Yarımçıq qalmış portret haqqında mahnı
Page 1 of 2
Qoca professor Elmarın gözlərini diqqətlə müayinə edəndən sonra başını qaldırıb, həyəcan və iztirab dolu nəzərlərini ona zilləmiş Güllərə baxaraq, qaşqabağını tökdü və heç bir söz demədən kabinetdən çıxdı. Güllər də onu təqib etdi.
Professor öz otağında kreslosuna çöküb, dərindən nəfəs aldı. Güllər məhzun gözlərini ona zilləmişdi. Həyəcan və intizarı nə qədər qüvvətli olsa da, heç nə soruşmurdu, daha doğrusu, soruşmağa cəsarət etmirdi. Lakin, həkim onun baxışlarındakı sualı anlayırdı. O, Güllərin gənc və gözəl üzünə acıqlı bir nəzər salaraq:
– Neçə yaşınız var? – deyə ucadan soruşdu.
Güllər anlaşılmaz bir qorxu və təlaşla:
– On doqquz, – deyə pıçıldadı.
Qoca həkim acı-acı gülümsədi. Onun bu təbəssümü Gülləri titrətdi.
– Ərinizin sizdən başqa kimi var?
– Heç kəsi, – deyə, Güllər başını buladı. – Qoca bir anası var idi. O da dörd il bundan qabaq vəfat etmişdir.
Həkim ayağa qalxıb, bir qədər var-gəl edəndən sonra otağın ortasında dayandı. Güllərin üzünə baxmayaraq, qəzəbli və boğuq səslə:
– Təbabət ərinizin gözlərini müalicə etməkdə acizdir, – dedi.
Güllər ayaq üstündə müvazinətini saxlaya bilmək üçün yaxınlıqdakı stuldan yapışdı. Sifəti ağappaq ağardı. Dəhşətli təəccübdən alacalanmış gözləri həkimə dikilib qaldı.
Həkimin verdiyi ağır xəbər elektrik cərəyanı kimi onun bütün əsəblərini keyitmişdi. Mənasını dərk etmədiyi anlaşılmaz bir sual başında tez-tez təkrar olunurdu: “Necə, yəni acizdir?..”
– Bəli, acizdir, – deyə həkim özünü də qəti inandırmaq istəyirmiş kimi təkrar etdi.
Güllər bir söz demədən otaqdan çıxdı. Həkimin üzü indi mülayim və mərhəmətli ifadə almışdı. O, dərin təəssüf və ürək ağrısı ilə: “Ah!..” deyib ağsaçlı başını ağır-ağır tərpətdi.
Güllər əri olan otağın qapısında, bir əli dəstəkdə, o biri əliylə isə, gözlərini örtmüş halda dayanmışdı. Yalnız xidmətçi “ah” çəkərək başını buladı:
– Özünə toxtaqlıq ver, qızım, darıxma.
Güllər gözlərini silib, qapını açdı. Elmar əlini alnına söykəyərək oturmuşdu. Hərəkətsiz iri, ala gözləri gur elektrik ziyasını qəribə bir şəkildə əks etdirirdi. Güllər bu gözlərə xeyli baxaraq:
– Gedək, Elmar, – dedi.
[Mənbənin skanında burada mətn itib.]
Elmar dinmədi və onlar evə qədər sükut içində getdilər. Yolda rast gəldikləri adamlar taleyin qıydığı bu gözəl gənclərə təəssüflə baxmadan keçmirdilər.
Mənzilləri dörd otaq və bir mətbəxdən ibarət idi. Evin qərb tərəfində kiçik bir bağça vardı. Otaqlardan ikisinin pəncərələri həmin bağçaya baxırdı. Bunlardan biri Elmarın iş otağı idi, digərində isə, Güllərin pianosu qoyulmuşdu.
Güllər asta, taqətsiz addımlarla öz otağına girdi. Pianosuna və pərakəndə halda tökülmüş not dəftərlərinə baxdı.
Vaxt var idi ki, o, bu balaca bağçada dayanıb, qürubə enən günəşin buludlarda alışıb-yanan son işığına tamaşa edə-edə bu pianonun arxasında sevgilər, bahar şehi kimi titrək, şəffaf sevinclər, arzular, yaradıcı insan əməyinin qüdrət və gözəllikləri haqqında romanslar yazardı. O biri otaqda isə, gənc rəssam Elmar yorulmadan işləyərdi.
Güllər pianonun qapağını qaldırıb, orta barmağı ilə dillərdən birinə toxundu. Pianodan həzin bir səs qalxıb, bağçanın sükutu içində titrəyərək söndü. O, diksinərək əlini geri çəkdi. Ürəyindən buz kimi soyuq rəşə keçdi. Sonra pəncərəyə doğru bir addım atıb dayandı. Qovaq ağaclarının daim titrəyən yüngül yarpaqları arasından axşam səmasına baxaraq, öz-özünə pıçıldadı:
– Doğrudanmı, onun gözlərinə çökmüş qaranlığın sonu yoxdur? Doğrudanmı, hər şey bitmişdir?
O, buna inanmırmış kimi, çevrilib Elmarın otağına getdi. Divar boyu vurulan ağ parça üzərində rəsm edilmiş gənc qadın ona baxaraq gülümsəyirdi. Bu, onun özü idi. Lakin portret tamamlanmamış, Elmarın müharibəyə getməsi ilə yarımçıq qalmışdı.
Vaxtilə dəstə-dəstə gəlib baxan sənət ustaları bu şəklin fövqəladə bir istedadla çəkilməkdə olduğunu söyləyirdilər. Elmar özü isə, bu tərifləri sükutla qarşılayaraq, Güllərə deyirdi ki, əgər, mən bu portreti yarada bilsəm, özümü ömrüm boyu xoşbəxt hesab edəcəyəm. Bu şəkil əbədi və böyük məhəbbətin timsalı olacaq...
Doğrudanmı, bu böyük arzu həmişəlik məhv olub getdi?! Otaq qaranlıqlaşır, bağçada quşların qərib səsləri eşidilirdi. Güllərin varlığını birdən-birə anlaşılmaz qorxu bürüdü və o, bütün vücudu ilə titrəyərək, dönüb sürətlə qonaq otağına getdi.
Elmar əllərini başının altında çarpazlayaraq, divanda uzanmışdı. Gözləri şüşə kimi donuq bir tərzdə parlayırdı. Yalnız uzun qara qaşlarının çatılışından, ağ və gözəl alnının incə qırışlarından onun, nə isə, ciddi bir şey haqqında düşündüyü məlum olurdu. Güllər gəlib Elmarın yanında oturaraq, üşüyürmüş kimi, onun geniş sinəsinə qısıldı. Üzünü ərinin ipək kimi yumşaq saçlarının qıvrımları arasında gizlətdi.
Elmarın üzündəki tutqunluğu mehriban, aydın bir ifadə əvəz etdi. Uzun, qara kirpikli göz qapaqları aşağı endi.
Güllər nə düşünürdü? Kor olmuş ərinin varlığına hansı hisslər hakim idi? Bunları söyləmək çətindir. Bəlkə də, onların gənc və günahsız duyğuları aralarına çökmüş müdhiş zülməti keçərək bir-birinə qovuşmaq, bir-birini dərk etmək istəyirdi?
Birdən Elmarın dodaqları rəşə ilə titrədi. Kirpikləri tez-tez qırpındı və o, yavaşca Gülləri özündən kənar edərək, dikəlib oturdu. Güllərin heyrətlə baxan gözləri Elmara zillənib qaldı. Elmar başını Güllərə tərəf azca döndərib:
– Yadındadırmı, Güllər, – dedi, – Korolenkonun kor çalğıçısı nə deyir? Deyir ki, heç olmasa, anamı, günəşi, ulduzları bircə dəfə görmüş olsaydım, indi onların xatirələri ilə yaşayardım. Mən isə, bunların hamısını görmüşəm. Axı, mən aydın gecələri, çiçəkli çəmənlər arası ilə qayğısız axan suları, boz qayalıqlarda səslənən kəklikləri, kolluqlarda bitən bənövşələri görmüşəm. Mən, şərəflə vuruşan qəhrəmanların zəfər mahnıları oxuyaraq can verdiklərinin şahidi olmuşam.
O, bir an susdu. Sonra yavaş-yavaş və mükəddər səslə:
– Nəhayət, – dedi, – səni görmüşəm, axı... Deməli, mən Petrodan xoşbəxtəm. Elə deyilmi? Əgər, mən yaxşı bir rəssam olmadımsa, bunun eybi yoxdur. Dünyaya məndən də istedadlı o qədər rəssam gələcək ki...
Elmar susdu. Sonra sakit və qəti bir ifadə ilə dedi:
– İndi isə, mən sənin işinə mane olmamaq üçün korlar evinə gedəcəyəm, bəlkə orada görə biləcəyim bir iş də tapdım. Sən isə, yaxşı mahnılar yaz. Mən də onlara radioda qulaq asacağam...
Axırıncı cümlədə Elmarın səsi titrədi və o, ayağa qalxıb, pəncərənin qabağına getdi. Qızın nəzərləri qeyri-şüuri bir hərəkətlə boylu-buxunlu Elmarın qamətini dolaşıb, onun enli kürəklərində qərar tapdı.
Həkimin sözündən sonra bu, Güllərin ürəyinə endirilən ikinci zərbə idi. O, bir an, yalnız bir an özünü Elmardan həmişəlik ayrılmış təsəvvür etdi. Vücudunu elə soyuq, elə ümidsiz yalqızlıq hissi sardı ki, dəhşətlə titrəyib ayağa qalxdı və Elmara yaxınlaşıb, onun əlini balaca soyuq əlləri arasında bərk-bərk sıxaraq: – Bu mümkün deyil, Elmar! – dedi.
Güllər bütün gücünü sərf edərək, ərinin könlünü ovutmağa çalışırdı. Hər axşam onu özü ilə gəzməyə aparır, hər zamankından gözəl geyindirir, onun üçün təzə-təzə qalstuklar alır, köynəklər tikir, onu daha çox əyləndirmək üçün yeni-yeni vasitələr düşünürdü. O, ərinin gözlərində sönmüş işığı öz qayğısı ilə onun qəlbində yandırmaq istəyirdi.
[Mənbənin skanında burada mətn itib.]
ki, pianonun arxasında oturaraq, gənc ərinin taleyi, o biri otaqda əbədi olaraq yarımçıq qalmış portret haqqında uzaq və dərin xəyallara dalaraq, saatlarla çalardı.
Bütün bu müddətdə rəssam aramsız düşünər... düşünərdi...
Günlər keçdikcə onun ruhi sarsılmazlığı və kor çalğıçıya nisbətən məsud olması qənaəti zəifləyirdi. Onun qara pərdə altında hərəkət edən daxili aləmində indi tamamilə əksinə olan xudpəsənd və amansız hisslər baş qaldırırdı.
Vaxtilə görmüş olduğu rəngarəng mənzərələrin xatirələri, zehnində hifz edilmiş kitablar indi artıq onu yorurdu.
“Petro anadan kor olduğu üçün, – deyə o düşünürdü, – təbiət onun görmə qüvvəsini başqa üzvlərinə verdi. O, gözləri ilə görmədiklərini qulağı ilə eşitdi, bütün vücudu ilə duydu və buna görə də, öz musiqisi ilə dinləyənləri heyran etdi. Kor olmuş Korçagini yenidən həyata, öz döyüş yoldaşları sırasına onun böyük istedadı qaytardı. Mən isə, hər şeyi gördüm, ən incə rəngləri bir-birindən seçməyi bacardım və bütün yaradıcı qüvvəmin gözlərimə toplandığı bir zamanda onlardan məhrum edildim. İndi iyirmi altı yaşındayam. Demək, hələ otuz-qırx il də yaşaya bilərəm.”
O, Gülləri sevmişdi. Müharibənin ən qızğın döyüş dəqiqələrində bu sevgi himayədar bir qanad kimi onun üzərinə gərilmiş, qəlbinə qüvvət vermişdi. Onun ən nəcib xəyallarını, ən çətin arzularını bu sevgi pərvazlandırmışdı. Lakin indi bu sevgi, həmin bu qüdrətli məhəbbət ona əzab verirdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-yarimciq-qalmis-portret-haqqinda-mahni
Use ← → keys to move, R for a random poem
More by this author
On birinci ordunun bir batalyonu bizim evlərdə yerləşmişdi.Otaqların ancaq birini vermişdilər bizim, guya «nökərimiz» olan Zəbi əmimə. Biz də həmin otaqda yerləşdik. Evdə qoyub getdiklərimizdən heç bir əsər-əlamət qalmamışdı. Atamın keşişdən aldığı mebelləri də sındırıb dağıtmışdılar.
Məktəb, uşaqlar və mənSentyabrın on beşində babam məni üstü qırmızı dəmirli, böyük kürsülü binada yerləşən məktəbə apardı.Və orada mənim anlaşılmaz, daimi kədərimə yeni bir hiss də əlavə olundu: mən uşaqların şən çığır-bağırı içində birdən-birə özümü yalqız hiss elədim və bu hiss sonralar da eyzən mənimlə oldu.
Mən və kitablarMən anamın oxuduğu qalın cildli kitablara dərin bir maraqla baxırdım, anamın o kitablardan oxuyub bizə nağıl elədiyi Rüstəm Zal ilə oğlu Söhrabın əhvalatı, «Hind racisi», «Armanusiya» macəraları xəyalımda təəccüblü bir aydınlıqla canlanırdı. Mən Rüstəm Zal pəhləvanın əvvəl tanımadığı oğlu cavan Söhrabla vuruşaraq, ölümcül yaralayandan sonra qolundakı bazubənddən onun öz oğlu olduğunu bilib necə sarsıldığını unuda bilmirdim. Elə bil ki, o faciə mənim gözümün qabağındaca olmuşdu. Cavan Söhrabın onu məğlub eləyib ölümcül yaralayan bu qüdrətli pəhləvanın öz atası olduğunu biləndən sonra keçirdiyi hissləri mən öz hisslərim kimi duyurdum və mənə elə gəlirdi ki, diyarbadiyar gəzib öz atasını axtaran Söhrab onu bağışlayır, ona olan məhəbbətilə ölür və bu, cahan pəhləvanı Rüstəm Zal üçün sağalmaz bir dərd olur. Mən onların hər ikisində yüksək bir alicənablıq hiss edirdim, əgər Söhrabın yerinə mən olsaydım, mən də atamı bağışlayardım. Onların hər ikisində olan mərdlik və qəhrəmanlıq məni izah eləyə bilmədiyim fövqəladə hisslərlə qanadlandırırdı. Mən bütün qəhrəmanları zahirən də yaraşıqlı, gözəl təsəvvür edirdim. Cıdırlarda ad çıxaran Qarabağ atları da, qüdrətli uca çinar da, bizim sıldırımlı dağlardakı qartallar da mənə gözəl və alicənab görünürdü. Mən Şuşa qalasının qorxunc uçurumlu Xəzinə qayasına baxanda da eyni hissləri keçirirdim. Bu əzəmətli qayanın sükutu mənə əsrarəngiz görünürdü, elə bil ki, o öz sükutu ilə nəyi isə gözləyir.Anamın oxuduğu kitablara baxdıqca mənə elə gəlirdi ki, onlarda məhz mənim sezib duyduğum, məhz mənə qarşı bir məhəbbət sükut edir. Bu məhəbbətin nədən ibarət olduğunu bilmirdim, ancaq o kitablara qarşı fövqəladə bir doğmalıq hiss edirdim. Hələ məktəbdən əvvəl anam mənə oxuyub-yazmağı öyrətməyə başlayanda görürdüm ki, sözlər hərflərdən düzəlir və mən dərhal bu hərfləri öyrənib sözləri oxuyanda sanki yeni bir aləmə daxil olurdum. Bu aləm də insanlardan, onların taleyindən, işlərindən ibarət olsa da, tamam başqa idi. Sanki burada hər şey, hər hiss təzə idi və bu hisslər mənə çoxdan məlum idi. Elə bil ki, mən özüm hansı zamanda isə o hislə yaşamışam. Mən birinci dəfə kiçik bir hekayə oxudum. Orada təsvir olunurdu ki, balaca Murad qonşuluqlarındakı bağın yanından keçəndə qoca bağban Qədir baba ona yetişmiş sulu bir armud bağışladı. Murad armudu yemək istəyəndə birdən yadına düşdü ki, balaca bacısı evdə xəstə yatır, ona görə də Murad armudu yeməyərək aparıb bacısına verdi. Mənə elə gəldi ki, bu Murad mən elə özüm olmuşam. Ancaq xəstə bacım deyil, anam olmuşdur. Və mən ürək sərinlədən sulu armudu yeməyib, qızdırma içində ürəyi yanan anama gətirməyimdən təsəlli alırdım.
Dünyanın kədəriBayram babam qəza milis rəisi olandan sonra Qızılbaşoğlu Alı kimi, Hacı kimi, Əhmədalı kimi atıb-vurmağı, yaxşı at minməyi bacaran igid oğlanlardan başına toplayıb dağlarda, meşələrdə yurd salan oğru-əyri qaçaqlarla mübarizəyə başlamışdı. İnqilabdan əvvəl bizdə iki cür qaçaq olurdu. O adamlar ki, hökumətin, yerli bəylərin, ağaların zülmündən qaçıb qaçaq olurdu, onların kasıb-kusubla, camaatla işi olmurdu. Əksinə, Nəbi kimi, Süleyman kimi qaçaqların, yeri gələndə, kasıblara köməkləri də dəyirdi. Amma elələri də olurdu ki, oğurluq üstündə, başqalarına haqsız ziyan vurmaq üstündə qorxub qaçaq olurdular. Belələrinə hamı nifrətlə baxırdı. Birinci növ qaçaqları babam sülhlə üzə çıxarmağa çalışırdı. İkinciləri isə dağda-dərədə hərləyib, nəhayət, tuturdular. Bir dəfə Bayram babam pul üstündə bir seyidi öldürdükləri üçün iki nəfəri tutub gətirmişdi. Sonra dedilər ki, onları camaatın qabağında güllələyəcəklər. Həmin gün Fatma nənəmlə birlikdə mən də getmişdim tamaşaya. Şəhərin ortasındakı meydana çoxlu adam yığılmışdı. Yeddi-səkkiz nəfər əlitüfəngli hazır dayanmışdı. Fatma nənəm arvadların içində, yerdə oturmuş qoca bir qarını göstərib dedi:– Həmin öldürülən seyidin anasıdı bu arvad.
Poems by other poets
Şükür olsun ol Xudaya,Yenicə yazlar gələyir,
Könlüm xoş olur ol büti-zibayə baxandaKönlüm xoş olur ol büti-zibayə baxanda,Vəcd eylərəm ol zülfi-səmənsaya baxanda.
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,