Contents
  1. Müqəddimə
  2. Cəhənnəm
  3. 1. xan tüpürcəyi
  4. 2. topal seyid
  5. 3. deşikli ağac
  6. 4. qazaq qəbri və xəlifəli ocağı
  7. 5. cındırlı pir
  8. 6. öskürək piri
  9. 7. cicim ocağı
  10. Odabaşının hekayəsi

Page 24 of 25 · 92%

Əgər məsləhət bilirsiniz, yazım padşahın xüsusi təbibi gəlsin.

Lazım olsa Firəngistandan mən təbib gətirməyə hazıram. Ancaq Gövhərtac səlamətliyə çıxsın.

Mirzə Mehdi Gövhərtacın mərəzinin səbəbini deməkdən çəkinib, ərz etdi ki, padşahın təbibini dəvət etməyinizə mənim sözüm yoxdur. Ansaq Gövhərtacın mərəzi müalicəpəzir mərəzlərdən deyil.

Hacı Mirzə Əhməd ağa bu söhbətdən sonra məyus oturdu. Ağa, Gövhərtacın sağalmasının qeydində deyildi. Yüz elə Gövhərtac, ondan da gözəlləri ağaya zövcə olmağa fəxr edərdilər. Ancaq Gövhərtac özündən sonra bir zürriyyət qoymayıb ölərsə tamam Hacı Kamyabın dövləti əlindən çıxar. Ağanı təşvişə salan bu fikir idi.


Bir sübh dərban şəhərin darvazasını açıb gördü ki, bir nəfər cavan dərviş yerə yıxılıb ah-zar edir. Dərban onun kim olduğunu, nə yerdən gəldiyini və niyə belə ah-zar etdiyini xəbər aldı.

Dərviş cavab verdi:

– Uzaq yerlərdən gəlirəm. Naxoşam, çox piyada yol gəlib yorulmuşam. Bir cürə mənə su ver.

Bir udum

Dərban su gətirib verdi. Dərviş suyu içib xəbər aldı:

– Sən bu şəhərin adamlarının hamısını tanıyırsanmı?

– Məşhurlarından hamısını tanıyıram.

– Zərgəran məhəlləsində Hacı Kamyabı tanıyırsan?

– Onu kim tanımaz!

– Onun İbrahim adında bir qardaşı var, onu da tanıyırsan?

– Əlbəttə, tanıyıram!

– Mənim daha yeriməyə halətim yoxdur. Lütf elə, məni onun evinə apar!

İbrahim səhər durub dükanına getmək istəyirdi. Küçəyə çıxanda gördü ki, şəhər dərbanı bir nəfər mərizin qoltuğuna girib onun evinə tərəf gətirir. Məriz dərviş libasında, qırmasaqqal, uzun, cavan bir oğlandır.

Amma cavanlığına baxmayaraq, başının və saqqalının tüklərinin yarısı ağdır.

Yaxınlaşanda gözlərindən Fərmanı tanıdı.

– Ay oğul, niyə belə olubsan? Hanı sənin movzun qamətin, hanı sənin qırmızı yanaqların, gülər dodaqların, enli sinən?

İbrahim oğlunu sinəsinə basıb, başladı üzündən-gözündən öpməyə. İbrahimin saqqalı aşağı gözlərindən sel kimi yaş axdı. Ümidi bircə oğluna idi. Deyirdi: “Gedər, görmədiyi yerləri seyr edib, dərdüqəmini unudub qayıdar”.

İndi oğlunun bədəni bir dəri, bir sümükdən ibarətdi. Sinəsi batıq, sifəti saralıb, çiyinləri qalxıb. Cavanlar zibdəsi Fərmandan bir quru kölgə qalıb.

Dərbanın köməyi ilə Fərmanı evə gətirib, yatağa salıb yatırtdılar.

Dərban getdi. İbrahim o günü dükana getməyi movquf edib, oğlunun yanında qaldı.

– Bala, yoxsa sənə soyuq dəyib? Sənin üçün bu saat darçın çayı bişirərəm. İçib tərlərsən, durarsan ayağa.

İbrahim istədi qalxıb, ocaq düzəldib çaydanda su qaynatsın. Fərman onu dayandırdı.

– Lazım deyil, ata, üç ildən artıqdır səni görməyirəm. Otur, bir qədər söhbət eləyək. Darçın çayı mənim dərdimə dərman ola bilməz. Görürsənmi, sənin qardaşın və millətinin başının yiyəsi Hacı Mirzə Əhməd ağa məni nə halətə saldılar!

Bu yerdə Fərmanı öskürək tutub, bir qədər öskürəndən sonra tər basıb, zəifləşib, başladı çətinliklə nəfəs çəkməyə. Bir azdan sonra dedi:

– İndi, ata, halətimi görürsən, məni belə elədilər. Gündə bir ləyən sinəmdən qan gedir. Onu da görəcəksən. Bircə de görüm əmim, ağa ilə qohum olmaqdan xoşnuddurmu? Gövhərtac, ağanın evində özünü xoşbəxtmi hiss edir? Qoy xoşbəxt olsun. Yaxşı candır. Əmimə deginən, heç olmasa məndən ona salam yetirməyi qəbul etsin. Yoxsa o nainsaf bunu da qəbul etməyəcək? Qoy Gövhərtac bilsin ki, mən ölməyimi hiss edib, özümü vətənə yetirdim ki, heç olmasa, axır nəfəsimdə gözüm onun evinə baxsın.

İbrahim dedi:

– Gövhərtac da sən gedəndən naxoşdur. Əmini görsən tanımazsan. Xiffətdən, qüssədən müqəvvaya dönübdür. Mirzə Mehdi həkimbaşı gündə neçə dəfə ağanın evinə gedir. Hətta ağa yazıb padşahın xüsusi təbibini gətirtdi. O da bir neçə gün qalıb getdi. Deyirlər mərəzi vərəmdir, sağalmayacaqdır.

– Görünür, vəfalı imiş. Mən də onu həmişə vəfalı bilirdim. Afərin ona.

Fərman gözünü yumub huşa getdi və huşda sevgilisini görüb onunla danışırdı. Atası Fərmanın həzin səsini eşidirdi:

Ləzzət rüxi-yari-dilistandan,
Candır bilən, ey driğ candan.
Canım gedəli bəsi zamandır,
Cismimdəki İndi özgə candır.
Məndə olan aşikar sənsən,
Mən xud yoxam, o ki var, sənsən!

Bunun dalınca hövlnak qalxıb əlini qabağa uzadıb səsləndi:

– Getmə, getmə, bir qədər dayan!

Atası xəbər aldı:

– Ay oğul, kimlə danışırsan?

Cavab əvəzinə Fərmanı öskürək boğmağa başladı. Bir qədər öskürəndən sonra əlinin biri ilə ağzını yumub işarə ilə ləyən istədi. Atası ləyəni yaxın gətirəndə Fərman əlini ağzından çəkdi. Ləyən laxta qanla doldu.

İndi İbrahim oğlunun daha dirilməyəcəyini yəqin edib hönkürtü ilə ağladı. Fərman onu sakit elədi.

– Ağlama, ata, gərək belə də olaydı. Qoy əmimin könlü şad olsun.

İbrahim cəld evdən çıxıb, qonşudan təbib Mirzə Heydərqulunu çağırdı. O da gəlib baxıb, başını bulayıb, bir nüsxə yazıb getdi.

– Bu dərmanı çay kimi dəmləyib gündə üç də içsin.

Sübh İbrahim oğlunun otağına girib halətini bir az yaxşılaşmış gördü.

– Ata, bu gün halətim çox yaxıdır, deyəsən sağalacağam. Özümdə heç azar hiss etməyirəm. Bir az mənə süd ver, acmışam.

İbrahim sevinərək süd gətirib verdi. Fərman iştahla südü içdi. Sonra atasına dedi:

– Ata, İki gündür mən gəlmişəm, dost-aşnalarımın mənim gəlməyimdən xəbərləri yoxdur. Mən də onları çox görmək istərdim.

Bir saatdan sonra Fərmanın yoldaşları onu əhatə edib, bu üç ilin müddətində vaqe olmuş hadisələrdən söhbət edirdilər. Fərman da dərviş sifətində dünyanı dolaşdığından, gördüyü ölkələrdən, şəhərlərdən, adamlardan danışırdı. Bir azdan sonra Fərman danışmaqdan yorulub gözlərini yumdu.

Yoldaşları ahəstə durub getdilər və İbrahimə dedilər:

– Gözlərin aydın olsun, az çəkməz Fərman durar ayağa.

Fərman bir qədər yatıb, sonra bərk öskürəklə oyandı. Atası onun səsini eşidib içəri daxil oldu. Fərmanın haləti digərgun idi. Atası xəbər aldı:

– Ay bala, bir az bundan qabaq ki, yaxşı idin. İndi nə oldu sənə?

Fərman cavabında dedi:

– Ata, işim xarabdır. Get bir Mirzə Mehdi həkimbaşını mənim yanıma gətir.

– Oğul, Mirzə Mehdini gətirmək üçün çox pul lazımdır. Mən də o qüvvət nə gəzir, genə gedib Mirzə Heydərqulunu çağıra bilərəm.

– Ata, sən get deginən Fərman gəlibdir; çox xahiş eləyir ki, onun yanına gələsiniz. Mənim adımı eşidəndə gələcək. Sən get, ata!

Mirzə Mehdi, həqiqət, gəldi. Içəri daxil olub, gendən Fərmanın sifətinə baxanda onda ölüm nişanəsini aydın gördü. Sonra gəlib, Fərmanın yastığının yanında əyləşib nəbzini tutdu:

– Artıq azarın yoxdur. Qorxma, sənə özüm müalicə elərəm. Tezliklə sağalarsan!

Mirzə cibindən kağız və qələmdan çıxarıb nüsxə yazmaq istəyəndə Fərman onu dayandırdı.

– Zəhmət çəkməyiniz. Mənim mərəzim dərmanpəzir deyil, sizə zəhmət verməkdən mənim özgə niyyətim var. Siz bir vaxt mənə böyük yaxşılıq eləyibsiniz. O yaxşılığın nəticəsi mənim ürəyimcə olmadı.

İndi siz müqəssir deyilsiniz. Mənim qismətim belə oldu. İndi isə mənim sizdən bircə xahişim var: siz Gövhərtaca müalicə edirsiniz, zəhmət çəkib, onun yanına gedib, əvvəl məndən ona salam yetirin! Sonra mənim halətimi necə görürsünüz, elə də söyləyin! Ona deyin ki, onun fərağında dərmansız dərdlərə düşüb İndi can verirəm. Çox istərdim ölən vaxt onun üzünü görüb can verəydim. Çifayda bu mənə müyəssər olmayacaq. Ondan çox təvəqqe eləyirəm, libasından bir şey mənə göndərsin. Bəlkə heç olmasa onun qoxusunu ondan alım.

Mirzə Mehdi, Fərmanın xahişinə əməl etməyi vəd etdi.


Səhər İbrahim oğlunun otağına girib adi sual verdi:

– Necəsən, bala?

– Yaxşıyam, ata. Mirzə Mehdi İndicə gərək gəlsin.

Fərmanın gözü qapıda idi, yanıqlı bir dillə deyirdi:

– Bu kişi yenə gəlmədi. Yoxsa, mən bu arzuma da çatmayıb öləcəyəm?

Bir azdan sonra mümkün gəldikcə ucadan səsləndi:

– Yox, arzuma çatmayınca ölməyəcəyəm!

Atası xəbər aldı:

– Ay bala, o arzu nədir?

– Bir şey deyil, ata, bir çıx qapıya gör Mirzə Mehdi gəlirmi?

Fərmanın bütün bədəni iztirabda idi. Hər beş dəqiqədə atasını küçəyə göndərirdi.

– Ata, çıx gör gəlməyir ki?

İbrahim evə qayıdıb Mirzə Mehdinin təşrif gətirməyini xəbər verdi.

Fərman başını yastıqdan götürüb döşəyin üstündə əyləşdi.

Mirzə Mehdi daxil olub salam verdi.

– Buyurun, Mirzə, əyləşin! Gövhərtacı gördünüzmü?

– Bəli, gördüm.

– Onda izin verin, Mirzə, gözlərinizdən öpüm.

Mirzə Mehdi əyildi. Fərman neçə dəfə onun gözlərindən öpdü.

Sonra xəbər aldı:

– Sifarişimi yetirdinizmi, Mirzə?

– Necə ki demişdin, elə də yetirdim. Bu da sənə Gövhərtacın sovqatı!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets