Söyüdlü arx
Page 4 of 39 · 8%
– Qorxmuram. Ancaq riyaziyyat müəllimimiz yaman sərt adamdır.
– İmtahan birisi gün saat neçədədir?
– Səhər saat doqquzda.
– Demək, axşamçağı görüşə bilərik...
Mən “bəli” mənasında başımı tərpətdim.
– Bir az tez görüşək. Mən nigaran olacağam.
– Saat altının yarısında.
– Düz altının yarısında kitabxanada gözləyəcəyəm.
O, susub sonra zarafatyana əlavə etdi:
– Amma yaxşı hazırlaş ha... Yoxsa, bir il geri düşərik!
– Oy, Allah eləməsin, – deyə mən düşünmədən səsləndim.
Lakin dərhal zarafatın mənasını başa düşərək ürkmüş halda Murada baxdım.
O, gülümsəyərək, əlimdən tutub, yavaşca sıxdı.
Riyaziyyatdan pis oxumadığıma baxmayaraq, iki gecə səhərə qədər gözümü yummayıb hazırlaşdım. Keçdiyimiz bütün riyaziyyat
[Mənbənin skanında burada mətn itib.]
İnstitutda işlərim əvvəlcə çox yaxşı gedirdi. Adamlara tez isinişməyi bacardığımdan, yoldaşlarım da, müəllimlərimiz də xətrimi istəyirdilər. Lakin beş-altı aydan sonra tez-tez xəstələnməyə başladım. Qollarımda, qıçlarımda bərk ağrılar əmələ gəlmişdi. Elə olurdu ki, birdən yeddi-səkkiz gün yataqdan qalxa bilmirdim. İnstitutun həkimləri uzun və diqqətli müayinədən sonra bu qərara gəldilər ki, Leninqradın havası rütubətli olduğundan, bir çox cənublular kimi, mənə də düşmür.
Son kursda oxuyan Ayna adlı bakılı bir qızla dost olmuşduq. O məni məşhur professorlardan birinin yanına apardı. Professor da həkimlərin dediyini təsdiq edib, mənə məsləhət gördü ki, tezliklə Azərbaycana qayıdım.
Mən elə sarsılmışdım ki, yolu güclə gedirdim.
Heç bir kəsim olmadığını bildiyi üçün mənim vəziyyətim Aynaya da çox təsir etmişdi. O, qoluma girərək:
– Darıxma, Nuriyyə, – dedi, – dünya qurumayıb ki, mən diplom işi yazmaq üçün bir neçə günə gedəcəyəm Bakıya. Sən də mənimlə gedib qalarsan bizdə. Yayda da girərsən institutlardan birinə.
Qız bu sözləri o qədər səmimi, o qədər açıq ürəklə dedi ki, etiraz etmədim. Biz mayın əvvəlində Bakıya gəldik.
Aynanın atası neft mühəndisi idi, günün çox hissəsini mədəndə keçirirdi. Hətta, bəzən gecə də orada qalırdı. Anası isə, çoxdan rəhmətə getmişdi. Kişiyə qoca bir rus qadını xidmət edirdi. Aynadan beş-altı yaş böyük olan qardaşı tibb institutunda dosent idi. Özü də evlənib ayrı yaşayırdı.
Cənub günəşi tezliklə öz təsirini göstərdi. Ağrılarım getdikcə azalıb, nəhayət, tamam kəsildi, yavaş-yavaş dirçəlməyə başladım. Ətə-qana gəlim deyə, Ayna məni zorla yedirirdi.
Bir gün hava bərk isti olduğundan, biz qonaq otağının şimala açılan pəncərəsi qabağında oturub sərinləyirdik. Ayna diplom işini yazır, mən də qəzetə baxırdım. Birdən o, qələmi yerə qoyaraq, dəftərlə üzünü yellədi:
– Bürküdən işləmək olmur... İnstitutlara hələ qəbul yoxdur ki?
– Var.
– Hansına?
– Teatr institutuna.
– Yoxsa, teatr institutuna girmək istəyirsən? – deyə o bu dəfə zarafatla soruşdu.
– İstəyirəm, – deyə ciddi cavab verdim.
– Doğrudan?
– Doğrudan.
– Hansı şöbəsinə?
– Aktyorluq.
Mənim cavabım elə qəti idi ki, o daha bir söz soruşmadı. Bir neçə saniyə diqqətlə üzümə baxaraq:
– Nə olar, – dedi, – əgər, ürəyin istəyirsə...
Aynanın təəccüb etməyə də haqqı var idi. Çünki dağ-mədən mühəndisliyi hara, aktyorluq hara! Ancaq nə etməli... Həyatda belə ziddiyyətlər azmı olur... Mən orta məktəbdə oxuyarkən gələcəkdə hansı sənətin ardınca gedəcəyim haqqında nə qədər fikir-xəyala dalmışdım! Ürəyimdən nə arzular gəlib-keçmişdi...
İndisə artist olmaq istəyirdim... Mütləq artist!
Mən imtahan verib, teatr institutunun aktyorluq şöbəsinə daxil oldum.
Mən yuxarıda iki dəfə məyus olduğumu demişdim. Birincinin tarixini söylədim. İkincini də indicə gördünüz: Nəriman əmi onun arvadı haqqında danışırdı. Demək, o, evlidir. Demək, mən onu yenidən itirdim. Bəlkə o, subay olsaydı da, bu dəfə heç mənimlə maraqlanmayacaqdı. Bununla belə, onun evli olduğunu eşitdikdə, sanki ürəyimi pəncər kimi sıxdılar. Səhərdən bəri ac olduğuma baxmayaraq, Qərənfil bacının gətirib qoyduğu yeməkdən bir-iki tikə götürüb ev sahiblərinə təşəkkür etdim. Tez yatmaq, daş kimi ağır yuxuya getmək istəyirdim. Hava mənə azlıq edirdi. Qərənfil bacı məni pəncərələri qərbə baxan baş otağa apardı. Çarpayıya təzə döşəkağı çəkdi. Nazik adyal gətirib qoydu.
Mən isə, pəncərə qabağında dayanıb bayıra tamaşa edirdim. Ay batmışdı. Güney qışlağın elektrik lampaları qurtaran yerdən o yana hər şey qaranlıq içində itib-batırdı. Yalnız uzaqda güclə seçilən zəif işıqlar görünürdü.
– O işıq gələn yer haradır? – deyə Qərənfil bacıdan soruşdum.
– Muradgilin kəndidir – Quzey qışlaq.
Nə üçünsə ürəyimə dammışdı ki, ora Muradgilin kəndidir.
– Deyəsən, onlarınkı elektrik işığı deyil.
– Eh, elektrikləri nə gəzir?!
– Murad nə işdədir?
– Kolxoz sədridir.
O, nə isə soruşmaq istədi. Lakin fikrindən vaz keçərək:
– Yat, yorğunsan. Səhər açılsın, xeyir gəlsin, – deyib getdi.
Mən çırağı söndürüb, Quzey qışlağın qaranlıqda uzaq ulduzlar kimi güclə seçilən işıqlarına baxırdım. Heç nə düşünmürdüm. Bu bir-iki saatın içində mənim xoşbəxt arzu və ümidlərim yenə də bir meteor kimi parlayıb qeyb oldu. Ürəyimdə bir köz qalıb, məni için-için yandırırdı.
Mən beş ildə o gənc leytenantı, bir gün də olsa, unutmamışdım. “Bəlkə odur” deyə qarşıma çıxan hər cavan hərbiyyəyə diqqət yetirmişdim, “bəlkə bir gün rast gəldik” deyə onun xəyalı ilə yaşamışdım.
İndi kimsəsiz bir qızın bu yad otaqda ən əziz arzusundan əbədi olaraq ayrılmaq məcburiyyətində qaldığını hiss etməsi çox kədərlidir. Qoy bu, heç bir qızın başına gəlməsin. Gecən xeyrə qalsın, Murad. Sən qismətinə çıxan qadınla xoşbəxt olasan. Həyatınız, səadətiniz zaval görməsin.
Qaranlıqda uzaq ulduzlar kimi güclə seçilən işıqlardan gözümü çəkib yavaş-yavaş soyundum. Sonra yerimə girərək həyata, taleyimə qarşı heç bir iddiam, heç bir tələbim olmadan, göz yaşı tökmədən, sakit-sakit ağrıyan qəlblə yuxuya getdim.
Səhər oyandığım zaman bağça hələ sərin kölgə içindəydi, yenicə doğan günəş ağacların baş tərəfini işıqlandırmışdı. Pəncərəyə doğru
[Mənbənin skanında burada mətn itib.] bant kimi bağlamışdı. Məni görərkən iti addımlarla qabağıma yeridi, bir qədər çıxıq, balaca, qara gözlərini şən təbəssümlə üzümə dikərək:
– Xoş gəlmisiniz, Nuriyyə xanım, – dedi, – bağışlayın, gecə bilməmişəm.
Sonra əlini mənə uzatdı:
– Qulu Kəhrizli!
Ayağında təzə uzunboğaz çəkmə, köynəkcək və başıaçıq dayanmış Nəriman əmi ona işarə edərək dedi:
– Bizim maliyyə nazirimizdir.
Görünür, sədrin sözləri Qulu Kəhrizliyə ləzzət vermişdi, o, çiyinlərini qısıb güldü:
– Hi... hi... hi...
– Özü də köhnə artistdir. Yaxşı Məşədi İbad oynamağı var.
– Hi... hi... əşi, belə sənətkarların qabağında biz nəyik! Bunlar qayda-qanun bilirlər, mizan bilirlər!
– Nə bilirlər? – deyə sədr təəccüblə soruşdu.
Qulu şəhadət barmağını yuxarı qaldırdı:
– Mizan, yəni, səhnə ölçüsü!
– Qulu, özündən söz çıxarma, səhnə ölçüsü nədir?
– Bəli, bəli! Soruş Nuriyyə xanımdan.
Nəriman əmi mənim gülümsədiyimi görüb əllərini bir-birinə vuraraq, bərkdən şaqqıldadı:
– Qulu, camaatı özünə güldürmə! Ölçünün teatra nə dəxli var?
– Ay-hay!..
Qulu əlini havada oynadıb üzünü mənə tutdu:
– Di gəl başa sal də...
– Qulu, biz anlamaz deyilik...
Sədrin səsində məzəmmət duyan “maliyyə naziri” bir an özünü itirən kimi oldu. Balaca qara bəbəklərini ildırım sürəti ilə hərəkət etdirərək gah mənə, gah da sədrə baxdı. Sonra birdən özünü dartaraq, şəhadət barmağını yuxarı qaldırıb qəti səslə təkrar etdi:
– Mizan! Səhnəninki mizandır!
Bu zaman Qərənfil bacı camışı sağıb qurtardı, köpüklənmiş südlə dolu sərnici götürüb ayağa qalxdı. Nəriman əmi cəld irəliləyib körpə balağı anasının qıçlarından açaraq altına ötürdü. Balaq dizlərini yerə dirəyərək tələsik-tələsik əmir, hərdən anasının yelininə baş vuraraq sanki “çox süd ver” deyirdi.
Qərənfil bacı südü ağ qalaylı mis qazana boşaldaraq, həyətdə qaladığı ocağın üstünə qoydu. Mən bağa gedib çoxdan görmədiyim alma, armud, heyva ağaclarına, kiçik hovuzun dövrəsində salınmış qızılgül kollarına tamaşa etməyə başladım.
Günəş işığında zümrüd kimi parlayan yarpaqlar arasında hələ yetişməmiş göy meyvələr görünürdü. Bağda rütubət qarışıq iydə ətri duyulurdu. Nə üçünsə uşaqlıqda da iydə ətri həmişə məndə kədərli hisslər oyadırdı. Eyni halı indi də hiss edirdim. Lakin ruhən axşamkı qədər əzgin deyildim. Özümdə xəstəlikdən yeni duran adamlar kimi yaşamağa, təbiətə qarşı yeni bir meyl duyurdum, elə bil, bədənimdəki həyat qüvvələri yenidən baş qaldırmışdı. Elə bil ki, ölməyib sağ qalmağım məni sevindirirdi. Elə bil ki, təbiət bizim, ən böyük kədərə düçar olduqda belə, əzəli və əbədi borcumuzun yaşamaq olduğu haqqındakı qanununu mənim şəxsimdə yerinə yetirməyə başlayırdı və mən müqavimətsiz olaraq özümü onun hökmünə verirdim.
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-soyudlu-arx
More by this author
Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.
Gözlənilməyən sevgiDarülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.
Apardı sellər SaranıÖlüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.
Su dəyirmanıO gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..
Poems by other poets
Bir solğun çiçəyəm, bir san yarpaq,Candan şikayətkar, canandan iraq.
Aləmdə var aşiqidən bir mənəm sənəAləmdə var aşiqidən bir mənəm sənə,Bil qədrimi ki, bunca mənəm, ey sənəm, sənə.
Genə bicarə könül düşdü bir əyyar əlinəGenə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik