Page 5 of 7 · 57%

Yolda Abdulla fikirləşdi ki, Bakıdansa Gəncəyə getmək daha məsləhətdir, çünki Gəncə Qarabulağa yaxındır. Ona görə də Gəncəyə gedib düşdülər mehmanxanaya.

... İndi sizə kimdən deyim, Bağbanlar Ələkbərdən.

Bağbanlar Ələkbər otuz beş-otuz altı yaşlarında üzündə tək-tək çopuru olan qarabuğdayı, yaraşıqlı bir adam idi, yüzlərlə düşməni olduğu üçün həmişə çuxanın altında iki tapança gəzdirərdi. Çayxanalarda nərd oynayanda o da həmişə qarabağlı Xanlıq Muxtar kimi kürəyi divara tərəf oturardı, düşmənləri də onunla üzbəsurət atışmağa cürət eləməzdilər, bilirdilər ki, Bağbanlar Ələkbərin bir gözü nərdə baxırsa, bir gözü ətrafındakı adamlardadır. Özü də hər iki əli ilə sərrast atandır.

Abdullagilin düşdüyü mehmanxananın qapıçısı qoca kişi idi. Şeylərini mehmanxanaya daşıyanda cavan tacir ona bir abbası əvəzinə bir manat vermişdi.

Abdulla fikir eləyirdi ki, bir qədər də Gəncədə qalıb ara sakitləşəndən sonra qayıdarlar Qarabulağa, ancaq bir gün qoca xidmətçi onu kənara çəkib dedi:

– Oğul, görürəm, sən yaxşı adamsan, ona görə də sənə bir sirr açmaq istəyirəm, ancaq gərək öz aramızda qalsın.

Abdulla bu sözə bərk təəccüb eləyib and içdi ki, dünyasında onun ağzından sirr çıxmaz. O zaman qoca soruşdu:

– Hər gün gəlib mehmanxananın bağçasında nərdtaxta oynayan Bağbanlar Ələkbəri tanıyırsanmı?

Abdulla dedi:

– Tanımasam da, haqqında eşitmişəm, hər gün bura gəldiyini də bilirəm.

– Yəqin onu da eşitmisən ki, Bağbanlar Ələkbərin kəsdiyi başın sorğu-sualı yoxdur.

Abdulla dedi:

– Eşitmişəm.

Qoca ətrafına baxıb pıçıltı ilə dedi:

– O sənin külfətinə aşiq olub, məsləhətdir ki, lap bu gecə Gəncədən çıxıb gedəsiniz, yoxsa yaxşı olmaz, heyifsiniz...

Bu əhvalatı Abdulla da, Yaqut da öz-özlüyündə duymuşdular, onlar görürdülər ki, ayaqlarında güzgü kimi parıldayan uzunboğaz çəkmə, başında ən bahalı papaq, qastor çuxalı, qızıl vəznəli, qızıl toqqalı adam hər gün gəlib saatlarla bağçada, nərdtaxta oynaya-oynaya eyzən onlar olan otağın pəncərəsinə baxır, ancaq bu barədə bir-birilərinə heç nə demirdilər. İlk dəfə o, Yaqutu görəndə Abdulla otaqda yox idi, ayın-oyun almaq üçün şəhərə çıxmışdı. Yaqut isə sinəsi açıq, zərxara köynəkdə pəncərə qabağında dayanıb qulac-qulac saçlarını hörə-hörə şəhərə tamaşa edirdi. Elə bu vaxt nərd oynamaq üçün bağçadakı üstüaçıq çayxanaya gedən bağbanlar Ələkbərin tamam təsadüfi halda gözü qız dayanan pəncərəyə sataşdı, Yaqutu görəndə yerində mıxlanıb qaldı. Pəncərə ikinci mərtəbədə olduğundan Bağbanlar Ələkbər, hətta Yaqutun durna boyu kimi uzun ağ boynundakı qara xalı da aydınca gördü, bu an kənardan Bağbanlar Ələkbərə baxan olsaydı, deyərdi ki, bu adam yəqin ömründə belə gözəl görməyib. Birdən Yaqut gözlərini şəhərdən çəkib bağçaya baxanda heyran-heyran ona tamaşa eləyən cavan kişini görüb bir an, ancaq bir an ona diqqət yetirib pərdənin arxasına çəkildi, elə bu andan sonra Bağbanlar Ələkbər, hətta Abdulla evdə görünəndə də gözünü o pəncərədən çəkmirdi.

Qoca xidmətçi məsləhət gördü ki, xoruzun birinci banı Gəncədən çıxsınlar.

Abdulla şəhərə getdi, fayton tutub beh verdi. Onlar hələ dan yeri ağarmamış Gəncədən çıxdılar, bu tələsik gedişin səbəbini oğlan Yaquta açmadı, ancaq qızda şübhə yeri qoymamaq üçün dedi:

– İstəyirəm ki, sən Bakını görəsən, hələ desən səni teatra da aparacağam.

Qız teatr haqqında eşitmişdisə də, görməmişdi, ona görə də Bakıya getmək xəbərinə sevindi. Ancaq Yevlağa çatana qədər saatlarca gözünü onların pəncərəsinə dikən yaraşıqlı, qarabuğdayı, üzündə tək-tək çopuru olan, güləndə sədəf kimi ağ dişləri görünən, qızıl vəznəli, qızıl toqqalı oğlan xəyalından çəkilmirdi. Sözün düzü, Abdulla mehmanxanada olmayanda elə Yaqut da maraqdan özünü saxlaya bilməyib, tül pərdə arxasından oğrun-oğrun o oğlanın hərəkətlərinə diqqət yetirirdi, cavan tacirin də belə geyinmədiyinə heyifsilənirdi. Dünən həmin oğlan yenə də bağçada nərd oynayırdı, başına beş-altı adam yığışmışdı. Yaqut da həvəsini boğa bilməyib yenə də tül pərdə arxasından onlara tamaşa edirdi. Bu zaman Bağbanlar Ələkbərin başına toplaşmış cavanlardan biri:

– Ley! Ley! – deyə göyə işarə ilə səsləndi.

Yaqut da baxıb gördü ki, bir ley xeyli yüksəkdə dövrə vurur, Bağbanlar Ələkbər tapançasını çıxarıb ancaq bir an nişan alıb atdı, ley bir-iki metr yuxarı qalxıb daş kimi ağacların arasına düşdü, oğlan da tapançanı qoburuna qoyub heç bir şey olmamış kimi oyununa davam etdi. Əlbəttə, qız atası Bayram bəyin və onun dostlarının Novruz bayramında, toylarda nişana atdıqlarını çox görmüşdü, ancaq bu dəfə nazik bığı şəvə kimi parıldayan bu ədalı oğlanın quşu bu qədər sərrast vurmağı və üzündəki sakit qürur qıza ayrı cür təsir elədi.

Burada aşıq yaxşı deyib:

– Ay dünya, nə qəribə işlərin var sənin...

Amma bütün bu xəyallar qızın birinci dəfə gördüyü qatara əyləşəndə yox olub getdi, qız ley vuran oğlanı bir də xeyli sonralar – tacir əri Abdulla ilə tez-tez dalaşanda, onun hərəkətlərindən xoşu gəlməyəndə yad edərdi.

... Bakıda Təbriz mehmanxanasına düşdülər, bu mehmanxananın sahibi Hacı Hacıağa etibarlı, mömin bir şəxs olduğundan qəza şəhərlərindən gələn tacirlərin əksəriyyəti onun mehmanxanasına düşərdi, özü də Cənubi Azərbaycandan idi. Yaqut dənizi birinci dəfə görürdü, ancaq dəniz ona Qarabağın qıjov çayları kimi təsir eləmirdi. Yaylağa getdikləri zaman hüştürümlə axan o harın çayları ucaboylu, yəhərli atla keçərkən qız özündə də bir coşğunluq, göylərə pərvazlanan bir həyəcan hiss eləyirdi. Bozumtul göylə birləşən dəniz ona soyuq, qüssəli görünürdü. Amma gecə Opera Teatrında tamaşa elədiyi «Leyli və Məcnun» indiyə qədər onun hiss eləmədiyi qəmli bir dünya idi. Məcnunla Leylinin nakam məhəbbətində əlacsız, dərdli, bu fani dünyaya sığmayan ayrı bir gözəllik vardı, bu, qızın heç bir zaman duymadığı, indi heyran qaldığı, göz yaşı tökdüyü bir məhəbbət idi! Bu dərdli məhəbbətin yanında onların, yəni pristav qızı Yaqutla cavan tacir Abdullanın məhəbbəti çox solğun görünürdü, bu da qızı məyus edirdi, qız bu anda istəyərdi ki, onu da belə sevsinlər, onun özünün də məhəbbəti Leylinin məhəbbəti kimi belə dərdli olsun. Bir an qıza elə gəldi ki, o özü, kimi isə Leyli təkin sevir, ancaq onu İbn Salama ərə veriblər və bu cavan tacir Abdulla elə o İbn Salamın özüdür...

Fasilədə Abdulla bufetdən bahalı konfetlər, şəkərçörəyi alıb gətirdi, elə bil, qız bu işə təəccüb elədi, acığı tutdu, konfetlər də ona lap mənasız göründü, qız onlara əlini də vurmadı.

Amma tamaşadan sonra onlar mehmanxanaya gələndə bütün bu duyğular yaz vaxtı Qarabağ meşələrinin üzərində tez-tez zahir olan buludlar kimi yox olub getdi. Yenə də nişanlısı ilə şən zarafatlar başladı, amma nə ki, düzdü – düzdü, ilk dəfə gördüyü o məhəbbət faciəsi qəlbinin dərinliklərində nisgilli bir xatirə olub qaldı, özü də zaman-zaman ona elə gəldi ki, bu elə onun öz xatirəsidir...

Abdullanın isə, əlbəttə, bu haldan xəbəri yox idi. Oğlan narahat idi, ona görə narahat idi ki, ticarət işləri tökülüb qalırdı, hər gün onun filan qədər qazancı itib gedirdi, o biri tərəfdən də Bakı qoçularının hərəkətləri onu qorxudurdu, nişanlısı sarıdan qorxurdu. Dünən lap mehmanxananın yaxınlığında günün günortaçağı qoçu Fərəclə qoçu Baloğlan düz bir saat atışdılar. Polis də bunu görməməzliyə vurdu. Qoçu Fərəci çox binamus deyirdilər, küçədə gözəl bir qıza, bir gəlinə gözü düşdümü, qurtardı, gərək həmin gün oğurlayaydı.

Bakıya gələnə qədər qoşulub qaçdığı cavan tacirin varı-dövləti haqda düşünmək heç Yaqutun ağlına da gəlmirdi. Amma teatrlarda, küçələrdə rast gəldiyi xanımların daş-qaşını, geyimini gördükdə, burada Hacı Zeynalabdin Tağıyev kimi, Musa Nağıyev kimi milyonerlərin olduğunu bildikdə, qoşulub qaçdığı cavan tacirin varı – mağazası onun nəzərində xeyli kiçildi. Elə bil, cavan tacirin özü də birdən-birə balacalandı. Eh! Dünyada işlər varmış... Dövlətlilər varmış... Brilyantlar, daş-qaşlar varmış... Gözəl binalar varmış... Qız gecə oğlanla küçədə gəzərkən, iri pəncərələrdə yanan gur işıqları gördü... Yəqin ki, o zinətli lampalarla işıqlanan zallarda ayrı cür həyat vardı... Birdən qıza elə gəldi ki, əgər onun qoşulub qaçdığı oğlan da o Gəncədəki Bağbanlar Ələkbər kimi geyinsəydi, onun kimi bir göz qırpımında uçan quşu tapança ilə havada vuran olsaydı, bəlkə Bakıdakı bu milyonerlər, bu göz qamaşdıran brilyantlar onun gözünə görünməzdi. O, nişanlısı ilə öyünərdi.

... Qarabulağın yeddi-səkkiz kilometrliyində Alıqulular obası vardı. Onlar da Kürdobalılar kimi tərəkəmə idi. Kişilərdən oğru olmayanı tapılmazdı, oğurluq bacarmayana qız verməzdilər, deyərdilər, əfəldir. O tərəflərdə məşhur bir məsəl də vardı, deyərdilər: «Alıquluların şahidi sarımərdanlılar olar». Alıqululardan bir adamı oğurluqda təqsirləndirəndə and içərdi ki, oğurluq olan gecə Sarımərdanlıda filankəsin evində idi. O da and içib təsdiq edərdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Nuru dayımın qayıtmağı...

Bir dəfə atam mal gətirmək üçün Bakıya getmişdi. Qayıdanda gördük ki, Nuru dayım onunla gəldi. Sonra atam anama danışırdı ki, neft mədənlərində işləyən qohumlarını görmək üçün Binəqədiyə gedibmiş. Birdən cır-cındır içində olan Nuru dayım çıxır qabağına. Qərəz, məlum olur ki, dayım atasının evindən satdığı şeylərin pulunu kefə sovurandan sonra lüt qalıb, gəlir neft mədəninə, Fatma nənəmgilin kürd qohumlarından olan fəhlələrin yanına. Fəhlələr də onu yedirib-içirdirmişlər.İndi dayım elə şən idi ki, elə bil, Parisdən kefdən gəlmişdi. Laklı uzunboğaz çəkmə, qalife şalvar, qiymətli buxara dərisindən təpəsi gen qabardin papaq, qolları enli üst köynəyi, körpüləri qızıl Qafqaz kəməri, nazik, qumral bığları, onsuz da, gözəl olan dayıma fövqəladə yaraşıq verirdi. O, Tiflisdə, Bakıda, daha nə bilim haralarda çəkdiyi keflərdən anama səhnələr danışırdı. Ən maraqlı söhbətlərdən biri də anamgilin ögey qardaşı, yəni Fatma nənəmin qabaqkı ərindən olan oğlu Cəlilə rast gəlməsi idi. Nuru dayımın danışmağına görə, Cəlil indi Bakının adlı-sanlı mühərrirlərindən, ziyalılarındandır. Fatma nənəm onun bu söhbətinə kənardan diqqətlə qulaq asaraq, Cəlil barədə heç nə soruşmurdu. Mən də buna təəccüb edirdim. Mən başa düşmürdüm ki, Fatma nənəm Nuru dayımı bu qədər istədiyi halda, nə üçün öz dualarında, söhbətlərində bir dəfə də olsun o vaxt atasının üstünə atıb getdiyi oğlu Cəlilin adını dilinə gətirmir?

6 min
Anamın bir rəfiqəsi vardı...

Atam hər dəfə Bakıya gedib-gələndə Müsavat hökumətinin ideoloqu Məhəmməd Əmin Rəsulzadənin nitqlərindən danışardı. Küçələrdə uşaqlar Azərbaycan haqqında, vətən haqqında nəğmələr oxuyardılar, anamla rəfiqələri eyzən zabitlərdən söhbət edərdilər. Bizim şəhərimizdə müsavat zabitləri ilə bərabər, türk zabitləri də var idi. Bunlar Azərbaycana gələn türk hərbi hissəsinin zabitləri idi. Onlardan Hatəm bəy və Tofiq bəy adlı iki nəfəri bizim qonşuluğumuzdakı ikimərtəbəli binada yerləşmişdilər, yazın gur vaxtı olduğu üçün axşamçağılar bağçadakı qızılgüllükdə stul qoydurub, orada əyləşərdilər. Bəzən çay, bəzən şərab içərək bərkdən danışıb gülərdilər. Anam və rəfiqələri bizim bağımızda gəzib söhbət edərdilər.Anamın Məhbub xanım adlı çatmaqaş, qaraşirin, uzun qarasaç, incəbel bir rəfiqəsi var idi. O, bizə gələn bütün cavan qadınlardan gözəl və zinətli geyinərdi. Mən həmişə ona baxanda nağıllarda eşitdiyim şahzadə gözəllər yadıma düşərdi. Şən, deyib-gülən bir gəlin idi. Onun da tumanı anamınkı kimi uzun idi. Tumanının ayağına əşrəfi deyilən qızıl, qanavuz arxalığının yaxasına isə qızıl düymə düzülmüşdü. Belində enli, qızıl kəmər vardı. Atası Məşədi Həbib şəhərimizdəki böyük hamamın və motorla işləyən un dəyirmanının sahibi idi. Anam bizi hamama aparanda qabaqcadan xüsusi nömrə hazırlanardı. Biz çimib çıxandan sonra gəlib Məhbub xanımgildə çay içərdik (onların evləri hamamın böyründə idi). Məhbub xanımın anası Xurşid xanım iricüssəli, kök, yaraşıqlı bir qadın idi, həmişə Novruz bayramında üç-dörd vedrə sututan iri mis qazan dolusu səməni bişirib, bütün qonşulara paylayardı. Qışda da iki-üç dəfə hədik, ya da əriştə bişirib yenə də qonşulara paylayardı. Anam atama deyirdi ki, «Xurşid xala bundan həzz alır». Məhbub xanımı Aşqabadda yaşayan əmisi oğlu Talıba vermişdilər, ancaq anamın söhbətlərindən bilirdim ki, oğlan qıza qarşı soyuq imiş, ona görə də tezliklə ayrılmışdılar.

4 min
Narahat qocaların məşvərəti

Həmin bu vaxtlarda Bayram babam öz bağlarında tikdirməyə hazırlaşdığı evin işi üçün gəlmişdi. (Özü faytonda əyləşmişdi, iki nəfər strajnik və Qızılbaşoğlu onu müşayiət edirdi). Babam istəyirdi ki, indiki birmərtəbəli evi sökdürüb yerində ikimərtəbəli, böyük evlər tikdirsin. Bunun üçün qapıya guşə daşı, qum daşınırdı. Bayram babamın gəldiyini eşidib qazı ağa ilə şəhərimizdə məhkəmə sədri olan Balaş bəy görüşə gəlmişdilər. Onlar yeni hökumətin taleyi ilə maraqlanırdılar. Söhbət bu barədə gedəndə Bayram babamın üzü qayğılı göründü və o, papiros yandıraraq dedi:– Bilirsiniz, əgər xaricdən kömək olmasa, Müsavat hökumətinin işi çətin olacaq. Düzdür, indi biz əsgər toplayırıq, qoşun təşkil edirik, ancaq bununla iş qurtarmır. Qoşuna silah lazımdı, hərbi işi yaxşı bilən adamlar lazımdı. Bu saat biz köməksiz uşaq kimiyik.

2 min
Yolda yaxalanmış naməlum şəhərli

Bayram babam Qarabulağa gəlməsindən istifadə eləyərək indi qışlaqda olan anası Səkinəni gedib görmək istədi. Mən həvəsə düşərək babama yalvardım ki, qoysun mən də gedim, babam heç bir zaman mənim sözümü, xahişimi rədd etməzdi. Dedi:– Yaxşı, gedək.

3 min

Poems by other poets