O şeir yaşayır ki,
Səndən söz açır, Vətən,
Səndən danışır, gülüm.
Vətəndən,
Bir də səndən,
Mən də sizdən yazmışam,
Sizdən yazacağam da.
Bu iki eşq dünyada,
Köçəri bir quş deyil,
Vuran ürəyim olmuş.
Duzum, çörəyim olmuş.
Ruhumda, ürəyimdə
Çoxdan qurmuş aşiyan.
Eşqimə, diləyimə
Kəsilmişdir pasiban.
Qorumuş məni hər gün
Hər cür, hər cür riyadan.


Mən hara, qəm hara, iztirab hara?
Fəqət bir dərdimə ediniz çarə,
Mənəvi sıxıntı, mənəvi yara
Qəlbimi, ruhumu çəkəndə dara,
Sarsılır,
Bu dərdə dözə bilmirəm.
Misranı misraya düzə bilmirəm.
Hər şeyin başlanğıcı, sonu var,
Sevginin, məhəbbətin,
Qəmin, dərdin, möhnətin.
Parlaq ulduzların da sonu, nəhayəti var,
İnsan ömrü kimidir bu dünyada arzular.
Qüssə kimi iztirab da gəldi-gedərdir.
Darıxmayıram daha.
Hicran ümidlərimi
Qıra bilməmiş sabaha.
İnsanlara, həyata
Məhəbbəti qova bilməmiş ürəyimdən.

Bunun üçün, ey həyat,
Ey hər dərdə loğman,
Sənin özünə borcluyam mən.
Ey insan,
Əgər gözəl hisslər uçmuşsa ürəyindən,
Əgər yoxsa ürəyində məhəbbətin,
Sevincinə qalib gəlmişsə möhnətin,
Müqəssir mənəmmi, ya sən?
Soruş özündən...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets