Page 4 of 5 · 60%

Məhz təkrar olunmuşdu.

Əmma o avariya ilə bu avariyanın fərqləri də vardı.

Əsas fərq bunda idi ki, tabutdakı meyid indi tək atasının meyidi deyildi. Atası ilə yanaşı meyidin boz kiteli, boz, düzbalaq şalvarı, qara xrom çəkmələri vardı. Pırpız qaşları, açıq qalmış boz-ala gözləri, iri burnu, qalın, sərt dodaqları vardı. O meyid Səmədin yeddi il səkkiz ay və iki gün ərzində bütün günahlarını bağışlaya-bağışlaya, öz ürəyi, öz vicdanı kimi qoruduğu Sultan Əmirli adında möhtəşəm dünyasının meyidi idi; tabutun örtülü qapağının altında, Səməd atasının ancaq partlayıb dağılmış qanlı gicgahını, əmisinin isə, yuxusuz gecələrdə çallaşmış qaşlarının birər-birər tüklərini də görürdü və başa düşürdü ki, hətta qaşlarının tükləri də dilə gəlib min bir fikir söyləyən bu “uca şəxsiyyəti”, bu “gözəl insanı”, bu “ata hənirli ata əvəzini” heç kəs əvəz edə bilməyəcək.

O “avariya” ilə bu “avariya”nın əsas fərqi bunda idi.

Fərq bir də bunda idi ki, bu dəfə nə teleqram vardı, nə Stalin adı, nə də Stalin adından ikicə kəlmə “Prekratite bezobraziye” deməklə bütün “bezobraziye”lərə son qoyub, hətta ölümün dəhşətini də yuxuya çevirə bilən bir adam vardı. “Prekratite bezobraziye” əvəzinə o adam “Qəsd işi yoxdu”, – deyib qardaşına da, qardaşı oğluna da, özünə də xəyanət eləmişdi və elə xəyanətinə görə gözdən düşüb xırdalaşıb, rəzilləşib, nəhayət, ölmüşdü. Elə ləyaqətsiz, elə şərəfsiz ölmüşdü ki, dəfnə, yasa gələn də yoxdu. Tək bir nəfər – Çax-çux Xalıq tabutdakı “uca şəxsiyyət”in ölüsünü də Səməddən almağa gəlmişdi:

– Əsl Bezobraziye öz əmin ola-ola, hansı Bezobraziyedən danışırsan?! – deyirdi.

– Mirqəzəbin yekəsi öz əmin ola-ola, hansı Mirqəzəbdən danışırsan?! – deyirdi.

Fərq, nəhayət, bir də bunda idi ki, beyni nə qədər daşlaşsa da, bu dəfə Səməd boğulmurdu. Gözlərinə qaranlıq çökmürdü. Dünya zülmətə batmırdı. Tabutla, qapağın hər küncündə bir mismarla birgə Səməd, qarşısında bir cüt fanarını parıldada-parıldada aramsız ötən Çax-çuxla Gülbənizi görürdü.

Əgər Çax-çuxu az-çox diqqətlə dinləsəydi, “Müəllim”in, Nəcəfoğlunun, Xalxalinin adları ilə yanaşı, Səməd Mirqəzəbin Pers adlandırdığı “rabotnik”in həqiqi adını da eşidərdi və bilərdi ki, qırx bir-qırx beşinci illərdə Pers – general Atakişiyev də həmin “əldən-ayaqdan uzaq, etibarlı yerə” – “Şeyx Xorasan” məqbərəsinə gedirmiş, yol kənarlarında nəzarətçilər qoyub, məqbərəyə girib, arxivdə və kitabxanada nə isə məxfi iş görürmüş, Nəcəfoğlunun, Xalxalinin, ya da onların işçilərindən kiminsə gəlişindən xəbər tutanda isə, məqbərədə hər şeyi əvvəlki qaydaya salıb, çıxıb tezcə uzaqlaşırmış.

Arxivlə kitabxananın o məqbərəyə göndərildiyini Pers hardan, necə öyrənibmiş? Çax-Çux bu barədə bir söz deməsə də, belə çıxırdı ki, hələ “Müəllim”in axtarış xəbəri apardığı gecədən, Mirqəzəb özü də, Perslə birlikdə, hər şeyi bilirmiş: “siyasi mövqeyi yanlış, millətçi” sayılan Nəcəfoğlunun ətrafına toplaşmış alimlərin və çekistlərin təhriki ilə Sultan Əmirlinin evinə gedib “dövlət sirrini açdığına görə” “Müəllimə” töhmət veribmişlər, özünü də fəlsəfə institutunda Nəcəfoğlunun aspirantı və katibi düzəldibmişlər ki, “o millətçinin” o taya – Xalxalinin qəzetinə göndərdiyi məqalələri əvvəlcədən oxuyub təhlükəli fikirləri qeydə alsın və Persə tez-tez məlumat yazıb günahını yusun.

Çax-çuxun fikrincə, bacanağı “Müəllim” – Məhərrəm Abbasoviç elə o “danosçik” alim olduğu vaxtlarında da haqqı nahaqqa verməzmiş, vətəninin, xalqının o tayda milli istiqlaliyyət yolunda çalışan oğullarını qorumaq üçün canından keçməyə hazırmış. Əmma, eyni zamanda, elə indiki kimi ayıq və tədbirli imiş: bir tərəfdən “kəfəni boğazına dolayıb”, Mirqəzəblə Persin növbəti “dövlət sirrini” də dostlarına açıb, “Mənim əlimnən Nəcəfoğlunun başını yeyəcəklər”, – deyibmiş, o biri tərəfdən, dostlarına xidmətini davam etdirmək üçün, Nəcəfoğlunun o taya göndərdiyi “Prometey odu” adlı məqaləsində “millətçilik” barədə məlumat yazıb Perslə yaxınlaşıbmış, sonra Xalxalinin o taydan fəlsəfə institutuna “Pişəvəri” imzası ilə göndərdiyi bir əlyazmasında Prometeyi “EvƏrOd⁷⁸ Bağday” adlandıra-adlandıra “əfsanəni Bağday həqiqəti” kimi qələmə verib,⁷⁹ “milli lovğalığa yuvarlandığını” şəxsən Mirqəzəbə yazıb, beləliklə, Mirqəzəbin özünün də etibarını qazanıbmış və elə bu etibara görə “Müəllim”, nəhayət, general Atakişiyevlə – Perslə birlikdə məqbərəyə gedib, ordakı “məxfi işi” öyrənməyə nail olubmuş.

O nə iş imiş?

Elə bir iş imiş ki, indi Mirqəzəblə Persin məhkəmədə müttəhim kürsüsündə oturduqları bir vaxtda da o barədə açıq danışmağa icazə verilmir; iki gün bundan əvvəl bacanağını rayona yola salanda Məhərrəm Abbasoviç köksünü ötürüb, “Heyif, danışmaq olmaz. Dövlət sirridi”, – deyib. Odur ki, məhkəmədən beş yüz kilometr uzaqda Çax-çux da Mirqəzəblə Persin əsas cinayəti sayılan o “məxfi iş” barədə açıq söz deməyi lazım bilmir. Əmma Səməd sözdən söz çəkməyi bacaran oğlandır, diqqətlə qulaq assa, özü başa düşər ki, qırx bir-qırx beşinci illər arasında o məqbərədə görülən iş nə iş imiş. Səmədə kömək üçün Çax-çux ancaq

⁷⁸ EvƏrOd təhrifi “Fərhad”. Bütün bədii əsərlərdə də “Fərhad”dır.

⁷⁹ Yəni “FərOd” (əsli EsƏrEyOd) “Bisütuna” döndərilmiş Bağstan qayalarındakı təhrif. Farsi yazıları çapıb, “su” – SafAğ Elmi çıxarır. bunu deyə bilər ki, iyirmi ikinci ildə İranın siyasi polisi kommunistləri hər yerdə həbsə alıb Qəsri-Qacara göndərəndə, Pişəvərinin təklifi ilə, partiyanın arxivindəki əsas sənədləri, o cümlədən Ənzəlidə, Ərdəbildə, Mazandaranda, Təbrizdə, Xorasanda, Rəştdə, Gilanda və Tehranda “podpolya”ların sənədlərini də Ağ Əmirlə Boz Əmirə etibar edibmişlər. Ağ Əmirlə Boz Əmir də kağızları vaxtilə özlərinin mənsub olduqları “İttihadi-İslam” firqəsinin kağızlarına qatışdırıb, sandıqlara doldurub, “şəxsi arxiv” adı ilə bu taya göndəribmişlər. Otuzuncu ildə şəxsən Stalindən məxfi “depeş” alıb İranda “təhlükəliləri həbs etmək” haqqında siyasi polisə göstəriş verəndə və polis ikinci dəfə kütləvi həbslərə başlayanda isə, yenə də Pişəvərinin təklifi ilə partiyanın Təbrizdəki gizli kitabxanasından ən vacib kitabları seçib. “İttihadi-İslam”ın kitablarına qatışdırıb, mərhum şeyxlərin “vərəsəlik şəhadətnaməsi” ilə birlikdə “Vərəsə kitabxana”⁸⁰ adı ilə bu taya göndəribmişlər. Perslə məqbərəyə gedəndə Məhərrəm Abbasoviç dərhal görüb ki, arxivlə kitabxana əslində Demokrat firqəsi zəminində yaradılmış Kommunist Partiyasına məxsusdur; Partiyanın hələ Demokrat adından əvvəl “Hümmət” adı ilə tanındığı vaxtdan rəhbəri olan “Doktor”un – Nərimanovun 1904-cü ildə öz dəst-xətti ilə yazdığı “Məramnamə”dən başlamış, sonuncu rəhbəri Pişəvərinin “Qızıl sətirlər” adlanan məqalələr məcmuəsi də, bütün şəhərlərdə və vilayətlərdə özəklərin şifrəli ünvanları da, həmin özəklərdə işləyən “Hümmət”çi “kommunist”lərin – gizlin Bağday tarixi öyrənən fədailərin şifrəli siyahıları da ordadır. Sonrakı səfərlərində Pers özü ilə köməkçi “şifrovalşik”⁸¹ aparıb, sandıqda yeddi yüz əlli kitabın hamısını bircə-bircə, səhifə-səhifə zərrəbinlə yoxlamağa başlayanda isə, Məhərrəm Abbasoviç başa düşüb ki, məqbərə həm də təlimat mərkəzidir; otuzuncu ildən qırx birinci ilə qədər, on bir il “Qəsri-Qacar zindanında və sürgündə qalıb buraxılandan sonra Pişəvəri “qayət məxfi” təlimat və tapşırıqlarını “etibarlı yerdə” kitabların səhifələrinə yazırmış, “podpol”yalar da hər şeyi ordan aparırmış. Səməd elə bundan nəticə çıxara bilər ki, general Pers orda nə iş görürmüş. Demokrat partiyası bütün gizlin özək ünvanları ilə birlikdə, Mirqəzəbin ovcunda imiş.

Bu iş elə məxfi aparılırmış ki, “Müəllim”i məqbərəyə apardıqca Pers onu hər dəfə ölümlə hədələyirmiş: “Xatırladıram, bu sirri cəmi üç nəfər bilir. Birinci elə birincidi.⁸² İkinci mənəm. Üçüncü sənsən. Dördüncü də var, onun adını çəkənin dili kəsilər!⁸³ Sirr açılsa, bu məqbərəyə ayağı dəyən adamlardan biri də sağ qalmıyacaq”, – deyirmiş. “Müəllim” isə yenə “kəfəni boğazına dolayıb”, Persin hədələrini dostlarına çatdırıb, dönə-dönə “Ehtiyatlı olun”, – deyirmiş. Belə çıxırdı ki, hələ sədr Mədədə sui-qəsddən, Pişəvərinin “avariya”ya düşməyindən, Nəcəfoğlunun venasını kəsməyindən xeyli əvvəllər də təhlükə gözlənirmiş. Bu cür qırğın təhlükəsinə baxmayaraq, Sultan Əmirli məhz o “məxfi işi” açmaq niyyətilə Ali Baş Komandan Stalinə məktubu məktub üstündən yazıb “Müəllim”ə oxuyurmuş. “Müəllim” qəti etiraz eləyib, “Bəlalarımızın hamısı “Bığlı”dan⁸⁴ gəlmirmi?! Mirqəzəbnən kəşfiyyatçılarını tutdursan, Bığlı sənin özündən necə istifadə eliyər, bilirsənmi?!” – deyirmiş və Mirqəzəbin indi “za slujeniye kapitalu”⁸⁵ ittihamı ilə güllələnmiş “şefinin” – Beriyanın⁸⁶ adını çəkməsə də, eyham vururmuş ki, “Böyük arxası olmasa, Mirqəzəb belə iş görməz”. Məhz “Müəllim”in qəti etirazlarına görə, qırx iki, qırx üç, qırx dördüncü illərdə yazılan məktubların heç biri göndərilməyib. Əmma “məxfi iş” barədə Ali Baş Komandan Stalinə Bağday tarixinin açılmasının bütün planet üçün xeyirli olması barədə elmi məlumat çatdırıb, Stalinə təsir etmək fikri dostların hamısının fikri imiş. Həm də müharibədən sonraya saxlamağı məqsədəuyğun saymırmışlar. Odur ki, qələbə ərəfəsində – qırx beşinci ilin yazında dostlar məqbərəyə yığışıb qərara gəliblər ki, o iş haqqında Sultan tək bir, geniş, hərtərəfli məktub hazırlasın, “Müəllim”in vasitəsilə Bakıya – Nəcəfoğluna göndərsin, Nəcəfoğlu fəlsəfə institutundan Cənub mətbuatına material aparan çekist dostlarının vasitəsilə Pişəvəriyə göndərsin, Pişəvəri isə məktubu “Azadlıq cəbhəsi”nin⁸⁷ konvertinə qoyub, Tehrandan Moskvaya “ikinci cəbhənin”⁸⁸ poçtunu daşıyan təyyarə ilə göndərilməyinə nail olsun, həm “konspirasiya”⁸⁹ gözlənilsin, həm də

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets