Page 2 of 2 · 50%

Hökmdar, istəyirəm bir fikrimi sizinlə bölüşəm... – Sədəddin Əsəd başqa bir niyyətə əl atdı.

– Nə fikir?- Cahan Pəhləvan başını qaldırıb xəbər aldı.

– Razılıq versəniz sizin Ruindəj və Karmasın döyüşləriniz barədə dastan bağlamaq üçün sifariş verərdik.

– Kimə?

– Ədiblərə, şüərəya...

Cahan Pəhləvanın sifətində qəribə bir maraq yarandı. Vəzir məqsədinə çatdığına, saray sahibinin “boş damarını” tapdığına sevindi. Gözlədi ki, görsün hökmdar özü bu barədə nə fikirdədir. Demə Cahan Pəhləvanın ürəyindən elə belə bir istək keçirmiş.

– Yaxşı ki, sarayın vəziri axırda belə bir qənaətə gəldi. – Cahan Pəhləvanın sifətində xüsusi bir ifadə yarandı. – Qətran Təbrizi Sərab yaxınlığında azərbaycanlıların vuruşmağını elə gözəl təsvir edib ki, yazdıqlarını dinlədikcə, onlara qulaq asdıqca insan valeh olur. Məgər Ruindəj ətrafında, Karmasın düzlərində gedən döyüşlər, göstərilən igidliklər, qoçaqlıqlar təsvir edilməyə, mədh olunmağa laqeyd deyil?..

– Əlbəttə, layiqdir!

– Onda sifariş elə yazsınlar. Bəs biz Gəncədə, Həmədanda, yaxud Naxçıvanda bu məclisi-şüaraları nədən ötrü saxlayırıq? Beytülmaldan onlara hər il nəyə görə təxsisat ayırırıq? Gəncədə olan kimi mən Naxçıvanda da, Həmədanda da Əbül-Ülalar, Xaqanilər, Nizamilər görmək istəyirəm... Və kim yazsa, layiqincə təsvir etsə, onu layiqincə də qiymətləndirəcəyik.

– Qorxuram inanmayalar. – Sədəddin Əsəd bir an fikrə getdi.

– Niyə?

– Deyəsən Əbubəkr oğluna olan münasibətinizi kimsə saraydan faş edib, kənara çıxarıb. – Vəzir çox ehtiyatla danışdı.

– Kim edə bilər?.. Bu söhbət bizim ikimizin arasında olub...

Sədəddin Əsəd birdən üşəndi, danışığı özünün də xoşuna gəlmədi. Yaxşı ki, bir neçə gün əvvəl Əcəmi barədə aralarında söhbət gedən vaxt qəfil içəri girən həbəş qulamı xatırladı...

– Sizə həb gətirən qulamı nəzərə almırsız... Yoxsa hökmdar mən ixtiyar vəzirə...

Cahan Pəhləvan onun sözünü kəsdi.

– Dayan, vəzir! – Sədəddin Əsəd kiridi. Cahan Pəhləvan soruşdu:

– O qulam indi hardadır?

– Sarayda.

Hökmdar bir müddət fikrə getdi, nəyisə götür-qoy etməyə başladı. Şübhələri artan vəzir siyasətdə çətin aldadıla bilən saray sahibinin fikrini başqa səmtə yönəltməyə qərar verdi:

– Atabəy-əzəm dönə-dönə deyərdi ki, sarayı mədh edənlərə ənan verəndə, mədhiyyəçiləri təltif edəndə mükafat verilənin şəxsi dəyəri də, el-oba içərisində nüfuzu da əməlli-başlı yoxlanılmalıdır. Dedi-qodular bir kənara qoyub, onun ancaq öz zəhməti, öz alın təri, öz ləyaqəti, öz bacarığı nəzərə alınmalıdır... Belə olarsa həm hökmdarın fərmanı qiymətə minər, həm də mükafatdan el-oba razı qalar...

– Sözlü adama oxşayırsan, vəzir...

Pişgahın qapısı açıldı, Hatib ibn Mübarək otağa daxil oldu. Onun özbaşınalığı deyəsən Cahan Pəhləvanın xoşuna gəlmədi, çünki baş şeyxə oturmaq üçün yer göstərmədi. Hatib ibn Mübarək özü keçib sədr kürsülərindən birində əyləşdi və cibindən şəvə kimi qara səddanəsini çıxarıb əsəbi-əsəbi çevirməyə başladı.

– Şeyx cənabları, yoxsa çox vacib bir iş var? – Sualı Sədəddin Əsəd verib hökmdarı əsəbləşdirmək ehtimalının qarşısını almaq istədi.

– Şəkk-şübhədən çıxdığım üçün çağrılmamış gəlmişəm. Mənim müridlərimdən biri şair Nizaminin Əbubəkr oğluna göndərdiyi məktubu ələ keçirib. Gəncəli şair naxçıvanlı memarı “Xəmsə” yaratmağa çağırır. Heç bilirsiniz bu nə deməkdir? Bu, mərhum Möminə xatunun müqəddəs ruhuna hörmətsizlikdir. Əbubəkr oğlu ağzından qaçırıb ki, çəkilən xərcin üçdə birini verən olsa bundan əzəmətli, yarısını verən olsa bundan qat-qat həşəmətli sərdabə tikərəm... Əbubəkr oğlu bu bəd niyyətinə görə, iti nəfsinə görə mütləqa cəzalandırılmalıdır! – Baş şeyx məktubu Sədəddin Əsədə uzatdı və səddanəsini bir yerə yığıb bu ovcundan o ovcuna, o ovcuna bu ovcuna keçirə-keçirə özünü yalandan narahat göstərməyə cəhd etdi.

Sədəddin Əsəd istədi ki, onu yerində oturtsun, ancaq tez də fikrindən daşındı.

– Sonra?..

Baş şeyx atdığı oxun hədəfə dəymədiyini güman edərək “sadağa başqa bir ox qoymağı” qət etdi.

– Sonrası sizə çox yaxşı məlumdur... Mülhiddir, laməzhəbdir¹ qatcüttəriqlərə² rəğbət bəsləyir, din xadimlərinin üzünə ağ olur...

– Səbəbi?

– Səbəbi uzundur. – Baş şeyx birdən Dəryanuru xatırlayıb alındı və atını çox uzaqlara sürdü. – Deyirlər nəslində xürrəmilərdən kimsə olub... O da bununla yeri gələndə öyünür... İslama şübhə ilə baxmağı da, peyğəmbər salavatullah barədə bədgüman olmağı da yəqinimdir ki, elə bunların ucbatındandır... Bir dəfə görün mənə nə deyir.

¹ Dinə inanmayan

² Qaçaqlar

– Nə deyir? – Cahan Pəhləvan nədənsə maraq göstərdi.

– Deyir bilirsən kasıb bir işdən yapışanda niyə “ allah qoysa” deyir? Deyirəm niyə deyir? Deyir ona görə ki, inanmır. Fikirləşir ki, birdən namərdlik edər, qoymaz bu işi icra edəm... – Baş şeyx birdən özündən çıxdı. – Bilmirəm nəyi gözləyirsiniz, hökmdar? Belələrini təxirə salmadan təcili olaraq cəzalandırmaq gərəkdir... Yaxud da məmləkətdən xaric etmək gərəkdir... Mənim məsləhətim belədir, atabəy!

Baş şeyxin danışığı da, gəlişi kimi ürəyinə yatmadı saray sahibinin. Bir müddət Sədəddin Əsədə baxdı. Birdən qəddini düzəldib kürəyini taxtın dayanacağına söykədi:

– Cənab Hatib – Cahan Pəhləvan bəlkə də ilk dəfəydi ki, baş şeyx adı ilə müraciət edirdi:

– Sizə əyandır ki, mənim, Nüsrətəddin ibn Şəmsəddinin İslama da, xilafətə də, xəlifəyə də hörməti var. Amma unutmayın ki, Eldəgəzlər xanədanının hakimiyəm. Mərhum atabəy-əzəmdən sonra bu dövləti idarə edən mənəm, onun düşmənlərinə öz yerini tanıtdıran da mənəm. Kimi əfv etmək, kimi cəzalandırmaq bir hökmdar kimi mənim səlahiyyətimə daxildir. Kənardan məsləhətə ehtiyacım yoxdur. Görürsünüz bu ixtiyar vəziri? – Sədəddin Əsədi göstərdi. – Bir vaxtı mərhum Şəmsəddin Eldəgəzə vəzirlik edib, indi də mənə vəzirlik edir... Dünyanın hər üzünü görmüş müqtədir bir qocadır. Amma bir dəfə görmədim nə atabəy-əzəmin hüzurunda, nə də mənim yanımda özündən çıxıb hirslə danışsın. Siz Cameni sarayla qoşalaşdırmayın!.. Bunların hər birisinin öz səlahiyyəti, öz vəzifəsi var. Məsləhət görürəm ki, ancaq sizə verilən səlahiyyətdən istifadə edin. Ancaq öz vəzifənizi icra etməyə təlaş göstərin. Hökmdar da Allah kimi təkdir, hər buyruğu da, hər hökmü də özü verir. Hökmdar – hökmü-fərmandır. Vəssalam!

– Biz belə qanaq ki, hökmdar cənabları bizim xeyirxah təlaşımızdan heç də narahat olmur, hə?

– Hökmdarın nə vaxt rahat, nə vaxt narahat olması da onun özünəməxsus işdi.

Söhbət bura çatanda Hatib ibn Mübarək xəlifənin bir sözünü xatırladı: “Sənin xidmət etdiyin Arranın camaatı başlayıb xilafətə verilən vergilərdən imtina etməyə. Bu, bizim sülalənin başlanğıcını qoyan möhtərəm və müqəddəs bir zata ləkədir. Bu, Eldəgəz törəmələrinin dərsidir... Unutmaq olmaz ki, Şəmsəddin Eldəgəz öləndə yerində iki varis qoyub gedib. Cahan həqiqətən pəhləvandı, qardaşı Arslan da elə arslandı, üstəlik, hər ikisi siyasətcildir. Güclə siyasət birləşəndə yenilməz olur. Bu yenilməz qüvvədən daim ehtiyat etmək gərəkdir... Ayıq və sayıq olmaq gərəkdir...”

Bunları təkcə baş şeyx yox, vəzir də fikirləşdi: “Siyasətdə tayınbərabərin yoxdur, Şəmsəddin oğlu. Mərhum atabəy-əzəm tökdüklərin sən yığışdırmısan...”

Hatib ibn Mübarək özünü zorla onu ələ ala bildi və saray sahibinin cavablarından xeyli narahat oldu. Səddanəsini cibinə qoyub ayağa qalxdı.

– Əvf edərsiniz, hökmdar... Və inana bilərsiniz ki, mən Hatib ibn Mübarək bundan belə sarayın işlərinə qarışan deyiləm... İcazə verərsiz mürəxxəs olum?

Baş şeyxin qaməti xeyli əyilmişdi, o içəri girəndə nümayiş etdirdiyi şuxluğunu itirmişdi. Bunu hökmdardan əvvəl vəzir hiss etdi və həm də xoşhal olmuşdu...

Saray sahibi baş şeyxi yenə sancmağı əldən vermədi:

– Gələndə icazə almışdınız ki, mürəxxəs olmağa da icazə istəyirsiniz?

– Şair Nizaminin məktubu qalsın, aparım?

– Apara bilərsiz...O məktubu sizdən qabaq mənə gətirib oxuyublar...

– Kim?!

– Onun sizə dəxli yoxdur!..

Baş şeyxin sifətinə ötəri bir qızartı qondu, heç nə deməyib pişgahdan çıxdı.

– Mən bu məqamı çoxdan gözləyirdim, hökmdar. – Sədəddin Əsəd saray sahibinə razılıq etdi. – Ləyaqətli kişi iki şeyi yaxşı bilməlidir: birincisi öz yerini, ikincisi öz sözünü...

– İnsan mürəkkəb məxluqdur, vəzir! Hərəsinin də bir xasiyyəti olur. Xasiyyət pis niyyət daşıyanda onun sahibinə güzəştə getməyəsən. Bu hərif nə sezibsə mənim əlimlə düşmən kimi baxdığı Əbubəkr oğlundan intiqam almaq niyyətindədir... Buna görə də saraya qulaqçıgüdükçü xidməti göstərmək həvəsinə düşüb.

Hakim ki, xəbərçiliyə, güdükçülüyə möhtac oldu, elə o vaxtdan kişiliyinin yarısını itirdi...

Sədəddin Əsəd fikirləşdi ki, yaxşı fürsət düşüb, saray sahibinin yenə “boş damarı”nı axtarım, bəlkə tapa bildim...

– Siz də Hatəm¹ səxavəti var, hökmdar. Buna görə üləma da, şüəra da sizdən daim qəddanlıq umurlar, qədr-qiymət gözləyirlər. O cümlədən, Möminə xatun ananın möhtəşəm abidəsini...

Cahan Pəhləvan həmsöhbətinin məqsədini başa düşdüyü üçün əlini yuxarı qaldırdı. Vəzir onun adətinə bələd olduğu üçün fikrini yarımçıq saxladı. Odla su arasında qalan və vəzirin söhbəti hara gətirib çıxardığını hiss edən Cahan Pəhləvan fikrini handan-hana bir yerə cəm edib dedi:

– Amma mənim ərz etdiyiniz Hatəm səxavətinin bütün sənətkarlara şamil etməyə səy göstərməyin. Və baş şeyxlə söhbətimdən ayrı nəticə çıxarmayın... Vəzir bilməlidir ki, mənim həm Eldar Bəhmənin oğlu barədə, həm də Əbubəkr oğlu barədə...

Həbəş qulam qəfil içəri girdiyi üçün hökmdarın sözü yarımçıq qaldı. Qulam təlaşla xəbər verib dedi:

– Əbubəkr oğlunu gecə oğurlayıblar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üz-üzə, göz-gözə

...Qədim Dvin ətrafındakı düzənlikdə Cahan Pəhləvanın qoşunu ilə Georginin qoşunu arasındakı döyüş get-gedə qızışırdı. Atabəy-əzəmin sağ olmadığını bilən Gürcüstan hakimi Azərbaycan Atabəylər dövlətinin möhkəmlənməsindən, Təbrizin, Marağanın Eldəgizlər xanədanının tərkibinə daxil edilməsindən bərk narahat olmuşdu və vədini pozaraq otuz minlik qoşunu ilə Dvin üzərinə yenə yürüş etmişdi.Cahan Pəhləvan qardaşının, oğlanlarının bu döyüşdə iştirakına razılıq verməmişdi. Onlar nə qədər təkid etsələr də, şah öz dediyinin üstündə durmuşdu: “Gürcüstan hakimi mənimlə təkbətək üz-üzə gəlmək niyyətindədir. Buna görə də mən necə istəyirəmsə, elə də olmalıdır... Mən sizinlə qardaş və ata kimi yox, hökmdar kimi danışıram. Hökmdarın dediklərini müzakirəyə qoymazlar, onun hökmlərinə düzəliş verməzlər. Mənim əmrim olmadan siz Təbrizdən kənara çıxmırsız. Demetre törəməsinin pişvazına özüm çıxacağam...”

16 min
Dərban və mühafiz (payız söhbəti)

– Ə, nətərsən, ə?– Nətər olacam, demək olar ki, pisdən də pis.

9 min
Xeyirxahlıq

Yay təzə girsə də, havalar isti keçirdi...Günəş düz günorta yerində dayanmışdı. Bəlkə də buna göyrəydi ki, müəzzinlər şəhər əhlini tələm-tələsik zöhr namazına dəvət edib minarələrin şərəfələrindən enərək özlərini məscidlərin, mehrabların sərin hücrələrinə vermişdilər...

10 min
Zaman – nəhrdir

Bir bulağa bir çöp atırsan aram-aram axıb gedir. Bir çaya xəşəb² salırsan sular onları öz axarında aparır.Zaman da nəhrdir. İnsanlar öz mürlərinin illərini çöp kimi, xəşəb kimi bu nəhrə tökürlər. Əcəmi də beləcə tökdü ömrünün neçə-neçə ilini bu həyat nəhrinə. Əvəzində də torpaq üstündə ölməz bir yadigar ucaltdı...

3 min

Poems by other poets