Page 3 of 3 · 67%

– Mən də naxış vurmaq istəyirəm, ana!

– Axı xalça toxumaq arvad işidi... Kişilər bu peşənin dalınca getmirlər, ağrın alım.

– Naxışı elə gərək xalçaya vurasan? Başqa yerə vurmaq olmaz?.. İndicə özün demədin ki, hər şeyin naxışı olur?

Anam fikrə getdi. Soruşdum:

– Görəsən xalça toxumağı kim tapıb, ana?

Anam öz peşəsi barədə bildiklərini elə həmin gün mənə danışdı, özü də təmkinlə, maraqla, yerli-yerində.

– İnsanlar. – dedi. Düzünü desəm analar, nənələr əvvəlcə belə xalçalar toxumayıblar. O vaxtlar, hələ kəndlər, şəhərlər olmayanda adamlar köçəri idilər. Onlara yayda istidən, qışda soyuqdan qorunmaq lazım idi. Yağışdan, doludan da qorunmaq lazım idi. Çox-götür qoydan sonra adamların karına yenə qoyun-keçi gəldi... Yuna, qəzilə pənah gətirdi insanlar. Yundan, qəzildən həm paltar toxudular, həm də dolanacaq düzəltdilər. Əvvəl-əvvəl palaz, cecim, karbıd, şəddə, vərəni, zili toxudular. Çünki bunlar köçərilərə hər vaxt hava-su kimi lazım olur... Elə ki, evlər bina olundu yer üzündə, onda analar da, nənələr də peşələrinə daha ürəkdən girişdilər. Əvvəlcə kilimlər, sonra xalçalar, xalılar toxundu. Toxunub kəsildi, evlərin bəzəyi oldu. Analar, nənələr ömürlərini bu peşəyə bağladılar, hələ bayatı da düzəltdilər özləri: “Mən aşiq, hana qursam, Xanədə hana qursam. O gün azar taparam, Hanadan yana dursam...

– Ana, bir də oxu həmin sözləri.

Anam bir də oxudu, hələ həvəsə gəlib başqasını da oxudu. Sonra yenə əvvəlki söhbətinə qayıtdı:

– Xalçaçılıq qədim sənətdi, oğul. – dedi. – İllər keçdikcə nəsildən-nəsilə verilir bu sənət. Əgər bildin niyə? Ona görə ki, bir mahnıdı bu sənət. Nənələrimiz onu gecə-gündüz oxuyur, sonra qızlarımıza öyrədirlər o mahnını. Onlar da həmin mahnını baharda oxuyurlar, payızda oxuyurlar. Necə deyərlər, mahnı oxunur, ilmə toxunur. Oddan atəş, güldən ətir almışıq... Atəşə buta şəkli verib xalçalara işləmişik. Lalənin rəngini, çəmənin gözəlliyini xalçalarda yaşatmışıq, toxuduğumuz xalçalara, xalılara adlar da vermişik: “Ləçək-turunc”, “Hilə-buta”, “Əfşan”, “Təbrizi”, “Sərabı”, “Gömü”, “Gəncə”, “Fatmeyi”, “Naxçıvani”,

– Anam danışdı mən qulaq kəsildim. – Gərək hər kəs öz işinin ustası ola, oğul. Bu, xalçaçıya daha çox gərəkdi. Hananın dalında ki, oturdun, gərək əvvəlcə yundan başın çıxa. Çünki elə yun var, onu heç boyaman vacib deyil, qoyun özü ona rəng verib: ağ, qara, xaki... Sonra gərək naxış vurmağı, rəng seçməyi bacarasan. Biləsən ki, hansı qoyunun yununa rəng uyğun gəlir. Elə rəng var ki, yanındakı, yaxud ortasındakı rəngi dirildir, eləsi var öldürür. Eləsi var işıq verir, eləsi var kölgə salır... Xalçaçı gərək bilə ki, hansı otunan, hansı gülün çiçəyinən, hansı ağacın yarpağından, nəyin qabığıynan yunu necə boyamaq olar, onu hanada necə işləmək olar. Bunları bilməsək gözəl-gözəl xalçaları toxuya bilmərik. Qırmızının yanında sarı rəng, həmişə gözəl görünür. Bu barədə nənələrimizin gözəl kəlamları var: “Ağ ilə yaşıl-nə xoş yaraşır”, “Qırmızı sarı yar tapıb yarı...” hələ usta xalçaçılar deyərlər ki, isti rəng də var, soyuq rəng də, yaxın rəng də var, uzaq rəng də... Onlar ipi nədə boyamağı da bilirlər. Bilirlər ki, boya kökündən, badam ağacından sumaxdan, zirincdən, yemişandan, həmərsündən, zəforandan, canım balama desin, əncir yarpağından, süddüyənən, gülxətmi çiçəyindən, hətta yandırılmış arpadan, səhləbdən, qov göbələyindən hansı rəngi almaq olar, hansı yunu onunla necə boyamaq olar... Görürsən xalçaçılar nələri bilirlər... xalılar nə qədər əziyyət, zəhmət hesabına toxunub başa gəlir... Amma heyf ki, həmin xalçaları, xalıları imarətlərinin fərşinə döşəyən, divarlarına vuran varlılar heç vaxt fikirləşmirlər ki, onların ilmələrin arasında neçə-neçə gəlinin, neçə-neçə ananın, neçə-neçə nənənin gözlərinin nuru gizlənib...

– Bəs bunlar nədir, ana?

– Butadı.

– Buta nədir?

– Deyirsən buta nədir? Hə, oğul, buta da oddu, alovdu... Analarımız, nənələrimiz xalçaları butayla bəzəməyi xoşlayıblar...

– Sağ ol, ana!” Səsimə ayıldım, başımı Şəhdigülün yamaca qoyduğu kiçik güllü döşəkcənin üstündən qaldırıb dikəldim. Şəhdigül yanımda oturub gözlərini mənə zilləmişdi. Müxtəlif güllərdən, çiçəklərdən dəmət bağlayıb bərk-bərk sinəsinə sıxaraq mənə baxıb şirin-şirin gülümsəyirdi.

– Deyəsən yuxu görürdün, ha budu?

– Nədən bildin?

– Rəhmətlik Badisəba xalanı çağırırdın...

– Hə, anamı yuxuda gördüm.

– Elə bayaq at üstündə mürgüləyəndə, ha budu, mən də anamı görmüşdüm... Allah hər ikisinə rəhmət eləsin! – Şəhdigül boynunu sol çiyninə əyib mənə yazıq-yazıq baxdı. Birdən mənim ürəyimin sıxılacağından ehtiyat edir kimi özünü şad-xürrəm göstərməyə çalışdı.

– Hə, heç baxmırsan, gör sənin üçün, ha budu, necə qəşəng güllər, çiçəklər yığmışam... Ətrindən doymaq olmur. – Şəhdigül gülləri, çiçəkləri sinəsindən aralayıb burnuna tutdu. Gözlərimi yumub güllərin rayihəsini dönə-dönə iylədim, sonra qolundan yapışdım. Yanıma çəkildi, qolumu onun boynuna saldım. Başını sinəmə dayadı.

– Sən qız deyilsən, Şəhdi... Sən su sonasına oxşayırsan, su pərisinə bənzəyirsən. – Niyəsə ürəyim yanıanca cuşa gəlmişdi. – Sən dağlarda azad böyüyən ürkək ceyransan, sən qayalarda səkə-səkə oxuyan kəkliksən, turacsan, qumrusan, göyərçinsən...

– Di yaxşı, bəsdi! – Şəhdigül ərklə sözümü kəsdi: – Bəs deyirsən, ha budu, mən yalançı deyiləm... İndi görürəm yalançısan?

– Niyə?

– Ona görə ki, mən onların heç biri deyiləm... Ha, budu, niyə yalan danışırsan?

– Bəs nəsən? Bəs kimsən?

– Məəən?

– Hə, sən.

– Mən rəhmətlik bənna İbrahimin bacısı Şəhdigüləm... Kəndli qızı Şəhdigül. Onun başını sinəmdən qaldırıb heyran-heyran baxdım. Elə baxdım ki, nüfuzedici nəzərlərim Şəhdigülü bir az da əritdi, məzlumluğunu isə daha da çoxaltdı. Elə bil nədənsə utandı, fındıqca burnunun yanlarında, ağlı-qırmızılı yanaqlarında səhər-səhər gül üstünə düşən şehə bənzər tər damcıları göründü...

Özümü saxlaya bilmədim, onu yenə qucaqlayıb bağrıma basdım. Elə bu vaxt Günəş bir parça buludun arxasına girdi, bulağın da üstünə kölgə düşdü...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Saray dəbirinin ön yazısı

Şahların, padşahların sarayları başqa bir aləmdir. Gərək o saraylara düşəsən ki, görəsən orada nələr olur, nə sirlər gizlənir, hansı möcüzələr baş verir.Saraylarda adamlar da müxtəlifdir. Müxtəlifdir xasiyyətlər də, əməllər də. Müxtəlifdir iştahlar da, əxlaqlar da. Bu saraylar görəsən nə vaxt, nədən ötrü peyda olublar əzəl-axır məkanımız Xak üzərində, onlara kim daşıyıb şəffaf-şəffaf Abı, ocaqlarında kim yandırıb qızmar-qızmar Atəşi, kim gətirib onların işığlı-qaranlığlı küçələrinə həzin-gur Badı?.. Bu saraylarda adamlar öz mənliklərini, öz izzəti-nəfslərini itirdikləri kimi adlarını da itirirlər. Birinə hökmdar deyirlər, birinə vəzir; birinə mələkə deyirlər, birinə cariyə; birinə əş-şeyx ər-rəis deyirlər, birinə qazi; birinə münadi deyirlər, birinə nədim; birinə məşşatə deyirlər, birinə kəniz; birinə mühafiz deyirlər, birinə dərban; birinə qulam deyirlər, birinə pərdədar...

2 min
Yollar, yollar...

Pəncşənbə günü idi. Səhər yenicə açılırdı.Tutqun üfüqün boz yanağına təzə-təzə narıncı xal düşür, qədim Həmədanın üzərinə sallanan qatı bulud karvanı şəhərin söykəndiyi Əlvənd dağlarına tərəf sürünür, sonra göy qübbəsinin ətəklərində çin-çin olur bir-birinin üstünə qalanırdı. Məğribin zülmət örpəyi çoxdan pardaxlanmışdı...

13 min
Xufdən söhbəti

Naxçıvan şəhərinin rəisi içəri girəndə baş şeyx Hatib ibn Mübarək başdan-ayağa xalı döşənmiş otağın ortasında əyləşib, qarşısındakı rəhilin¹ üstünə qoyulan qalın kitabın növbəti vərəqini əlfəcinlə çevirdi, onu öpüb gözlərinin üstünə qoydu, sonra öz-özünə “Əşhədü ənna lailahə illəllah, əşədü ənna Muhəmmədən rəsul Allah” deyib pıçıldadı. O, rəisə özünü elə göstərmək istədi ki, guya Quran oxuyur. Əslində rəhilin üstündəki “Vis və Ramin”² idi.Rəis başını tərpədib salamlaşdı, baş şeyx mane olmasın deyə ehtiyatla keçib yuxarı başda, pəncərənin önünə qoyulan və üstünə kiçik güllü xalça salınan dibacədə³ əyləşdi.

11 min
Bu xatirə Əcəmi dilindəndir

Gecə pis yatmışdım. Son vaxtlar belə hallarım tez-tez olurdu. Bəlkə də buna görəydi ki, tək-tənha ömür sürürdüm. Anam sağlığında dönə-dönə eşitdirsə də, evlənmək istəmirdim. Bir də fikirləşirdim ki, adamlar bəzən özünə peşə seçən günü daim subay qalacaqlarını da qət edirlər. Bu gün burada, sabah orda işləyənə hansı qız ərə gəlib övrət olar? Mənim peşəm də belə idi. İlk məhəbbətim üzüdönük çıxandan sonra isə adamlardan uzaq gəzməyə, qadın xeylağından birdəfəlik kənar qaçmağa çalışırdım. İki-üç il olardı ki, rəhmətlik atam Əbubəkr kişi kimi dulusçuluğu atıb bənnalığa başlamışdım. Amma qarşıma məqsəd qoymuşdum ki, axıra kimi bənna olub qalmayam. Axı oğullar atalardan, atalar babalardan irəli getməsələr, millət tərəqqi etməz... İnsan övladı da qəribə məxluqdur. Hərəsi bir şeyin vurğunudu əzəli gündən. Biri gülün, biri çiçəyin, biri də ömür-gün sirdaşı bir göyçəyin, bir mələyin... Mən də ağlım kəsəndən kərpicə, daşa vuruldum, meylimi onlara saldım. Axı daş bizim ulu babalarımızın, nənələrimizin ilk evi, ilk silahı olub. Adəm Həvvaya rast gələndə, yəqinimdir ki, dünyanın ilk kişisi kimi gəlin otağını daşdan hörüb, palçıqdan çatıb. Arvad qeydinə qalanda, övlad qayğısı çəkəndə əlinə daş alıb ov dalınca gedib. Sonra daşdan dəstər, yemək qab-qacaq düzəldib, ocaq çatmaq üçün çaxmaq itiləyib. Bəlkə elə bu işıqlı aləmin ilk övrəti Həvva üçün ilk bəzək şeylərini də daşdan yonub bizim min-min yaşlı, min-min dərdli-sərli babamız Adəm... Demək, bəşər övladının ürəyində ilk məhəbbət elə torpağa, daşa oyanıb. Daş olmasaydı biz ulu-ulu əcdadımızdan da, qədim-qədim sələflərimizdən də xəbər tuta bilməzdik, onların əməlindən agah ola bilməzdik. Daşdan tikdikləri kar qalalara, kor bürclərə baxıb onların ürəyindən keçənlərdən xəbər tuturuq, yaxşıları yamanlardan, mərdləri namərdlərdən, igidləri qorxaqlardan ayırd edirik həmişə. Axı xeyirxahlar daşdan, palçıqdan öz bildikləri kimi, namərdlər də öz tikdikləri kimi istifadə ediblər. Bəziləri gözoxşayan saraylar, qəsrlər tikiblər, bəziləri qan çanağı, ölüm teşti olan zindanlar, həbsxanalar... Lal daşlar bəzən insan övladına bərli-bəzəkli gəlin otağı olub, bəzən də qaranlıq sərdabə... Belədi yaşı bəlli olmayan bu qoca dünyanın gərdişi ilk yaranışdan, ilk binadan. Nə eybi, qoy ədiblər gördüklərini, şahidi olduqlarını, sevdiklərini, nifrət etdiklərini əşara çevirib nəzmə çəksinlər, alimlər təbiəti gizli-gizli öyrənsinlər, mənsə ürəyimdən keçənləri daş kitabələrə köçürtdüm, dilsiz daşlara həkk etdim – bir çoxuna imarətlər inşa etdim, qəbirlər üzərində sərdabələr tikdim, axırda isə şəhərimizin ən mötəbər şəxsi, böyük şeyx Yusifə öz borcumu ödədim......Elalnının arxasında Günəş şəfəq atan kimi durub geyindim, həyətə endim. Səhərə yaxın azacıq yağış çiləmişdi. Havada mülayim bir sərinlik var idi. Darvazadan çıxdım, dar küçə ilə üzüyuxarı qalxıb, Pir Osman meydanına gəldim. Saraydan əlavə məscid-minarələrin, qala divarlarının üzərində də ipək bayraqlar dalğalanırdı. Amma dəmirçixanalardan, misgər, nalbənd, xarrat dükanlarından çəkic-zindan səsləri gəlmirdi, dulus emalatxanalarının bacalarından tüstü çıxmırdı, küçələrdə halva, saqqız, göyərti satanların cır səsləri qulaqlara dolub beyinlərə işləmirdi... Şəhərin üzərinə çökmüş sükutu az sonra məscidlərin minarələrinə qalxıb camaatı səhər namazına dəvət edən müəzzinlərin “Allahu əkbər” sədaları pozmağa başladı... Məscidlərdə isə öz işlərində idi mollalar. Onlar əş-şeyx ər-rəis Hatib ibn Mübarəkin tapşırığına əməl edərək Eldəgəzlər sülaləsinin ayrı-ayrı şəxslərinin ünvanlarına təriflər deyir, nimdaş xirgə geymiş, əli kəşküllü, təbərzinli dərvişlər küçələrdə qəsidələr söyləyir, təsbehli, göy qurşaqlı seyidlər atabəy-əzəmdən sonra taxta əyləşən Cahan Pəhləvanı bir hökmdar kimi, bir sərkərdə kimi, bir insan kimi tərifləyib göyə qaldırırdılar...

14 min

Poems by other poets