Süleyman padşahın xəzinəsi 12
Page 3 of 5 · 40%
Bu yaz, mayın əvvəlində, bədbəxt Gülgəzin başına o iş gələn günün axşamısı hamımız oturmuşduq burda, anamın həyətində. Bu “dədə” dediyim araq qoymuşdu kötüyün üstə, təkbaşına içirdi, çırtıq çalırdı. “Sultanınkı da buryacanmış”, – deyirdi. “Axırı çatdı, dövranı qurtardı”, – deyirdi. Qalxdım arağını divara çırpdım. Dedim: “Allahın olsun, vicdanın olsun! Sultan Əmirliynən düşmənsən, biz də bilirik düşmənsən. Bəs cavanlara yazığın gəlmirmi?!” Dedi: “Sultan Əmirlinin özünün öz Bircə balasına yazığı gəlmirsə, qardaşını öz əlinnən əzrayıla verib, ən yaxın dostu Xalxalini – Pişəvərini əzrayıla verib, ən istəkli alimi Nəcəfoğlunu əzrayıla verib, indi də qardaşı oğlunu Bircə balasını da öldürürsə, mənim niyə yazığım gəlməlidi!”
Onda bir şey qanmadım bunun sözlərindən.
Hardan biləydim ki, sənin əmin mənim bu “dədə” dediyimdən də əclafıymış! Hönkür-hönkür ağladığım yerdə, bir də gördüm yenə Gülənovdu, maşınından düşüb dayanıb qabağımda, bu nal da əlində, elə o vaxtkı kimi, yenə ayağını ayağıma vurur, böyrümü dümsükləyir ki, “Sənnənəm, ay qız! Hazırlaş, Bakıya gedəcəksən. Bu nalı aparıb Səmədə verəcəksən, atasının ölümü barədə həqiqəti deyəcəksən”.
O vaxtkı kimi, nal əlimdə, qurudum qaldım.
Anam süfrə açdı kötüyün üstə. Bu əclaf öpüşdü Gülənovnan. Demə Mirqəzəb elə onda yerində deyilmiş, dostları da Gülənova xəbər veribmişlər ki, Mirqəzəbnən Persin işləri xarabdı, Sultan Əmirlinin bəxt ulduzu doğur, Gülənovlar, Qudalılar yığışın, başınıza çarə qılın. Bunlar da yığışıb “Şüşəli”də, sonra da ağsaqqallarının dağılmışında qurğu qurubmuşlar, Sultan Əmirlini ləkələmək xatirinə mənim yazıq bacılığımnan sənin məhəbbətinə sui-qəsd düzəldibmişlər. Gülənov “qardaş qatili”ndən danışırdı, mənim bu “dədə” dediyim də ağzından öpürdü onun. Dəli oldum, Səməd! Kötüyün üstə nə varıydı, başlarına çırpdım!.. Əsl dəli mənəm o gündən. Kəndə gələndə gözüm dirənir Xəlvət Rəhimin darvazasına. Elə ki, görürəm yığışdılar, heç olmasa qazanlarını aşırmasam, rahat olmur ürəyim.
Eşit, bax, gözünün içinə deyirəm bunun: dədəm yoxdu mənim!
Anamı atdı getdi professor Məhərrəmovun baldızıynan evləndi, bağışladım. O taya getdi gəldi, “Şeyx Ağ Əmir, Şeyx Boz Əmir” yazdı, mənim can-ciyərimin atasını çək-çevirə saldı, onu da bağışladım. Çünki Sultan Əmirliyə düşmənçiliknən əlaqədarıydı bunun hamısı. Professornan qohum olmağı da düşmənçiliknən bağlıdı, yazı-pozusu da.
Üzünə deyirəm, evi yandırtdıran da budu!
Bir tərəfdən “Mirqəzəbə qalib gələn Kişini” ağızdolusu tərifləyir, o biri tərəfdən düşmənçiliyini eləyir, dəridən çıxır ki, “qalib gələn Kişi”nin özünə qalib gəlsin. İstədiyini eliyəcək bu. İndiyəcən heç kəs qabağına durammayıb, indən belə də durammıyacaq. Özü pıçıldayıb mənə ki, Məhərrəmovun bacanağına fələk də toxunammaz... Bircə şeyi, bircə əclaflığı bağışlamıram mən, o da Gülgəznən səni də bu düşmənçiliyə qurban eləməkləridi. Ömürlük bağlıdı mənim qapım bunun üzünə! Nə Gülbəniz adında qızı var bu əclafın, nə də Məsim adında kürəkəni! Anama da demişəm, ya bunun ayağını kəssin bu qapıdan, ya da çıxsın getsin Bakıya, zir-zibilini satsın bunun orda. Yanğında, sən quyunun qırağında oturanda axırıncı sözüm belə olub buna.
Atam da sənsən, anam da, Səməd! Gülgəzinə qovuşduracam səni, qurbanın olum! Eşidirsənmi nə deyirəm? Qovuşduracam!.. Dörd aydı Qaraçı gözəliyin məktubunu gəzdirirəm qoynumda. Bu nalnan bir yerdə məktubu da aparmalıydım Bakıya. Ürəyim gəlmədi, qorxdum dərsinə – dövrünə mane olar bəd xəbərlər. Keçən həftə bu əclaf Bakıya gedəndə tapşırdım ki, əgər Səməd eşitməyibsə, sən də açma. Dedim: “Özün də bilirsən, mən də bilirəm ki, Mirqəzəb gedib – arxanız uçub, umudunuzu bu at nalına bağlayıbsınız. Səmədə söz açsan, didərgin düşər. Ya elə Bakıda qalar, ya da çıxar gedər Moskvaya, Leninqrada-zada. Sən elə elə ki, vaqondan düşəndə birbaş bizə gəlsin” – dedim. Çox çalışıb bu əclaf, mümkün olmayıb.
Allah məni öldürsün, müsibət çəkibsən bu iki gündə. Hamısı ondandı ki, həqiqətdən xəbərin yoxdu, canım-ciyərim, o “əmi” dediyin əclafı tanımırsan. Axı, Mədəd əmini doğrudan da “öz əliynən əzrayıla verib! Doğrudan da “sui-qəsd yoxdu” deyib, vəzifədə qalmağın xətrinəcə qanını batırıb qardaşının! Üstəlik də belə bədbəxtlik: Gülgəz!... Dörd aydı nə gecəm var, nə gündüzüm, elə bu barədə fikirləşirəm.
Qulaq as, gör necə olub.
O teleqram Mirqəzəbin üstünə vurulubmuş. Bir üzü də “əmi” dediyin əclafın özünə gəlibmiş. Mirqəzəb əvvəlcə Xudiyevə zəng eləyib, qışqırıb ki, “Teleqrammu nemedlenno otnimite u neqo!”⁷⁷ Sonra “əmi” dediyinə zəng eləyib, qışqırıb ki, “Teleqrammu ne oqlaşat i sroçno vernut liçno mne!”. Sonra da Persnən öz şəxsi mühafizəçisini mindirib hərbi təyyarəyə. Heç yarım saat da keçməyib, Pers tezcə alıb Sultan Əmirlinin başının üstünü. Lüt Cəfərnən Qurbanlının sədri İsgəndər kişi,
⁷⁷ “Teleqramı təcili alın ondan!”. bir də Tahirlinin sədri Cəbrayıl kişi ordaymışlar. Üçü də oxuyubmuş teleqramı. Pers hamısının dilindən iltizam alıb ki, Sultan Əmirlinin kabinetində oxuduqları sənədin, gördükləri adamların, eşitdikləri sözlərin haqqında heç vaxt heç kəsə heç nə deməyəcəklər. Qol çəkdirib, kağızı qoyub cibinə, naqanını çıxardıb, deyib: “Ya teleqramı ver, ya da həyatından keç”. “Əmi” dediyin deyib: “Məndə deyil. Konvertə qoydum, qardaşıma göndərdim”. Aydındımı, ay Səməd?!
Hey fikirləşirəm ki, teleqramı ordaca qaytarsaydı, bədbəxtlik olardımı?! Özü ölməliykən qardaşını öldürtdürüb. Budu bax həqiqət!
Bu dədə dediyim əclaf indi gizlətmir heç nəyi. Deyir: “Persi həyətdə, yığnağın içində, başında motalpapaq, əynində kürk görəndəcə bildim ki, nəsə olacaq”. Özünü görməməzliyə vurub bu. Guya nə görüb, nə də tanıyıb. Başını sallayıb kişmişini satıb. Persin yanında bir yekəsi də varmış, bu deyir deyəsən mühafizəçisiymiş. Camaata qarışıb kişmiş alıb o “Yekə”. Sonra xəlvətə salıb nalı götürüb, maşın gələndə atılıb minib, işini görüb, əmbə teleqramı tapmayıb Mədəd əminin üstündə. Qardaşını bada verəndən sonra qardaşının tabutunun yanında qəhrəman kimi oxuyub o əmi dediyin əclaf! “Prekratite”-filan!
Eşidirsənmi, qurbanın olum, başa düşürsənmi kimdi əmi dediyin, nəyin hesabına oturub stolda?!
O bədbəxt Qaraçı gözəlin çox şey yazıb məktubunda. Oxuyacaqsan, görəcəksən ki, namussuzluğu da əmiyin özündən düşüb. Yəni o qədərmi içibmiş ki, ayıb olmasın görməyib altındakı kimdi?! Bu dədə dediyimin əl-üzünü yumuram mən. Əmbə istəyirəm biləsən ki, yeddi ildə qatil kimi tanıdığın adam qatil deyil! Qarasına uçduğun, canını qurban dediyin adamdı qatil, a qurbanın olum!.. Eşidirsənmi? Xalıq Məmmədəli oğlu Qudalı deyil sənin düşmənin! Xalıq Qudalının da, sənin də, Gülgəzin də, mənim də bir düşmənimiz var, o da qardaş qatilidi! Eşitdinmi?! Lap hündürdən deyirəm, özü də eşitsin: özüdü qatil! Qardaş qatili!.. Döşündə qızıl ulduz, ayıb olmasın altında dünya gözəli, kefə baxır! Tfu! Tfu!.. Əlini üzündən çək, qurbanın olum, ağlama! Eşitdinmi dediyimi?!
Yox, Səməd eşitmirdi. “Şirin-şıtıq gözəl” ikən vulqar qadına və vulqar qadın ikən belə çoxbilmiş zənənə çevrilən zənənin əlində nala baxırdı və “qardaş qatili” kəlmələrindən başqa, daha heç nə eşitmirdi. Kirpiklərindən yaş əvəzinə elə bil su axırdı.
Çoxbilmiş zənən “Qurbanın olum, Canım-ciyərim” deyə-deyə əşyayi-dəlil nalı Səmədin kəmərinin altına soxub, hönkürüb kənara çəkildi.
Sonra yenə Çax-çuxun çənəsi işləməyə, sinədəki sirləri açıb tökməyə başladı:
– Qardaşını necə güdaza verdiyini bildiyin kimi, o böyük adamları necə güdaza verdiyini də yerli-yataqlı, dəlil-sübutnan biləcəksən, qadası – deyirdi.
Əmma Səməd hələ də dinləyəsi halda deyildi.
“Şirin-şıtıq gözəl” ikən vulqar qadına, vulqar qadın ikən dədəsindən də ötə, müəmmalı çoxbilmiş zənən əşyayi-dəlil nalı qoftasının altından çıxarıb irəli uzadanda, bu nal bir parça buza dönüb Səmədin əmgəyinə yapışmışdı. Bu nal ortalıqda ola-ola, Gülənovun ardınca əmisinin də “qəsd işi yoxdu” dediyini xatırlayar-xatırlamaz Səməd əmgəyində əməlli-başlı buz soyuqluğu hiss etdi. Tək bir dəfə, tələbə vaxtı, Yusif kimi gözəl Yusifin dodaqlarının kənarlarında fır, burnunun üstündə qoz əmələ gəldiyini görüb, dostunun “Qozdu Yusifəm, idbar Yusifəm indi” dediyini eşidəndə belə bir şey hiss eləmişdi: əmgəyi birdən-birə buzlaşmışdı. Sarsıntıdanmı? Böyük itki qoxusundanmı? Nədənsə, Yusif kimi gözəl Yusifin doğrudan da İdbar Yusifə çevrildiyini görəndə necə olmuşdusa, nalı Gülbənizin əlində görüb, əmisinin “qəsd işi yoxdu” dediyini xatırlayanda da eləcə oldu: buzun altında beyin gizildəyib, sıxılıb bərkidi, qulaqlarının dalından, peysərindən kürəyinə, çiyinlərinə, qollarına və bütün bədəninə soyuq çimildəşmə yayıldı. Gülbəniz göz yaşı tökə-tökə, “canım-ciyərim” deyə-deyə nalı onun kəmərinin altına keçirəndə isə, bu nal sehirli güzgüyə çevrilib Səmədə bir tabut göstərdi.
Hamanca tabutdu: qapağının hər küncündə bir mismar işıldayırdı...
Yeddi il səkkiz ay bundan əvvəl mismarları Səməd necə aydın görmüşdüsə, indi də eləcə – bütün aydınlığı ilə görürdü və anbaan daha da bərkiyib daşlaşan beynində o dörd mismardan başqa heç nə olmasa da, anlayırdı ki, qırx altıncı ilin dekabrının iyirmi üçündə gördüyü tabutu bu gün – əlli dördüncü ilin avqustunun iyirmi beşində eynilə görməyi boş-boşuna deyildi: “avariya” təkrar olunmuşdu!
Kitabxana.az · https://kitabxana.az/en/works/isa-huseynov-suleyman-padsahin-xezinesi-12
Use ← → keys to move, R for a random poem
More by this author
Bir nəhəng otaq solda idi, azı iki metr enində, taybatay açıq qapı arxasında – uzaq divar dibində şifonerlərdən və taxtlardan məlumdu ki, ora “spalni” – yataq otağı idi.Bir nəhəng otaq da sağda idi, azı iki metr enində, taybatay açıq qapı arxasında – uzaq divarda uca rəflərdəki kitablardan məlumdu ki, ora kabinetdi.
Xəzinə üstündə yatan ilan 3...Heç yerdə dayanmadan, dincəlmədən qayıtdılar.Səhərə yaxın maşını birbaş Əlləzoğlunun həyətinə sürdülər. Səməd, açıq qapı arasından içəriyə: – Mənəm! – dedi.
Xəzinə üstündə yatan ilan 4Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.
Xəzinə üstündə yatan ilan 5– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.
Poems by other poets
Əyyami-nəhsdə qəmər əqrəbdəBir neçə kəslərə siyasət oldu,
عشق است که شیر نر زبون آید از اوبحریست که طرفهها برون آید از او
Bax-baxBir küncə qısnayıb sıxırlar məni,Nə betər gəlibdi zamana, bax - bax!
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.