Page 2 of 2 · 50%

¹ Əyri ağacın əyri də kölgəsi olar.

² Xəlifə Mənsurun sərdabəsi (ərəb.)

³ Möminə xatun sultan Toğrulun arvadı olmuşdur. Toğrul öləndən sonra Şəmsəddin Eldəgəzə ərə getmişdir. Cahan Pəhləvan onların ilk oğludur. (“Azərbaycan Atabəylər dövləti”)

⁴ Ticarət işlərini idarə edən şəxs deyil... İstər alim olsun, istər ədib olsun, istər memar olsun, istərsə də zərgər, dəmirçi, lap kuzəçi... Belə adamlar həmişə gələcək barədə düşünməlidirlər... O ki, qaldı bizə – Möminə xatun anaya abidə ucaldanlara... buyruq quluyuq...

– Bir halda ki, buyruq quluyuq Hatib ibn Mübarək gözlərini qıyıb əlavə etdi: – Onda gərək həm qulluğumuzu göstərək, həm də buyuranlara əməl edək. Sarayın da, məscidin də fikirlərilə razılaşaq...

– Möhtərəm əş-şeyx ər-rəis nə məcbur edir ki, oxunu atıb yayını gizlədir? – Əcəmi səndəl ağacının ucu ilə yanağını qaşıdı...

Baş şeyx udqundu, ancaq tez özünü ələ alıb bic-bic gülümsədi:

– Mənim əzəldən oxun atıb yayını gizlədənlərdən xoşum gəlməyib. – dedi. Cavanlıqda özüm də yaxşı at minən, ox atan olmuşam, sonra İslama hörmət əlaməti olaraq oxu qılıncla, Məhəmmədin qılıncı ilə əvəz etmişəm... Yaşa dolduğum vaxtdan isə qılıncı yerə qoyub Quranı əlimə götürmüşəm... Bu müqəddəs kitabın surələrini də, ayələrini də, həmişə müqəddəs bilmişəm, başqaları kimi şəkk-şübhə ilə baxmamışam... Yeddi yuxunun içində də olsam, durquzub soruşsalar deyərəm ki, Quranın yüz on dörd surəsi, altı min iki yüz otuz altı ayə var. Quran yazılanda yetmiş doqquz min dörd yüz otuz doqquz sözdən istifadə ediblər... Quranda iyirmi beş peyğəmbərin ...Baş şeyxin get-gedə Şuşa gəldiyini görən Əcəmi onu yaxından qaytarmaq istədi:

– Əgər belədirsə, əsl Allah adamısınızsa, bəs onda öz dediklərinizə niyə əməl etmirsiniz, cənab Hatib ibn Mübarək?

– Bu nə sürətdi, Əbubəkr oğlu? – Baş şeyx özünü elə göstərdi ki, guya sualı yarıciddi, yarızarafatla verir.

– İndisə dediniz ki, cavanlıqda yaxşı ox atan olmusuz, həm də dediniz ki, oxunu atıb yayını gizlədənləri xoşlamırsınız... Amma yenə oxunu atıb yayını gizlətdiniz... – Biz bu gün ikilikdə söhbət edirik, açıq danışsanız! – Əcəminin son sözləri xahişdən çox, əmr kimi çıxdı. Baş şeyx də bunu hiss etdi. Ancaq Əcəmi üzr istəməyi özünə sığışdırmadı.

Hatib ibn Mübarək elə bil darıxdı və ürəyindən keçənləri deməyə başladı:

– Siz nəyə görə böyük xəlifənin, həşəmətli hökmdarın adına xütbə oxunan günləri Cameyə gəlmirsiniz?

– Bu barədə bizim gərək ki, əvvəllər də söhbətimiz olub... Mən təkcə xütbə oxunan günlərdə deyil, çox vaxt məscidə gəlmirəm... Çünki sarayın fərmanını yerinə yetirirəm. – Əcəmi səndəl ağacını qurşağından çıxarıb baş şeyxə tərəf tuşladı. Hatib ibn Mübarək əyləşdiyi döşəkcənin yanındakı yastığın ucunu qaldırdı, oradan balaca gümüş qutunu çıxardı, onun içərisindən həb götürüb ağzına atdı, bir neçə dəfə udqunandan sonra, təzəcə həna qoyulduğu üçün haqqıq rəngə çalan topa saqqalına bir neçə dəfə tumar çəkdi.

– Yaxşı, – dedi. – Camenin yarımçıq qalan işlərini görəndə sütunların baş tərəfinə bizim müqəddəs adlar həkk eləmədiniz ki, mərmər korlanar. Bəs sərdabənin iki üzlüyünü vurmağa başlamısız, kitabələrində niyə həmin müqəddəs adlar yenə yaddan çıxıb?

– Hardan bilirsiz?

– Bilirəm.

– Cənab əş-şeyx ər-rəis ki, sərdabənin tikintisin aparılan yerə hələ ayaq basmayıb?

– Müridlərim baxıblar...

– Belə deyin! – Əcəmi istehza ilə gülümsədi. – Mən sizin müridlərinizin əlindən belə işlərin gəlməsini ağlıma da gətirmirdim... Din xadimləri başqa bir vəzifəni də icra edirmişlər demək?!

– İslam yolunda xeyirxah iş savab sayılır.

Əcəmi baş şeyxin sözünü kəsdi:

– Xəbərçilik də... güdükçülük də?..

– Siz... nə sürətlə... – Baş şeyx söz tapıb fikrini tamamlaya bilmədi.

– Bu qədər ki, İslam, İslam deyirsiniz, xəlifə, xilafət dilinizdən düşmür, deyin görək onlardan bu adamlar, mənim həmyerlilərim, həmobalarım, həmvətənlərim hansı xeyiri görüblər?.. Hə, niyə dinmirsiz, cənab əş-şeyx ər-rəis?.. Yoxsa belə bir sualı gözləmirdiniz? Məndən qorxmayın, çəkinməyin, mən bu sualı sizə nə Came də, nə minbərdə, nə də hökmdar yanında verirəm... İkimizik deyə, bir allah bəndəsi kimi bir Allah adamına verirəm bu sualı... Bir müsəlman kimi müsəlmandan soruşuram bunu...

– Əbubəkr oğlu belə sözləri danışanda dindən ehtiyat etmir?

– Hatib ibn Mübarək bu dəfə ona vahimə ilə baxdı, həmsöhbətinin qəlbinə şübhə salmaq istədi.

– Heç nədən ehtiyat etmirəm... Mənim üçün ən böyük din azadlıqdı. Mən insan ləyaqətinə hörmət edirəm. Ona görə ki, yer üzündə insandan adil və mənsur, güclü və zəkalı bir canlı görmürəm, bir varlıq tanımıram!

– Əgər insan naqisdirsə, bəs onda necə?

– İblis, şeytan necə ki, aramızda gəzir, dolanır, cənnət, cəhənnəm sözləri nə qədər artır, tamah da bir o qədər güclənir, sərvət, şəhvət hərisliyi də bir o qədər çoxalır... Şair dostum Nizaminin kəlamlarıdır bunlar!

– Onları səhər-səhər yadıma salıb iştahamı küsdürməyin, Əbubəkr oğlu.

– Bu nə sözdü? – Əcəmi açıq-aşkar rişxənd etdi.

– Mənim şüara tayfasından zəhləm gedir...

– Şairlər zamanın vəkilləri, dövrün haqpərvərləridirlər... Onlar vaxtında adamları xəbərdar edib deyənlər: amandı, qoymayın yaman yaxşını üstələsin, nadan arifə həmlə etsin, namərd mərdin üstünə yerisin. Şairsiz məmləkət sarbanı olmayan qafilə kimidi...

– Hamısının çörəyi dizinin üstündədi... Başçıları dostumuz İlyas deyil? Əcərini Cahan Pəhləvan dura-dura aparıb İran səlcuqu şah Toğrula bağışladı.

– Mənim şair dostum İlyas Nizami atabəyə Əbucəfər Məhəmməd Eldəgəzə öz borcunu ona həsr etdiyi tərifdə çox gözəl mənalandırıb... Bəlkə əş-şeyx ər-rəis cənabları bunu bilmir? – Əcəmi baş şeyxə diqqətlə baxa-baxa şair dostunun bəzi misralarını yadına salıb dilinə gətirdi: “Şamil olan zaman hər kəsə rəhmət, iki sahib adı oldu. Məhəmməd Məhəmmədin biri son peyğəmbərdir, biri də son şahıdır, bu gün ömr edir. Ərəb simasında bir qəmərdir, biri Əcəmi şahı- biri tacvərdir...”

Şairin Cahan Pəhləvanın adını Məhəmməd peyğəmbərlə qoşalaşdırması baş şeyxin xoşuna gəlməsə də “rəsulullahı” ərəb səmasında Aya bənzətməsindən çox məmnun oldu. Bunu nəzərə alaraq Nizamidən “əl çəkib” başqalarının babalını yumağa başladı...

– Bu tayfa qədir-qiymət bilən tayfa deyil... İstər gəncəli olsun, istər şirvanlı, istər naxçıvanlı... hamısı bir bezin qırağıdı. Elə götürək “Vəta, Adəm, Xizr”la başlanan əşarın müəllifi Əfzələddini... Yoxsa yadından çıxıb onun bəd əməlləri? Öz ustadına, üstəlik, qayınatasına həcv yazıb elə mötəbər kişini el içində xar eləmədi? Əbül-Ülanın bütün yaxşılıqlarını yerə vurmadı?.. O boyda hörmətli zatı təriqət düşməni kimi rüsvayi-cahan eləmədi?.. Getsin qurban olsun Eldəgəzlər xanədanına, atabəy-əzəmə. Qanının arasına girməsəydi, indi başı Mildəydi, bədəni Muğanda. Belədi onların hamısı... Mücirəddin Beyləqanisi də belədi. Məhəmməd ibn Tahiri də, Malik əl Kəlamisi də belədi, hətta sarayın artıq-urtuğuynan dolanan Kəmaləddin Naxçıvanisi də... hamısı bir-birindən nankor, bir-birindən betər!

– Möhtərəm əş-şeyx ər-rəis! Gərək ki, Quranda deyilir “zalım olmaq günahdır?”

Əcəminin gözlənilməz sualı baş şeyxə yersiz görünsə də, onu cavabsız qoymadı:

– Günah yox, cinayətdir! – Baş şeyx özünü sındırmadı. – Allahın ən mötəbər kəlamıdı ki, əbədi müqəddəs kitabımız Qurana köçürülüb...

– Bəs onda niyə əməl olunmur Qurana?

– Allahın, Quranın qəsdinə duranlar o dünyalıqdı, özü də cəhənnəmlik!

Əcəmi gülümsədi, baş şeyxə tərəf əyilib yavaşca dedi:

– Qorxuram cəhənnəmə elə birinci cənab əş-şeyx ər-rəisin özü təşrif apara.

Hatib ibn Mübarək güclə olsa da səsini qaldırmağa səy göstərdi, ancaq boğuq çıxdı:

– Niyə?

– Çünki zalımsız! Həm də yaxşı ilə yamanı, arif ilə nadanı bir-birindən ayırd edə bilmirsiz...

– Kim bu haqqı verib mənimlə belə danışırsız? – Hatib ibn Mübarək bu dəfə hirslənib özündən çıxdı.

– Əbul Abbas Əmanın adını eşitmisiz?

– O kimdir?

– Babəkdən də əvvəl yaşamış şairimizdir... O, deyir ki...

– O kafirin adını çəkmə, amma şairin əşarını de görüm nə deyir?

Baş şeyx maraq göstərdi.

– Əbul Abbas Əma deyir: “İslama yağdırır dildə təriflər, qəlbindəsə ona nifrətlər bəslər...”

– Kim? – Hatib ibn Mübarək özünü itirdi.

– Bu suala şairin özü cavab verib: “Minbərdə boğazdan yuxarı dindar. Oradan enən kimi dostudur küffar...!

– Səni də Şərur məliki Oğuz kimi cəzalandırmaq gərəkdi, Əbubəkr oğlu! – Baş şeyx bu dəfə yana-yana danışdı. – Sənə kim haqq verib ki.. – Sözünün ardını deyə bilmədi.

Əcəmi isə kefini pozmadan xasiyyətinə xas olan sakitliklə sözünün ardını deməyə başladı:

– Onda qulaq asın, qüdsi-barigah! – Əcəmi yenə kinayə etdi: – Bu haqqı mənə ata-babamdan qalan bu torpağım verib, bu haqqı mənə başı bəlalar çəkən millətim verib! Artıq beş yüz ildir ki, alnımıza “müsəlman” damğası vurub heçliyə çağırırsız bizi... Unudursuz ki, insan oğlu həmişə işıqlı yol arayıb, nağıllarımızda deyilən kimi, tilsimli quyuya atılanda da, qaranlıq dünyaya düşəndə də “işıq, işıq” deyib. Qarşısında bir ağ, bir qara qoyun peyda olanda da, ağ qoyunun üstünə atıb özünü işıq həsrətilə... Siz isə insan oğlunu qaranlığa, zülmətə alışdırırsız əzəli gündən... Kimdir günahkar? Aldadan, yoxsa aldanan?

Mən isə ağlım kəsəndən nifrət etmişəm aldadanın sevincinə, asımışam aldananan kədərinə.

Baş şeyx Əcəminin get-gedə qızışdığından, axırda bəlkə də söhbəti gətirib Dəryanurun üstünə çıxacağından şübhələndiyi üçün ayağa qalxdı:

– Bəsdirin allah xatirinə!

– Cavanşir kimi bir sərkərdəyə sui-qəsd edən, kafir adlandırdığınız Babək kimi bir qəhrəmanı xəyanətlə aradan götürən xilafət, onun şeyxləri, müridləri bizim kimi də el sənətkarlarının çətin ki, qədrini bilə!

Əcəmi səndəl ağacını qurşağına keçirdi.

– Allah-təala komanı yandırıb küllü-küfan elədi, yenə ibrət olmadı sənə... Bu dikbaşlıq axırda başını yeməsə yaxşıdı... – Baş şeyx birdən hədə-qorxu gəldi, hiyləgərcəsinə başını yırğaladı.

– Sizin bəd əməlləriniz mənə agahdır, cənab qüdsi-barigah! – Əcəmi səndəl ağacını qurşağından çıxarıb baş şeyxi hədələdi. Bağdaddakı əməlləriniz də, Xorasandakı əməlləriniz də, buradakı əməlləriniz də... Cavan yaşındakı əməlləriniz də, ixtiyar yaşındakı əməlləriniz də... Siz gəlin məni rahat buraxın... Mərdi qova-qova namərd eləməyin, cənab əş-şeyx ər-rəis!..

Baş şeyx sevindi: yaxşı ki, Əcəmi demədi: “Komanın külü-kufan olması da sizin əməlinizdi”. Və həmsöhbətinin qırımını görüb dinmədi, dibaçənin üstünə qoyduğu mücridən balaca bir müshəfi çıxarıb ona uzatdı. Bu, Cahan Pəhləvanın fərmanı idi. Onu baş şeyx Həmədandan özü ilə gətirmişdi. Orada hökm olunurdu ki, Möminə xatunun məzarı üstündə inşa olunan sərdabənin kitabələrini hazırlarkən başqa naxışlarla yanaşı, ərəb əlifbası ilə yazılan “Allah”, “Peyğəmbər”, “Xəlifə” sözlərindən də bəzək ünsürləri kimi istifadə olunsun...

Əcəmi fikrə getdi: “Peyğəmbərə inamım azdı... Xəlifəyə nifrətim çox... Bəs Allah?

Darvaza hirslə necə açılmışdısa, eləcə də örtüldü...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Karvan yola çıxır

Axşam idi, qaranlıq bir axşam. Şəhər elə bil indiyə kimi belə bir qaranlığa bürünməmişdi, onun üzərinə belə bir qatı zülmət pərdəsi çəkilməmişdi.Göz-gözü görmürdü. Elə bil kimsə göyə süpürgə çəkib ulduzları təmizləmişdi.

7 min
Axşam əzanından sonra

Şəhər rəisinin ovqatı son vaxtlar çox təlx idi, qaşqabağı açılmırdı. Züriyyətsizlik, vəsi dərdi yaşa dolduqca onsuz da gödək olan boyunu bir az da aşağı basırdı.Cahan Pəhləvanın şəhərə varid olan gündən göstərdiyi laqeydlik onun gününü göy əskiyə döndərmişdi. İki gündən – bir etdiyi töhmətlərin, dediyi acı sözlərin isə sayı-hesabı yox idi: “Sən mərhum atabəy-əzəmin etimadını doğrultmursan”, “Şəhərdə özbaşınalıqdır, əxiliyə arxa çevirənlər peyda olub... Əsnaf əhli vergi verməkdən boyun qaçırır, “Bədəvilər, rahzənlər¹ oğurluq edirlər, şəhərdən çıxan karvanlara həmlə çəkib soyurlar”, “Başını isə görmək, şəhəri, ona tabe olan kəndləri idarə etmək əvəzinə həmbəzmlərə² qarışıb, mey və zənən düşgünü olub qalmısan... övrətin isə...”

9 min
Əsrin onda biri

Cahan Pəhləvan alnını sol ovcunun içinə qoyub fikrə getmişdi. Bu, hökmdar üçün artıq bir adət halına keçmişdi. O, belə dərin fikrə gedəndə nə barədəsə sərt bir tədbir görəcəyini, yaxud fərman verəcəyini kəsdirirdi.Qulam içəri girdi və adəti üzrə dinmədi, qəbul otağının aşağısında dayanıb hökmdarın dərin düşüncələrdən nə vaxt ayrılacağını gözlədi. Elə bu vaxt hardansa dəvə karvanının son zınqırov səsləri eşidildi. Görünür, tacirlər Naxçıvan düzündən kifayət qədər yük götürmüş dəvələrini yenə şəhərin içərisinə sürüb culfa yoluna çıxarırdılar. Cahan Pəhləvan bu səsi eşidən kimi alnını ovucunun içərisindən götürdü. Bundan istifadə edən qulam tez baş endirdi və:

11 min
Analar kövrək olurlar

– Olar?– Buyurun, buyurun... həmişə siz gələsiz. Mənim bacımın əhvalı necədir? – Əcəmi əl verib Cəmillə görüşə-görüşə Zəhra ilə salamlaşdı, onun kefini xəbər aldı, hal-əhval tutub qızları soruşdu.

11 min

Poems by other poets