Cavan tacirlə pristav qızının əhvalatı
Page 2 of 7 · 14%
Şah falçıya bir kisə qızıl verib:
– Qarı, – dedi, – o çiçəklərin hikmətini aç mənə söylə.
Qarı başını bulayıb:
– O sirri mən heç kəsə aça bilmərəm, hökmdar, – dedi. – Ancaq oğluna o çiçəklərdən çəkilmiş elə dərman verərəm ki, bir də azar üzü görməz.
Bu sözlərdən sonra qarı qızılgül rəngli maye ilə dolu bir kasa gətirdi. Şah kasanı alıb burnuna tutdu:
– Bu müşkdür, ənbərdir, nədir, qarı? Ətri insanı bihuş edir.
– O dünyanın ən nadir çiçəklərindən çəkilib, – deyə qarı cavab verdi.
Hökmdar dərmanın yarısını özü içib qalanını da oğluna verərək:
– And içirəm ki, mən ömrümdə bu şirinlikdə şərbət görməmişəm, – dedi.
Şahzadə qalan şirəni son damlasına qədər içib, kasanı qaytardığı zaman falçı rahat nəfəs aldı. Şah qarının üstünə daha bir kisə qızıl tullayıb, yanında dayanmış Taygöz Yusifə müraciətlə:
– Vəzir, – dedi, – o vaxt uğursuz ruhlar mənim şənliyimi pozmuşdu. İndi dünyada heç bir dərdim yoxdur. Qoşun əhlinə tapşır, üç gün, üç gecə elə bir şadyanalıq etsinlər ki, göydə günəşin üzü tutulsun.
– Atılan ox bir daha geri qayıtmaz, hökmdar, hər dəqiqənin bir hökmü var! – Ballı qarı astadan dilləndi.
– Dəlimi olmusan, arvad? Nə danışırsan? – deyə şah qəzəblə yerindən qalxdı və birdən mədəsində hiss etdiyi ağrıdan sarsılaraq əl atıb vəzirin çiynindən yapışdı.
Elə bu anda şahzadə də kökündən qırılmış sərv kimi silkələnib, arxasında dayanmış qara qulun qucağına aşdı.
– Zəhər! – Hökmdarın sinəsindən vəhşi bir səs qopdu.
– Bəli, zəhər... – deyə Ballı qarı arxayınlıqla təkrar etdi. Şah yerdə ilan kimi qıvrılan oğluna baxıb:
– Vəzir, əlac! – deyə qışqırdı.
Və ayaq üstündə dayana bilməyib, döşəyin üstünə yıxıldı. Sonra başını qaldırıb:
– Qarı, – dedi, – heç olmasa, oğluma bir çarə elə. Axı, sən onu ölümdən qurtarmışdın, axı sən deyirdin mən anayam.
– Bəli, qibleyi-aləm! – deyə Ballı qarı «ah» çəkdi. – Mən anayam!..
Şah ilə oğlu dəhşətli əzablardan sonra öldülər...
Taygöz Yusifin əmri ilə qarını öz otağında qoyub qapını bağladılar. Sonra qoşun əhlinin hər biri onun koması üstünə bir at torbası torpaq tökdü. Günün axırında günəşin son işığı Savalanın zirvəsindəki buludlarda saralıb sönən zaman qarının koması üstündə böyük bir təpə qalxdı. Sonra yağan yağışlar onun torpağını bərkitdi. Gələn bahar təpədə sarı tikanlı boz qanqallar bitdi. Təpəyə «Qarı dağı» dedilər.
Sonrakı əsrlərin küləkləri, selləri şəhərin xarabalıqlarından heç bir əsər qoymadı. Onun yeri hər bahar qızıl lalələrlə örtülən bir düzənlik oldu. Şəhərdən yadigar yalnız Qarı dağı qaldı. O vaxtdan bəri Qarı dağının altından bir çeşmə qaynayır. Uzaq mənzildən gəlib-keçən yolçular onun suyundan içib ürəklərinin yanğısını söndürürlər...
Yaz-yay axşamlarında şəhər əhli Qarı dağına, Quruçayın kənarlarına, çaydan bir az bəridəki Molla Yaqub bağına gəzməyə çıxardılar. Molla Yaqub malakan olub, əsl adı da Yakov idi. Uzunsaqqal, xoşsifət bir kişi idi. Yerli əhali Yakovu azərbaycanlılaşdıraraq Yaqub eləyib yanına da molla sözünü əlavə eləmişdi. Vaxtilə çarın bu yerlərə sürgün elədiyi malakanların dövlətli ağsaqqallarından idi. Molla Yaqub da öz qaydası ilə yerli əhalinin, yəni biz azərbaycanlıların bütün xeyrində, şərində iştirak eləyib, hörmətli bir şəxs kimi yuxarı başda əyləşdirilirdi.
Molla Yaqub şəhərdən aralı, həmin Quruçayın yaxınlığında saldığı bağda nadir ağaclar əkmişdi. Yazda bu ağacların hərəsi bir cür çiçək açır, bir cür ətir saçırdı. Molla Yaqub bağını çəpərləməmişdi, yəqin ona görə ki, yazda-yayda gəzməyə çıxan adamların ayağını bağdan kəsmək istəmirdi. Öz qaydası ilə adamlar da Molla Yaqubun bir ağacına, bir meyvəsinə də toxunmazdılar, ancaq dəcəl uşaqlara görə bağın qoca bir qarovulçusu var idi, o da bağın aşağı tərəfində hündür bir talvar qurub, gecələr orada yatardı...
Bir yaz axşamı əynində bahalı tünd parçadan kostyum, belində qızıl toqqa, ayaqlarında par-par parıldayan şibilit çəkmə, başında qiymətli sur dərisindən papaq, qaragöz, qaraqaş, enlikürək bir oğlan olan Abdulla öz dostlarıyla Molla Yaqubun bağına gəzməyə çıxdığı zaman orada bir dəstə qız-gəlinin içində pristav Bayram bəyin qızı gözəl Yaqutu görüb bir könüldən min könülə vuruldu ona. Əynində uzun qanovuz tuman, ayaqlarında dikdaban tufli, zərxara arxalığının üstündən incə belinə daş-qaşa tutulmuş enli qızıl kəmər çəkilən, boğazının altında qızıl silsilə, ağ biləklərində qızıl bilərzik olan gözəl Yaqut da cavan tacirə baxıb gülümsədi. Bu vaxt yenicə daşmış Quruçay qüdrətli nəşə ilə qığıldayırdı, yenicə açılmış ərik çiçəkləri arasında quşlar sevinclə çığırışırdı, qurşağa qədər qalxmış yaşıl buğda zəmilərinin üzərilə əsib gələn ətirli meh Yaqutun geriyə sürüşmüş ağ, ipək kəlağayısı altından çıxan xurmayı saçlarını xəfif-xəfif tərpədirdi. Bağın üst tərəfindən keçən və ətrafında sarı, firuzəyi, qırmızı çiçəklər bitən cığırda dayanmış qızlar cavan tacirin Yaquta necə baxdığını görüb gümüş qəhqəhələrlə gülürdülər.
... Sonra cavan tacir pristav Bayram bəyin ailəsi yaşayan ikimərtəbəli binanın qabağından gündə on dəfə belədən-beləyə keçməyə başladı. Hər dəfə də nişanlı qız ona baxıb gülümsəyirdi. ...Tacir oğlan da gülümsəyirdi. İkisi də gözəl idi, ikisinin də mirvari kimi dişləri görünürdü. Cavan tacir heç malakan qızı Katya ilə görüşəndə belə olmurdu.
Yaqut da nişanlısı Məhərrəmi görəndə belə olmurdu.
Cavan tacir bilirdi ki, pristavın qızı ondan da dövlətli bir oğlana nişanlıdır. Bir gün tacir ucaboylu, təzə qazağı yəhərli qəşəng ürgənin üstündə həmin nişanlı oğlanın pristav yaşayan evin həyətindən çıxdığını görüb xeyli pərişan oldu. Ancaq nişanlı oğlan ona əhəmiyyət vermədən ayaqlarını yavaşca tərpədərək cavan ürgəni çapıb gedəndən sonra qız yenə də eyvana çıxaraq Abdullaya baxıb gülümsədi.
Səhər cavan tacir gözəl xətlə, ipək kağızda pristav Bayram bəyin qızına aşiqanə bir namə yazıb axırını da Füzulinin qəzəlindən bu misralarla qurtardı:
Ah eylədiyim sərvi-xuramanın üçündür,
Qan ağladığım qönçeyi-xəndanın üçündür.
Sərgəştəliyim kakili-mişkinin ucundan,
Aşüftəliyim zülfi-pərişanın üçündür.
Sonra Bayram bəyin Kürdobadan gətirdiyi on altı-on yeddi yaşlı ev nökəri dələduz Bünyada bir qızıl beşlik bağışlayaraq, məktubu onun vasitəsilə göndərdi qıza. Yaqut da məktubu alıb gül-sənubərə bürünən dal eyvana qaçaraq ürəyi atlana-atlana oxudu. Gözəlliyi haqqında, məhəbbəti haqqında qız öz nişanlısından belə sözlər eşitməmişdi, nişanlısı onun «yay qaşları», «ox kirpikləri» haqqında, «müşkü-ənbər saçan qulac-qulac saçları» haqqında ona bir kəlmə də deməmişdi. Onu Bakı, Tiflis, Peterburq kimi şəhərlərə aparıb gəzdirməyini vəd eləməmişdi. Cins qadın tayfası cins madyan kimidi. Nə qədər oxşanıb tumarlansa, o qədər mehriban olar...
Sonra Yaqut özü də bir namə yazıb Bünyad vasitəsilə göndərdi cavan tacirə. Oğlanın şadlığı yerə-göyə sığmırdı. O saat yenə bir namə yazıb verəndə, dələduz Bünyad dedi:
– Gərək mənə bir dəst diaqonal paltarlıq alasan, sonra kağızı aparım.
Ayrı vaxt qəpiyin haqq-hesabını çəkən cavan tacir bu dəfə çək-çevir eləmədən sövdəgər Məşədi Qaradan bir dəst paltarlıq alıb Bünyada verdi. Bünyad da gətirib paltarlığı zirzəmidə odunların arasında gizlədərək, məktubu aparıb verdi Yaquta.
Oğlan bu məktubunda Yaquta təklif edirdi ki, gəlsin ona. Ancaq qız cavabında qəmgin-qəmgin yazdı ki, bu, mümkün deyil, çünki o, başqasına nişanlıdı. Özü də kəbinləri kəsilib, bu gün-sabah toyları olasıdır və qız bu dərdli naməni «Leyli və Məcnun»dan götürdüyü bu nisgilli misralarla qurtardı:
Ey möhnəti eşqdən xəbərdar,
Gör tanrı üçün nə möhnətim var!
Qıl taleyi-ahimə nəzarə,
Gör var isə rəhmin, eylə çarə!
O zaman cavan tacir qıza uzun bir namə yazıb dedi ki: «Gəl, səni götürüm qaçım». Oğlanın bu təklifi qızın gözləri qabağında bir aləm açdı. Bu aləmdəki qorxular qıza bir nağıl kimi cazibədar göründü, lap Kərbəlayı İbixandan da o yana, şahlarla vuruşan qaçaq-quldur babalarının, at minib tüfəng atan Səkinə nənəsinin, atasının düşmənini güllə ilə vuran Xanım nənənin qanı qızın damarında qaynamağa başladı və o, oğlana yazdı ki, «səninlə lap tilsimli Qaf dağına da gedərəm».
Cavan tacir ağıllı oğlan idi, bilirdi ki, arxası Kürdoba, Arazqırağı tərəkəmələrinə bağlı olan, divan-dərədə sözü ötən pristav Bayram bəyin nişanlı qızını götürüb qaçmaq nə deməkdir. Bilirdi ki, Hacı Hüseynin kəbinli gəlinini götürüb qaçmaq nə deməkdir. Ona görə də, bu qorxulu işə diqqətlə hazırlaşdı. Özü kimi zirək bir oğlan olan kiçik qardaşı Fərhadı kənddən gətirdib mağazada oturdaraq şeylərin qiymətini, alverin yol-yolağasını ona başa saldı. Sonra ora-bura gedəndə həmişə faytonuna əyləşdiyi uzunburun, qumarbaz Çarvadar Həbibi çağırıb dedi:
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-cavan-tacirle-pristav-qizinin-ehvalati
Use ← → keys to move, R for a random poem
More by this author
Bir dəfə atam mal gətirmək üçün Bakıya getmişdi. Qayıdanda gördük ki, Nuru dayım onunla gəldi. Sonra atam anama danışırdı ki, neft mədənlərində işləyən qohumlarını görmək üçün Binəqədiyə gedibmiş. Birdən cır-cındır içində olan Nuru dayım çıxır qabağına. Qərəz, məlum olur ki, dayım atasının evindən satdığı şeylərin pulunu kefə sovurandan sonra lüt qalıb, gəlir neft mədəninə, Fatma nənəmgilin kürd qohumlarından olan fəhlələrin yanına. Fəhlələr də onu yedirib-içirdirmişlər.İndi dayım elə şən idi ki, elə bil, Parisdən kefdən gəlmişdi. Laklı uzunboğaz çəkmə, qalife şalvar, qiymətli buxara dərisindən təpəsi gen qabardin papaq, qolları enli üst köynəyi, körpüləri qızıl Qafqaz kəməri, nazik, qumral bığları, onsuz da, gözəl olan dayıma fövqəladə yaraşıq verirdi. O, Tiflisdə, Bakıda, daha nə bilim haralarda çəkdiyi keflərdən anama səhnələr danışırdı. Ən maraqlı söhbətlərdən biri də anamgilin ögey qardaşı, yəni Fatma nənəmin qabaqkı ərindən olan oğlu Cəlilə rast gəlməsi idi. Nuru dayımın danışmağına görə, Cəlil indi Bakının adlı-sanlı mühərrirlərindən, ziyalılarındandır. Fatma nənəm onun bu söhbətinə kənardan diqqətlə qulaq asaraq, Cəlil barədə heç nə soruşmurdu. Mən də buna təəccüb edirdim. Mən başa düşmürdüm ki, Fatma nənəm Nuru dayımı bu qədər istədiyi halda, nə üçün öz dualarında, söhbətlərində bir dəfə də olsun o vaxt atasının üstünə atıb getdiyi oğlu Cəlilin adını dilinə gətirmir?
Anamın bir rəfiqəsi vardı...Atam hər dəfə Bakıya gedib-gələndə Müsavat hökumətinin ideoloqu Məhəmməd Əmin Rəsulzadənin nitqlərindən danışardı. Küçələrdə uşaqlar Azərbaycan haqqında, vətən haqqında nəğmələr oxuyardılar, anamla rəfiqələri eyzən zabitlərdən söhbət edərdilər. Bizim şəhərimizdə müsavat zabitləri ilə bərabər, türk zabitləri də var idi. Bunlar Azərbaycana gələn türk hərbi hissəsinin zabitləri idi. Onlardan Hatəm bəy və Tofiq bəy adlı iki nəfəri bizim qonşuluğumuzdakı ikimərtəbəli binada yerləşmişdilər, yazın gur vaxtı olduğu üçün axşamçağılar bağçadakı qızılgüllükdə stul qoydurub, orada əyləşərdilər. Bəzən çay, bəzən şərab içərək bərkdən danışıb gülərdilər. Anam və rəfiqələri bizim bağımızda gəzib söhbət edərdilər.Anamın Məhbub xanım adlı çatmaqaş, qaraşirin, uzun qarasaç, incəbel bir rəfiqəsi var idi. O, bizə gələn bütün cavan qadınlardan gözəl və zinətli geyinərdi. Mən həmişə ona baxanda nağıllarda eşitdiyim şahzadə gözəllər yadıma düşərdi. Şən, deyib-gülən bir gəlin idi. Onun da tumanı anamınkı kimi uzun idi. Tumanının ayağına əşrəfi deyilən qızıl, qanavuz arxalığının yaxasına isə qızıl düymə düzülmüşdü. Belində enli, qızıl kəmər vardı. Atası Məşədi Həbib şəhərimizdəki böyük hamamın və motorla işləyən un dəyirmanının sahibi idi. Anam bizi hamama aparanda qabaqcadan xüsusi nömrə hazırlanardı. Biz çimib çıxandan sonra gəlib Məhbub xanımgildə çay içərdik (onların evləri hamamın böyründə idi). Məhbub xanımın anası Xurşid xanım iricüssəli, kök, yaraşıqlı bir qadın idi, həmişə Novruz bayramında üç-dörd vedrə sututan iri mis qazan dolusu səməni bişirib, bütün qonşulara paylayardı. Qışda da iki-üç dəfə hədik, ya da əriştə bişirib yenə də qonşulara paylayardı. Anam atama deyirdi ki, «Xurşid xala bundan həzz alır». Məhbub xanımı Aşqabadda yaşayan əmisi oğlu Talıba vermişdilər, ancaq anamın söhbətlərindən bilirdim ki, oğlan qıza qarşı soyuq imiş, ona görə də tezliklə ayrılmışdılar.
Narahat qocaların məşvərətiHəmin bu vaxtlarda Bayram babam öz bağlarında tikdirməyə hazırlaşdığı evin işi üçün gəlmişdi. (Özü faytonda əyləşmişdi, iki nəfər strajnik və Qızılbaşoğlu onu müşayiət edirdi). Babam istəyirdi ki, indiki birmərtəbəli evi sökdürüb yerində ikimərtəbəli, böyük evlər tikdirsin. Bunun üçün qapıya guşə daşı, qum daşınırdı. Bayram babamın gəldiyini eşidib qazı ağa ilə şəhərimizdə məhkəmə sədri olan Balaş bəy görüşə gəlmişdilər. Onlar yeni hökumətin taleyi ilə maraqlanırdılar. Söhbət bu barədə gedəndə Bayram babamın üzü qayğılı göründü və o, papiros yandıraraq dedi:– Bilirsiniz, əgər xaricdən kömək olmasa, Müsavat hökumətinin işi çətin olacaq. Düzdür, indi biz əsgər toplayırıq, qoşun təşkil edirik, ancaq bununla iş qurtarmır. Qoşuna silah lazımdı, hərbi işi yaxşı bilən adamlar lazımdı. Bu saat biz köməksiz uşaq kimiyik.
Yolda yaxalanmış naməlum şəhərliBayram babam Qarabulağa gəlməsindən istifadə eləyərək indi qışlaqda olan anası Səkinəni gedib görmək istədi. Mən həvəsə düşərək babama yalvardım ki, qoysun mən də gedim, babam heç bir zaman mənim sözümü, xahişimi rədd etməzdi. Dedi:– Yaxşı, gedək.
Poems by other poets
Nazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Gulshan-i Raz, chapter 22نبوّت را ظهور از آدم آمدکمالش در وجودِ خاتم آمد
Qurban olum dualarına…Ay ana, düşürsən tez-tez yadıma,Təzədən dönürəm uşaq oluram.
Mey nuri cilvə eylədi cami-bülurdənMey nuri cilvə eylədi cami-bülurdən,Cami-büluri gör ki, ləbaləbdi nurdən.