Page 2 of 2 · 50%

O özünün əlillər evinə getməsi üçün arvadını dəfələrlə dilə tutdu. Hər dəfə də Güllər bu fikri başından çıxarması üçün ona yalvardı. Lakin insan təbiəti çox qəribədir. O özünü sevilməyə tam mənası ilə layiq bildiyi zaman bu məhəbbət ona fərəh və səadət gətirir. Ona görə də, Güllərin sevgisi iki gözündən kor qalmış rəssamı məsud edə bilmirdi. Qızın ona qarşı dəqiqədən-dəqiqəyə artan qayğı və diqqəti, gecə-gündüz qabıqdan çıxması oğlanın həm qəlbini ağrıdır, həm də izzəti-nəfsini yaralayırdı. O, bütün bunlara, şikəst ərə qarşı göstərilən alicənab mərhəmət hissi kimi baxırdı.

Bu isə, onun gənc həyat yoldaşını dəli edirdi. Güllər bu anlayışın səhv olduğunu ərinə hiss etdirmək üçün saatlarla düşünərək, pianosunun arxasına keçir, öz dili ilə izah edə bilmədiyi hisslərini musiqinin qüdrətli dili ilə ifadəyə cəhd edirdi.

Elmarın yaradıcılıq dühası heç vəchlə rahatlıq tapa bilmirdi. O, göylərin sonsuz dərinliyini görüb-duyan, qanadları qırılmış quş kimi çırpınıb... çırpınıb yerində qalırdı. Varlığındakı yaradıcılıq qüvvəsi, qabağı tutulmuş çay kimi özünə yol axtarırdı və bunu tapa bilmədiyi üçün əzab çəkirdi.

Bu qayda ilə payız, qış dolanıb keçdi. Yenə də yaz gəldi. Elmarın gülləri yenə də açıldı. Lakin onun nə gözləri açıldı, nə də könlü...

Bahar axşamı idi. Ürəklərə sevgi və riqqət təlqin edən sakit bir bahar axşamı...

Onlar qonaq otağının küçəyə baxan pəncərəsi qarşısında oturmuşdular. Güllər dəsmal tikirdi. Elmar isə, dirsəyini pəncərəyə söykəyib, öz düşüncələrinə dalmışdı. Bayırdan gələn axşam yeli onun saçlarını arabir tərpədir, elə bil ki, beynini yoran ağır fikirləri vurub dağıtmaq istəyirdi.

Küçədən keçən iki gənc – qız və oğlan onların pəncərəsi qarşısında ayaq saxladı. Qız əvvəlcə Elmara, sonra da tikiş ilə məşğul olan Güllərə baxıb:

– Salam, Güllər! – deyə gülümsədi.

Güllər başını qaldırıb keçmiş məktəb yoldaşını və onun rəfiqini görərək, mehribanlıqla:

– Xoş gördük, hara belə? – dedi.

Bayırdakı qız, kor rəssamın eşidəcəyindən qorxurmuş kimi, asta və ürkək bir səslə:

– Kinoya getmək istəyirik, – dedi.

Elmar bu sözləri eşitdi və onun kirpikləri əsəbi halda qırpıldı. Bu, Güllərin nəzərindən qaçmadı. O, öz sualından peşman oldu. Mümkün qədər şən bir ahənglə:

– Anangil necədir? – deyə sözü dəyişdi.

Vəziyyətin belə uyğunsuz hal almasını bayırdakı qız da hiss etdiyi üçün:

– Yaxşıdırlar. Sən Allah, bizə gəlin, – deyib tələsik xudahafizləşdi.

Onların gedişi ilə otaqdakı sükut daha da ağırlaşdı. Güllər bu “kino” sözünün doğurduğu təsiri ərinə unutdurmaq üçün söz axtarırdı. Lakin həyatın yüzlərlə belə təsadüfləri qarşısında o nə qədər aldadıcı söz tapa bilərdi ki?

Elmar isə, öz gənc həyat yoldaşının bir ildən bəri teatr, kino üzü görmədiyini düşünərək, lal bir iztirab içində əzilirdi.

Nəhayət, o:

– Yox, bu belə davam edə bilməz! – deyə qəlbində qəti bir qərar verərək, ayağa qalxıb, yataq otağına keçdi. Paltar dolabını açdı. Əlini orda asılmış hərbi mundirinin üzərində gəzdirərək, tapança qoburunu tapdı və kiçik tapançanı çıxarıb, eyni arxayınlıqla cibinə qoydu. Sonra arvadına bir-iki kəlmə söz yazmaq üçün ağır addımlarla öz kabinetinə getdi. Əlini stolun üstünə gəzdirib, çoxdan unudularaq orada qalmış bloknotu və qara karandaşı tapdı. Bloknotdan bir vərəq cıraraq, stul çəkib oturdu. Nə yazsın? Duyğularını necə ifadə etsin? Lakin yazmaya bilmirdi. Dünyada ən çox sevdiyi adamdan birdən-birə, sözsüz-söhbətsiz ayrılmaq, özü də həmişəlik ayrılmaq istəmirdi...

Bütün gücünü toplayaraq ilk əziz sözü yazdı:

“Güllər!”

Elə bu zaman həzin musiqi eşidildi və bu musiqi birdən-birə dil açaraq, qəribə bir hekayət başladı. Oğlan diksindi, əl saxlayıb, bu hekayətə qulaq asdı.

Pianonun dilləri bəzən ağır-ağır, bəzən də sürətli, coşğun nidalarla səslənirdi. Onlar gənc qadın qəlbinin macərasını hekayə edirdi. Bu dillər sakit, ülvi bir avazla, həyatın xoş günlərində o gənc qəlbin öz qəhrəmanına necə vurulduğundan və bu qəhrəmanın böyük taleyindən danışırdı. Bu zaman Elmarın xəyalından bahar çiçəklərinin ətri qədər xəfif, rayihədar bir məhəbbətin heyranedici, uzaq xatirələri süzülüb keçirdi.

Onlar, birdən fəryada gələrək, fərəh və səadətlə gülümsəyən bu bahar sabahının üzərinə çökmüş qara buludlardan, qəhrəmanın öz əzəmətli vətəni uğrundakı cəsur döyüşlərindən xəbər verirdi. Musiqi yavaş-yavaş səslənib, qəhrəmanın qarşısında diz çökən o gənc qadının iztirablarından söyləyir, əbədi və sadiq məhəbbət haqqında and içirdi.

Pianonun dilləri oğlanın qəlbindəki inamsızlığı duyaraq, üsyankarlıqla fəğan qoparıb, dünyada hər şeyə qadir olan o böyük məhəbbətin əfsanəsinə keçdi. Birdən Elmar yerindən qalxaraq, sehrə tutulmuş kimi irəlilədi.

Güllər onun gəlişini duymadı. Otağın yarımqaranlığı içində o, gözlərini pəncərənin yuxarısından görünən və hələ işıq olan göy qübbəsinə zilləyərək çalırdı. Elə bil ki, söylədiyi əfsanələr orada, göylərin o məchul dərinliklərində bir silsilə kimi keçib gedirdi...

Elmar heyrət və həyəcan içində dayanıb dinləyirdi. O, bu ecazkar musiqinin tərənnüm etdiyi hisslərlə özünün yarımçıq qalmış əsərində vaxtilə ifadə etmək istədiyi o qüdrətli məhəbbət arasında heyrətli bir oxşayış görürdü. O görürdü. Rəssamın qəlbi işıqlı, məsud bir aləmdə dayanıb gülümsəyən əziz həyat yoldaşını və onun təbəssümündəki əbədi məhəbbəti görürdü. Bir ildən bəri ruhunu bürüyən, ona əzab verən müdhiş zülmət bu sehrkar məhəbbətin nuru ilə əriyib yox olurdu. İndi o, həyatı, əbədi və böyük həyatı bütün aydınlığı ilə görürdü. Onun yarımçıq qalmış portreti tamamlanmışdı.

Rəssamın qəlbi fərəhli, bəxtiyar hisslərlə çırpınırdı və o, bir addım daha irəli ataraq həyəcanla:

– Güllər! – dedi.

Bir neçə il keçdi. Sakit bir yay axşamında şəhər bağlarının birində gənc, gözəl bir qadınla yanaşı iri, ala gözləri batan günəşin son işığını durğun göl kimi əks etdirən bir kişi oturmuşdu. Onların qabağında alagözlü, qıvrımsaçlı qəşəng bir oğlan uşağı oynayırdı. Birdən:

– Diqqət! – deyə radio səsləndi. – Bəstəkar Güllər xanımın “Yarımçıq qalmış portret haqqında mahnı” adlı əsərinə qulaq asın.

– Ana, səni deyir, – deyə uşaq yüyürüb gənc qadının dizlərini qucaqladı.

Elmar əlini oğlunun başına çəkərək gülümsədi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Təzə günlərin təzə əhvalatları

On birinci ordunun bir batalyonu bizim evlərdə yerləşmişdi.Otaqların ancaq birini vermişdilər bizim, guya «nökərimiz» olan Zəbi əmimə. Biz də həmin otaqda yerləşdik. Evdə qoyub getdiklərimizdən heç bir əsər-əlamət qalmamışdı. Atamın keşişdən aldığı mebelləri də sındırıb dağıtmışdılar.

14 min
Məktəb, uşaqlar və mən

Sentyabrın on beşində babam məni üstü qırmızı dəmirli, böyük kürsülü binada yerləşən məktəbə apardı.Və orada mənim anlaşılmaz, daimi kədərimə yeni bir hiss də əlavə olundu: mən uşaqların şən çığır-bağırı içində birdən-birə özümü yalqız hiss elədim və bu hiss sonralar da eyzən mənimlə oldu.

5 min
Mən və kitablar

Mən anamın oxuduğu qalın cildli kitablara dərin bir maraqla baxırdım, anamın o kitablardan oxuyub bizə nağıl elədiyi Rüstəm Zal ilə oğlu Söhrabın əhvalatı, «Hind racisi», «Armanusiya» macəraları xəyalımda təəccüblü bir aydınlıqla canlanırdı. Mən Rüstəm Zal pəhləvanın əvvəl tanımadığı oğlu cavan Söhrabla vuruşaraq, ölümcül yaralayandan sonra qolundakı bazubənddən onun öz oğlu olduğunu bilib necə sarsıldığını unuda bilmirdim. Elə bil ki, o faciə mənim gözümün qabağındaca olmuşdu. Cavan Söhrabın onu məğlub eləyib ölümcül yaralayan bu qüdrətli pəhləvanın öz atası olduğunu biləndən sonra keçirdiyi hissləri mən öz hisslərim kimi duyurdum və mənə elə gəlirdi ki, diyarbadiyar gəzib öz atasını axtaran Söhrab onu bağışlayır, ona olan məhəbbətilə ölür və bu, cahan pəhləvanı Rüstəm Zal üçün sağalmaz bir dərd olur. Mən onların hər ikisində yüksək bir alicənablıq hiss edirdim, əgər Söhrabın yerinə mən olsaydım, mən də atamı bağışlayardım. Onların hər ikisində olan mərdlik və qəhrəmanlıq məni izah eləyə bilmədiyim fövqəladə hisslərlə qanadlandırırdı. Mən bütün qəhrəmanları zahirən də yaraşıqlı, gözəl təsəvvür edirdim. Cıdırlarda ad çıxaran Qarabağ atları da, qüdrətli uca çinar da, bizim sıldırımlı dağlardakı qartallar da mənə gözəl və alicənab görünürdü. Mən Şuşa qalasının qorxunc uçurumlu Xəzinə qayasına baxanda da eyni hissləri keçirirdim. Bu əzəmətli qayanın sükutu mənə əsrarəngiz görünürdü, elə bil ki, o öz sükutu ilə nəyi isə gözləyir.Anamın oxuduğu kitablara baxdıqca mənə elə gəlirdi ki, onlarda məhz mənim sezib duyduğum, məhz mənə qarşı bir məhəbbət sükut edir. Bu məhəbbətin nədən ibarət olduğunu bilmirdim, ancaq o kitablara qarşı fövqəladə bir doğmalıq hiss edirdim. Hələ məktəbdən əvvəl anam mənə oxuyub-yazmağı öyrətməyə başlayanda görürdüm ki, sözlər hərflərdən düzəlir və mən dərhal bu hərfləri öyrənib sözləri oxuyanda sanki yeni bir aləmə daxil olurdum. Bu aləm də insanlardan, onların taleyindən, işlərindən ibarət olsa da, tamam başqa idi. Sanki burada hər şey, hər hiss təzə idi və bu hisslər mənə çoxdan məlum idi. Elə bil ki, mən özüm hansı zamanda isə o hislə yaşamışam. Mən birinci dəfə kiçik bir hekayə oxudum. Orada təsvir olunurdu ki, balaca Murad qonşuluqlarındakı bağın yanından keçəndə qoca bağban Qədir baba ona yetişmiş sulu bir armud bağışladı. Murad armudu yemək istəyəndə birdən yadına düşdü ki, balaca bacısı evdə xəstə yatır, ona görə də Murad armudu yeməyərək aparıb bacısına verdi. Mənə elə gəldi ki, bu Murad mən elə özüm olmuşam. Ancaq xəstə bacım deyil, anam olmuşdur. Və mən ürək sərinlədən sulu armudu yeməyib, qızdırma içində ürəyi yanan anama gətirməyimdən təsəlli alırdım.

4 min
Dünyanın kədəri

Bayram babam qəza milis rəisi olandan sonra Qızılbaşoğlu Alı kimi, Hacı kimi, Əhmədalı kimi atıb-vurmağı, yaxşı at minməyi bacaran igid oğlanlardan başına toplayıb dağlarda, meşələrdə yurd salan oğru-əyri qaçaqlarla mübarizəyə başlamışdı. İnqilabdan əvvəl bizdə iki cür qaçaq olurdu. O adamlar ki, hökumətin, yerli bəylərin, ağaların zülmündən qaçıb qaçaq olurdu, onların kasıb-kusubla, camaatla işi olmurdu. Əksinə, Nəbi kimi, Süleyman kimi qaçaqların, yeri gələndə, kasıblara köməkləri də dəyirdi. Amma elələri də olurdu ki, oğurluq üstündə, başqalarına haqsız ziyan vurmaq üstündə qorxub qaçaq olurdular. Belələrinə hamı nifrətlə baxırdı. Birinci növ qaçaqları babam sülhlə üzə çıxarmağa çalışırdı. İkinciləri isə dağda-dərədə hərləyib, nəhayət, tuturdular. Bir dəfə Bayram babam pul üstündə bir seyidi öldürdükləri üçün iki nəfəri tutub gətirmişdi. Sonra dedilər ki, onları camaatın qabağında güllələyəcəklər. Həmin gün Fatma nənəmlə birlikdə mən də getmişdim tamaşaya. Şəhərin ortasındakı meydana çoxlu adam yığılmışdı. Yeddi-səkkiz nəfər əlitüfəngli hazır dayanmışdı. Fatma nənəm arvadların içində, yerdə oturmuş qoca bir qarını göstərib dedi:– Həmin öldürülən seyidin anasıdı bu arvad.

6 min

Poems by other poets