Page 3 of 3 · 67%

... O gecə Mürşüd əcaib və rabitəsiz bir yuxu gördü.

Gördü ki, iyrənc bir çamıra bata-bata hara isə gedir.

Sonra da birdən gördü ki, yenə də Nərimanın həmin tablosunun qabağında dayanıb. Amma şəkildəki oğlanın əlindən tutduğu qız Firəngizdir! Mürşüd isə qışqırıb demək istəyir ki, Nəriman nə haqla onun arvadını bu cür, yad oğlanla çəkib? Ancaq nə qədər qışqırırsa, səsi çıxmır ki, çıxmır... O zaman Mürşüd yerdən bir ovuc çamır götürüb çırpdı şəkilə. Belə olduqda, şəkildəki oğlan çərçivədən çıxıb Mürşüdün boğazından yapışaraq başladı boğmağa.

... Mürşüd çapalayıb yuxudan ayılanda gördü ki, həqiqətən az qalır boğulsun. Özünə gələndən sonra Firəngizin üzü divara tərəf sakit halda yatdığını, heç nədən xəbəri olmadığını görüb, rahat nəfəs alaraq bayıra çıxıb siqaret yandırdı.

Səhəri gün Firəngiz şəhərə getmək istədiyini bildirdi.

– Bu istidə nə var şəhərdə? – Mürşüd soruşdu.

– Həkim məsləhətxanasına getmək lazımdır.

Firəngiz hamilə idi.

O, bir qədər susub, bir növ, ötəri ifadə ilə əlavə etdi:

– Bir də ki, burada darıxıram.

– Sən ki, bağdan ötrü sinov gedirdin... – deyə Mürşüd zarafat eləmək istədi. – İndi nə olub?

– Heç nə olmayıb. Ancaq darıxıram.

Mürşüd onun əlindən tutub mülayim ifadə ilə:

– Bəlkə, – dedi, – bir şeydən incimisən?

Yenə də əri bu mülayimliklə, bu qorxaq təbəssümlə (ondakı bu qorxaq mülayimlik hardan idi və bunu Firəngiz sonralar da anlaya bilmədi) onun gözləri qarşısında lap aşkar kiçildi. Kiçildi... Bir tikə oldu və Firəngiz kəskin hərəkətlə əlini ərinin əlindən çəkərək sərt ifadə ilə dedi:

– Heç bir şeydən inciməmişəm, Mürşüd!

O, belə dedi. Amma o incimişdi. Bu hündür daş hasar da, bu iri dəmir darvaza da, qalaya bənzəyən bu örtülü ev və qayınanasının kənarları alınıb-düzəlmiş aypara qaşları da bir tərəfdən onu sıxırdı, lap məngənə kimi sıxırdı. Ən pisi də o idi ki, o bunların belə olduğuna daha əvvəlki kimi heyifsilənmirdi. O bunlardan qaçmaq istəyirdi.

Lakin şəhərin qələbəliyi, yay kinoteatrları, konsertlər, pəncərələrdən görünən dənizin genişliyi də onun ürəyindəki ağırlığı yüngülləşdirə bilmirdi. Mürşüd də daha bağa getməyib onunla birlikdə şəhərdə qalırdı. Və hamilə qadınına hər cür qulluq göstərirdi. Onun bu xidmətində, mehribanlığında suçlu bir hal var idi, elə bil ki, o, daima nədənsə ehtiyat edirdi. Və bu, səbəbi özünə də məlum olmadığı halda, Firəngizi əsəbiləşdirib haldan çıxarırdı, Firəngiz indi nə ərinin emalatxanasına gedir, nə də onun nə üzərində işlədiyi ilə maraqlanırdı. O da qəribə idi ki, Mürşüd bu vəziyyəti görüb duyduğu halda səbəbini soruşmurdu. Daha doğrusu, soruşmaqdan çəkinirdi.

Firəngiz saatlarla pəncərə qarşısında oturur və gələcək uşağı haqqında düşünürdü.

... Uşaq isə bir neçə aydan sonra sağlam bir oğlan olaraq dünyaya gəldi. Onun dünyaya gəlişi ilə, elə bil ki, Mürşüd də birdən-birə dönüb ayrı cür adam olmuşdu. Elə bil ki, o, rəssamlığını da və o qorxaq mülayimliyini də büsbütün unutdu. Elə bil ki, indi daha təbii, daha canlı bir adam olmuşdu, ayağını yerə indi daha möhkəm dirəmişdi. Elə bil ki, ondakı o daxili gərginlik də birdən-birə yox olub getmişdi.

Lakin bu körpə sağlam oğlanın dünyaya gəlişi ilə Firəngizdə yeni bir təşviş peyda olmuşdu. Gənc ana bu ilkinə diqqətlə baxmaqdan və onun kimə oxşadığını təyin etməkdən çəkinirdi. Ultra dəbdə geyinmiş Nərminə, Turac və Şəfiqə səs-küylə rəfiqələrini təbrikə gəldilər. Uşağın beşiyi başına toplaşıb onu diqqətlə nəzərdən keçirdilər.

Nərminə dedi:

– Oy, lap atasının kopyasıdır.

Turac təsdiq etdi:

– Ağız-burnu, yumru alnı lap atasınınkıdır ki, durub.

Şəfiqə isə dedi:

– Amma gözləri eynilə anasının gözləridir.

Nərminə və Turac sevinclə təsdiq etdilər:

– Düzdür... düzdür. Lap anasının gözləridir.

– Anasınınkı kimi dupduru...

Firəngiz elə bil diksindi. Onun gözləri oğlunun gözlərinə zilləndi və yalnız bu zaman o, diqqətlə, məhəbbətlə oğluna tamaşa etdi.

1976.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets