Daş hasar
Page 2 of 3 · 33%
(Bunlar Firəngizin yoldaşları idi. Ultra dəbdə geyinən Firəngiz kimi, heç bir primyeranı, heç bir təzə konserti buraxmayan, məşhur artistlərin adlarını, həyatını əzbər bilən şən qızlar idi və Mürşüd onları tanıyırdı).
– Onlar tərifləyərlər... – deyə Mürşüd gözünü işindən çəkməyərək cavab verdi.
Və Firəngiz ərinin sözlərindəki istehzanı başa düşdü və bu, onun xətrinə dəydi, o, ilk dəfə olaraq, ərinə etiraz etdi:
– Onlar çox mədəni qızlardır, Mürşüd.
– Baxır necə mədənidilər, – deyə Mürşüd gülümsədi.
Firəngiz dinmədi. Firəngizə elə gəldi ki, bu təbəssüm ərini birdən-birə xeyli yaraşıqsız göstərdi.
Havalar isti keçdiyindən qərara aldılar ki, bağa köçsünlər. Firəngiz buna çox sevindi. Yayda Bakı bağları onun ən çox xoşladığı yerlər idi. O bu bağların xüsusən axşamlarını, gecələrini yaman sevirdi. Heç bir yerin sərinliyi Bakı bağlarının sərinliyi qədər ona ləzzət vermirdi. Her bir yer ona Bakı bağlarının qurtaracağından başlayan dənizin mavi genişliyi kimi nəhayətsiz görünmürdü. Elə bil ki, bu genişlikdə ömrün heç bir zaman adama əyan olmayacaq sirri gizlənmişdi. Ancaq heyif ki, Mürşüdgilin bağı dənizdən xeyli uzaq idi və ətrafına uca daş hasar çəkilmişdi. Ev özü isə daima sükut içində olan kiçik qalaya bənzəyirdi. Hər şey, hətta birinci mərtəbədən ikinci mərtəbəyə qalxan pilləkən belə, binanın dörd divarı arasında, yəni içindəydi. Pəncərədən isə dəniz görünmürdü. Heyif ki, evin dörd tərəfinə və iri dəmir darvazaya gedən cığıra asfalt salınmışdı. Asfalt isə həmişə qızda xoşagəlməz bir hiss doğururdu. Heyif ki, yasəmənlərin, oleandr güllərinin başları da bulvardakı bitkilərin başları kimi kəsilib bir bərabərdə edilmişdi. Yalnız qumun üstünə sərilmiş tənəklərin pərakəndəliyində, bir də alma, nar ağaclarının qol-budağında, böyük əncir ağacının enli yarpaqları arasındakı kölgələrdə, bir də pırıltı ilə hey ağacdan-ağaca qonub, səs-küy salan quşların həyəcanında, nə isə, bir fərəh, bir azadlıq vardı. Yəni Firəngizə belə gəlirdi. Ancaq ərinin bağını gözəl hesab etmək üçün qıza elə bu da kifayət edirdi. Və Firəngiz özünü xoşbəxt sanırdı.
Mürşüdün anasından başqa yaxın bir kəsi yox idi. Müxtəlif təsərrüfat idarələrində işləyən atası bir neçə il qabaq vəfat eləmişdi. Onun dədə-baba evində tək yaşayan anası vaxtilə dərzi atelyesinin müdiri, hamam müdiri kimi vəzifələrdə olmuş, keçən il təqaüdə çıxmışdı. Boylu-buxunlu, yaraşıqlı bir qadın idi. Ancaq heyif ki, yaşının altmışı haqlamasına baxmayaraq, hələ də kosmetik bəzəklə çox ciddi məşğul olurdu. Firəngizin isə yaşlı arvadların qaşlarını aldırıb, dodaqlarını qızartmalarından zəhləsi getsə də, qayınanasının təmiz-tarıqlığını, son dəbdə geyinməsini rəfiqələrinə tərifləyər, arvadın kosmetik bəzəklə-filanla məşğul olmasını fikrinə gətirməkdən çəkinərdi.
Bir axşam çay içdikləri zaman televizorda xəbər verdilər ki, rəssam Nərimanın təzə sərgisinin açılışı böyük müvəffəqiyyət qazanmışdır. Onun «Qız və oğlan» əsəri qarşısında hər gün dəstə-dəstə tamaşaçı dayanır və sairə...
– Oy, Mürşüd! – deyə Firəngiz həyəcanla səsləndi. – Sabah biz də gedək baxaq.
– İndi şəhər yaman istidir. Havalar bir az sərinlənsin, gedərik.
Mürşüdün quru cavabı qıza toxundu:
– Yox, yox, sabah gedək, onsuz da gecikmişik, mən teatr tamaşalarına, sərgilərə həmişə birinci gün baxmaq istəyirəm, – dedi.
– Axı nə təfavütü var, birinci gün olmasın, onuncu gün olsun, – Mürşüd, bir növ, üstüörtülü və əsəbi cavab verdi.
Qayınanası da aypara qaşlarını dartaraq, qəribə bir təbəssümlə dedi:
– Axı birinci gün adam çox olur. Rəssamın özünü görürsən...
Firəngiz qayınanasının cavabındakı soyuqluğunu hiss elədisə də, bunun səbəbi barədə düşünməməyə çalışaraq:
– Mütləq sabah gedək! – dedi.
Onlar gələndə sərgi salonu ağzına qədər dolu idi. Firəngiz bu cür qələbəliyi həqiqətən sevirdi. Bu ona, doğrudan da, bayram təsiri bağışlayırdı. Ən gözəli də o idi ki, indi bu adamların çöhrəsində bir şadlıq, bir razılıq hiss edirdi. Rəsmdə qızla oğlan arasında başlayan məhəbbətin lap ilk qığılcımları təsvir olunurdu və Firəngiz özünü də, ərini də tamam unudaraq, bu yeni doğan məhəbbəti seyr edirdi. Firəngiz dünyada belə gözəl duyğular olduğuna heyran qalırdı, yəni rəsmə tamaşa etdikcə, bu duyğular qızın öz qəlbində yaranırdı. Bunların nədən ibarət olduğunu soruşsaydılar, bəlkə də, izahda aciz qalardı. Orası da çox qəribə idi ki, bu duyğularla birlikdə onun qəlbində anlaşılmaz bir kədər də baş qaldırırdı.
Nəhayət:
– Gedək! – deyə Mürşüd onun qolundan tutdu.
Qız dərindən nəfəs alıb ona baxdı. Ərinin qızarıb pörtmüş üzü bir an ona təəccüblü dərəcədə yad göründü və tamam qeyri-şüuri bir hərəkətlə çılpaq qolunu çəkib Mürşüdün əlindən qopardı və dərhal da bu hərəkətinin namünasib olduğunu hiss edərək özü ərinin qoluna girdi. Sonra Firəngiz rəssamın başqa rəsmlərinə baxmaq istədikdə, Mürşüd həmin qızarıb-pörtmüş çöhrəsilə:
– Yaxşı, sən bax, mən foyedə papiros çəkirəm, – deyib salondan çıxdı.
Qız ərinin əhvalında nə isə bir anlaşılmazlıq hiss edərək, onunla çıxmaq istədi. Lakin Nərimanın o biri rəsmlərinə də baxmamış çıxa bilmədi.
Çıxanda o, ərini yenə də eyni gərgin vəziyyətdə gördü.
Və onlar bağa qayıtmaq üçün Mürşüdün «Jiquli»sinə əyləşmək istədikdə, Firəngiz gülümsəyərək dedi:
– Qoy bu dəfə mən sürüm...
– Otur yerində!
Firəngiz ərinin bu sərt cavabından da bir şey başa düşmədi və bir qədər sükut içində gedəndən sonra soruşdu:
– Nə olub, Mürşüd?
– Nə olacaq, heç nə...
– Bəs niyə pərtsən?
Elə bil, rəssama od vurdular.
– Pərt niyə oluram, – deyə açıldı. – Sən də qəribə adamsan. Sənətdən başın çıxmır, hər sözü danışırsan.
Qız təəccüblə ərinə baxdı:
– Sənət barədə mən heç bir söz danışmadım.
Rəssam çox kobud hərəkət etdiyini başa düşərək, elə bil ki, qorxdu. Çox mülayim bir ifadə ilə dedi:
– Bu yolda gediş-gəliş çoxdur. Ayrı yerdən sürərsən.
Firəngiz qətiyyən maşın barədə düşünmürdü. Hərçənd maşın sürməyi Firəngizə Mürşüd özü öyrətmişdi: bir yay gecəsi idi onda... Kimsəsiz dəniz sahilində...
Firəngiz dinmədi. Ona görə yox ki, pərt olmuşdu. Ona görə ki, içində oturduğu bu maşın bir anda onun üçün yabançı, maraqsız olmuşdu. Elə bil ki, ərinin maşınında deyil, taksidə gedirdi və elə bil ki, əri məhz bu mülayim sözləri ilə birdən-birə kiçilib bir tikə oldu. O bu yazıqlığı, eyni zamanda, özündə – öz varlığında hiss etdi. «Jiquli» bağa doğru sürətlə irəlilədikcə, qız məyus nəzərlərlə, yanlarından gəlib keçən, bəlkə də, bağlardan şəhərə qayıdan maşınlara baxırdı.
Axşam Firəngiz heç kəsdən heç nə soruşmadan, bura gəldikləri vaxtdan bəri ilk dəfə stol-stulları çıxarıb həyətə qoydu. Üzərinə də ağ süfrə saldı.
– Belə nə üçün? – deyə qayınanası soruşdu.
– Evdə nə var axı, yayın günüdür.
– Sonra külək qalxıb qumu dolduracaq ağzımıza-burnumuza.
– Külək qalxar, keçərik içəri, – deyə Firəngiz qayınanasına baxdı.
Qayınana aypara qaşlarını narazı halda yuxarı dartıb dinmədi.
Firəngiz çay, mürəbbə, tort, filan gətirdi. Sonra tranzistoru gətirdi. (Televizor otaqda idi). Abşeronun axşam sərini başlamışdı. Əncir, alma, nar ağacları, isti qumun üzərinə sərilmiş tənəklər bu yarıqaranlıq içində sanki xəfif mehdən xoşlanırdılar. Uzaqdan dənizin şırıltısı eşidildi. Heyif ki, dəniz özü görünmürdü. Heyif ki, bu daş hasar nə dənizi, nə də bu tərəfdəki qum təpələrini görməyə imkan verirdi. Ancaq göy qübbəsi ulduzlarla dolu idi. Və elə bil ki, bu ulduzlar sevinc içində işıq saça-saça tərpəşirdilər.
Əvvəl ordan-burdan söhbət etdilər. Gündüzkü sərgi barədə nə Mürşüd danışdı, nə Firəngiz. Nə də qayınana o barədə bir söz soruşdu. Ancaq sərgi barədəki bu sükutun özündə soyuq bir gərginlik vardı. Və Firəngiz bunu hiss edirdi, yəni bu gərginliyi hiss edirdi, amma səbəbini yox. Düzü, səbəb barədə düşünməkdən ehtiyat edirdi.
Heyif ki, bu daş hasar isti qumun üzərinə enmiş bu sərin yay axşamını hər tərəfdən sıxışdırırdı.
Mürşüd dedi:
– Son xəbərlərin vaxtıdır. Aç görək nə deyir.
Firəngiz əqrəbi hərlədi və diktor danışmağa başladı:
– Bütün istedadlı sənətkarlar kimi, Nərimanın da rəsmlərində yenilik hissi ilə Azərbaycan xalqının, Azərbaycan təbiətinin koloriti fövqəladə bir incəliklə birləşmişdir. Onun tabloları hər cür konyukturdan, hər cür sünilikdən uzaq, həqiqi sənət əsərləridir.
Mürşüd çayını yarımçıq qoyaraq, əsəbi halda qalxıb stoldan uzaqlaşdı, qayınana da aypara qaşlarını dartaraq oğlunun ardınca getdi. Firəngiz diktorun Nəriman haqqında dediklərinə axıra qədər qulaq asdı, sonra yavaş qurtumlarla çayını içdi. Abşeron gecəsinin sərinliyindən ləzzət alan əncir, alma, nar ağaclarına baxdı. Sonra dənizin uzaqdan eşidilən şırıltısına qulaq asdı. Heyif ki, bu hündür daş hasar dənizin, o qaranlıq təpələrin qabağını kəsmişdi. Heyif ki, bu hündür daş hasar, bu nəhəng dəmir darvaza adamı hər tərəfdən az qala məngənə kimi sıxıb nəfəsini daraldırdı. Heyif ki, Nərminə, Turac, Şəfiqə burda deyildilər. Bu saat bu geniş, ulduzlu göyün altında dənizin ilıq suyunda çimməyin ləzzəti var – Firəngiz bunu fikirləşdi və... ağladı...
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-das-hasar
Use ← → keys to move, R for a random poem
More by this author
İbrahim xan öz otağında təkdir, hiss olunur ki, fikri uzaqlardadır. Səltənət bəyim daxil olub, atasının qarşısında diz çökərək, əlindən öpür.*Səltənət bəyim**
On üçüncü şəkilGeneral Sisyanovun qərargahı. General böyük çadırda var-gəl edir. Mayor Lisaneviç daxil olaraq hərbi təzim edir.*Lisaneviç**
On dördüncü şəkilSəhnə od-alov saçan döyüş cəbhəsinə çevrilir. İşıq gah vuruş meydanında qəzəblə atışan cavan Hüseynqulu xanı, gah düşmən cəbhəsində topun arxasında dayanmış Sisyanovu, gah da gizli yolla rus əsgərlərinə bələdçilik eləyən Vanyanı işıqlandırır.*Səltənət bəyim Hüseynqulu xanı axtarır.*
On beşinci şəkilİbrahim xanın iqamətgahı. Hiss olunur ki, İbrahim xan həyəcan içindədir. Tubu xanım dərin kədər içində əllərilə üzünü qapamışdır.*İbrahim xan** (*qəzəblə*)