Page 7 of 8 · 75%

Anjel

Mən səni gözləyirəm.

Ədalət

Sonra!

Anjel

Mən səni bu gün, bu saat gözləyirəm! Eşidirsənmi?!

Ədalət (çarəsiz)

Yaxşı... (Dəstəyi asır. Anjelin üzərinə düşən işıq sönür)

Fəridə

Nə olub?

Ədalət

Heç nə. Moskvadan adam gəlib... Mənimlə görüşmək istəyir.

Fəridə

Bəs, niyə bir cür oldun?

Ədalət (əsəbi)

Bu görüşlər adamı yorur, təngə gətirir. (Çıxır)

Fəridə həyəcan içindədir. O özünə yer tapa bilmir. Qapı zəngi. Fəridə gedib açır. Həmin skelet kimi arıq, əcaib kişi qapıda dayanmışdır.

Fəridə (ani bir vahimə içində)

Nə istəyirsiniz? (Kişi susur) Nə istəyirsiniz? (Skeletəbənzər kişi eyni sükut içində baxır) Kişi, lalsan?

Skeletəbənzər kişi (gözlənilməyən bir gümrahlıqla)

Bəli.

Fəridə

Necə lalsan ki, danışırsan?

Skeletəbənzər kişi

Mən danışan lalam, xanım.

Fəridə (qorxu və maraq içində)

O nə deməkdir?

Skeletəbənzər kişi

Onun nə demək olduğunu Yer üzündə bir mən bilirəm, bir də sizin əriniz.

Fəridə

Mən necə bilə bilərəm?

Skeletəbənzər kişi

Onu ərinizdən soruşun.

Pauza. Fəridə indi qorxmur. Nəyi isə aydınlaşdırmağa çalışır. Fəridə qayıdıb o biri otaqdan çıxan Ədalətlə qarşılaşır.

Ədalət

Kim idi?

Fəridə (key kimi)

Kişi.

Ədalət

Hansı kişi?

Fəridə

Lal... Skeletəbənzər kişi. (Vahimə içində) Qəribədir, danışa bildiyi halda, deyir, lalam. (Ədalət cəld gedib kişiyə pul verir. Skeletəbənzər kişi gedir. Ədalət nə isə düşünür. Sonra iti addımlarla gedir) Bu nədir?.. Yoxsa, mən dəli oluram... (Ətrafı təəccüblə gözdən keçirir) Elə bil ki, birdən-birə hər şeyə qarşı məndə qəribə bir soyuqluq, bir yadlıq əmələ gəlib... hətta, hətta... Ədalətin özünə qarşı da.

İşıq sönür. Yananda Anjelin evi. Anjel və Savalan.

Anjel

Mən heç kəsi sən düşündüyün mənada sevə bilmirəm, Savalan.

Savalan (həyəcanla)

Axı nə üçün?

Anjel

Çünki məni aldadıblar. Mənim ilk sevgimi ayaqlar altına salıb tapdalayıblar. Mən məhəbbətə olan inamımı itirmişəm.

Savalan

Əgər, aldadıblarsa, bunda sənin təqsirin yoxdur.

Anjel

Yox, mənim təqsirim var. Biz qızlar həmişə bütün günahı kişilərin boynuna qoymağa adət etmişik. Biz hissiyyata daha tez qapılırıq, daha tez zəiflik göstəririk, daha tez inanırıq, halbuki bizim öz mənliyimizi, namusumuzu hərraca qoymağa ixtiyarımız yoxdur. Çünki dünyaya gələn yeni insanın taleyi, gələcəyi üçün, birinci növbədə, biz analar cavabdehik!

Savalan

Nə üçün “birinci növbədə” siz?

Anjel

Bilmirəm... Yəqin, ondan ötəri ki, biz uşağa sizdən daha çox yaxınıq, biz daha çox əziyyət çəkirik.

Savalan (onun əlindən tutaraq)

Anjel! Mən səni sevirəm! Madam ki, sən öz təqsirini bu qədər dərindən hiss etmisən, demək, biz onun üzərindən qırmızı bir xətt çəkə bilərik.

Anjel (əli oğlanın əlində başını bulayır)

Yox, Savalan. Sən həyata indi-indi qədəm qoyan, böyük ideallarla yaşayan gül kimi təmiz bir oğlansan. Sənin və yoldaşlarının mənəvi acizliyə, ikiüzlülüyə, idealsızlığa qarşı hücum mövqeyi tutmağınız mənim xoşuma gəlir. Mən sənin özünə də, istedadına da heyranam, ona görə də, sənə gəlmərəm!

Savalan (öz-özü ilə danışırmış kimi)

Qəribə məntiqdir. (Birdən coşğun həyəcanla) Biz tamamilə yeni bir həyata başlayırıq! Sənin gözəl duyğuların, gözəl arzuların yenidən qayıdar...

Anjel

Bəlkə də... Lakin indi mənim özümdən başqa daha vacib qayğılarım var.

Savalan

Nədir onlar? Bilmək olmaz? (Anjel “yox” mənasında başını bulayır..) Eh... Anjel... Mənə elə gəlir ki, sən yenə də səhv edirsən.

Anjel (qətiyyətlə)

Yox! Mən daha səhv etməyəcəyəm. (Yaxınlaşıb onun üzündən öpərək) İndisə get, Savalan. (Saatına baxır) Bu saat bura başqa bir adam gələcək. Mənim onunla mühüm söhbətim var.

Savalan (məyus)

Biz bir daha görüşməyəcəyik?

Anjel

Nə üçün görüşmürük... (Mehriban təbəssümlə) Biz həmişəlik dost, sirdaş olacağıq. (Ruhla) Qənimətə salam de.

Savalan (çox pərişan)

Anjel.

Anjel (eyni mehriban təbəssümlə onun əlindən tutur)

Mənim əzizim... Tezliklə hər şey keçib gedəcəkdir... Sən gənc, gözəl bir qızla evlənəcəksən... və bir gün küçədə qoca Anjelə rast gəlib bir zaman ona aşiq olduğuna ürəyində güləcəksən.

Savalan (üsyanla)

Heç vaxt! Necə olacaq ki, sən qocalacaqsan, biz cavan qalacayıq?

Anjel

“Biz!” (Gülür) Demək evlənəcəksən? (Dərindən nəfəs alaraq) Sağ ol, mənim rəssamım! Mən sənin yaradıcılığını həmişə ürək döyüntüsü ilə izləyəcəyəm!

Savalan (məyus)

Hələlik, Anjel!..

Anjel

Hələlik, Savalan!.. (Savalan çıxır. Anjel onun ardınca uzun bir nəzər salaraq öz-özünə) Mən özümdən, öz səadətimdən imtina etmirəm, Savalan! Lakin mən bundan sonra oğlum üçün yaşayacağam! Mən onun sənin kimi namuslu, mərd bir oğlan olmasına çalışacağam. (Kinli bir qətiyyətlə) Və mən buna müvəffəq olacağam! (Qapı zəngi. Anjel açır. Ədalət gəlir)

Ədalət

İndi buradan gedən o rəssam idi?

Anjel

Bəli, necə məgər?

Ədalət

Heç... elə-belə.

Anjel

Niyə soruşmursan ki, nə üçün gəlmişdi?

Ədalət

Nə üçün soruşmalıyam? Sənin kimi cavan qadının evinə niyə gələrlər?

Anjel

Yaxşı. Sən uşağa nə vaxt öz familiyanı verəcəksən?

Ədalət

Bu mümkün deyil, Anjel.

Anjel

Nə üçün?

Ədalət

Çünki sən bununla mənim ailə həyatımı pozacaqsan. Əgər, Fəridə bu əhvalatı bilsə...

Anjel (sakit)

Mən indiyə qədər bu barədə ona bir söz deməmişəm. Hətta, o, mənim uşağım olduğunu da bilmir. Mən bundan sonra da susacağam.

Ədalət

Uşağı mənim familiyama yazdırandan sonra gizləmək olmaz.

Anjel (səbrlə)

Mən bir daha Fəridənin gözünə görünmərəm!

Ədalət

Məsələ yalnız gözünə görünməməkdə deyil.

Anjel (ona diqqətlə baxaraq)

Mən, indiyə qədər səndən aliment tələb eləmədiyim kimi, burdan sonra da eləməyəcəyəm!

Ədalət (yalvarışla)

Anjel! Qoy o sənin familiyanda qalsın.

Anjel (səbrlə)

Gələcəkdə o məndən soruşmaz ki, atam kimdir?

Ədalət

Gələcək hələ uzaqdadır... O barədə sonra düşünərik.

Anjel

Bəs, indi soruşanlara nə cavab verim?

Ədalət

Bir söz tapıb demək olar...

Anjel

Bircə sənin adın olmasın, eləmi?

Ədalət

Anjel! Özün hər şeyi başa düşürsən... Ailə... vəzifə, axı, hamı məni təmiz bir adam kimi tanıyır.

Anjel

Daha yaxşı. Görərlər ki, sən, namuslu bir adam kimi öz vicdani borcunu yerinə yetirirsən.

Ədalət

Sən uşağı da götür, yenə də qayıt Moskvaya, mən hər ay sənə istədiyin qədər pul göndərərəm.

Anjel (istehza ilə)

Sənin maaşın ancaq öz ailənə çatar. Mənə istədiyim qədər pulu hardan göndərəcəksən?

Ədalət

Onun sənə dəxli yoxdur.

Anjel

Yox, dəxli var! Sən deyirsən ki, təmiz adamsan... Bizdə təmiz adam, ancaq maaş cədvəlinə qol çəkib aldığı pulla yaşayır.

Ədalət

Mənim necə adam olduğumu bilirlər. Amma mən sənin uşağının atası olduğumu bilmirəm. Mən buna inanmıram!

Anjel

Nə üçün?

Ədalət

Çünki səni məndən başqaları da tanıyırdı.

Anjel

Axı, sən bilirsən ki, biz tanış olanda mən bakirə qız idim. Mənim on səkkiz yaşım hələ tamam olmamışdı.

Ədalət

Mən heç nə bilmirəm və sən də mənə heç nə sübut eləyə bilməzsən!

Anjel

Sən əsəbiləşdiyin üçün bu cür danışırsan... yoxsa, elə belə də düşünürsən?

Ədalət

İndi ki, sən yaxşı sözü eşitmirsən, mənim mövqeyimi nəzərə almırsan, o zaman mənim də ixtiyarım var istədiyim kimi düşünüm...

Anjel

Amma, əslində, uşağın atası olduğunu inkar eləmirsən?

Ədalət

Lazım gələrsə, inkar eləyə bilərəm və hamı da mənə inanar.

Anjel

Burda səninlə məndən başqa ayrı adam yoxdur. Xahiş edirəm, bir sualıma düzgün cavab verəsən.

Ədalət

Buyur.

Anjel

Sən keçən dəfə Moskvada gördün ki, o sənə nə qədər oxşayır. Necə qəşəng uşaqdır!..

Ədalət

Sonra?

Anjel

İndi sən, özündə ona qarşı, az da olsa, atalıq duyğusu hiss eləmirsən?

Ədalət (tərəddüdsüz)

Yox.

Anjel

Heç?

Ədalət

Heç!

Anjel

Bu üç ildə o bir dəfə də olsun sənin yadına düşməyib?

Ədalət

Yox.

Anjel (alma ilə dolu vazanın yanındakı şiş bıçağı götürərək)

Mən and içmişəm ki, əgər, sən uşağı öz familiyana yazdırmağa razı olmasan, bu bıçağı sancam düz ürəyinin başına, lakin bu etirafından sonra sənin ölüb-ölməməyin nə mənə lazımdır, nə də oğluma. (Bıçağı yerə tullayaraq) Gedə bilərsən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qəribcan

Mən Səriyyənin gətirdiyi tor köynəklərdən birini geyərkən özümdə qeyri-adi bir fərəh hiss elədim. Səriyyə bizim iş yoldaşımızdır. Bizim briqadanın üzvüdür. O, ayağımı kəsilməyə qoymayaraq, məni götürüb Bakıya qaçdığı kimi, burada mənə lazım olan şeyləri də alıb gətirə bilərdi. Burada təəccüblü heç nə yox idi. Bununla bərabər, tor köynəyi geyərkən mən özümdə qeyri-adi bir fərəh hiss elədim. Elə bil ki, mənə fövqəladə səadət üz vermişdi. Elə bil ki, mən daha xoşbəxt bir dünyaya qədəm qoymuşdum. Tor köynəyin təması məndə tamam yeni bir duyğunun yaranmasına səbəb olurdu.Mən xəstə yoldaşlarımla gülür, zarafat edir, tez-tez yaralı ayağıma toxunaraq, ağrıyıb-ağrımamasını bilmək istəyirdim.

15 min
Sən həmişə mənimləsən, yaxud "Boy çiçəyi"

İştirak edirlərHəsənzadə – zavod direktoru*

19631 h 25 min
Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı

Üçüncü yay gecəsi idi ki, şəhərin sakitliyi içində Xan qızı Gülsənubər tarda çalınan o muğamı eşidirdi. Və üçüncü yay gecəsi idi ki, Xan qızı Gülsənubərin yuxusu göyə çəkilmişdi. O tarçalan oğlanın gözlərindəki qəribə ifadə ilə çaldığı muğamın söylədiyi hekayət arasında ayrılmaz bir bənzərlik var idi. O hekayətin nədən ibarət olduğunu qız dərk eləyə bilmirdi. Lakin hiss edirdi ki, bu, nə isə, uzaqlarda və uzaq zamanlarda olub getmiş bir hekayət idi. Bəs, onda nə üçün o əhvalatı indi tarında hekayə edərkən oğlanın baxışları bu qədər pərişan, bu qədər əlacsız olurdu? Qız onu da hiss edirdi ki, muğamın danışdığı o əhvalatda nəhayətsiz bir kədər, bəlkə də, dünyada heç kəsin duya bilmədiyi bir nisgil var. Və indi bu cavan tarzən o pərişan, o nisgilli əhvalatı çaldığı muğamın gücü ilə hamıya nəql etmək istəyirdi. O qəmli əhvalatın sirri, yəqin ki, bu oğlana aydın idi. Yoxsa böyük Allahın onun gözlərinə bəxş etdiyi işıq muğamı çalmağa başladığı zaman birdən-birə bu qədər gözəl, bu qədər cazibədar, bu qədər dərin görünə bilməzdi.Güllərin, çiçəklərin ətriylə dolu bu aylı gecənin nəhayətsizliyi harada, hansı yalçın qayalıqda isə qurtarırdı. Lakin cavan tarzənin gözlərindəki o işıqlı, anlaşılmaz dünya, muğamı çaldıqca, həm dərinləşir, həm də əsrarəngiz və qavranılmaz olurdu... Və qız, bütün bu düşündüklərinin, hiss etdiklərinin boş bir xəyal olduğuna özünü nə qədər inandırmaq istəyirdisə, ürəyini o aləmdən qoparıb, o cavan tarzəni özündən uzaqlaşdıra bilmirdi...

28 min
Atayevlər ailəsi

İştirak edirlərXosrov Atayev*

19541 min

Poems by other poets