izah elədi; cavabında dedilər ki, oğlan sənin əmin oğlun da olsa, nə qədər kəbin kəsilməyib, naməhrəmdir. Başqa bir yerdə sizə görüşmək mümkün də olsa, ağanın evində belə xəlafi-şər əmələ yol verilmir. Əcələ etmək nə lazım, bu gün-sabah kəbinin kəsilər, ondan sonra öz sevgilinə qovuşarsan.

Bununla axşam qızı sakit edirdilər. Hətta Hacı Kamyabın, ağanın yanına gəldiyini qıza xəbər verirdilər.

Bir axşam qadınlar cəm olub, Gövhərtacın başına, əllərinə, ayaqlarına xına yaxdılar.

Sübh ağanın bağçasında vaqe xüsusi hamama aparıb yuyundurdular. Sonra məşşatə gəlib onun qaşlarını hamarladı. O günü axşamadək qadınlar Gövhərtacın bəzək-düzəyinə məşğul oldular. Axşam bir dəstə toy libası geyİndirib başına bir qırmızı zərli cuna örtüb, iki nəfər qadının müşayiəti ilə başqa bir otağa keçirib, orada xeyir-dua verəndən sonra tək qoyub çıxdılar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets