Page 7 of 39 · 15%

Sonra çevrilib iti addımlarla evə gedərək, balaca ağ samovarı dəhlizə çıxartdı.

Mən Səriyyədən soruşdum.

– Məgər, Nazxanım bacı tək yaşayır?

– Bəli, – deyə qız astadan cavab verdi.

Və bir gözü samovara od salan Nazxanımda, əlavə etdi:

– Elə deyib-gülməyinə baxmayın, yazığın dərdi çoxdur. Uşağı olmadığından, əri qoyub gedib, ayrı arvad alıb.

Samovarın dudkeşindən gur alov qalxanda, Nazxanım bizə yanaşdı.

– Çöl istidir, durun gedək içəri.

Onun torpaq döşəməli balaca otağı elə səliqəli, təmiz və sərin idi ki, mən çəkmələrimi çıxarıb, qırmızı güllü döşəkcənin üstündə oturanda, bütün vücudumda xoş bir rahatlıq hiss etdim. Nazxanım qotazlı mütəkkə və ağ balış gətirib dirsəyimin altına qoydu:

– Sən Allah, söykən, – dedi, – yorğunsan.

Özü isə, qab-qacaq çıxarıb bayıra apardı. Səriyyə də dəhlizdə ona kömək eləyirdi. Mən tək qalanda üzüqoylu balışa yıxılıb gözlərimi yumdum. Fiziki işə lap körpəlikdən adət etdiyim üçün hələm-hələm yorulmazdım. Lakin indi yorğun idim. Ürəyim yorğun idi. Mən əbədi olaraq beləcə, heç nə duyub-düşünmədən qalmaq istərdim.

Bayırda Nazxanımla Səriyyə nə haqda isə xısın-xısın danışıb-gülürdülər. Birdən çırtıq və oxumaq səsləri eşidildi. Başımı qaldırıb pəncərədən dəhlizə baxdım. Nazxanım qollarını yuxarı qaldıraraq, çırtıq vura-vura oynayıb oxuyurdu:

İrəvanda xal qalmadı,
O xal nə xaldır üzə düzdürmüsən,
De görüm, nə xaldır, ora düzdürmüsən.

Səriyyə isə, onun qabağında dayanıb gülməkdən uğunurdu. Nazxanım qəfil oxumağını məzəli bir danışıqla əvəz edərək, əllərini ölçə-ölçə dedi:

Xal mənim, yar mənim,
Xalqa nə borcdur niyə düzdürmüşəm,
Yarım deyibdir, qoşa düzdürmüşəm. Sonra bərkdən şaqqıldayıb gülərək əlini şappıltı ilə qızın sinəsinə vurdu.

– Yanmayasan, ay Səriyyə.

Mənim baxmağımdan xəbəri olmayan Səriyyə:

– Oy! – dedi. – Sən Allah, belə zarafatlarını burax!

Nazxanım onun inciməyinə əhəmiyyət vermədi:

– Sən stəkanları gətir, – deyib özü cəld və yüngül hərəkətlə başında güllü çaynik buğlanan samovarı götürüb içəri gətirdi.

Sonra dedi:

– İndi qonaq deyəcək bu nə dəli gəlindir.

– Nə üçün? Mən ki, artistəm.

– Sən Allah, doğru deyirsən?

– Niyə təəccüb eləyirsiniz?

– Axı, heç...

Yəqin ki, “oxşamırsınız” demək istəyirdi. Lakin sözünü dəyişərək soruşdu:

– Yaxşı, bəs, təkbaşına necə artistlik eləyəcəksiniz?

– Tək niyə oluram? Bəs siz nəsiniz?

O, başını dala atıb, bərkdən güldü:

– Elə bir dəfə Qulu canı yanmış məni dilə tuturdu ki, gəl səni səhnəyə çıxardım. Teatr verək. Dedim get öz arvadını çıxart.

– Nə üçün razı olmurdunuz?

– Nə üçün razı olaydım?

Bu zaman bayırdan çağırdılar:

– Ay Nazxanım! Ay Nazxanım!

Nazxanım qapının ağzına gedib, əllərini belinə vurdu və özünü qəsdən yırğalayaraq, səsini əzdirə-əzdirə soruşdu:

– Nə var?

– Adamı niyə ələ salırsan, a-az? O şəhərdən gələn artisti axtarıram.

– Neynəyirsən onu?

– Neyləyəcəyəm? Qərənfil mama deyir ki, gəlsin çörəkdən-zaddan yesin. Səhərdən çıxıb.

– Qərənfil mamana de ki, bura dəyirman deyil.

– Acığın niyə tutur, a-az! Xalq qonağını itirib-axtarmasın?

– O hamımızın qonağıdır, Almurad bəy.

Nazxanım bu sözləri elə qəribə tərzdə dedi ki, mən özümü saxlaya bilməyib güldüm.

– Belə dvijeni göstərməkdə, yoxsa, sən də artist olmaq istəyirsən, a-az?

– Artist necədir?

Səriyyə ilə mən də qalxıb qapıya yaxınlaşdıq. Çəpərin o tayında cavan, ucaboy, göyçək bir oğlan dayanmışdı. Əlindəki çubuğu oynada-oynada Nazxanıma baxırdı. Mən onun acıqlanmış olduğunu güman etmişdim, lakin gözlərində oğrun bir təbəssüm var idi. Baxışları alov saçırdı. Məni görəndə, utanaraq nəzərlərini Nazxanımdan çəkdi.

– Qərənfil bacıya deyin ki, sağ olsun, işimiz çox idi, nahara gələ bilmədim.

– Baş üstə, – deyə oğlan ədəblə cavab verdi.

Birdən Nazxanım gözlərindən gülə-gülə, çırtıq vurub oxudu:

Almurad bəyin nəyi var?
Heyvası yox, narı yox...

Oğlan yanıb tökülə-tökülə bir mənə baxdı, bir Nazxanıma, lakin heç bir söz demədən dönüb getdi. Nazxanım bərkdən gülərək oğlanın ardınca qışqırdı:

– Sən Allah, incimə.

– Nə üçün yazıq oğlanı pərt elədiniz?

– Yaman da yazıqdır!..

– Ancaq çox gözəl oğlandır.

– Boy-buxununa baxmayın. Dünənin uşağıdır.

Səriyyə ona mənalı bir təbəssümlə baxaraq:

– Uşaq niyə olur, – dedi. – O da səndən bir-iki yaş kiçikdir.

Yeməkdən sonra bir az dincəlib, yenə mədəniyyət evinə qayıtdıq, axşama qədər işlədik. Nazxanım gah söhbət edir, gah da qaravəlli çıxararaq, bizi güldürürdü.

Səriyyə yaman güləyənmiş. Nazxanım bəzən onu çimdikləyib küsdürürdü, lakin məzəli bir söz dedimi, qız yenə də uğunub gedirdi.

Birdən motosikl səsi eşidildi. Həyatımda qorxub diksindiyim anlar olubdur, lakin onların heç birində indiki vəziyyətə düşməmişdim. Motosiklin səsini eşidəndə elə bil ürəyimi qırıb saldılar yerə. Bütün bədənim buz kimi oldu. “Bəlkə heç o deyil” deyə öz-özümə təkrar edirdim.

Lakin o idi. Motosikli pəncərənin qabağında saxlayıb düşdü. Bir əli ilə ruldan tutaraq, “işiniz irəli” deyib gülümsədi. İndi onun təbəssümündə, nə isə, ciddi, mərdanə və məğrur bir ifadə vardı. Mən axşamın alatoranlığı içində onun iri qara gözlərinin şəfəqi ilə işıqlanmış arıq, solğun çöhrəsinə baxır və susurdum, Nazxanım:

– Xoş gördük, Murad qağa, – dedi. – Sən hara, bura hara?

– Yataqlardan gəlirdim, dedim, görüm Nuriyyə xanımın işləri necə gedir.

Mən mümkün qədər toxtaqlıqla cavab verməyə çalışaraq:

– Hələlik pis getmir, – deyə onun nişastalanıb ütülənmiş, yaxası açıq ağ köynəyinə baxdım.

Sevib arvadı olacağım adamın paltarını bu cür çiçək kimi yuyub ütüləmək, onun üçün öz zövqümə uyğun qalstuklar, dəsmallar almaq vaxtilə mənim də əziz, gizli arzularımdan idi.

– Qəribsəmirsiniz ki?

– Hələ ki, xeyr, – dedim.

Sonra gülümsəyib əlavə etdim:

– Başqa yerdə kimim var ki... Bir Ələsgər dayıgildir, onlara da bu axşam məktub yazacağam.

– Dayınız Bakıda yaşayır?

– Mənim dayım yoxdur. Ələsgər dayı ilə arvadı Güllü xala bizim yataqxananın xidmətçiləridirlər.

Onun üzü tutqunlaşdı. Bir neçə saniyəlik sükutdan sonra:

– Sizə yer-yurd veriblərmi? – deyə soruşdu.

Bir adamın sənin qayğına qaldığını hiss eləmək çox təsirli haldır. Mən ona təşəkkür dolu mehriban bir nəzər salaraq:

– Hələ ki, o barədə danışmamışıq, – dedim.

O, ciddi və bir qədər də sərt ifadə ilə:

– Xahiş edirəm, hər nə lazım olsa, mənə sifariş edəsiniz.

– Nə olub, ay Murad qağa, dərya bidadlığa-zada gəlməyib ki?

Murad Nazxanımın sözlərini eşitmirmiş kimi:

– Yaxşı, hələlik – deyib motosiklə əyləşdi.

Motosiklin səsi eşidilməz olduqda, nəzərlərimi qaralan çöllərdən çəkib, Nazxanımla Səriyyəyə baxdım. Mən istəyirdim ki, onlar danışsınlar. Mən yalqızlığı sevmirəm. Mən təklikdən qorxuram.

– Nə üçün işıqları yandırmırsınız? – deyə darıxmış halda soruşdum.

– İşıqları hələ düzəltməyiblər.

“Həmişə deyib-gülən Nazxanım niyə belə qəmgin cavab verdi? Səriyyənin gözləri nə üçün yol çəkir?”

– Eybi yoxdur, – dedim, – sabah usta çağırıb işıqları düzəltdirərik. Piano sazdırmı? Gedək, gedək sizin üçün bir şey çalım.

Mən onların qoluna girərək arakəsməyə doğru dartdım.

Qaranlıq səhnəyə çıxdıq. Mən stul çəkib oturaraq, pianonun qapağını qaldırdım.

Nazxanım dedi:

– Qoyun, gedim çıraq gətirim.

– Yox, lazım deyil. Görmürsünüz Ay üfüqdən necə gözəl qalxır! Ancaq pəncərəni açın. Buranın havası nə ağırdır! Adamın ürəyi birtəhər olur.

Səriyyə pəncərəni açdı. Mən pianonu yoxlamadan dərhal coşğun və həyəcanlı bir vals çaldım. Mən yalqızlığı sevmirəm! Mən təklikdən qorxuram! Əbədi təklik dəhşətdir. Mən daha coşğun akkordlar vurmağa çalışırdım. Mən dünyanı coşğun, şən səslərlə doldurmaq istəyirdim. Mən təkliyi sevmirdim, sevmirdim.

Ah, bu nədir? Mən o gecəki valsı çalıram. Mən o gecə gənc leytenantla baş gicəllədən coşğun hərəkətlər edirdim... Lakin leytenant getdi, bir daha gəlmədi. Gəlmədi...

Son akkordu vuraraq, gözlərimi pianonun dillərinə zilləyib bir an hərəkətsiz qaldım. Mən, yalqızlıq kimi, ağlamağı da sevmirəm. Lakin mən qəlbimin səsini dinləmək istəyirəm. O səs mənim üçün əzizdir. Çünki mənim qəlbim heç bir zaman mənə şikayət etməmişdir. Mən onun səsini dinləmək istəyirəm.

Bəstəkar Ağabacının Puşkinin sözlərinə yazdığı məşhur romansı çalıb ahəstə oxumağa başladım:

Oxuma gözəl, Gürcüstanın qəmli nəğmələrini...

Lakin mənə elə gəlirdi ki, oxuduğum bu qəmli nəğməni, pianodan qalxan bu səsləri özümdən başqa kimsə eşitmir, kimsə duymur. Mən isə təkliyi sevmirəm.

Oxuma gözəl, Gürcüstanın qəmli nəğmələrini...

Random poem

More by this author

Mən və yeni həyat

Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.

12 min
Gözlənilməyən sevgi

Darülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.

16 min
Apardı sellər Saranı

Ölüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.

3 min
Su dəyirmanı

O gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..

59 min

Poems by other poets