Page 5 of 5 · 80%

⁸⁰ Kitabxananın bir qismini 1964-cü ildə Cənublu elm adamı, Musəvinin Bakıdakı evində gördüm. Məsələ KQB ilə bağlı olduğu üçün sirri açmadım (Muğanna).

⁸¹ Şifrə açan.

⁸² M.C.Bağırov nəzərdə tutulur.

⁸³ İ.Stalin nəzərdə tutulur.

⁸⁴ Stalinin loğəbi.

⁸⁵ Kapitala xidmət.

⁸⁶ Lavrenti Beriya – SSRİ Təhlükəsizlik Komissarlığının sədri.

⁸⁷ Cənubda “Azərbaycan milli hökuməti” siyasi məqsədlə SSRİ tərəfindən təşkil olunub “Azadlıq cəbhəsi” adlandırılmışdı.

⁸⁸ “İkinci cəbhə” – SSRİ-nin o vaxtkı müttəfiqləri tərəfindən Almaniyaya qarşı cəbhə xətti.

⁸⁹ Gizlinlik. Ali Baş Komandan Cənubi Azərbaycanda “Azadlıq hərəkatı”nın ən güclü təşkilatlarından birinin – “Mətbuatın azadlıq cəbhəsi”nin konverti ilə maraqlanıb, raykom katibi Sultan Əmirlinin məktubunu şəxsən oxusun, Bağdayı bərpa etməyin və qədim dünya OdƏrlərinin bütün planet miqyasında birləşdirməyin bütün ölkələr üçün necə xeyirli bir iş olduğunu anlaya bilsə, “Azadlıq hərəkatı”na münasibətini dəyişdirsin.

Necə qərara gəliblərsə, elə də eləyiblər və Sultan Əmirlinin yandırmağa məcbur olduğu əvvəlki məktublarının əksinə, qırx beşinci ilin yazında hazırladığı axırıncı məktub – geniş tarixi məlumat, nəhayət, ünvana gedib və məlumdur ki, qırx altıncı ilin dekabrının iyirmi üçündə haman teleqram gəlib. Əmma “prekratite bezobraziye” sözlərinin kəskinliyinə və bu sözlərin altındakı imzanın qüdrətinə baxmayaraq, Mirqəzəb heç də qamaşmayıb və “Müəllim”i hədələyəndə general Pers necə deyibmişsə, təxminən elə də olub: “məqbərəyə ayağı dəyənlərdən” hərəsi bir yolla dünyadan gedib, “yarımallah Kişiyə” çevrilən “qardaş qatili” salamat qalıb, bir də Məhərrəm Abbasoviç. Çünki “Yarımallah kişi” Sultan, “Bığlı”nın şəxsi müxbirinə çevrilibmiş!

– Bildinmi, ay yazıq “Bircə bala”sı?!

Çax-çuxu diqqətlə dinləsəydi, Səməd bilərdi ki, hələ “Ehtiyatlı olun, ehtiyatlı olun” dediyi vaxtlar “Pünhan” – “Müəllim” – Məhərrəm Abbasoviç Sultan Əmirlinin məktubundan nələr törəyəcəyini, yəni Bığlının qan tökəcəyini qabaqcadan görürmüş və Sultan Əmirlinin özü ilə sədr Mədədə də, Nəcəfoğlu ilə Pişəvəriyə də dönə-dönə xəbərdarlıq eləyib, “Mirqəzəbnən Pers yox, siz cəzalanacaqsınız. Siz cəzalanacaqsınız!” – deyirmiş. Odur ki, “konspirasiya”nı təşkil eləyib, məktubun ünvana yetişəcəyini başa düşən kimi, məktubun ardınca özü də Moskvaya gedib, Mirqəzəblə Persdən gizlin, Rudenkodan əvvəlki SSRİ prokurorunun – tələbə yoldaşının qəbulunda olub, Culfa yolu üstündə, qədim məqbərədə “məxfi işi” bütün təfsilatı ilə danışıbmış və elə orda da – prokurorun kabinetində oturub, hər şeyi rəsmi yazıb, imzalayıb veribmiş. O vaxtdan – qırx beşinci ilin yazından qırx altıncı ilin dekabrına qədər Məhərrəm Abbasoviç “fövqəl”adə siyasi iş” üçün SSRİ prokurorluğunun sərəncamında olan kadr kimi, “operativniklər” tərəfindən qorunurmuş və o iş üçün ayrılmış “xüsusi qrup”un köməkçiləri ilə birlikdə gah Cənubi Azərbaycanın müxtəlif şəhərlərinə – Ərdəbilə, Ənzəliyə, Təbrizə, Xorasana, gah da Rəştə, Gilana və Tehrana gedirmiş. Əgər Çax-çuxu diqqətlə dinləsəydi, Səməd bilərdi ki, qırx altıncı ilin dekabrında teleqram gələndən sonra “xüsusi qrup” ləğv olunub, “kapitala xidmətinə görə güllələnən şefin hökmüynən Cənub məsələsi bağlanıb arxivə atılıb”, bir də bu “yaxınlarda, Rudenko SSRİ prokuroru təyin ediləndə meydana çıxarılıb. Əmma Məhərrəm Abbasoviç özünü həmişə o “ləğv olunan xüsusi qrup”un üzvü sayırmış, köhnə qrup üzvləri ilə, o cümlədən Rudenko ilə əlaqəsini kəsmirmiş, hətta Azərbaycan tarixinin Sovet dövrünə aid dissertasiya yazıb, tarix elmləri doktoru olub, partiya məktəbi ilə yanaşı, müxtəlif institutlarda mühazirə oxumağa başlayandan sonra da Məhərrəm Abbasoviç həmin “xüsusi qrup”un işini davam etdirib, indi Dzerjinski klubunun səhnəsinə qalaq-qalaq yığılmış qovluqların arasındakı nömrəsiz qovluqda ilk rəsmi yazısını şərh edən əlavə sənədlər toplayırmış. Demə, Bığlının atası kimi tanınan məşhur keşiş “Cuqaşvili” Gürcüstan və Azərbaycan ərazisindəki Qrekləri himayə edən çox varlı Vatikan casusu imiş. “Müəllim” hələ cavanlıqda bu “informasiyanın” izinə düşüb və öyrənib ki, Sovet dövründə bağlanmış sayılan Georgi kilsəsi əməlli-başlı işləyirmiş və keşiş özünü “Dağ qartalı” adlandıran Stalinin başçılığı ilə, Qafqazda zəncirlənmiş, yəni Qreklərlə əhatə olunmuş Prometeyin qanını içmək üçün “qartallardan” – Qreklərdən ibarət “internasionalnıy otryad” düzəldibmiş və “qartallarına, o cümlədən Mirqəzəbə də hər il “Cuqaşvili paketi” – qızıl göndərirmiş. Çax-çuxun sözündən belə çıxırdı ki, bu cür cinayətlərin açılmasında onun – Xalıq Qudalının özünün də əməyi az deyil: aşkarda Mirqəzəbin “rabotniki” kimi tanınsa da, əslində Xalıq öz əziz bacanağının, nadir qabiliyyətli böyük çekist, alim və ictimai xadim Məhərrəmovun “rabotnik”i olub; aşkarda general Persin, podpolkovnik Xudiyevin buyruqlarına getsə də, əslində, Məhərrəm Abbasoviçin tapşırıqları ilə işləyib və indi, nəhayət, açıb deyə bilər ki, təkcə Təbrizə yox, Ərdəbilə, Ənzəliyə, Xorasana da gedib, Milli hökumət qurulanda isə, məhz Məhərrəm Abbasoviçin tapşırığı ilə Mazandarana, Rəştə, Gilana və Tehrana da gedib, hər yerdə Demokratlarla görüşə-görüşə, Mirqəzəblə Persin “məxfi işi” barədə xəbərdarlıq eləyib: “Bütün ünvanlar, bütün siyahı əllərindədi. Hazır olun, sizi qıracaqlar”.

Əgər bu deyilənlərə şəkk-şübhəsi varsa, Səməd “Müəllim”dən – professorunun özündən soruşsun, bilsin və inansın ki, bu “Çax-çux” adlanan adam, “kitayski makentoş”, “kitayski fanar, kitayski termos” sata-sata, özü özünəcə “Çax-çux” adı qoyub şəxsiyyətini, mənliyini kiçildib, hətta eşşək kimi yüklənib atın qabağında milisə aparılanda da cınqırını çıxarmayıb. Bütün rayon danışır ki, bu taya gələndən sonra Fağır – Yağır Məmmədəli Sultan Əmirlinin təqiblərinə dözəmməyib özünü quyuya atıb. Quyuya hələ də “iyili quyu” deyilir. Xalıq yalnız Məhərrəmovun xahişinə görə, atası Fağır Hambalın – Yağır Məmmədəlinin şəksiz qatili Sultana toxunmayıb, o qatilin işləri barədə nə Xudiyevə bir kəlmə deyib, nə Persə, nə də Mirqəzəbin özünə; içindən qovrula-qovrula susub, o böyük çekistlə çiyin-çiyinə vətənə xidmət eləyib. İndi o klubda SSRİ prokurorunun yenidən fəaliyyət göstərən “xüsusi qrup”unun üzvləri yəqin ki, birinci sırada oturublar, iyirminci illərdən bu vaxta qədər – otuzca il masqalı qalmış Mirqəzəb adında siyasi cinayətkarı ifşa etdiklərinə görə hamısı qəhrəman sayılır, Çax-çuxun isə, necə deyərlər “it dəftərində” də adı yoxdur. Əmma Çax-çux buna da dözür. Əgər Məhərrəm Abbasoviç hardasa, kiməsə nə isə deyib Qonaqlı kənd sakini Xalıq Qudalının vətənə xidmətini rəsmi qeyd etməyi lazım bilməsə, “Çax-çux” adı və “rabotnik” damğası üstündə qalsa, Çax-çux buna da dözər. Tək bircə şeyə dözməz. O da budur ki, vaxtilə teleqramı stolunun şüşəsinin altına qoyub, yarımallah Kişiyə çevrilən o “qardaş qatili”, indi də Mirqəzəbin “qəbrini qazan” qəhrəmanlardan biri kimi, o məktubun surətini şüşəsinin altına qoyub, yenə yarımallah olsun. Srağagün qatarda Çax-çux belə fikirləşmirdi. “Dövranı qurtarıb” – deyirdi. Çünki Gülbənizin həqiqətini Səməd srağagün qatardan düşəndə bilməli idi və elə o gecə qatilin üstünə getməli idi, qatil isə, qardaşı oğlunun qabağında heç olmasa az-çox bəraət qazanmaq üçün Əlləzoğlunun qızını evdən qovub, əxlaq düşgünlüyü barədə söhbətləri öz əli ilə təsdiqləməli idi və bununla da dövranı qurtarmalı idi. Səmədin dünyadan xəbərsizliyi hər şeyi tərsinə döndərdi: o qatil şəhərin mərkəzi küçəsində qardaşoğlu ilə çiyin-çiyinə yeridi! Hətta evinə apardı! Hətta qədəh döyüşdürdü! Kefləndirib, yanına salıb, işıqlı küçədə gəzdirib, yetirməsi ilə dostluğunu nümayiş etdirib, hamının ağzına daş basdı. Səmədin dünyadan xəbərsizliyindən belə istifadə etdi o usta siyasətcil, qatil! Bu səhər isə sevinə-sevinə, gülə-gülə getdi! Niyə? Çünki Səməd sarıdan beli bağlıdır, əmindir ki, Mirqəzəbə qalib gələn Kişi şöhrətilə qayıdanda hamı səsini içinə salacaq və “avariya” günündən indiyə qədər qardaşı oğluna “Bircə bala” deyə-deyə necə hər şeyi gizlədibsə, bundan sonra da eləcə ört-basdır eləyib, öz yarımallah Kişiliyində qalacaq. Bax, buna dözməz Çax-çux. Heç cür dözməz. Odur ki, “əşyayi-dəlil nal”ı ortalığa çıxarıb ki, “teleqramı qardaşıma göndərdim” deyib qardaş qanına bais olan qatil cəzasız qalmasın! Əlbəttə, nə həqiqəti danışıb “əşyayi-dəlili” Səmədə verən Gülbəniz razı olar ki, Səməd bu nalı silah kimi işlətsin, nə də Çax-çux özü arzu eləyər ki, bu nal bir vaxt Persin əmri ilə sədr Mədədin gicgahını partlatdığı kimi, indi də sədr Mədədin oğlunun qisas hökmü ilə, “qardaş qatili”nin gicgahını partlatsın, Gülənovun darvaza qabağına qoyduğu milisionerlə və sədr Mədədin mauzeri ilə əlaqədar qurğunu Çax-çux ona görə ləğv elədi ki, başına gələn müsibətlərdən sonra Səməd üstəlik də “eşq dəlisi”, “əmisi arvadının oynaşı” və “əmisinin qatili” damğaları ilə damğalanıb qazamata düşməsin, partbiletini, gələcəyini itirib, ömürlük bədbəxt qalmasın, əgər ömürlük bədbəxt qalmağını istəmirsə, Səməd sadəcə bir iş görməlidir: bu nalı aparıb o qatilin qabağınaca qoymalıdır. “Danış, əmi. Danış görüm qardaşını necə öldürdün” deməlidir, vəssalam. Bundan başqa heç nə lazım deyil. Niyə? Çünki divin canı şüşədə olan kimi, o siyasətcil qatilin canı da bu “əşyayi-dəlil”dədir: “əşyayi-dəlil” özü onun gözünün içinə deyəcək ki, məktub yazıb Mirqəzəbi ifşa eləməyə çalışanda da tək öz canıyın qeydinə qalıbsan, teleqramı gizlədib, əzrayılı qardaşıyın üstünə göndərəndə də!.. Beləcə ifşa edəcək onu bu nal. Xirtdəyindən yapışıb boğacaq. Hətta Səmədin heç dillənməyib, nalı onun qabağınaca qoymağı da bəsdir ki, nəfəsi kəsilsin, Yağır Məmmədəlinin oğlu ilə birlikdə Səməd də rahatlıq tapsın, düşmənçilik qurbanı olan o zənən də, təhlükə gözləyən Qudalılar da.

“Sinəsindəki sirləri” açıb tökəndən sonra Çax-çux Xalıq Səmədə belə “sadəcə bir iş” təklif etdi.


Səməd duyurdumu, anlayırdımı ki, “sadəcə bir iş” və “Danış, əmi. Danış görüm qardaşını necə öldürdün” sözləri ilə beyninə toxum səpilir, əmi ilə qardaşoğlunun arasında toqquşmaya zəmin hazırlanırdı? Duyurdumu, anlayırdımı ki, qurduğu qurğunu “ləğv elədiyin”dən danışan bu qorxunc qurğu ustası, əslində, heç nəyi ləğv eləməyib, ancaq silahı dəyişdirmişdi – sədr Mədədin mauzerinin əvəzinə “əşyayi-dəlil nalı” qoymuşdu ki, lap tezliklə, hadisə yerində bu “silah” “eşq dəlisi”nin, “əmi qatili”nin əlinin izi ilə birlikdə “ortalığa çıxsın”. Yox, Səməd, əlbəttə, nə duyurdu, nə də anlayırdı: əmisini onsuz da tabutda görən və bu ölümdən özü də dirigözlü ölüyə çevrilən adam nə duya bilərdi, nə anlaya bilərdi?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets