Page 3 of 3 · 67%

Mən pəncərədən çölə baxarkən, bir də gördüm ki, Güllü əlində ağ bir şey o yana-bu yana baxa-baxa iti addımlarla getdi girdi İmaş qalan otağa, yəqin ki, əlindəki İmaşın köynəyi idi.

Mən Güllünün oğru kimi belə xəlvəti getməyinə təəccüb eləyərək gözlədim ki, görüm Güllü oradan nə vaxt çıxacaq, ancaq Güllü çıxmırdı ki, çıxmırdı, nəhayət, məni yuxu apardı.

Səhər oyananda ilk yadıma düşən əhvalat gecə Güllünün İmaş yatan otağa xəlvətcə getməsi oldu və yerimin içində xeyli bu barədə fikirləşdim, işin mahiyyəti mənə aydın deyildisə də, qadının yad kişinin yataq otağına xəlvəti gedib girməsinin yaxşı şey olmadığını hiss edirdim. Ona görə də bu hadisə əllərindən, üzündən eyzən sabun iyi gələn, çöpəgülən, qırmızıyanaq Güllüyə qarşı məndə bir düşmənçilik hissi oyatdı.

Güllü səhər kəhrizdən doldurub gətirdiyi iri mis səhəngi çiynindən yerə qoyanda mənə elə gəldi ki, o, dünəndən bəri daha gözəlləşmişdir. Yanaqları lalə kimi parıldayır, gözləri alışıb-yanırdı. O mənə baxaraq həmişəki tək gülümsəyib:

– Gəl, qaqaş, – dedi, – təzə su töküm əl-üzünü yu.

– Lazım deyil! – deyə mən qəzəblə cavab verdim.

O qəhqəhəylə gülüb dedi:

– Qaqaş yuxuda şeytan görüb.

– Şeytanı yuxuda sən görmüsən! – Acıqlı cavab verdim.

– Mən mələk görmüşəm, qaqaş! – deyib o, təkrar qəhqəhə ilə güldü.

Onun lalə kimi qızarmış yanaqlarına baxaraq yanıb-töküldüm, mən özümü saxlaya bilməyərək yerdən bir daş götürüb onun qılçına atdım, o keçi kimi kənara sıçradı və yüyürüb məni qucaqlayaraq o üzümdən, bu üzümdən bərk-bərk öpdü.

– Ay ölmüş, uşağı ayı kimi basmarlama, – deyə dəhlizə çıxan Fatma nənəm zarafat elədi.

– Yeyəcəm onu! – deyə Güllü təkrar məni öpmək istəyəndə əlindən çıxıb kənara qaçdım.

... Mən nənəmlə oturub çay-çörək yeyəndən sonra bostan suvaran İmaşın yanına getdim. O mənə soyuq bir nəzər salıb:

– Qaqaş, – dedi, – adam arvad xeylağına daş atar?

Mən dedim:

– Güllü pis qızdı.

– Nə üçün? – deyə o, görünür, mənim qiymətimə o qədər də əhəmiyyət verməyərək soruşdu. – Sabun iyi gəlir, ona görə?

– Sabun iyi də gəlir, özü də adamı ayı kimi qucaqlayıb marçhamarç öpür.

İmaş xəfif gülümsədi:

– Nə olar, öpmək pis şey deyil ki...

– İstəmirəm.

Mən onun suyu sarı çiçək açmış xiyar tağlarının arasına bağladığına tamaşa eləyə-eləyə soruşdum:

– Nə üçün Güllü gəlib gecə səni yuxudan oyadırdı?

O, dərhal dikəlib təəccüblə üzümə baxdı:

– Nə bildin?

– Pəncərədən gördüm. Gördüm ki, tələsik getdi girdi sən yatan evə.

– Nənən də gördü?

– Yox. Nənəm xoruldayırdı.

– Sən ona dedin?

O bu sualları qorxmuş kimi verirdi, mən onun nə üçün qorxduğunu, rənginin niyə saraldığını anlamayaraq dedim:

– Yox, nənəmə deməmişəm.

Nənəmə deməmiş olduğuma görə ürəyimdə sevindim. İmaş dərindən nəfəs alaraq suyu indi də yaşıl pamidor kolları olan ləkə döndərə-döndərə dedi:

– Güllü mənim köynəyimi yuyub qurutmuşdu, onu gətirib verirdi.

– Bəs nə üçün adamlar yatandan sonra?.. Özü də oğru kimi xəlvəti, ora-bura baxa-baxa?

İmaş dikəlib mənə uzun bir nəzər salaraq dedi:

– Qaqaş, mən burada kimsəsiz, qərib bir oğlanam, xahiş eləyirəm, onu heç kəsə deməyəsən.

– Deyəndə nə olar?

– Pis olar, qaqaş, demə, yaxşımı?

Onun özünü kimsəsiz, qərib adlandırması, üzündə zahir olan qorxu ürəyimi kövrəltdi və mən böyüklər kimi ciddi ifadə ilə dedim:

– Arxayın ol, heç kəsə demərəm.

– Çox sağ ol. Bostanı suvarım qurtarım, sənə tüfəng qayıracam, ancaq, qaqaş, gərək kişi sözünün üstündə dursun.

İmaşın məni kişi sayması qürurumu artırdı.

... Günorta naharından sonra Fatma nənəm, adəti üzrə, dəhlizdəki taxtın üstündə uzanıb yuxuladı, mən də İmaşın qarğıdan hazırladığı atımı minib, «tüfəngimi» çiynimə salaraq ağacların arasıyla ora-bura çapırdım. Qumaş da mənim yanımca yüyürürdü. Mən gah Qaçaq Nəbi, gah Qaçaq Süleyman olurdum. Sonra da coşaraq atımı çapdım bağın lap qaranlıq yerinə. Qumaş da mənimlə getdi. Birdən yarıqaranlıqda gilənarlıqda pıçıltı eşidib, bərk qorxaraq atımın başını çəkib dayandım, sonra dönüb qaçmaq istədim, ancaq birdən yadıma düşdü ki, qəhrəmanlar qorxub qaçmazlar, mən qılıncımı siyirib pıçıltı gələn kolluğa işarə ilə Qumaşı qısqırtdım.

Başqa vaxt yad adamın hənirtisini belə duyanda qəzəblə hürüb ora tərəf atılan Qumaş bu dəfə mənim qılıncımla işarə elədiyim gilənarlığa tərəf biganə bir nəzər salıb, qısqırtmağıma əhəmiyyət vermədi. Mən ürəklənib yavaş-yavaş bir az da irəlilədim, aşağı əyilərək ağacların arasından baxdım. İmaşla Güllü qalın kolluqda yanaşı oturmuşdular. Güllü İmaşın əlini tutub köynəyinin arasından sinəsinə yapışdırmışdı. Birdən İmaş nə isə pıçıldadı. Güllü də üzünü onun üzünə yapışdıraraq bərk-bərk öpüb qalxdı. Güllü ucaboylu idi, amma İmaş ondan da uca idi. Birdən mən «ehey!» deyə qışqıraraq atımı onlara tərəf çapdım və ağacların arasından zahir olduqda qəhrəmanlar kimi soruşdum:

– Deyin görüm, nə cəsarət eləyib pərilər padşahının bağına girmisiniz?!

Güllü qəhqəhə ilə gülərək məni qaldırıb marçıltı ilə öpdü.

– Burax! – deyə qışqırıb çabaladım. – Gərək sabun iyi verə-verə hamının üzündən öpəsən?

O məni yerə qoyaraq:

– Ay şərəşür, dedi, – səndən başqa kimin üzündən öpmüşəm ki...

– Odey, İmaşın! Yazığı basmarlayıb öpmürdün?!

Güllü məni dilə tutdu:

– Qaqaş, qurban olum, nə olar öpəndə? İmaş qərib, yetim oğlandı, anası yox, bacısı yox... Bəs mən də öpməyim, kim öpsün onu?

Doğrusu, Güllüdən nə qədər zəhləm getsə də, bu sözləri ürəyimi birtəhər elədi. Atımı çapıb qaçdım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets