Page 4 of 13 · 23%

Çıxır. Nəzakət qızın ardınca uzun bir nəzər salır. İşıq tədricən tutqunlaşır. Nəzakət vahimə içərisində otağı nəzərdən keçirir. Elə bil ki, divar yerindən tərpənərək ona tərəf hərəkət edir. Yarıqaranlıq içində hər tərəfdən sıxlaşan divarlarla birlikdə Fərəc də irəliləyib Nəzakətin qarşısında dayanır. Nəzakət alacalanmış gözləri ilə ərinə baxaraq, dəhşət içində pıçıldayır.

Nəzakət

Getdi!

Fərəcin Nəzakətə zillənmiş nəzərləri altında səhnə qaranlıqlaşır. İşıq yananda Nargilənin yeni mənzili görünür. Bu, balaca, dar, yarıqaranlıq bir otaqdır. Bir tərəfdə üzərinə ucuz, lakin çox təmiz adyal çəkilmiş dəmir çarpayı, köhnə divan qoyulmuşdur. Çarpayının yanındakı divara Nargilənin gənc atasının şəkli vurulmuşdur. Ortada təmiz, ağ örtüklü stol və iki köhnə stul vardır.

Nargilə əynində xalat, evini səliqəyə salır. Telefon zəng vurur. Nargilə irəliləyib dəstəyi götürür və bu zaman işıq yalnız onun, bir də telefon xəttinin o biri tərəfindəki avtomat köşkünün üzərinə düşür. Köşkdə ultramoda ilə geyinmiş sarısaç bir qız telefon dəstəyini qulağına tutmuşdur. Onun yanında yenə də ultramodada geyinmiş iki gənc oğlan dayanmışdır, oğlanlardan biri qızın əlindən tutmuşdur.

Sarısaç qız

Nana, səni təzə mənzildə təbrik edirik.

Nargilə

Çox sağ olun. Ancaq mənim təzə mənzilim bu təbrikə dəyməz.

Sarısaç qız

Nə danışırsan, Nana. Sən indi azad quşsan... Heç kəs səndən soruşmayacaq, niyə tez getdin, niyə gec gəldin? Bu ki, dünyaya dəyər... Mən sənə həsəd aparıram.

Nargilə (gülümsəyir)

Doğrudanmı?

Sarısaç qız

Vicdan haqqı. (İkinci oğlana baxaraq gülümsəyir). Nana!

Nargilə

Nədi?

Sarısaç qız

Tez geyin gəl. «Nərgiz» kafesinin yanında gözləyirik.

Nargilə

Kiminlə?

Sarısaç qız

Gələrsən, görərsən. (İkinci oğlana baxaraq gülümsəyir). Sənin üçün sürpriz var. (İkinci oğlan gülümsəyir).

Nargilə

Nə sürpriz?

Sarısaç qız

Dedim ki, gələrsən, görərsən.

Nargilə

Sən kiminləsən?

Sarısaç qız

Mən Dodiklə.

Nargilə

Hansı Dodiklə?

Sarısaç qız

Çapıq Davudu tanımırsan?

Nargilə (bərkdən gülərək)

Nə üçün oğlanın üzünə heylə söz deyirsən?

Sarısaç qız

Sən də... oğlanın... (Davud onun əlini bərk sıxır, qız qışqırır.) Oy...

Nargilə

Nə oldu?

Sarısaç qız

Sən ki bunun vəhşiliyini bilirsən... (Davud vəhşi bir görünüş alaraq, dişlərini bir-birinə sürtüb qıcırdadır). Oy, Dod... bəsdir... (Telefona). Qurtar! Sürprizin bağrı çatladı.

İkinci oğlan (ağzını telefon dəstəyinə yapışdıraraq oxuyur)

Zaman keçir... günlər quş kimi uçur.
Həyat bir stəkan sudur,
Tələs, tez iç.
Yoxsa bizim bu fərsiz planetimiz
Hər bir an bir ovuc kül ola bilər.
Həyat bir stəkan sudur,
Tələs, tez iç...

Sarısaç qız (oxuyur)

Taleyindən narazı eybəcər bir qız
Bizi kəsdi, «üç» verdi,
Ali məktəbə girməyə qoymadı,
Biz həyatdan və eybəcər qızdan
İntiqam alacağıq.
Biz eşq badəsini sona qədər içib,
Dünyanın bütün zövq-səfasını dadacağıq...
Biz həyatdan və eybəcər qızdan
İntiqam alacağıq.

Hər üçü (oxuyur)

Biz həyatdan və eybəcər qızdan
İntiqam alacağıq.

Sarısaç qız

Nana, tez ol, gözləyirik.

Köşk qaranlıqlaşır. İndi yalnız Nargilənin otağı görünür. O, yavaş-yavaş xalatını çıxarır, təzə paltarını geyir. Üzü ciddi və fikirlidir. Əvvəl dodaqlarına pomada, üzünə pudra vurur. Sonra nə fikirləşirsə, əsəbi hərəkətlə hamısını silir. Yalnız saçlarını darayıb otaqdan çıxır. Səhnə qaranlıqlaşır, işıq yananda ikinci şəklin ardı davam edir. Həsənzadənin eyvanı, qapıdakı söyüd ağacının yuxarısı günəş şüaları ilə işıqlanmaqdadır. Həsənzadə ayaq üstə papiros çəkir. Nargilə onun qarşısında dayanaraq, bir əli ilə söyüd ağacının yarpaqlarını oynadır. O, həyəcanlıdır.

Həsənzadə

Demək, siz rəfiqənizin çağırışına getmədiniz?

Nargilə (onun üzünə baxmadan)

Mən bura gəldim.

Pauza.

Nargilə (söyüdün budağını buraxır)

Nə üçün səbəbini soruşmursunuz?

Həsənzadə (gülümsəyir)

Məgər sizlərdə adamdan qonaq gəlməyinin səbəbini soruşurlar?

Nargilə

Mən qonaq gəlməmişəm. Mən sizi yaxından görmək, səsinizi eşitmək üçün gəlmişəm. Dünyadakı adamların hamısından çox mənim xoşuma siz gəlirsiniz!

Həsənzadə

Təşəkkür edirəm. Ancaq siz dünyada hələ o qədər az adam görmüsünüz ki...

Nargilə

Hər halda, görmüşəm. (Birdən acıqlanır). Mən hər şeyi, hətta Surikin öz çuvakları ilə məni çağırdığını belə sizə danışdımsa, bu, heç də o demək deyil ki, mən axmaq və sadəlövh bir qızam.

Həsənzadə

Əksinə... Mən sizi çox ağıllı qız hesab edirəm.

Nargilə (ona dərin və sınayıcı bir nəzər salaraq)

Mən sizdən ancaq səmimi söz gözləyirəm...

Həsənzadə

Mən səmimi deyirəm.

Nargilə

Uşaqlıqda bir dəfə rəhmətlik Gövhər nənəm də bu sözü mənə demişdi.

Həsənzadə

Yəqin ki, yeri düşməyib. Yoxsa bu sözü sizə çox adam deyərdi.

Nargilə

Ancaq mən çox zaman bu sözün əksini eşitmişəm.

Həsənzadə

Məsələn, kimdən?

Nargilə

Məsələn, atalığımdan... O, həmişə mənim yüngülbeyin, axmaq bir qız olduğumu söyləyirdi... Sonralar... Mən on altı-on yeddi yaşına çatanda isə anamı inandırmağa çalışırdı ki, mənim evdə qız qalmağım təhlükəlidir. Mümkün qədər tez bir adam tapıb, məni başdan eləmək lazımdır.

Qısa pauza. Həsənzadə papiros yandırır.

Həsənzadə

O bu sözləri sizin yanınızda deyirdi?

Nargilə

Bəzilərini mənim lap gözümün içinə deyirdi, bəzilərini isə mən öz otağımdan eşidirdim.

Həsənzadə

Bəs ananız nə cavab verirdi?

Nargilə

Mən sizə nağıl elədim ki, anam ondan necə qorxurdu.

Həsənzadə (qısa pauzadan sonra)

Həyatda belə şeylər çox olub... Siz ananızdan inciməyin.

Nargilə

Əgər onun əri adam olsaydı, mən anamdan inciməzdim. Üzünə baxırsan, qusmağın gəlir. (Getdikcə qızışır). Xəsis, xırdaçı, qeybətcil, qorxaq, alçaq... rəzil... hər nə desəniz, ondan!..

Həsənzadə

Sakit... axı siz söz verdiniz ki, daha əsəbiləşməyəcəksiniz.

Nargilə

Bağışlayın... (Ağlamsınır) O məni o qədər yandırıb ki...

Həsənzadə

Hər şey olub keçib. Siz indi ayrı yaşayırsınız.

Nargilə

Ayrı yaşasam da, onun bərəlmiş qoyun gözlərini hər yerdə görürəm...

Həsənzadə

İşləyərsiniz... Başınız qarışar... Hamısını unudarsınız.

Nargilə

Məgər mən anamgildə olanda işləmirdim? Məgər o üç otağın döşəməsini, altı adamın bütün pal-paltarını mən yuyub təmizləmirdim?!.

Həsənzadə

Mən sizin hər gün nə qədər paltar yuduğunuzu, nə qədər zibil atdığınızı görürdüm.

Nargilə

Ah, heç olmasa, bunu bir nəfərdən eşitdim...

Həsənzadə

Ancaq, bilirsinizmi, heylə işləmək başqa, cəmiyyət içində başqa... Zavodda siz təzə adamlar görəcəksiniz. Təzə sözlər eşidəcəksiniz...

Nargilə

Mən sizdən başqa heç kəsi görmək də istəmirəm, eşitmək də!

Həsənzadə

Nə üçün?

Nargilə

Çünki heç kəsə inanmıram!

Həsənzadə

Bəs nəyə görə məhz mənə inanırsınız?

Nargilə

Bilmirəm. (Qısa pauza) Ancaq bu belədir. Əgər bu iki ildə hər gün mən o pəncərədən sizi görməsəydim, heç bilmirəm nə edərdim. Bayaq mən sizə yalan dedim... Poçtalyon kefsiz deyildi... Mən özüm küçədə dayanıb onu gözləyirdim. Gəlib çıxanda aldatdım ki, Həsənzadəgilə gedirəm, verin qəzetləri mən aparım...

Həsənzadə

Nə olar ki... Tanış olmağıma çox şadam.

Nargilə

Təşəkkür edirəm.

Həsənzadə

Təşəkkür nə üçün...

Nargilə

Sizin kimi bir adam, əgər mənimlə tanış olduğuna da şaddırsa...

Həsənzadə

Məgər siz pissiniz?

Nargilə

Bilmirəm... hər halda, tale mənim haqqımda bir az insafsızlıq eləyib...

Həsənzadə

Səhv edirsiniz... Əgər «tale» deyilən bir şey varsa, sizin ondan inciməyə haqqınız yoxdur. O, xoşbəxt olmaq üçün sizə hər şeyi vermişdir... Ağıl, gözəllik, sağlamlıq... daha nə istəyirsiniz... Bayaq siz özünüz bu sözləri mənim oğlum haqqında deyirdiniz.

Nargilə

O başqa... mən başqa! O sizin oğlunuzdur.

Həsənzadə

Bunun dəxli yoxdur... Oğul, qız ömrü axıra qədər ata-ana ilə bir başa vurmur...

Nargilə

Ah, siz nə yaxşısınız... Mən sizi elə belə də təsəvvür edirdim...

Həsənzadə

Siz də yaxşısınız... Axı biz nə üçün pis olmalıyıq? Pislikdə nə var ki...

Nargilə

Elədir... (Qısa pauza). İcazə verin evinizi təmizləyim...

Həsənzadə (zarafatyana)

Mən sizə zəhmət vermək istəmirəm.

Nargilə

Mən gözümü açandan bəri həmişə pis adam üçün zəhmət çəkmişəm. İndi isə... dünyada hamıdan çox istədiyim, hamıdan yaxşı sandığım bir adam üçün zəhmət çəkmək istəyirəm. Sizin məni məhrum etməyə haqqınız yoxdur.

Həsənzadə (zarafatyana)

Elə isə mənim bu kitab şkafımı səliqəyə salın. Aydın töküb-dağıdıb. Mən də işə dəyim... Getmək istəsəniz, qapını bərk çəkin, özü bağlanacaq.

Nargilə

Baş üstə. (Həsənzadə evə girir. Nargilə şkafa yaxınlaşaraq, səliqəsiz halda üst-üstə qalaqlanmış kitablardan ilk əlinə keçənin əvvəl üstünü oxuyur, sonra açıb baxmaq istərkən kitabın arasından qurumuş bir çiçək düşür. Qız əyilib çiçəyi yerdən götürür, burnuna tutub qoxlayır, bu zaman Həsənzadə, əlində iri qovluq, içəridən çıxır). Bu, nə çiçəyidir?

Random poem

More by this author

Poems by other poets