Ölüm-dirim
Page 18 of 22 · 77%
Sakit otur! “Oynaş” öləcək!
Qulaq as!
O konyaklı gecə bədbəxt, sərxoş Cığalı elə bilib toysuz-filansız evlənir Səməd. Nağıl, fantastika aləmində, gözləri yumulu təslim olub sərxoş canavara. Gözünü açanda görüb Səməd-zad yoxdu, başqa adamdı, ölü kimi şeydi, döşənib üstünə. Vahimə içində çapalayıb, çıxıb ölünün altından, ayaqyalın, başıaçıq, atılıb qaçıb. Qılınc Qurbanın oraya, qapısı taybatay açıq ağ evə getməyindən bir az əvvəl olub bu, qaçıb anam, darvazada yaxalamısınız bədbəxti. Çax-çux, Qıllı, Piyli, Xaş nəçənnik, Zaks müdiri. Bir də sən, Xəlvət! Bezobraziye heyvanatı! Saçından yapışıb aparıb atmısınız çarpayıya. Zalda əyləşib, səbrlə gözləmisiniz, şüşəsinin altı teleqramlı “Yarımallah” özünə gələr-gəlməz, başının üstünü kəsdirmisiniz ki, “bu sənin Gülçöhrən, bu da zaks müdiri. Kəbinini kəsdir, sonra əyləş biznən bu stolun dalında, yoldaşlıq, qardaşlıq məsləhətlərimizə qulaq as”. Bax onda başlanıb mənim fəaliyyətim, Rəhim kişi. Anamın bətnində. Anam o canavarı, o meyidi görüb dəhşətə gələndə o dəhşət mənim canıma-qanıma hopub. Anam o yatağından bir daha qaçmağa çalışıb, sizin aranızda çapalayanda mən də çapalamışam. Anam Çax-çuxa, sənə qarğış yağdıranda mən də yağdırmışam. Nağıl deyil, elmdi bu, Rəhim kişi. Atamın qara qanında axan qara qanı idim onda mən, axıb anamın qara qanına qarışırdım. Sultan Əmirli yox idi daha, Rəhim kişi. Cismən sağ olsa da, yox idi. Sən yox eləmişdin mənim uca insan – Bağ atamı!
Qorxma məndən. Heç kəsə şikayət yazmaram. Prokuror, hakim pul kisələri sən pul kisəsini məsuliyyətə almazlar. Mən səni sadəcə, öldürüb dirildəcəm. Hələlik bu bədbəxt skeleti öldürməklə məşğulam.
Kitelin cibindən çıxan kağızı yada salın: “Məni Varisim öldürdü. Varisimi də Varisi öldürəcək...”
Atam nə vaxt, hansı şəraitdə, necə yazıb bu sözləri? Məlum olacaq. Hələlik bu SafAğ Varisinə baxın, alim çekistinizə baxın, cəmaat.
Yumruqlarına baxın!
Tüpürüm sənin yumruqlarına, ay əmi... Əlli dördüncü ilin avqustunda sən “qardaş qatili” Sultan Əmirlini tabutda görə-görə Qonaqlının bu səmtlərində vurnuxanda Bakıdan zəng vurdular, Sultan Əmirli getdi. Düşmən sənin karlığından, korluğundan istifadə eləyib, əzabkeş generalın bu rayona göndərdiyi yeganə kadri – “iki tərəfə işləyən Əfəl Məsimi” bağlı qapı dalına basdı. “Əfəlin arvadı Gülbənizin əl-qolunu bağlayıb daxmaya tulladı. Əlləzoğlunu zirzəmiyə saldı. Səhər saat altıda, yəni “Yarımallah” rayondan gedəndə Əlləzoğlunun bir əlinə neft qabı, o biri əlinə kibrit verdi, sənin gözüyün qabağında Əmirli mülkünə od vurdu. Dəlilərin Bezobraziyedən gizlətdiyi “Vərəsə”ni traktorun təkərlərinin altına verdi. Sənin əsəblərinlə oynayıb əminlə mübarizəyə sövq etdi, döyüş meydanı verdi. Daş əzələlərini, daş yumruqlarını işə saldın. İki dəfə Sovet İttifaqı qəhrəmanı Xalıq Qudalını xınc-mınc elədin. “Sultan Əmirlinin xançalı Çax-çuxun qanına bulanıb “həbs üçün” əşyayi-dəlil oldu.
Xızr Abı mülkün xərabəliyində dizin-dizin sürünəndə, “Vərəsə”nin səhifələrini toz-torpağın içindən çıxardıb üfürə-üfürə, sığallaya-sığallaya köynəyinin üstünə yığanda heç nə anlamırdın sən, xəyali xoşbəxtlik əsiri olmuşdun ki, necə eləyib Gülgəzi başa salım, əmimin arvadı olsun, Mədəd doğsun, Sura doğsun, ailə səadəti yaratsın.
Tüpürüm sənin ailə səadətinə, ey mələk əmi! Mələksənmi, ey çirkab içində boğulan “oynaş” SafAğ İnsan?!
Mədəd xırıltı eşidib əmisinə baxdı.
Bütün zal Səmədə baxırdı.
Səmədin başı çiyninə əyilmişdi. Qolları stolun üstündən düşüb sallana qalmışdı. Gülənoğlunun təzə doldurduğu samovar əvvəlki kimi guruldasa da, ölüm qabağı xırıltı aydınca eşidilirdi.
“Qaz peçi”nin dalından boz motalpapaq çıxdı, axşamdan bəri orda – “peçin” dalında büzüşüb özünü göstərməyən, qocalıb meymunsayağı bir şeyə dönmüş Göbələk əllərini başına döyə-döyə, çırpına-çırpına Səmədə doğru cumdu.
– Evimi yıxdın, ay gözümün nuru! Ocağımı qaraltdın! Çəpərimi dağıtdın...
Mədəd babasının boynundan yapışıb geri itələdi.
– Farağat otur, tülkü!.. Ölməlidi... Heyvanat içində yaşayammaz o daha! Getməlidi bu dünyadan!..
Atam buna bel bağlamışdı. Təkcə buna!.. Varisiydi... Yeganə Varisi... Nifrətim var mənim bu Varisə. Heç kəsi bu qədər sevmirəm. Heç kəsə bu qədər nifrət eləmirəm. Səbəbini bilmirsiniz hələ. Danışmamışam.
Nifrətimin səbəbini indi danışacam. Məhz indi.
Ağlını itirdi. “Vərəsə”ni şərh eləmək əvəzinə, təhrif insan səviyyəsinə enib, yas yerlərində, restoranlarda, institutlarda “o tay-bu tay” deyə-deyə, yeddi yüz əlli cildin məzmununu sakit kütləvi tədris proqramından ayırıb üsyançı ruhla bağladı. Bu Yer adlanan xarabada hələ heç kəsin, heç kəsin tanımadığı Ulu Bağ ƏsƏlMən nəslindən bir Pünhanın ehtiyat tədris proqramına saldırdığı bir SafAğ kitabını bu igidimiz bayrağa döndərib milləti sevən cavanları dəli-divanə “sverxçelovek” səviyyəsinə endirdi. Stalin, Mirqəzəb, Pers toxumlarının içərilərini kinküdurətlə doldurub, cahil düşməni daha da cahilləşdirdi, Xəlvətləri torbalarına dərs deyən cahil farsistləri, ərəbistləri Muğannaların əleyhinə qaldırdı. Gizlin, dərin alimlərdən kim vardı, hamısının canına titrətmə saldı. Məmməd Cəfər imzasıynan yazan məşhur Akademik “Əxi” – AğEy haqqında Türkiyədən aldığı dəqiq tarixi materialları yandırdı, sarsılıb xəstələndi. Akademik Məmməd Cəfərin yetirmələri, Nizami, Nəimi, Nəsimi mövzusunda məqalələrini gizlətdilər. Farsistlərin, ərəbistlərin, “İslam”çıların birgə səyilə Füzulini qatı müsəlman elədilər, “şaxseyvaxsey” casuslarından təxribatçı dəstələr düzəldi. “Bağday”, “Bağ” deyən cavanları sıxma-boğmaya saldılar. Məşhur şair Xəlil Rza Ulutürkü⁹⁹ ölümlə hədələyib “OdƏr yurdu” şerini qadağan elədilər. Dəlilərimiz təxribatçılarla danışmaq, həqiqətimizin, OdƏr dili həqiqətlərinin
⁹⁹ 1980-ci illərdə SafAğ Elmi ilə bağlı ziyalılardan yalnız bir qisminin adı çəkilir (müəllif). müasir bəşəriyyətə hava, su, çörək kimi lazım olduğunu çatdırmaq əvəzinə qınlarına çəkildilər. Bu mələk bacımız Sestra isə, bizim Dam direktorla yaxınlığımızı danıb, mənim adımı, sonra da Pünhanlarımızın adlarını çiyinləri Kalaşnikovlulara və hətta Moskvaya ötürdü. Şəxsən Qorbaçova məktub yazıb, EvƏrEydən xəbərsiz “yevrey”ə “Təhlükəli Türk millətçiləri” haqqında məlumat verdi, mənə də “millətçi” damğası vurdu. Bu Şüşəlidə, o dal otağa gələn “dövlət nümayəndəliyi”nin qabağında ilan dili çıxartdı bu sakit, ağbirçək Sestramız, “Dövlət nümayəndələri” isə, Xəlvətin dediyi kimi, “qıyma-qıyma” yedilər bizi – Səməd Əmirlinin Yetirmələrini. Son dörd ayda hamı dağıldı ətrafımdan. Məlum oldu ki, SafAğ Elmi, OdƏr bəşəriyyəti haqqında restoran söhbətləri Bezobraziyeni ayıq salmaqdan başqa bir şeyi deyil. Özümüz özümüzün qatili olduq...
Mədəd əmisinin əlini əlinə alıb, nəbzini tutdu. Əyilib, diqqətlə üzünə baxdı.
– Eşidirsənmi?
Xırıltıya inilti qarışdı:
– Danış... Qurbanın olum, Mədədim... Çalış ki, Heydərə¹⁰⁰ də çatsın hər şey.
Mədəd başını endirdi. Astadan:
– Dirilirsən, – dedi. Sonra qara dəri kreslonun yanında stula çökdü.
– Heç kəs yaxın gəlməsin. Sən də, “mələk” Sestramız! Dərmən can verənin əzab müddətini artırır. Yığışdır şprisini, keç yerində otur. Bu qatillə qurtarmışam. İndi siz qatillərlədi işim!
“Sultan və Səməd” dəstanı davam eləyir.
Diqqətlə qulaq asın.
Təbrizdə, Əmir bazarının yanında babam Şeyx Məhəmməd Əmirin xüsusi bir mülkü varmış. Şeyx əmilərim Ağ Əmirlə Boz Əmir orda fədailərin uşaqlarını oxudarmışlar, mülkün özünə də “Fədai yurdu” deyərmişlər. Bilirsiniz ki, “Vərəsə” kitabxana həmin Fədai yurdundan gətirilib. Təbrizdən... Mədəd, bir əli əmisinin nəbzində, o biri əlini stola çırpdı. – Hoppanma, cənab hökmdar! Bəli, ölür! Mən öldürürəm, sən yox. Bayaq dedim qorxma. Mənim imkanım var güllələdim səni. Güllələtmiyəcəm. Qatilsən. Əmma güllələtmiyəcəm. İnsansan!.. Hər şeyi dərk edə-edə heç nəyi dərk etməyən qeyri-adi idraksız insan! Heyvansan, murdarsan, həm də insansan. Kar, kor insan! EySar ÜnEvi (“İsay”ı) çarmıxa çəkən insan! ƏlAğ EySarı “Allah”ını çarmıxa çəkən insan! Otur və qulaq as. Bu qatil xırıldayacaq, mən danışacam! Belə lazımdı. Alim Səmədi dirildəcəm indi. Alimliyi qayıdır. Çünki belə əzab içində tədriclə Ün eşitməyə başlayır indi. Bir az sonra OdAğÜzü görəcək. Ulu babası Ulu Bağ ƏsƏlMən BağSar SarOdƏs SağSan BağSar AğEyi – “Musa ağa”nı. Geri sananan ikinci əlliminillik tarix boyunca və Yeni tarixin min doqquz yüz səksən səkkiz ili müddətində, Təhrif bəşəriyyət mühitində Odları – adları – rütbələri anlaşılmadığına görə hər rütbəsi bir insana döndərilən, ƏsƏlMən ikən “Solomon”a, BağSar ikən “Musa”ya, SarOdƏs ikən “SarOddaş”a, “Zərdüştə”, SağSan – Sağ ƏsÜn ikən “Sasan”a, “Sion”a, BağSar AğEy ikən “Musa ağa”ya çevrilib, səksən səkkiz il bundan əvvəl “Qazax” qəzasında, İncə dərəsinin girəcəyində “SimƏrAğ” İşıq gəmisinə minib OdAğÜzə qayıdan o əbədi İnsanı görəcək. Bəstəboy, ağbəniz, ağsaqqal bir qocadır “Musa ağa” – Ulu Bağ.
¹⁰⁰ Heydər Əliyev
1797-ci illə 1899-cu illər arasında “Qazağ”ın “Padişahlıq” kəndində “Musa ağa” adı altında, kiçik oğlu “Hüseyn ağa”nın himayəsində, nəvəsi “Ömər ağa”nın evində qaldığı müddətdə “Muğan” düzündən, hər ailəsi bir guşəyə sürülmüş “Muğ”lardan təcrid olunduğuna görə lap düşgünləşibmiş. Bununla belə, daimi nəzarət altında saxlana-saxlana, gah Təbrizə – böyük oğlu Şeyx Məhəmmədin – ƏsAğ BağHəmOdun seçdiyi yerdə batin olurmuş, gah da Göyçədə, böyük oğlu sayılan “Alı”nın himayəsində, “Süleyman” adı altında qala-qala Elminin daha da batinləşdiyini görə-görə daha da düşgünləşirmiş. 1899-cu ilin axırında Bağ Ata kədərli Ün göndərir Oğluna ki, İlanla Romanovlar birliyi “Yer” Bağlarının hamısını məhv edəcək, sənin orda qalmağın tamam faydasız olacaq... Buna görə də Bağ Ata İşıq gəmisi göndərib, əzabkeş Oğlunu, “Şam Ağa” (Şam AğEy) nənəmizlə birgə aparıb.
Kitabxana.az · https://kitabxana.az/en/works/isa-huseynov-olum-dirim
Use ← → keys to move, R for a random poem
More by this author
Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!
Süleyman padşahın xəzinəsi 5Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.
Süleyman padşahın xəzinəsi 6Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?
Süleyman padşahın xəzinəsi 7Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...
Poems by other poets
شاهد خرگهنشین زلف ز رخ کرد بازنور حقیقت پدید از ظلمات مجاز
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.