Page 25 of 39 · 62%

Eyni məzəli sadədilliklə “ah” çəkərək:

– Xoşagəlmək elə yaxşı şeydir ki, – dedim. – Baş üstə, tez-tez gələrik. Ancaq, gərək siz də bizim mədəniyyət evinə gələsiniz.

– Orada nə var ki?

– Alma dolması, – deyə kimsə yavaşdan səsləndi.

Gənclərin qulağı bu sözü dərhal aldı, orada-burada pıqqıldayıb güldülər. Muradın qaşları çatıldı, o şit zarafat edən oğlana tərəf çevrilib, nə isə demək istədi. Lakin mən qanqaralığına yol verməmək üçün şən-şən:

– Bizim mədəniyyət evində hər şey var, – dedim, – tar, qaval, piano, çalan, oxuyan, gözəl-gözəl kitablar.

Murad ayağa qalxaraq yerlilərinə müraciətlə:

– Gəlin, – dedi, – əvvəlcə bu axşamkı konsert üçün Nuriyyə xanıma və onun yoldaşlarına təşəkkür edək. Sonra da, Qaqaş deyən kimi, xahiş eləyək ki, bizi yaddan çıxarmasınlar.

Alqış səsləri kəsiləndən sonra:

– Çox sağ olun, – dedim. – Tez-tez gələcəyik. Biz incəsənət adamları öz tamaşaçılarımızı asanlıqla yaddan çıxara bilmirik.

Səsimin titrədiyini hiss etdirməmək üçün gülümsəyərək əlavə etdim:

– O qədər də utancaq qonaq deyilik. Ancaq mən arzu edirəm ki, sizin Qaqaş da gəlib bizim konsertlərimizdə iştirak eləsin.

– Nə cür iştirak eləyim? – deyə Qaqaş təəccüblə soruşdu.

– İki-üç rəqs hazırlayarsınız, biz də onları repertuarımıza salarıq. Konsertlərdə çıxıb oynayarsınız, sizdə gözəl istedad var. Gənclər yenə gülüşdülər.

– Nə var, ə? – deyə Qaqaş bərk acıqlandı. – Bacı, bir sözdür deyir, dayna. Elə mən o saat gedib artist olmadım ha.

– Artist olanda nə olar ki? Məgər, mən pisəm? – deyə zarafatyana soruşdum.

– Pis niyə olursunuz. Ancaq hərənin bir işi var...

– Siz arteldə nə iş görürsünüz?

– Bu bizim yaxşı traktorçularımızdan biridir, – Murad onun əvəzindən cavab verdi. – Siz bunun hələ başqa oyunlarını görməmisiniz. Görsəniz, əl çəkməzsiniz.

– Onsuz da mən əl çəkən deyiləm.

– Qaqaş, işin bitdi.

– Ə, artistlik pis deyil ki.

– Özüm ölüm, Qaqaşdan lap yaxşı artist çıxar, – deyə oradan-buradan söz atdılar.

Cavanlardan biri barmağını yuxarı qaldırıb:

– Bağışlayın, – dedi, – Qaqaşın da o Bakıdakı oynayanlar kimi xəncər-çuxası olacaq?

Qaqaş təhdidedici görünüş aldı:

– Özünü ələ sal, ə, Sülü, yoxsa, bilirsən ha.

Murad dedi:

– Sən bunlara qulaq asma, Qaqaş, yaxşı oynamaq da çalmaq, oxumaq, şer yazmaq kimi bir qabiliyyətdir. Vaxtın olanda get mədəniyyət evinə. Qoy Nuriyyə xanımın dəstəsində quzeylilərdən də bir nəfər olsun.

Kim isə yerindən dilləndi:

– Sonra güneylilərin acığı tutar.

– Acığımız niyə tutur, – deyə Nazxanım cavab verdi. – Siz kimsiniz, biz kimik.

– Doğrudur, – Murad onun sözünə qüvvət verdi. – Biz bir camaatıq.

Nazxanım dil açdı:

– Canım üçün, Murad, mən ömrümdə sizinlə özümüzə təfavüt qoymamışam.

– Bilirəm, vaxt gələr ki, suyumuz bir olan kimi, kəndlərimiz də birləşər. Aramızda elə bir uzun məsafə yoxdur.

Bir cavan oğlan dedi:

– Suyumuz olandan sonra hərə başlayacaq özünə təzə ev tikməyə. Bir də gördün gəlib çıxmışıq lap buralara.

Biz kəndlilərlə vidalaşdıq. Muradla Qaqaş bizi Söyüdlü arxın körpüsünə qədər ötürdülər.

– Daha siz zəhmət çəkməyin, – deyə mən ayaq saxladım.

Elə bu zaman, göydən düşmüş kimi, Səadət qaranlıqdan çıxıb bizə yaxınlaşdı.

– Nə olub, haradan belə? – deyə Murad acıqla soruşdu.

– Yoxsa, sizin konsertinizə başqaları qulaq asa bilməz.

– Səadət bacı, gecikmisən, – deyə Qaqaş sadəlövhlüklə gülümsədi.

– Eybi yoxdur. İkinci dəfə vaxtında gələrik.

Murad mülayim səslə dedi:

– Axı, gecə vaxtı dörd-beş kilometr yolu pay-piyada...

– Yolda motosiklli bir oğlana rast gəldim. Saxlayıb məni də tərkinə götürdü.

Qəflətən başına toxmaq dəymiş adam kimi gözlərim qaraldı. Biz düşərgədə olduğumuz müddətdə yoldan heç bir motosikl-zad gəlib keçməmişdi. Oxun haraya atıldığı aydın idi. Mən özümü ələ almaq, ona xoş bir söz demək istəyirdim. Ürəyimə hücum edib məni öz hökmü altına almağa çalışan kin və qəzəb dalğaları qarşısında mərdanəliklə dayanmağa, təslim olmamağa cəhd edirdim. Məni qova-qova namərd etmək istəyirdilər. Lakin mən əsirliyə, köləliyə hər şeydən çox nifrət edirdim. Mən bu ulduzlu göylərə, bu qaranlıq çöllərə, yoldaşlarımın və dünyada mənim üçün əziz olan bir adamın üzünə azad baxmaq istəyirdim.

Murad:

– Xudahafiz, Nuriyyə xanım, – deyə bizdən ayrılaraq arvadı ilə getdi.

Güney qışlaq kəndinin girəcəyində İmi ilə Cimi də öz evlərinə döndülər. Nazxanımla mən Səriyyəni aparıb ötürdük.

Nazxanımı od götürmüşdü:

– Sən bir bunun hirsinə-hikkəsinə bax! Adama “xoş gördük” də demir.

– O demədi, sən deyəydin.

– Niyə, nə olub? Mən ondan əskik kişinin qızıyam, nədir? Utanıb ölmür, durub gecə vaxtı o kənddən bu kəndə gəlir. Guya, bunun ərini “hop” eləyib udacaqlar.

Onun Səadət üçün “utanıb ölmür” deməsi mənə çox pis təsir elədi. Elə bil, bu sözlərlə məni təhqir etdi.

– Yaxşısı budur başqasının sözünü danışmayaq, – deyə dalğınlıqla cavab verdim.

O incidi:

– Mən başqasının sözünü danışan deyiləm. Sənə görə acığım tutdu.

Daxilən keçirdiyim böhrandan başımı o qədər itirmişdim ki, bu sadə, səmimi dostumun ürəyini nə cür alacağımı bilmədim.

Biz Nəriman əmigilin qapısından keçərkən qonşu həyətdən çıxan Qərənfil bacıya rast gəldik. Xoş-beşdən sonra:

– Sən Allah, gedək bir az oturun, – dedi. – Mən də darıxıram.

– Nəriman əminin kefi necədir? – deyə soruşdum. – Neçə gündür görmürəm.

– Eh, Nəriman əminin işi uzundur. O gecədən bəri nə mənimlə danışır, nə Hümmətlə. Gündüzlər evdən çıxmır. Gecələr atı minib hara isə gedir. Soruşuram, cavab vermir.

Qərənfil bacı bir qədər susduqdan sonra əlavə etdi:

– Saatda bir görəcəksən Qulu gəldi, çəkildilər aşağı başa, nə danışdılar-danışmadılar, qayıdıb getdi. Qərəz, kişinin işi olub bir sirr.

Bu əhvalat məni çox maraqlandırdı:

– Nə üçün Quludan soruşmursunuz ki, nə danışırlar?

– Elə bil, soruşdum, deyər?

– Bəs, Nəriman əmi gündüzlər evdə neyləyir?

– Sabahdan axşamacan bu eyvanda var-gəl eləyib fikirləşir. Soruşanda da, üzünü o yana çevirib cavab vermir. Uzaq olsun, qorxuram kişinin başına hava gələ.

– Sən də qoy görək, – Nazxanım dilləndi. – Dağ kimi kişinin başına hava niyə gəlir?

– Nə bilim, lap qalmışam məəttəl.

Çox keçmədən Nəriman əmi qaşqa ürgənin üstündə həyətə girib, həmişəki kimi, cəld və gümrah hərəkəti ilə atdan düşdü. Başını qaldırıb bizə tərəf baxmadan atın yəhərini alıb, tövləyə çəkdi.

Sonra eyvana çıxıb mənə müraciətlə:

– Hə, bacıqızı, nə var, nə yox? – deyə bərkdən soruşdu.

Və cavabımı dinləmədən, şapkasını təkyənin üstünə ataraq, ağ, tüklü biləklərini çirməyib əlüzyuyana yaxınlaşdı. Yəqin ki, qabın boş olduğunu görüb, üzünü bağa tərəf tutdu:

– Ay uşaq, deyin, bura su töksünlər.

Əlbəttə, bu söz Qərənfil bacıya aid idi. Ona görə də, arvad bizə göz vuraraq, cəld qalxıb əlüzyuyana su tökdü. Nəriman əmi neçə gündən bəri taraş edilməmiş çəhrayı üzünü, başını, yoğun ətli boynunu sabunlayıb, ətrafa ağ köpük və su sıçrada-sıçrada səs-küylə yuyundu. Yenə də ayaqlarında təzə uzunboğaz, əynində nazik sürməyi parçadan köynək və şalvar var idi. Yenə də belinə enli toqqa çəkmişdi.

Tiftikli ağ məhraba ilə bərk-bərk qurulanandan sonra mənimlə üzbəüz əyləşdi və yenə də üzünü bağçaya tutaraq bərkdən soruşdu:

– Ay uşaq, bir stəkan çaydan-zaddan yoxdur?

Qərənfil bacı quş kimi süzərək, aşağı başdakı samovarın yanına getdi. Kişi mənim üzümə baxmadan:

– Hə, bacıqızı, – dedi, – eşitdim bu axşam quzeylilərə “Segah” oxuyurmuşsunuz.

Bilaixtiyar gülümsəyərək:

– Bəli, – dedim, – onları mədəni şefliyə götürmüşük.

– Hələ özünüzə umac ovmamış, başqasına əriştə kəsirsiniz. Güney qışlağın hesabına hər gün quzeylilərə kef verirsiniz.

– Əlbəttə, bu sizin başınızın ucalığıdır.

Lakin Nəriman əmi məni dinləməyərək, sözünə davam etdi:

– Bircə o qalıb ki, Çıraq oğlu Murad dəstəsini çəkib gəlsin ki, bu evlərdən də köçün, biz olacağıq.

Qərənfil bacı məcməyidə bizim üçün çay və mürəbbə gətirib süfrəyə qoydu:

– Əşi, vallah, Söyüdlü arx gedib Quzey qışlağa çatandan sonra onlar bizimkilərdən də yaxşı evlər tikəcəklər.

Nəriman əmi üzünü bağçaya tərəf tutaraq:

– Xahiş olunur, – dedi, – camaat bizim adımızı tutmasın.

Random poem

More by this author

Mən və yeni həyat

Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.

12 min
Gözlənilməyən sevgi

Darülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.

16 min
Apardı sellər Saranı

Ölüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.

3 min
Su dəyirmanı

O gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..

59 min

Poems by other poets