Səriyyə
Page 8 of 9 · 78%
– Qorxmayın, – dedi. – Biz şəfqət bacıları sirr saxlayan oluruq.
– Bizim heç bir sirrimiz yoxdur.
Cəvahir xanım məzəli bir əda ilə sözləri uzadaraq cavab verdi:
– Məsəl üçün deyirəm. Bu gün baş həkim özü də gəlib sizin xəstənizi yoxladı.
– Çox sağ olun! Xahiş edirəm məndən Qəribə salam deyəsiniz.
Sonra mən qızgilin telefon nömrəsini söyləyərək xahiş etdim:
– Bəlkə, bir şey-zad lazım oldu, zəng elətdirsin.
– Bunlar hamısı baş üstə! Sonra nə qulluğunuz var?
– Qulluq sahibi olasınız.
Qız divanda uzanıb mənə qulaq asırdı. Mən telefonun dəstəyini yerinə qoyub, onun yanında əyləşdim. Sonra dedim:
– Dur gedək Dağüstü parka.
O mənə uzun bir nəzər salaraq gülümsədi. Sonra əlimdən tutaraq, özünə tərəf çəkib çənəmdən öpdü və rus dilində:
– Sən çox gözəlsən, – dedi.
– Yalan demə, sən məndən gözəlsən, – deyə mən onun qəşəng, çılpaq qoluna bir şapalaq çəkdim.
– O! – deyə o, şapalaq dəyən yeri ovuşdurdu.
Mən sıçrayıb kənara qaçdım.
– Dur... dur gedək Dağüstü parka, mənim mələyim, – mən kavaler rolu oynayaraq, yaxınlaşıb onun qolundan yapışdım.
Rayondan gələndə paltar gətirmədiyimdən, qız özününkiləri göstərib:
– Hansını ürəyin istəyir, gey, – dedi.
İkimiz də qolları çiyninə qədər açıq, nazik don geyib yüngül ətir vurduq (təxminən bir boyda, bir biçimdə olduğumuzdan paltarlar mənə yaxşı gəlirdi). Həyətdə saxladığımız «QAZ-69»a baş çəkəndən sonra dəniz kənarı ilə gəzə-gəzə gəlib funikulyorla Dağüstü parka qalxdıq. Gün batıb, axşamın qara sərini düşmüşdü. Biz oleandr, akasiya ağacları arasında xeyli gəzəndən sonra yay binasında verilən estrada konsertinə getdik. Əvvəlcə parlaq qara saçları, qara bığı olan bir artist səhnəyə çıxıb, Üzeyir Hacıbəyovun məşhur «Məşədi İbad» operettasından Məşədi İbadın Rüstəm bəyin qızını görüb-bəyənməyə gəldiyi yeri oxudu. Artistin ifası ikimizin də xoşuna gəldi.
– Qara kostyumla ağ köynək, ağ qalstuk ona çox yaraşır, – deyə qız gülümsəyərək hərarətlə əl vurdu.
Sonra o zaman çox dəbdə olan gənc xanəndə qadın gəldi. Tamaşaçılar onu böyük sevinclə qarşıladılar. Qadın gülümsəyərək zalı mehriban nəzərlərlə süzdü. Sonra qədim Azərbaycan xalq mahnılarından «Küçələrə su səpmişəm»i oxudu. Camaat uzun zaman əl vurdu. Xanəndə qadın bu dəfə müasir Azərbaycan bəstəkarlarının əsərlərindən oxudu. Onun səsi təravətli və cazibədar idi. Ürəkdən oxuyurdu. Lakin doğrusunu deyim ki, özü həddindən artıq kök olduğundan, mahnıları mənə o qədər güclü təsir bağışlamırdı. Mən kök qadınları sevmirəm. Mənə elə gəlir ki, onların bədənləri ilə bərabər ruhları da piylənir.
Konsertdən sonra biz yenə parkda gəzdik. Hava sərin və ətirli idi. Ətrafda çoxlu qərənfil, ətirşah əkilmişdi. Dənizin üzərində tez-tez əlvan işıqlar yanıb-sönürdü. Lap uzaqda, tamam çilçıraq içində olan bir gəmi dayanmışdı. Mən bərk acmışdım. Açıq havadakı restorana işarə ilə:
– Gəlsənə, gedək şam eləyək, – dedim.
– Nə olar, gedək!
Restoranın dənizə baxan tərəfindəki stullarda əyləşdik. Çox göyçək xidmətçi oğlan dərhal bizə yaxınlaşıb gülümsədi və menyunu qabağımıza qoyaraq, nəzakətlə dayanıb gözlədi.
Menyunu götürüb nəzərdən keçirərək, qıza uzatdım. O, menyunu kənara qoyaraq:
– Sən nə istəyirsən, mənə də ondan gətirsin, – dedi.
– Kabab necədir?
– Yaxşıdır.
Mən:
– Dörd pomidorlu kabab, təzə salat, iki şüşə də mineral su, – dedim.
– Baş üstə, – deyə oğlan yazıb götürdü.
Sonra məndən soruşdu:
– Kababı qanlı istəyirsiniz, yoxsa quru?
– Kabab qanlı, igid canlı! – deyə mən zarafatyana cavab verdim.
Oğlan gülümsəyərək:
– Bəs siz? – deyə qızdan soruşdu.
– Mənim üçün quru.
– O da baş üstə, – xidmətçi oğlan qaça-qaça getdi.
Bizim yaxınlığımızdakı stolun arxasında iki cavan oğlan oturub kababla qırmızı şərab içirdi. İkisi də son dəbdə geyinmişdi... Qabaqlarında üç boş şüşə vardı. Bizi görərkən, onlardan sarı, qıvrım saçlarını yandan ayıraraq Peçorinsayağı daramış qırmızısifət oğlan, əyilib yoldaşına nə isə pıçıldadı. Sonra ikisi də bizə baxıb gülümsədi. Biz özümüzü o yerə qoymadıq.
Oğlan bizim üçün kabab və mineral su gətirdi. Biz yeyir və dənizə baxırdıq. Sərin yel əsirdi. On üç-on dörd gecəlik Ay sanki dənizdən qalxırdı. Doğrusu, əgər qonşularımız olmasaydı, biz özümüzü çox yaxşı hiss edərdik. Lakin qırmızısifət oğlan bizə göz verib işıq vermirdi. Biz mineral su tökdüyümüz stəkanları ağzımıza aparanda qırmızısifət oğlan da öz qədəhini yoldaşının qədəhi ilə bərkdən toqquşdurur, sonra yuxarı qaldıraraq, bizə baxıb, bir az çıxıq gözlərini süzdürüb gülümsəyir və «sağ olun» mənasında başını tərpədirdi. Biz öz aramızda danışıb-gülərkən o da gülümsəyir, gözəl qadınlar yaradan təbiətin sağlığına bərkdən tost deyirdi.
Qız üz-gözünü turşudaraq:
– Bu oğlan heç xoşuma gəlmir, – dedi, – başa düşmürəm bizi kim hesab edir.
– Fikir vermə, – dedim, – qoy cəhənnəm olsun!
Birdən qırmızısifət oğlan işarə ilə bizim xidmətçini çağırıb qulağına nə isə dedi. O bizə baxıb, bir neçə saniyə tərəddüd içində dayandı. Qırmızısifət oğlan daha nə isə pıçıldadı. Xidmətçi oğlan onlardan ayrılıb getdi və əlində bir şüşə konyakla bir boşqab konfet, geri qayıdıb bizə yaxınlaşaraq pıçıldadı:
– Bunları sizin stola göndəriblər.
Mən də eyni yavaş səslə:
– Qaytar! – deyə ona əmr etdim.
O, heç bir söz demədən dərhal qayıdıb getdi. Mən güman etdim ki, qırmızısifət oğlan bərk utanacaq, lakin o, qızarmış çıxıq gözləri ilə mənə baxıb gülümsəyərək, guya incimiş halda başını buladı. Mən qəsdən tələsmədən yeyirdim. Sonra haqq-hesab tələb edərək, cavan xidmətçinin pulunu verdim. O bizə təşəkkür edib, utancaq bir ifadə ilə üzr istədi:
– Bayaqkı konyak məsələsində məndən inciməyin, mən onlara dedim ki, yaxşı deyil... ancaq...
– Eybi yoxdur, – dedim, – sağ olun.
... Biz restorandan çıxıb xiyabanla bir az getmişdik ki, oğlanlar arxadan özlərini yetirdilər.
Qırmızısifət oğlan gülümsəyərək:
– Gözəl xanımlar, – dedi, – konyakı rədd elədiniz, heç olmazsa, sizi şəhərə qədər ötürmək şərəfinə nail olmağımıza icazə verin.
Biz cavab verməyib, yolumuza davam etdik. Lakin qırmızısifət oğlan qırsaqqız olub əl çəkmədi:
– İkiniz də incəbel... ikiniz də gözəl. İnsafdırmı ki, bu romantik gecədə... tək gəzəsiniz...
Sonra o zaman dəbdə olan bir mahnını asta-asta doğramağa başladı. O, arada mahnını kəsib bir söz atır, sonra yenə oxuyurdu. Mən qəflətən ayaq saxlayıb geri döndüm və başını Peçorinsayağı daramış oğlanın içindən daha da pörtmüş üzünə dalbadal, tapança kimi açılan iki karlı sillə vurdum. O, gözlərini ağardaraq, bir neçə saniyə təəccüblə mənə baxdı. Sonra:
– Siz gözəl xanım yox, bəşəriyyətin xuliqan üzvüsünüz, – dedi.
Biz bir qədər aralanandan sonra mən onun bu qəribə ifadəsinə bərkdən güldüm. Qız da gülüb dedi:
– Amma vurdun ha...
Sonra biz Dağüstü parkdan düşüb sahillə gəzə-gəzə evə getdik. Şəhər isti idi. Mən bir az sərinləmək üçün pəncərənin qabağında oturdum. Küçədə gediş-gəliş azalırdı. Artırmalarda açılıb-bükülən çarpayılarda uzanmış adamlar görünürdü. Hər tərəfdə şəhər kənarına məxsus bir sakitlik var idi. Yuxarıda, Dağüstü parkda isə saysız-hesabsız işıqlar eyni təntənə ilə yanırdı. Bayaq bizim əyləşdiyimiz restoranın işıqları da aydınca seçilirdi. Yəqin ki, adamlar hələ yeyib-içməkdəydilər. Bizim küçədə isə, demək olar ki, hamı yatmışdı. Həyat həmişə qəribə ziddiyyətlərdən ibarətdir. Buldozerçi də yatağındadır... Bəlkə də, ayağı bərk ağrıyır. Başını Peçorinsayağı daramış oğlan təkrar gözlərim qarşısında canlandı. Onun bizimlə tanış olmaq üçün elədiyi gülünc hərəkətlər birdən-birə mənə yazıq göründü. «Nə üçün biz insanlar bu həyatdan bir şey qoparmaq üçün bu cür ikiüzlülük edirik... Yalançı, bayağı sözlər danışırıq... Yalandan gülümsəyirik... Yalandan tərifləyirik... Doğrudanmı, bunlarsız mümkün deyil?..» Madam ki, mən bütün bunlara nifrət edirəm, demək, mümkündür. Məgər mən öz-özlüyümdə həqiqi deyiləmmi? Məgər mənim intibahlarımla da hesablaşmaq olmazmı? Doğrudur, mən nə aliməm, nə də filosof. Lakin mən hər şeyi aydınca görüb-duymağı bacaran normal bir insanam. Mən öz hisslərimlə hesablaşmaya bilmərəm. Buna görə də mən bayaqkı qırmızısifət oğlanı sillələməkdə özümü tamamilə haqlı hesab edirəm. Saxtakarlığı, rəzilliyi, ikiüzlülüyü sillələmək lazımdır. Çünki bunlar təbiətin ahənginə ziddir. Bunlar əvvəllər yox idi. Gec-tez də olmamalıdır. Adəmin oğlanları əvvəl kin, intiqam, acgözlük kimi hisslərin nə demək olduğunu bilmirdilər. Saxtakarlığa da ehtiyacları yox idi. Bu, əfsanə də olsa, yaxşı düşünülmüşdür.
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-seriyye-3
Use ← → keys to move, R for a random poem
More by this author
Səhəri gün heç gözlənilmədən Bayram babam Qızılbaşoğlu Alı ilə gəldi. Babam qaçarağı və nəcib cinsdən olmağı ilə məşhur kəhər atını minmişdi. Belində onatılan tapança, ayaqlarında zərif xromdan tikilmiş uzunboğaz çəkmə var idi. Babam həmişə yaxşı geyinərdi, uzun, təpəsi gen papağı ən bahalı dəridən olardı.O, atdan düşən kimi birinci mənim üzümdən öpdü və onun çallaşmış, qumral bığlarından gələn papiros iyi məndə sevincli bir hiss oyatdı. Babam bacım Mahtabı qucağına götürüb üzündən öpdü. Atamın, anamın kefini soruşdu. Ancaq nə Fatma nənəmlə salamlaşdı, nə də dayımla... Babamın gəlişi az qala bütün obada bayram şənliyi əmələ gətirdi, kişilər onun başına toplaşdılar.
Möhnət qocanın söylədikləri. Qızyetərlə çoban Mahmudun əhvalatı necə nağıl oldu?..Möhnət qoca uzun demisindən dərin nəfəs alıb dedi:– Sarıyataqlı Dəlisoy Gülmalının altı qızı olmuşdu. Yeddinci qızı olanda Gülmalı arvadını o ki var kötəkləyib dedi:
Muradın söylədikləriMöhnət qocanın söylədiyi bu misraların «Qızyetərlə çoban Mahmud» nağılına nə dəxli vardı? Nə üçün Möhnət qoca bu misraları heylə ürəkdən, heylə dərdli-dərdli deyirdi? Və bu sözləri söylərkən tamaşa elədiyi dağlarda nə görürdü? Kimləri görürdü? Yoxsa dağlardakı dumanda yox olub gedən cavanlığını, cavan sevgilisini görürdü?Mən birinci dəfə olaraq Möhnət qocanın və dumanlı dağların nisgilini duyurdum, amma anlaya bilmirdim ki, bu nisgil, bu qəribə kədər nədən ibarətdir? Sonralar da bu nisgil, bu kədər həmişə mənimlə idi. Sonralar da mən uzaq dağlara baxanda, aşıqların sazına, xanəndələrin muğamına qulaq asanda o kədəri, o nisgili hiss edirdim, amma mənasını anlaya bilmirdim, doğrusu, heç anlamağa da cəhd eləmirdim. Axşamlar gün batıb çıraqlar yananda da, el bir yurddan o biri yurda köçəndə də mən eyni kədəri, eyni nisgili hiss edirdim.
Gödək Nisə qırx adamı bir-birinə necə qırdırdı...Güney güzdəklilər Qayaburnu bağlarından dördtəkərli öküz arabalarında hey üzüm daşıyırdılar. Qayaburnu bağları uzun yalın o biri üzündə olub, kənddən bir kilometr aralıda idi. Bu bağlarda, demək olardı ki, Güney güzdəklilərin hamısının yeri vardı və bu yerlərin arasında çağ-çəpər qoyulmamışdı. Mən də həmişə təəccüb edirdim ki, meşə kimi qalın olan bu bağlarda hər kəs öz yerini necə tanıyır? Ancaq elə tanıyırlar ki, heç kəs kəsin bir ağacını belə səhv salmırdı. Qocaların danışdığına görə, Güney Güzdəyi də, burdakı bağları da atamgilin ulu babası Əhməd xoca salıb. Ona görə də bağların çoxu Əhməd xocanın törəmələri olan Əfəndi uşağına mənsub idi, yəni bizim tayfaya. Əhməd xoca əslən Ərzurumdan imiş. Necə olub ki, heylə uzaq məmləkətdən gəlib çıxmışdı bura? Heç kəs bilmirdi.Yəqin ki, bu bağlar bu dağdan burun kimi irəli uzanan qayanın qabağında olduğu üçün ona Qayaburnu bağları deyiblər.
Poems by other poets
Vəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəc!Əsr gəcdir, dovr gəc, dovrani-bədkirdar kəc.
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır