Page 19 of 39 · 46%

– Qardaş, – dedi, – nə xeyrini istəyirik, nə də şərtini. Xahişimiz

[Mənbənin skanında burada mətn itib.]

Nəriman əmi təsvibedici, amiranə nəzərlə zala baxdı. Bunu gözləyirmişlər kimi yerbəyerdən səsləndilər:

– Biz ağrımaz başımıza buz bağlaya bilmərik.

– Quzeylilər getsinlər aldatmağa adam tapsınlar.

– Yiyəsi ölmüşdü Söyüdlü arxın.

– Yaxşı kələkdir.

– Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım.

– Ə, bir macal verin görək, – deyə Kərəm çevrilib zala müraciət etdi.

– Sən yuxa qulağı sulama, – deyə kimsə arxadan ona acıqlandı.

Ortayaşlı bir kişi ayağa qalxıb üzünü Hümmətə tutdu:

– Deyək ki, biz razılıq verdik. Söyüdlü arxı da çəkib uzatdılar Quzey qışlağa. Yayın cırhacırında su üstündə davamız qopanda, bizi kim aralaşdıracaq.

– Deməli, gərək dəyənəyin birini biz götürək, birini də onlar.

– Keçəl suya getməz.

Qorxu və həyəcan içində Hümmətə baxdım. O tamamilə sakit idi. Yalnız gözləri həmişəkindən artıq parıldayırdı.

– Kim danışmaq istəyir? – O, bir-birinin ardınca gələn atmacaları eşitmirmiş kimi zala müraciət etdi.

Heç kəsdən səs çıxmadı.

– Kim danışmaq istəyir?..

Mənə bir il qədər uzun görünən ağır sükut keçdi. Birdən Nəriman əmi başını qaldırıb narahat halda zalı nəzərdən keçirdi. Sonra quş kimi yerindən qalxıb tribunaya yaxınlaşdı, qollarını geniş açaraq, onun hər iki tərəfindən möhkəm yapışdı. Bir neçə saniyəlik fasilədən sonra:

– Güney camaatı! – deyə bərkdən səsləndi. Söyüdlü arx sizindir. Onu sizin əlinizdən heç kəs ala bilməz.

Sədr yenə də susaraq, sözlərinin təsirini yoxlayırmış kimi, diqqətlə zala baxdı:

– O da sizə məlumdur ki, biz heç vaxt əlimizdən gələn köməyi quzeylilərdən əsirgəməmişik. Soruşuram, düzdürmü?

– Düzdür! Düzdür! – deyə yerbəyerdən səsləndilər.

– Qar qapını alanda, ota-alafa gəliblər, vermişik, borc taxıl istəyiblər, yox deməmişik. Düzdürmü?

– Düzdür! Düzdür!

– Canım, indi nə istəyirsiniz? – sədr qabaq cərgədə əyləşmiş quzeyli ağsaqqallara xitabən səsini qaldırdı. – Niyə bizi qoymursunuz oturaq yerimizdə?

Mən Murada tərəf baxmağa cəsarət etmirdim. Mən onun məğlubiyyətini görmək istəmirdim. Onun kəndi haqqında deyilən sözlər mənə xoş gəlmirdi. Neçə vaxt evində çörək yediyim Nəriman əminin yaraşıqlı sifəti isə, indi mənə həddindən artıq kobud görünürdü. Kim isə astadan:

– Nə qədər olsa da, qonşuyuq, – dedi.

Nəriman əminin yumruqları düyünləndi:

– Ə, Sultanoğlu! Yumurtadan dünən çıxmısan, bu gün bizə ağıl öyrədirsən! Qonşuluq yaxşı şeydir? Xəbər alıram: yaxşı şeydir?

– Bəs nədir, əşi, əlbəttə, yaxşı şeydir, – deyə Sultanoğlu ötkəm cavab verdi.

– İndi ki, yaxşı şeydir, bəs, niyə biz Söyüdlü arxı qazanda quzeylilər bir dəfə gəlib demirdilər: “Qonşu, Allah saxlasın. Bəlkə bir şeyzad lazımdır?” İman kişi, düzdür?

– Düzdür, demədilər.

– Alıhüseyn, düzdür?

– Düzdür, əşi, düzdür.

– Camaat, ömründə Nərimanın dilinə yalan gəlib?

– Yox! – deyə bütün zal cavab verdi.

– Onda qulaq asın. Burada yeniyetmələr var, qoy işin nə yerdə olduğunu onlar da bilsinlər. Köndələnçaydan Güney qışlağa arx çəkmək fikri mənim başıma gələndə, düzü, əvvəl qorxdum. Qorxdum ki, tək bizim gücümüz çatmaya. Ona görə də həmin, bax, bu Muradın atası Çırağa, hansı ki, o vaxt sovet sədri idi, dedim, ə, gəlin bu işi sizli-bizli eləyək. Arxı bizim Güney qışlağın üstündən keçirib, ta sizin Quzey qışlağa qədər aparaq. Sonra da dəhnə qoyub ata malı kimi bölək iki yerə! Pis demişəm?

– Yox, lap ata sözü demisən!

– Bəs, Çıraq mənə nə cavab verdi? Ə, Sultanoğlu, soruşuram: bəs, Çıraq mənə nə cavab verdi?

– Nə bilim, əşi, nə cavab verdi.

– Hə, iş də orasındadır ki, bilmirsən. Çünki sən o vaxt küçələrdə tumançaq atılıb-düşürdün.

Kərəm pıqqıldayıb güldü. Bir neçə cavan da ona qoşuldu. Hümmət zəngi səsləndirdi.

– Çırağın mənə cavabı bu oldu ki, “biz köçəri babayıq, heç dörd ay qışlaqda olmuruq, arx nəyimizə lazımdır!” Dedim, biz də köçəriyik, Çıraq. Sonra peşman olarsınız. Atını səyirdib heç mənə cavab da vermədi. İndi, balam, quzeylilər, nə istəyirsiniz? Uzun sözün qısası, biz Söyüdlü arxdan heç yerə bir gilə də su verəsi deyilik. Köndələnçay durduqca, Söyüdlü arx da Güney qışlağa axacaq.

Nəriman əmi gümrah və qəti addımlarla keçib yerində oturdu. Mənə elə gəldi ki, bununla da hər şey qurtardı.

Hümmət ayağa qalxdı:

– Daha kim danışmaq istəyir?

Zaldan səs çıxmadı.

– Kim danışmaq istəyir? – deyə Hümmət təkrar etdi.

Yenə də zal sükut içərisində idi.

– Mən danışmaq istəyirəm, – deyə, nəhayət, quzeylilərin sədri dilləndi.

Ürəyim şiddətlə döyünməyə başladı. Mən onun ayağa qalxıb, tələsmədən tribunaya yaxınlaşdığını, sonra eyni arxayınlıqla dirsəyini taxtaya söykəyib, iri, qara gözlərini zala zillədiyini, çöhrəsinin daha solğun göründüyünü o qədər həyəcanla izləyirdim ki, elə bil, indicə, nə isə, fövqəladə bir hadisə baş verəcəkdi. O, tamam arxayın və adi ifadə ilə sözə başladı:

– Mən heç bir zaman sizin içinizdə özümü yad hesab eləməmişəm. Ona görə, acı sözünüz də qəbulumdur, şirin sözünüz də. Bizim mətlə-

[Mənbənin skanında burada mətn itib.]

Onun üzü birdən-birə işıqlandı. Tələsmədən geriyə dönüb, yavaş addımlarla yerinə getdi.

– Mənə bir söz ver! – Qərənfil bacı sədrin cavabını gözləmədən tribunaya qalxdı.

Tez-tez nəfəs alaraq həyəcanla:

– Camaat, – dedi, – bunun gizlini yoxdur ki, Söyüdlü arx bizim əzizimiz, gözümüzün işığıdır. Söyüdlü arx bizim qaraçuxamızdır. Onu nə əziyyətlə Güney qışlağa gətirib çıxartmağımız da yadımızdadır. O da yadımızdadır ki, Söyüdlü arxın üstündə hamıdan artıq əziyyət çəkən Nəriman olub.

Yerlərdən təsdiq etdilər:

– Elədir, düzdür.

– Söyüdlü arx qazılanda Nəriman həftələrə ev üzü, yorğan-döşək üzü görməyib, oranın torpağını sizinlə birlikdə belində daşıyıb... Ancaq, Nəriman, evdə də sənə dedim, burda da deyirəm, indi düz eləmirsən. Sən el atasısan. El atası təkcə özünü güdməz.

– Qərənfil, mən tək özümü güdürəm? – deyə Nəriman əmi təəccüblə soruşdu.

– Bir tək öz kəndinin, öz artelinin qayğısına qalıb, o birilərini yaddan çıxarmağa ayrı nə ad vermək olar, Nəriman? – deyə arvad mehribanlıqla soruşdu. – Sənin deməyindən belə çıxır ki, məndən ötsün, qardaşıma dəysin.

– Çox sağ ol, Qərənfil. İltifatın artıq olsun...

– Əşi, vallah, düz deyirəm. Quzeylilərin vəziyyəti yadıma düşəndə, yediyim-içdiyim canıma yatmır. Heç insafdır ki, biz bağça-bağ içində oturaq, anbarımızda yemiş-qarpız dağ kimi təl atılsın, amma quzeylilər bu yayın qızmarında ayrana doğramağa bir dəst göy tapmasınlar?! Heç insafdır? Çox da bir vaxt Çıraq sənin sözünə qulaq asmayıb. İndi neyləyək, duraq iyirmi il qabaqkı əhvalatın qisasını camaatdan alaq?

– Çox sağ ol, Qərənfil, – Nəriman yanakı arvadına baxıb, başını ağır-ağır tərpətdi. – Çox sağ ol.

– Sən də sağ ol, əşi, – deyə Qərənfil bacı Nəriman əmi kimi məzəmmətlə deyil, ürəkdən cavab verdi. – Mən üzümü sən Nərimana, bu Güney qışlaq camaatına tutub deyirəm: gəlin quzeylilərin qolundan tutaq. Dünyanın əvvəli-axırı deyil.

Qərənfil bacı qurtaran kimi ortayaşlı bir kişi qışqırdı:

– Nəriman düz deyir, əgər quzeylilərə su lazım idi, niyə o vaxt yaxalarını kənara çəkirdilər?

– İndi hazırına gəlib nazir olmaq istəyirlər, – bir başqası ona səs verdi.

Poçtalyon Pirverdi ayağa qalxdı:

– Bu nə paxıllıqdır, balam? Əgər, bizə bir ziyanı yoxdursa, niyə razı olmayaq? Camaatdır, qoyun onların da mətləbi düzəlsin.

– Sağ ol, Pirverdi.

– Gödək səxavətə gəlib.

– Xalqın cibindən beş-beş bağışlayır...

Poçtalyon qızarıb pörtərək oturdu. Qarmaqarışıq səslər eşidildi. Hümmət zəngi tərpətdi. İndi onun gözləri iti və sərvaxt bir ifadə almışdı. Sanki zaldakıların ən kiçik hərəkətlərini belə nəzərdən qaçırmaq istəmirdi.

Lap arxadan bir qoca qalxaraq, söz almadan, sakit addımlarla irəliləyib camaatın qabağında dayandı. Bir əlində odu sönmüş qəlyan tutmuşdu. Zala uzun və arxayın bir nəzər salandan sonra:

– Bilirsiniz ki, – dedi, – mən yüzü çoxdan keçmişəm. Atam Kərbəlayı Mürsəl də yüzü addamışdı. Onun anası Bədirxan o qədər yaşamışdı ki, yumurlanıb yumağa dönmüşdü. Rəhmətlik Bədirxan nənəm danışardı ki, Nadir gələndə mən yeniyetməcə qız idim. Deyirdi, əgər, çapıq Eyvaz olmasaydı, Nadirin atlıları bələkdəki uşaqlarımızı da kordadan keçirəcəkdi. Çünki el-elat yad şaha tabe olmurdu. Çapıq Eyvaz əli qılınc tutanı başına yığıb indiki Eyvaz dərəsində, hansı ki, Söyüdlü arxın ayağı gedib orada itir, Nadirin qabağını kəsdi. Gələni qılıncdan keçirdi. Biz köçüb qaçanacan bu tərəfə bir adam buraxmadı.

Random poem

More by this author

Mən və yeni həyat

Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.

12 min
Gözlənilməyən sevgi

Darülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.

16 min
Apardı sellər Saranı

Ölüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.

3 min
Su dəyirmanı

O gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..

59 min

Poems by other poets